Böyük yazıçı, vətəndaş,
müəllim
Aprelin 26-da görkəmli yazıçı və ədəbiyyatşünas-alim,
Əməkdar elm xadimi, professor Mir Cəlal Paşayevin anadan
olmasının 102-ci ildönümü tamam olur
Zaman onu bizlərdən uzaqlaşdırdıqca
böyüklüyünü, aliliyini daha çox hiss edirik. Böyük
şəxsiyyət, vətəndaş və müəllim Mir
Cəlal Paşayev. Vəfatından 32 il ötsə də, nəcib
əməllərilə, nümunəvi, böyük şəxsiyyətilə
qəlblərdə yaşayan, yeri görünən,
işıqlı, sözün əsl mənasında
ziyalı, fitrən xeyirxah insan. Mir Cəlal müəllim yaddaşlarda
belə yaşayır.
Xalid Əlimirzəyev, BDU-nun professoru:
- Mir Cəlal Paşayev Azərbaycanın
XX əsr ədəbi və ictimai fikir tarixində xüsusi
yeri, çoxcəhətli yaradıcılığı,
öz üsulu, ədəbiyyatşünaslığın
inkişafında əvəzsiz xidmətləri olan böyük
şəxsiyyətdir. Bədii əsərləri, məqalə
və kitabları göstərir ki, onun ədəbiyyatşünaslığımızın,
elmi fikrimizin tarixində mühüm xidmətləri var.
Yaradıcılığı, elmi əsərləri
xalqımızın mədəni inkişafında, mənəvi
təkamülündə mühüm rol oynayıb və gələcəkdə
də öz ictimai-tərbiyəvi əhəmiyyətini itirməyəcək.
Bütün problemlərə humanist cəhətdən
yanaşan müəllimimiz ictimaiyyətə münasibətilə
də seçilirdi, nurundan hamıya pay düşən əsl
ziyalı, daxilən mədəni insan idi. Yaxşılıq
edəndə də özünü elə aparırdı ki,
bunu heç kəsə hiss etdirməsin. Gördüyü
xeyirxah işləri tez unudurdu.
Böyük
alim olmaqla yanaşı, həm də təmənnasız,
müdrik insan idi.
Mir Cəlal
gənclərə xüsusi qayğı göstərirdi.
Övladlarıyla tələbələrinə heç bir fərq
qoymazdı, insanları, ailəsini sevən adam idi. Tələbələrindən
heç nəyi əsirgəməzdi, müşkül işlərini
həll etməyə çalışardı. Mir Cəlal
müəllim sadə insan olsa da, bu sadəliyin arxasında
böyük vətəndaşlıq, müdriklik, şəxsiyyət
dayanırdı. Qəti mövqeyi, cəsarəti,
prinsipiallığı, namuslu, qeyrətli insan olmasıyla həmişə
seçilirdi. O, hələ həyatda ikən insanların qəlbində
öz abidəsini ucaltmışdı.
Müəllimimizdən
yaddaşlarda qalan çoxlu xoş xatirələr var. Onlardan
bir çoxunu “Mənəvi borc” (redaktoru da Mir Cəlal müəllimin
yetirməsi - professor Təhsin Mütəllimovdur) kitabımda
qələmə almışam. İstəmişəm ki,
ömrü boyu xalqına, vətəninə namusla, ləyaqətlə
xidmət etmiş, müasir Azərbaycan ədəbiyyatının
və filoloji elminin böyük simalarından olan Mir Cəlal
Paşayevin parlaq şəxsiyyəti, vətəndaşlıq
mövqeyi, ictimai-əxlaqi məramı, ədəbi-elmi,
pedaqoji fəaliyyəti, ailə-övlad münasibətləri
və digər önəmli keyfiyyətləri gələcək
nəsillərə də çatsın. Ondan öyrənməyə
çox şey var. Belə insanların yeri cəmiyyətdə
həmişə görünür. Allah sevimli müəllimimizə
qəni-qəni rəhmət eləsin...
Faşizm üzərində
qələbənin 65 illiyini qeyd etməyə
hazırlaşdığımız bugünlərdə Mir Cəlal
müəllimin ədəbi fəaliyyətinin,
yaradıcılığının bu tarixlə bağlı məqamlarına
da diqqət yetirmək istərdim. Mir Cəlal
Böyük Vətən müharibəsi illərində də
məhsuldar işləyib. Həmin illərdə o da qələmini
süngüyə çevirmiş, xalqın faşizmə
qarşı qəzəb və nifrətini ifadə edən,
oğulları igidliyə, şücaətə
çağıran, arxa cəbhədəki
adamlarımızın fədakarlığını, əzmini,
mənəvi qüdrətini, ana-bacılarımızın, gəlinlərimizin
sədaqətini, etibarını təsvir və təqdir edən
hekayələr yazıb. Onun “Qardaş qanı”, “Vətən
yaraları”, “Boz adam”, “Şərbət”, “Atlı”, “Odlu
mahnılar”, “Göylər adamı”, “Çıraqlar
yandı” və s. hekayələrində
adamlarımızın vətənpərvərliyi, yüksək
əxlaqi-mənəvi keyfiyyətləri, mətanəti real,
inandırıcı boyalarla təsvir olunub.
Faşizmin insanlığa
zidd, yırtıcı təbiətini ifşa edən satirik
hekayələrində ədib bədii gülüşü
daha da dərinləşdirmiş, tamamilə yeni keyfiyyətlərlə
zənginləşdirmişdir. Dərin nifrət, qəzəb
ifadə edən bu gülüşün məzmunu, mahiyyəti
böyük ictimai-siyasi məna kəsb edir,
insanlığın taleyi, gələcəyi, səadəti
kimi ciddi bəşəri məsələlərlə
bağlanır. Buna görə də şübhəsiz ki,
faşizm üzərində qələbə
çalınmasında digər
yazıçılarımız kimi, Mir Cəlalın da xidməti
var.
Cəlal Abdullayev, BDU-nun kafedra müdiri, professor:
- Mir Cəlal Paşayev
ötən əsr Azərbaycan ədəbiyyatının
klassik yazıçılarındandır.
Yaradıcılığı çoxşaxəli olan nasir
30-cu illərdən etibarən ədəbiyyatımızın,
ədəbi proseslərin inkişafında çox fəal
iştirak edib. O, gözəl hekayəçidir. Onun hekayələrində
realist Azərbaycan nəsrinin ənənələri,
poetikası, mövzu istiqaməti çox güclüdür.
Bundan əlavə, onlar məhz Mir Cəlala məxsus
üslubda yazılmış hekayələrdir.
Mir Cəlalın XX əsr Azərbaycan
ədəbiyyatında mövqeyini təyin edən amillərdən
biri onun roman janrına böyük əhəmiyyət verməsi,
öz əsərlərilə onu daha da zənginləşdirməsidir.
“Dirilən adam”, “Bir gəncin manifesti”, “Yolumuz hayanadır ki”
romanları həqiqətən də Azərbaycan ədəbiyyatının
gözəl, klassik nümunələrindəndir. Onlarda Azərbaycan
tarixi, xalqımızın mübarizəsi, milli
özünüdərki əksini tapıb.
Mir Cəlal həm də
böyük ədəbiyyatşünas kimi çox dəyərlidir.
O, ötən əsr Azərbaycan ədəbiyyatının
ilk mərhələsini tədqiq etmiş alimdir,
yazıçıdır. Onun əsərləri içində
“Füzuli şeirinin poetik xüsusiyyətləri”
monoqrafiyasının adını çəkmək yerinə
düşərdi. Bu, klassik şairimiz haqqında son dövrdə
yazılan ən yaxşı əsərlərdəndir. Burada
Füzuli şeirinin ideyası, fəlsəfi mahiyyəti
açılıb göstərilmiş, qiymətləndirilmişdir.
Həmin tədqiqat əsərində Füzuli poetikası
möhtəşəm şəkildə
açıqlanmış, onun milli şeirimizin sonrakı
inkişafına təsir göstərən xüsusiyyətləri
öz inikasını tapmışdır.
Mir Cəlal müəllim onu
tanıyanların hamısı üçün doğma, əziz
bir şəxsiyyətdir. O, çoxumuza atalıq
qayğısı göstərirdi. Tələbələri
indi də onun xeyirxah əməllərindən, alicənablığından
danışırlar. Belə alimlərə, saf, pak, xeyirxah
insanlara cəmiyyətimizdə böyük ehtiyac var.
Mir Cəlal müəllim həm
də mehriban ata, yaxşı ailə başçısı
olub. Musiqi kollecində fortepianodan dərs deyən qızı
- Əməkdar müəllim
- Atam müdrik, təvazökar,
obyektiv, sadə, səmimi, təmiz, insanpərvər adam idi.
Öz davranışıyla biz övladlarına da həmişə
nümunə olub. Heç vaxt üstümüzə səsini
qaldırmaz, kobud söz deməzdi. Məmnuniyyətlə dərslərimizi
başa salar, suallarımızı cavablandırardı.
Atamız hərtərəfli biliyə malik idi. Duzlu söhbətləri,
incə yumoru indi də yadımızdadır. Müəllim
adına şərəflə yanaşır, tələbələrini
çox sevirdi. Gəncləri incidən müəllimləri
heç xoşlamazdı. İstedadlı tələbələr
gözünün işığı idi, belələrinə
hər cəhətdən qayğı göstərərdi.
Öz geyim əşyalarından da aparıb imkansız tələbələrinə
verərdi ki, əyinləri nazik olmasın. Hətta bir dəfə
qardaşım Arifin almalı olduğu evin tələbəsinə
verilməsi üçün şəxsən özü gedib
Mehdi Hüseynə ağız açmışdı.
O, əsasən gecələr
yazırdı. İş otağında divardan Səməd
Vurğunun şəklini vurmuşdu. Bu insanın
özünü də, yazdıqlarını da çox
sevirdi. Əslən Cənubi Azərbaycandan olan atam sonralar Gəncədə
yaşamış və Səməd Vurğunla da elə burada
tanış olmuşdu. Sonralar bu əlaqə böyük
dostluğa çevrilmişdi. Atam dostluqda da möhkəm,
etibarlı insan idi. Yaxşı adamları heç vaxt itirmək
istəməzdi. Xoşu gəlməyən adamlar barədə
isə heç danışmazdı. Sanki belələri onun
üçün yox idilər. Tanınmış alimlər
Mehdi Əliyev, Şəfayət Mehdiyev, Həmid Araslı,
yazıçı Süleyman Rəhimov yaxın dostlarından
idi. Anam Püstəxanımla evlənərkən şahidləri
Mikayıl Müşfiq olub. Toylarında isə Cabbar
Qaryağdıoğlu da iştirak edib. Onlar “Gənc
işçi” qəzetində işləyərkən
tanış olmuşdular. Anam gül-çiçəyi
çox sevib onları dibçəklərdə
böyütdüyündən ona “Gül bəsləyən
qız” hekayəsini ithaf etmişdi. İlk nəvəsi
qızım Aytəkin olduğundan ona da həsr etdiyi hekayələri
var. “Oğlum Arifə”, “Gözün aydın” kitabları da
ailə üzvlərimizə ünvanlanıb.
Yeri gələndə tələbkar
olmağı bacaran atamın mülayim xasiyyəti vardı,
heç kəsin xətrinə dəyməzdi. Biz ailədə
beş övlad idik - üç qardaş, iki bacı.
Övladlarını həmişə mehriban görmək istəyirdi.
İndi hamımız ailə başçısı olsaq da,
aramızdakı əvvəlki mehribanlıq heç
azalmayıb. Atam həmişə deyirdi ki,
övladlarımın hər biri mənim üçün bir əsərdir.
Həqiqətən də biz ondan çox cəhətləri
götürmüşük. Atamızın müəllim
şəxsiyyətinə olan böyük hörmətinin nəticəsidir
ki, bacım Ədibə xanım da, mən də
özümüzə müəllimlik peşəsini
seçdik. Ailədə, evimizdə olduğu kimi, müəllimlikdə
də atamızın qoyduğu ənənələri davam
etdirməyə çalışırıq. Filologiya sahəsini
Ədibə xanımdan başqa mərhum qardaşımız
Aqil də seçmişdi.
Atam dünyasını dəyişəndə
cəmi bir neçə ay idi ki, 70 illik yubileyi
keçirilmişdi. Ömrünün son günlərində
də onun üçün çox doğma olan universitetə
gedib dərslərini deyirdi. Heç vaxt xəstə yatmayan
Mir Cəlal ölümə qəfil tuş gəldi... 2008-ci
ildə Mir Cəlalın 100 illik yubileyi UNESCO səviyyəsində
qeyd olundu, əsərləri müxtəlif dillərə tərcümə
edilib, onu tanıyanlar hələ də xatirəsini
xoşluqla yad edib, xeyirxah əməllərindən
danışırlar. Biz onun övladları olduğumuz
üçün həmişə fəxr etmiş,
özümüzü xoşbəxt sanmışıq.
İradə Əsədova
Mədəniyyət.- 2010.- 23 aprel.- S. 13.