Bahar təravətli səsin sehri
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Xalq artisti Canəli Əkbərovun mübarək gecəsi, 70 illik yubileyinin təntənəsiydi. Zalda tanınmış ziyalılar, görkəmli alimlər, sənət dostları, millət vəkilləri, qohum-əqrəbalar, daha kimlər, kimsələr əyləşmişdilər. Böyük xanəndə, gözəl insan olan Canəli Əkbərov güllü-çiçəkli səhnəyə daxil olar-olmaz gurultulu alqışlar başladı.
Canəli müəllimi sevənlər, onun sənətinə
qiymət verənlər səhnəyə dəvət olunur,
ürək sözlərini deyirdilər. Xanəndələr,
müğənnilər, sazlar, sazəndələr bir-birini əvəz
edir, ürəklərə sığal çəkirdilər.
Bu arada mənalı, məzmunlu, sazlı-sözlü gecənin aparıcısı mənə də söz verdi. “Dostlar, bu bahar təravətli gün xalqımızın musiqi bayramıdı. Muğamlarımızın, xanəndələrimizin, tarımızın, kamançamızın, qavalımızın bayramıdı. Bütün bu üstünlükləri özündə birləşdirən ziyalı Canəli Əkbərovun bayramıdı. Əzizim, bayramın mübarək! Canın sağlam, ömrün uzun olsun!” dedim.
Sonra Canəli Əkbərovla tanışlığımızdan xatirə söylədim.
Təxminən
35 il əvvəlin xatirəsidi. Azərbaycan Elmlər
Akademiyasının Şərqşünaslıq
İnstitutunun zalında iynə atsan yerə düşməzdi.
Hamı böyük intizar və sevinclə qonaqların yolunu
gözləyirdi. Birazdan təkrarsız, bənzərsiz
Şövkət Ələkbərova və onunla qoşa Canəli
Əkbərov zala daxil oldular. Alqış sədaları aləmə
yayıldı. Sazəndələr öz yerlərini tutdular.
Şövkət xanım başladı, nə başladı,
oxudu, nə oxudu! Ürəkləri riqqətə gətirdi,
könülləri fəth elədi.
Sonra səliqə-sahmanlı,
dalğalı saçlı, bir qədər də hünərli
görünən Canəli şaqraq səsilə zilə
çəkdi, zilləndi, bəmə endi, bəmləndi. Xalqımızın
daha çox sevdiyi “Çahargah”ı oxudu. Elə bil bu
muğam onun səsinə səslənmişdi. Burada sevgiylə,
məhəbbətlə yanaşı, daha çox qəhrəmanlıq,
igidlik, mərdlik qığılcımları
üstünlük təşkil edir. Canəli sanki Koroğlu
kimi Qırata minib Çənlibelə dəlilərin
yanına qalxırdı. Səs ucalanda Canəli də yerində
diklənir, şaqraq səsini zilə çəkirdi. Sonra bir
qədər bəmə endi, bir təsnif oxudu. Zaldakılar
heyrətdə qalmışdı.
Sonra “Segah” üstə kökləndi. Bu muğam başdan-ayağa eşqdir, sevdadır, məhəbbətdir. Xanəndə sevgi atəşinin alovlarında məzlumlaşır, Leylini səsləyirdi, Kərəmlə Əslini yandırıb külə döndərirdi. İlahi, o nəydi, nə möcüzəydi, Canəlinin yaratdığı sirli-sehrli dünya? Bir qədərdən sonra eşq aləmindən öz aləminə qayıtdı. Yenidən birbaşa hökmlə, hünərlə, inamla: «İrəvanda xal qalmadı»nı şirinləşdirdi, şəkərləşdirdi. Bəh-bəh, nə gözəl, nə işıqlı bir dünya!
Mən həmin
ifalardan sonra Canəlini yenidən kəşf etdim. Muğam səhnəmizə
bir xanəndənin gəldiyinin, o aləmi bəzədiyinin
şahidi oldum. Canına sağlıq, səsinə
sağlıq, nəfəsinə sağlıq söylədim.
Ayrılanda Şövkət xanımın şümşad
barmaqlarını, bəyaz əllərini öpdüm. Canəlini
bağrıma basdım. Mənim üçün yeni kəşf,
yeni ixtira olduğunu söylədim. O görüş indi də
xatirimdə canlanır, o təkrarsız səs
qulağımda səslənir, ürəyimdə
döyünür...
Mən etiraf etdim ki, onunla dostluq eləməmişəm. Sadəcə olaraq bir-birimizə kənardan dərin hörmət və ehtiram var. Görüşəndə gözlərimiz gülür, ürəklərimiz sevinir. Bir dəfə elə gətirdi ki, bir məclisdə yanaşı düşdük. Qəlbinə yol tapmaq üçün muğamlarımızdan, xalq mahnılarımızdan söhbət açdım, onu söhbətə çəkmək üçün. Həmişəyaşar Vurğunun musiqi dünyasından bir neçə misra dedim:
Musiqi can verir ruha əzəldən,
Musiqi qəlb alır min bir gözəldən.
Xəyalı oxşayan hər təranəsi,
Bir şair qəlbidi, bir canan səsi.
Hər incə pərdənin öz aləmi var,
Bəzən nəşəsi, bəzən qəmi var,
Musiqi daşları gətirir dilə,
Ram olur səsinə vəhşilər belə.
Xeyli gözünü məndən
çəkmədi, xəyala daldı, heyrətdə
qaldı. Handan-hana: Xahiş edirəm, bir də de. Şeiri bir
də təkrarladım. Cibindən dəftər
çıxardı. Mən dedim, o da qələmə aldı.
“Bəs mən xanəndə bunu niyə bilməmişəm
indiyə qədər? Bu möcüzəni muğam üstə
oxuyacam, aləmə car eləyəcəm” dedi...
Musiqimizlə bağlı
maraqlı, ibrətamizliklə dolu bir hadisədə də Canəli
qardaşıma pay düşür. Bir gün zəng
çalındı, dəstəyi götürdüm. Qəzetlərdən
birindən zəng etmişdilər: “Əgər
vaxtınız varsa sabah qəzetin redaksiyasına gəlməyi
xahiş edirik. Musiqimizin dünəni, bu günü, gələcəyi
ilə bağlı söhbət açmaq istəyirik. Məşhur
sənətkarları da dəvət etmişik».
«Gələrəm, mütləq
gələrəm. Bu çox vacib məsələdir,
vaxtında qaldırılmış təşəbbüsdür»
- dedim.
Ertəsi günü getdim.
Kimləri görsəm yaxşıdı? Ramiz Mirişlini,
Ramiz Quliyevi, Habil Əliyevi, Canəli Əkbərovu, Arif
Babayevi. Hamısı da xalq artistləri, məşhur
çalanlar. Salamlaşdıq. Lakin ürəkaçan bir
şey görmədim. Hamısı fikirli, xəyallı,
hamısı qaşlı-qabaqlı. Söhbətə Habil
Kaman ara verdi. Rəngi dəyişdi, ağardı, nitqi titrədi.
Mülayim səslə: «Dostlar, bizim ağlayanımız
yoxdur. Halımız-əhvalımız
müşküldür. Xalq mahnıları, muğamlar əldən
gedir. Dınqıra süzənlər, lüt-üryanlar,
açıq-saçıqlar meydan alıb, səhnələrimizin
«bəzəyinə» çevriliblər. Mən çox
narahatam, xalqımın musiqi zövqü korlana bilər, yoxa
çıxa bilər” - dedi.
Canəli Əkbərov
yanmış, yaxılmış kimi “Korifeylərimizə,
muğamlarımızı yaşadanlarımıza, bizə əmanət
qoyub gedənlərimizə o dünyada nə cavab verəcəyik?
Əsrlərdən gələn muğamlarımız, nəsillərə
ərməğan olan xalq mahnılarımız yaddan
çıxıb, könüldən iraq olub. Dözmək
olmur bu möhnətə, bu siqlətə. Nəsə bir tədbir
görməliyik, etiraz səsimizi ucaltmalıyıq, lazımi
yerlərə çatdırmalıyıq” - dedi.
Arif Babayev özünəməxsus
təmkinlə ”Artıq vaxtdır, bəlkə də bir qədər
gecikmişik də. Etiraz səsimizi yuxarılara bildirməliyik.
Xalq mahnılarımız ölüm-dirim vəziyyətindədir.
Gəlin ya ölək, ya da muğamlarımızı qoruyaq,
namərd güllələrindən qurtaraq” - deyə əlavə
etdi.
Ramiz Quliyev çox pərişan
idi. Dinib-danışanda dodaqları əsir, dili titrəyirdi:
«Nə yaman günlərə qaldıq, halımız necə
olacaq? Belə təşəbbüssüz yaşamaqdansa
yaşamamaq yaxşıdır. İnanın, tarı əlimə
alıram, tar da məndən incimiş kimi küskün
görünür, dinib-danışmır. Ramiz Mirişli sakit
tərzdə: danışmağın nə faydası iş
görmək, mətləb anlatmaq vaxtıdır».
Mən onların həyəcanlarını
görür, hamısını axıra qədər dinləyirdim.
Qəfildən ağlıma bir fikir gəldi,
ağlamağın, sızlamağın nə mənası? Həm
də onları qəm dəryasından qurtarmaq
üçün söhbətin məcrasını dəyişmək
fikrinə düşdüm. Qəfildən qəlbimdən:
«Şeyda bülbül, fəğan etmə, qəm yemə,
bugün-sabah yaz açılır, gül olur» misraları pərvazlandı.
Heç gözləmədən hamı heyrət içində
qaldı. Bir az da küskünləşdilər.
Əzizlərim! Min illiyi
ötüb keçən muğamlarımız
xalqımızın yol yoldaşı, sirr
sirdaşıdır. Xalqımız əsrlərcə
yaşamış, muğamlarımızı yaratmış və
yaşatmışlar. Xalqımız əbədidir, musiqimiz də
həmişəyaşardır. Mən əbəs yerə
bugün-sabah gül açır, yaz olur demədim. Gələr
sahibi, milli varlığına sahib durar.
Həqiqət gəldi,
öz yerini tapdı. Xalqımızın sevimlisi, ölkəmizin
birinci xanımı Mehriban Əliyeva elə bil həyəcanın
səsini eşitdi. Muğam dünyamıza
şam-çıraq tutdu, şölələndirdi, məşələ
çevirdi. Ürəkdən hamilik elədi, havadar oldu. Qorudu
muğamlarımızı, inkişaf etdirdi musiqi xəzinəmizi.
Muğamlarımızı özümüzünküləşdirdi,
dünyalandırdı, dünyayla bir oldu. Musiqi mədəniyyətimizin
bəzəyinə, şah əsərinə çevirdi.
* * *
Mən Canəli Əkbərovun
xətrini çox istəyirəm. Hər şeydən əvvəl,
əsl insan olduğuna görə, sadə, səmimi,
özü bütöv, sözü bütöv olduğuna
görə. Həssas, duyğulu, can yanğılı
olduğuna görə. Dostluqda əyilməz, sınmaz, «dost
yolunda boran olar, qar olar»ı özünə bayraq elədiyinə
görə. Kiçiklərə ehtiram, böyüklərə
kiçiklik göstərdiyinə görə.
Gözəl ziyalıdır
professor Canəli Əkbərov. Davranışından, hərəkətindən,
oturuş-duruşundan ziyalılıq yağır. Nəinki
daxilən, xarici görünüşündə də, səliqə-sahmanında
da, geyim tərzində də əsl ziyalıdır.
İstiqanlıdır, vətəncanlıdır, müstəqilliyimizi,
dövlətimizi, dövlətçiliyimizi, azərbaycançılığımızı
hər şeydən üstün tutan, qəlbində, əməlində
yaşadandır Canəli Əkbərov.
Sənətilə
yaşayan, sənətinin vurğunu olan Canəli müəllim
kök üstə köklənəndir. Atası, el sənətkarı
Xanəli kişinin arzusuna şam tutan, onun ruhunu
yaşadandı Canəli müəllim. Dərs
aldığı, kamala yetdiyi ustadlarını qəlbində
yaşadan, ruhlarına səcdə qılandır. Təkrarsız,
bənzərsiz səsə malik sevimlimiz, böyük xanəndəmizdir.
Biliyini, bacarığını tələbələrinə verməkdən
zövq alan, kamala yetirməkdən qürur duyan professordur Canəli
müəllim.
Tarixən böyük ailələri
kiçik dövlət bilib, müqəddəs sayıblar.
Qoruyublar, yaşadıblar, inkişaf etdiriblər. Lakin zaman
keçdikcə böyük ailələr kiçik ailələrə
bölünüblər. Hazırda ölkəmizdə
böyük ailələri barmaqla saymaq olar. Onlardan biri də
Canəli Əkbərovun ailəsidir. Övladlı, nəvəli,
nəticəli. Hamısı da Canəlinin kölgəsi
altında, şam-çırağında. Canəli bu çətin
və həm də şərəfli işin öhdəsindən
gəlməklə qürur duyur. Hamısı təhsilli, təlim-tərbiyəli,
hamısı ataya-anaya layiq olanlar. Canəli ailəsini müqəddəs
sayanlar. Nə böyük xoşbəxtlik, nə böyük
gör-götür dünyası!
Əziz Canəli! Yeni-yeni
zirvələr fəth et, xalqımızı sevindir - deyirəm.
Yetmişi arxaya qoyub şərəflə yaşamısan.
Hamıya nümunə olmağa çalışmısan, sənətinlə,
insanlığınla. Səksənə qədəm qoymusan. Sənə
yeni-yeni uğurlar, qələbələr, təntənələr
arzulayıram. Doxsana inamla boylan, gəlirəm de. Yüzü
hayla, harayla!
Teymur Bünyadov,
Akademik
Mədəniyyət.- 2010.- 23 aprel.- S. 12.