Bir ulduz kimi parladı, axdı, amma sönmədi...
Aprelin 24-ü görkəmli aktyor, rejissor, mədəniyyət
xadimi Həsənağa
Turabovun doğum günüdür
Onun haqqında
belə deyirlər: “Həsənağa Turabov əsl şəxsiyyət
idi. Azərbaycan
teatr və kino sənətində bir neçə barmaqla sayılası sənətkar var ki, onlardan biri
də odur. Azərbaycan mədəniyyəti,
şüuru, düşüncəsi,
əxlaqı bu insanda cəmləşmişdi.
Belə insanlar nadir hallarda doğulur".
Xalq artisti Həsənağa Turabov
1938-ci il aprelin 24-də Bakıda doğulub. Teatr İnstitutunu bitirdikdən
sonra ömrünün
sonuna qədər Akademik Milli Dram Teatrında çalışıb.
Tələbəlik illərində Azərbaycan
radiosunda və televiziyasında diktor işləyib. Sonralar akademik
teatra direktor seçilib, eyni zamanda, bədii rəhbər təyin olunub. On ildən
artıq Azərbaycan Teatr Xadimləri İttifaqına rəhbərlik
edib.
H.Turabov teatrda fəaliyyətinə
epizodik rollarla başlasa da, tezliklə ona əsas rollar həvalə edilib, daha sonra teatrın
aparıcı aktyoru kimi tanınıb. Eləcə
də oynadığı
epizodik rollar - “Qara daşlar", “Telefonçu qız",
“İstintaq davam edir", “Sən niyə susursan?", “Sevil" bədii filmlərindəki rolları
onun kinematoqrafik istedadını üzə
çıxarmasaydı, bəlkə
də "Yeddi oğul istərəm"
filmindəki ona məşhurluq gətirən
Gəray bəy obrazı da olmayacaqdı. Tanınmış kinoşünas Aydın
Kazımzadə bildirir
ki, H.Turabov kinoda 50-dən artıq rol oynamasına baxmayaraq, böyük səs-küyə səbəb
olan və kinomuzun tarixinə qızıl hərflərlə
yazılan rolu məhz Gəray bəydir. “Mən
deyərdim ki, onun kinodakı inkişafı məhz həmin obrazdan başlayıb”.
Çəkildiyi 50-dən artıq
filmdə müxtəlif
xarakterli obrazlar oynayan H.Turabovun filmoqrafiyasında həmçinin
Kəbirlinski ("Dantenin
yubileyi"), Afşin
("Babək"), Üçgöz
Cəfər ("Qorxma,
mən səninləyəm"),
Qəzənfər Mamedoviç
("Yaramaz"), Xəlil
("Axırıncı aşırım"),
Şəmsi ("Var olun, qızlar"), Kamran ("Xatirələr
sahili"), Səlimov
("Qatır Məmməd"),
Müstəntiq ("Nə
gözəldir bu dünya) və b. rolları xüsusilə seçilir.
H.Turabov rejissor kimi iki ekran
əsərinə: “Tənha
narın nağılı"
(Ş.Mahmudbəyovla birgə;
həm də Əli rolunun ifaçısı) və
“Atları yəhərləyin"
(Ə.Mahmudovla birgə;
həm də Qaçaq Nəbi rolunun ifaçısı)
filmlərinə quruluş
verib.
“Həsənağa Turabov dünya şöhrətli
aktyordur. O, ömrünü
teatr və kinoya həsr elədi. Həsənağa teatrda təkcə
aktyor kimi çalışmadı, o, rejissor,
bədii rəhbər,
direktor oldu. Çalışdığı bütün sahələrdə
həm yaradıcı
insan, həm də məmur kimi işinin öhdəsindən layiqincə
gəlirdi. Həsənağa Turabov kinoda tədricən tanınan aktyorlar sırasına daxildir. O, aktyorluq baxımından səviyyəsini
axıra qədər saxladı" - deyən A.Kazımzadə görkəmli
aktyoru bütün dillərdə oynamağı
bacaran sənətkar kimi dəyərləndirir.
Xalq artisti Ağakişi Kazımov Həsənağa Turabovun
milli teatrımıza yeni nəfəs gətirdiyini, köhnə
teatr ənənələrini
alt-üst etdiyini söyləyir: "Həsənağa
Turabovun kinoda və teatrda yaratdığı obrazları
tərəzinin bir gözünə qoysaq, tən gələr. Çünki Həsənağa Turabov həmişə kamera qarşısına özünün teatrdakı
məsuliyyətini gətirirdi.
O, teatra gələndə
Azərbaycan səhnəsində
Rza Əfqanlı, Ələsgər Ələkbərov,
Həsənağa Salayev
və başqa görkəmli sənətkarlar
var idi. Ancaq Həsənağa Turabov teatra yaxşı mənada dahilərə məxsus yenilik gətirdi. Teatrda qışqırığı,
pafosu, hansısa bir ifadəni qabartmağı unutdurdu.
Biz hamımız buna sevindik. Ona qədər bu bizim ağlımıza gəlməmişdi”.
Görkəmli aktyor haqqında söylənən bu fikirlər Həsənağa
Turabovun bir sənətkar kimi yaradıcılığına güzgü
tutur. Onun lentlərin yaddaşında
əbədiləşən obrazlarına baxdıqca bir daha fikirləşirsən
ki, Həsənağa
Turabov sənət səmasında bir ulduz kimi parladı,
axdı, amma sönmədi...
Təranə Sərdarqızı
Mədəniyyət.- 2010.- 23 aprel.- S. 10.