Naxçıvanda turizmin imkanları genişdir
Azərbaycanın qədim torpağı olan, minilliklərin
izini yaşadan Naxçıvanın zəngin tarixi-mədəni
abidələri, böyük turizm potensialı var. XII əsrdə
Şərq aləmində böyük memar və öz
dövrünün «mühəndislər şeyxi»
adlandırılan Əbubəkr Əcəminin vətəni
olan Naxçıvan torpağının hər bir
daşı, qayası, dağı canlı tarixdir. Son dövrdə
bölgədə turizm imkanlarının genişləndirilməsi
üçün bir sıra tədbirlər həyata
keçirilir.
Bu barədə söhbət
açan muxtar respublikanın Mədəniyyət və Turizm
Nazirliyinin Turizm şöbəsinin müdiri Gülbuta Babayeva
turizmin dünyanın bir çox ölkələrinin əsas
gəlir mənbəyi, sosial-iqtisadi, mədəni
inkişafının mühüm amillərindən biri
olduğunu vurğulayır: «Yeraltı və yerüstü sərvətləri,
Sirab və Badamlı kimi mineral sular, büllur bulaqları ilə
məşhur olan, daş kitabələr olan Gəmiqaya rəsmləri,
Kültəpə, Oğlanqala və neçə-neçə
maddi-mədəniyyət nümunələrinin diyarı olan
Naxçıvan turizm baxımdan cəlbedici regiondur. Muxtar respublikada turizmin imkanları onun əlverişli coğrafi mövqeyi və təbiəti, zəngin mədəni tarixi, abidələri, özünəməxsus mətbəxi
və yüksək qonaqpərvərlik ənənələri,
mehmanxana və hotelləri ilə ölçülür. Naxçıvan
Muxtar Respublikasının
əlverişli coğrafi
mövqedə yerləşməsi,
Türkiyə və İranla həmsərhəd
olması da turizmin inkişafına şərait yaradan amillərdəndir».
Şöbə
müdirinin sözlərinə görə, muxtar respublikada
1170-ə yaxın tarixi abidə var ki, onun 56-sı dünya əhəmiyyətlidir:
«Tarixi abidələrimizdən Möminəxatun, Yusif ibn
Küseyiroğlu türbələri, Qarabağlar memarlıq
kompleksi, Xanəgah abidə kompleksi, Gəmiqaya abidələri,
İlanlı dağ abidələri, Qurani-Kərimdə bəhs
edilən Əshabi-Kəhf ziyarətgahı, Kültəpə
abidələri, qədim tikililər, qalalar, yaşayış
yerləri və nekropollar bu günə qədər gəlib
çıxan sənətkarlıq nümunələri turistlər
üçün cəlbedici və maraqlıdır».
Şöbə
müdirinin sözlərinə görə,
Naxçıvanın mineral suları, Duzdağ Fizioterapiya Xəstəxanası,
Darıdağ Balneoloji Müalicəxanası turistlər
üçün xüsusilə cəlbedicidir. Ümumilikdə muxtar respublikada mədəni, ekoloji, müalicə və digər turizm növlərinin inkişaf etdirilməsinə
şərait var: «Muxtar respublikada 1 təbiət qoruğu, 1 milli park, 2 təbiət
yasaqlığı, 1 tarix-memarlıq
qoruğu, 1 tarixi bədii qoruq, 2 ziyarətgah kompleksi, 2 tarix-mədəniyyət qoruğu,
3 teatr, 21 muzey, filarmoniya, 4 lisenziya almış mehmanxana var. «Azərbaycan
Respublikası regionlarının
2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramı»nda və «Naxçıvan
Muxtar Respublikasının
2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramı»nda digər sahələrlə yanaşı,
muxtar respublikada turizmin inkişaf etdirilməsi üçün
tədbirlər nəzərdə
tutulub».
Naxçıvanda müxtəlif
xarakterli beynəlxalq tədbirlər də keçirilir. 2008-ci ildə
burada İslam Konfransı Təşkilatının
«Dini və sağlamlıq turizmi. Mənəvi və fiziki istirahətin təşkili» adlı beynəlxalq konfransı və 2009-cu ildə dövlət başçılarının
zirvə toplantısı
keçirilib.
Turizmin inkişafı
üçün problemlərə gəldikdə isə,
şöbə müdiri muxtar respublikanın blokadada
olması, nisbətən bahalı olan hava nəqliyyatından
istifadənin müəyyən çətinliklər törətdiyini
bildirir.
Hüseyn Əliyev,
Naxçıvan
Mədəniyyət.- 2010.- 23 aprel.- S. 9.