Şabran: qədim şəhər və yenilənmiş ad
Azərbaycanın Rusiya imperiyasının və Sovet İttifaqının tərkibində olduğu ikiəsrlik dövrdə tarixi və mədəni irsimizin məruz qaldığı
aşınmalardan biri
də yer adlarımızın dəyişdirilməsi
ilə bağlı olub. Yüzlərlə qədim yer adları dəyişdirilərək,
ya rus mənşəli,
ya da digər
adlarla əvəz edilib. Ölkəmiz müstəqillik əldə
etdikdən sonra tarixi yer adlarının
bərpası istiqamətində
mühüm addımlar
atıldı və proses bu gün
də davam etməkdədir.
Bu yaxınlarda Milli Məclis Dəvəçi
rayonunun Şabran adlandırılması barədə
qanun qəbul edib və ölkə
prezidenti bununla bağlı müvafiq sərəncam imzalayıb. Dəvəçi
rayonu 1930-cu ildə təşkil edilib.
1963-cü ildə ləğv
edilib və ərazisi Abşeron rayonuna verilib. 1965-ci ildə yenidən müstəqil rayon olub.
Şabran şəhəri qədim və Orta əsrlərdə
indiki Dəvəçi
rayonu ərazisində
yerləşib. Tarixi versiyalara görə,
«Şabran» adı hələ eramızdan əvvəl burada yaşamış tayfaların
adından götürülüb.
Ərazidə arxeoloji
qazıntılarda iştirak
edən tarix elmləri doktoru, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Orta əsrlər arxeologiyası
şöbəsinin müdiri
Tarix Dostiyev bildirir ki, tarixi
İpək yolunun üzərində yerləşmiş şəhər
zaman-zaman hücumlara məruz qalıb, əhalisi isə etnik müxtəlifliyi ilə fərqlənib: «Amma bu ərazinin
əsas sakinləri qədim türk tayfalarından - sabirlər
olub. Ehtimal olunur ki, sapotren,
sabur, sabir, şaburan, şavaran - bunlar hamısı forma dəyişikliyinə
düşərək Şabran
şəklini alıb.
Bu ərazidə massaget və hun tayfalarının da yaşadığı güman olunur. Bundan başqa, bu əraziyə vaxtilə türk tayfaları - xəzərlər
də hücumlar edib. Bu baxımdan
Şabranın adını
Xəzər xaqanı
Şadın adı ilə əlaqələndirənlər
də az deyil».
T.Dostiyev isə bildirir ki, Şabran
şəhəri Erkən
Orta əsrlərdə
mövcud olub və bunu arxeoloji
qazıntılar təsdiqləyir:
«Şabranda qaynar şəhər həyatı
dövrü IX-XV əsrlərə
təsadüf edir. Müxtəlif mənbələr Şabranın qüdrətli
Şirvanşahlar dövlətinin
ilk paytaxtı olduğunu göstərir.
Şabranın bu statusu IX əsrə qədər, yəni Şamaxı şəhəri
yüksələnədək davam edib. Şəhərin
Şirvanşahların iqamətgahı
olmasını sübut
edən faktorlardan
biri də burada onların nəslinə aid sərdabənin olmasıdır.
Tədqiqatçıların fikrincə, Şabranı qədim paytaxt şəhəri kimi Qəbələ, Bərdə
və Naxçıvanla
müqayisə etmək
mümkündür».
XIV əsrdə Teymurləngin
Azərbaycana hücumu
zamanı Dərbəndin
dağıdılması və
liman-şəhər rolunu
itirməsindən sonra
Şabranda dəniz ticarəti fəallaşıb. XVI-XVII əsrlərdə isə şəhər Səfəvilər
dövləti ilə Osmanlı arasında gedən müharibələrə
meydan olub.
Şabranın tarixi ərazisinə gəlincə,
tarixçi şəhərin
Dəvəçi rayonunun
Şahnəzərli və
Rəhimli kəndləri
arasında, Şabrançay
sahilində olduğunu
bildirir: «Tarixi mənbələrdə XIX əsrdə
həmin ərazi Şabran nahiyəsi adlanıb. Bu barədə A.Bakıxanov
«Gülüstani-İrəm» əsərində söz açır. XIX əsrin əvvəllərində isə
Şabran çay adı kimi qeyd
olunur.
Beləliklə, Şabran şəhərinin
tarixi hələ Erkən Orta əsrlərdə Azərbaycanda
şəhər həyatının
mövcudluğunu təsdiqləyir. Bu gün həmin adın mövcud olduğu tarixi əraziyə qaytarılması
xalqın yaddaşını
bir daha təzələyir.
Digər tərəfdən, Şabran
şəhərinin adının
bərpası bu ərazidə arxeoloji tədqiqatları davam etdirmək zərurətini
ortaya çıxarır.
Dəvəçi adı isə bundan sonra Şabran
rayonunun kəndlərindən
birinin adında yaşayacq. Milli Məclisin Regional məsələlər komitəsinin
sədri Arif Rəhimzadənin bildirdiyinə
görə, rayonun Yenikənd yaşayış
məntəqəsinə Dəvəçi
adı veriləcək.
Mehparə
Mədəniyyət.- 2010.- 23 aprel.- S. 9.