«Axın» Forum Teatrı - «cərəyan» və «hərəkət»
«Teatr dəhşət xəstəliyindən
qurtulmaq üçün
şəfaverici dava-dərmandır. Tənhalıqdan yaxa qurtarmaqdan ötrü adamlar bir yerə toplaşırlar.
Toplaşırlar ki, təsəvvürlərində dəhşətdən uzaq
olan həyat lövhəsi qursunlar. Teatr tamaşası zamanı xəstəliktörədən
mikrob tamaşaçıya
zərdab şəklində
yeridilir. İncəsənətin
mahiyyəti elə ondadır ki, çöpşəkilli mikrobdan
vaksin əldə etməyi bacarsın». XX əsrin böyük fransız aktyor və rejissoru Jan-Lui Barro «Teatr haqqında düşüncələr» kitabında
belə yazırdı.
Zənnimcə, mikrobdan
vaksin əldə etmək üçün ən yaxşı
meydan elə forum teatrıdır. Forum teatrında tamaşa bitər-bitməz
tamaşaçılarla aktyorlar arasında müzakirə
başlanır, bu müzakirələr tamaşaçıya
bir az əvvəl səhnədə seyr etdikləri personaj və
hadisələrə daha dərindən baxmağa imkan
yaradır. Xüsusi teatr metodikası olan forum teatrının əsasını
1931-ci ildə dünyaya gəlmiş Avqusto Boal qoyub. Onun devizi
belə idi: «Bəsdir gerçəkliyin interpretasiyası ilə
məşğul olduq, onu dəyişdirməyin əsl
zamanıdır».
«Axın» Forum
Teatrının rəhbəri Vidadi Həsənovla söhbətimiz
də bu teatr ənənəsi barədədir.
«Forum teatrı ilk dəfə
Braziliyada meydana gəlib. Bizim teatr isə iki il yarımdı fəaliyyət
göstərir. Əbilov adına Mədəniyət Mərkəzində
yerləşirik. Məşq etmək,
tamaşalarımızı təqdim etmək üçün
bizə mümkün olan hər bir şərait
yaradılıb. Oranın rəhbər və sıravi
işçilərinə çox minnətdarıq.
Tamaşalarımız əsasən qeyri-hökumət təşkilatları
vasitəsilə təklif etdiyimiz layihələrlə
gerçəkləşir».
Teatrın adını
«cərəyan» və «hərəkət» mənaları ilə
səciyyələndirən Vidadi Həsənov
«Axın»ın, eyni zamanda, dramaturqu və baş rejissorudur. 24
illik pedaqoji təcrübə, «Yuğ» Dövlət
Teatrının səhnəsində və böyük ekranda
bir-birindən fərqli obrazlar yaratması ona imkan verir ki, teatr
rəhbəri kimi öz sözünü deyə bilsin. «Axın»
teatrı bu vaxta qədər V.Həsənovun
özünün qələmə aldığı və
quruluş verdiyi «Qapalı qapı», «Etiraf», Yusif Səmədoğlunun
eyniadlı hekayəsi əsasında «220 nömrəli otaq» və
uşaqlar üçün Abdulla Şaiqin «Tıq-tıq
xanım» nağılının tamaşaları ilə
çıxış edib. «Qapalı qapı» və «Etiraf» səhnə
əsərləri insan alveri və gender problemi kimi kəskin
sosial mövzulara toxunsa da, naturalist və poetik teatr
estetikasının harmonik vəhdətində, fabulanın fəlsəfi-psixoloji
aspektlərinə aydın bir baxış bucağı
seçərək təqdim edilir. Teatrın truppası 8 nəfərdən
ibarətdir: Günel Əkbərova, Aynurə Məmmədova,
Amid Qasımov, Anar Səfiyev, Samir Həşimov, Əliağa
Əliyev, Oqtay Mehdiyev və Zaur Babayev. Onlardan bəziləri Mədəniyyət
və İncəsənət Universitetinin məzunları, bəziləri
isə tələbələridir.
Universitetin estrada sənəti
kafedrasında rejissor sənətindən dərs deyən
dosent Vidadi Həsənov gənclərin həm «Axın»
teatrındakı işindən, həm də forum
teatrının mahiyyətini qavramalarından razılıq
edir: «Elə olur ki, yarımsaatlıq tamaşanın
müzakirəsi iki saat çəkir. Müzakirələr
vaxtı tələbələr tamaşa barədə,
ayrı-ayrı aktyorların ifası haqqındakı
düşüncələrini, təəssüratlarını
çox rahat şəkildə ifadə edirlər. Səhnəyə
alışmamış bu gənclərin böyük bir
auditoriyanın qarşısında həmin personajları
öz yanaşmalarına uyğun təqdim etmələri
xoş təsir bağışlayır. Mən teatrın cəmiyyəti
ağıllandıra biləcəyini düşünmürəm.
Teatr yalnız cəmiyyətdəki əyər-əskiklərə
səhnə yozumu verə, diqqəti hansısa
çatışmazlıqlara yönəldə bilər. Bunun
üçün zəngin dekorasiyaların qurulması vacib
deyil. Məsələn, «Qapalı qapı»dakı hadisələr
tamamilə boş səhnədə baş verir. Amma tamaşa
zamanı mənzilin bütün hissələri, hətta
detalları, musiqi yönlü təhsil ocağının
ab-havası və digər məkanlar tamaşaçı
üçün tam təsəvvürolunandır».
Samirə Behbudqızı
Mədəniyyət.- 2010.- 23 aprel.- S. 6.