Mənəvi xəzinəmizin
saxlanc yeri
Maarif Teymur: «Görkəmli şəxsiyyətlərimiz
özlərinin şəxsi arxivlərini, ən dəyərli
sənədləri bizə etibar edirlər»
Salman Mümtaz adına Dövlət Ədəbiyyat və
İncəsənət Arxivi (DƏİA) Azərbaycan SSR
Nazirlər Sovetinin 1965-ci il 17 iyul tarixli qərarı əsasında
yaradılıb. Arxiv Azərbaycanın ədəbiyyat
və incəsənət xadimlərinin, dövlət idarələrinin
və yaradıcılıq təşkilatlarının sənədlərini,
görkəmli şəxsiyyətlərin şəxsi arxivlərini
toplayır, onların mühafizəsi və istifadəsi
işini təşkil edir.
Bu il
Dövlət Ədəbiyyat və İncəsənət
Arxivinin fəaliyyətinin 45 ili tamam olur. Əməkdar
mədəniyyət işçisi, yazıçı-publisist
Maarif Teymur arxivin yarandığı ilk gündən burada
çalışır, son 20 ildə isə bu mədəniyyət
ocağına rəhbərlik edir. Onunla söhbətimizdə
mənəvi xəzinəmizin saxlanc yerinin keçdiyi yola nəzər
saldıq.
- Rəhbərlik etdiyiniz
arxivin fondlarında hansı əsrdən başlayaraq
xalqımızın ədəbiyyat və incəsənətini
əks etdirən sənədlər qorunur?
- Arxivdə XIX
əsrdən başlayaraq günümüzə qədərki
dövrə aid ədəbiyyat və incəsənətimizi
özündə əks etdirən sənədlər
toplanıb. Arxivin sənədlərində bu sahədəki idarə
və təşkilatların, Azərbaycanın görkəmli
mədəniyyət xadimlərinin, milli ədəbiyyat və
incəsənətimizin inkişafına verdikləri töhfələr
haqqında məlumatlar geniş əksini tapıb. Arxivdə Mədəniyyət və Turizm Nazirliyinin,
Azərbaycan SSR Xalq Komissarları Soveti İncəsənət
İşləri İdarəsinin, Azərbaycan Respublikası
Dövlət Kinematoqrafiya Komitəsinin, Cəfər
Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasının, mədəniyyət
sahəsindəki ali və orta ixtisas məktəblərinin,
yaradıcılıq təşkilatlarının, qəzet
və jurnal redaksiyalarının, ictimai təşkilatların
fondları, ədəbiyyat və incəsənət xadimlərinin
şəxsi arxivləri saxlanılır.
Qiymətli və nadir sənədlər
arasında Mirzə Ələkbər Sabirin 1907-ci ildə «Bəhlul»
jurnalının redaksiyasına göndərdiyi məktub,
C.Cabbarlının «Yada düşdü» şeiri, Əbdürrəhim
bəy Haqverdiyevin hekayələrinin əlyazmaları,
Üzeyir Hacıbəylinin 1913-cü ildə Hüseynqulu
Sarabskiyə və 1921-1931-ci illərdə Ceyhun Hacıbəyliyə
yazdığı məktubları, Səməd Vurğunun məktub
və şeirlərinin əlyazmaları, Cəlil Məmmədquluzadə
və Hüseyn Cavidin Qurbanəli Şərifzadəyə məktubları,
Cəlil Məmmədquluzadənin Təbrizdə
oynanılmış «Ölülər» pyesinin əlyazması
(1917-ci il), Məhəmməd Əmin Rəsulzadənin Ceyhun
Hacıbəyliyə göndərdiyi məktubları yer
alıb. Azərbaycan yazıçı, şair, dramaturq
və ədəbiyyatşünaslarının arxivdə
saxlanılan şəxsi fondlarındakı sənədlər
ölkəmizdə milli ədəbiyyatın təşəkkülü
və inkişafını özündə geniş əks
etdirir. Buraya Həsən bəy Zərdabinin, Məmməd
Arifin, Ənvər Əlibəylinin, Əliağa Vahidin, Əli
Vəliyevin, Hüseyn Cavidin, Əhməd Cəmilin, Mir Cəlalın,
Rəsul Rzanın, Süleyman Rəhimovun, Əli Tudənin və
başqalarının şəxsi fondları daxildir. Arxivdə mühafizə olunan ən zəngin sənəd
toplularından biri uzun illər Moskva Dövlət Universitetinin
professoru olmuş ədəbiyyatşünas, tərcüməçi
Əziz Şərifin şəxsi fondudur. Əziz Şərifin
1910-cu ildən 1987-ci ilə qədər yazdığı
gündəliklər, həmin fondda mühafizə olunan «Molla
Nəsrəddin», «Dəbistan», «Gələcək»,
«Plamya», «Dan ulduzu», «İşıq yolu» və başqa qəzet,
jurnal komplektləri də xalqımızın bu dövr mədəniyyət
tarixini öyrənməkdə qiymətli məxəzdir.
Arxivdə həmçinin Azərbaycan Yazıçılar Birliyinin, Ədəbiyyat Fondunun, ədəbi nəşrlərdən «Azərbaycan»,
«Literaturnıy Azerbaydjan», «Ədəbiyyat», «Ulduz», «Qobustan»ın fondları, eləcə də müxtəlif bədii əsərlərin əlyazmaları, yazıçıların qurultay, plenum və iclaslarının stenoqrafik hesabat və protokolları, müvafiq idarə, təşkilat və müəssisələrlə yazışmaları, hesabatları yer alıb.
Kino, teatr, musiqi...
- Arxivdə teatr, kino və
musiqi tariximiz barədə hansı sənədlər yer
alıb?
- Arxivdə Azərbaycanın
teatr tarixinə dair çoxlu sənədlər, o cümlədən
Azərbaycan Teatr Xadimləri İttifaqı, Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universiteti, Opera və Balet Teatrı, Akademik Milli Dram Teatrı,
Rus Dram Teatrı, Musiqili Komediya Teatrı, Gənc
Tamaşaçılar Teatrı və teatr işi sahəsində
fəaliyyət göstərən digər müəssisələrin
fəaliyyətini əks etdirən materiallar toplanıb. Buraya həmçinin respublikamızda teatrların
yaradılması və təşkili haqqında hökumət
qərarları, tamaşaya qoyulan əsərlərin qəbulu
və onların məşqləri haqqında məlumatlar,
ixtisas komissiyalarının, bədii şuraların iclas
protokolları, teatrların fəaliyyəti haqqında
hesabatlar və digər sənədlər də daxildir.
- Bütün görkəmli
sənətkarların şəxsi fondlarını əldə
edə bilmisinizmi?
- Arxivdə Azərbaycan
teatr sənətinin inkişafında əvəzsiz xidmətləri
olmuş görkəmli rejissor və aktyorların şəxsi
fondları toplanıb. Bu sırada Əliağa Ağayev, Mirzəağa Əliyev,
Ələsgər Ələkbərov, Rza Əfqanlı, Mərziyyə
Davudova, Müxlis Cənizadə, Kazım Ziya, İsmayıl
Hidayətzadə, İsmayıl Osmanlı, Sidqi Ruhulla,
Möhsün Sənani, Bəşir Səfəroğlu və
başqalarının şəxsi fondlarını qeyd etmək
olar.
Eləcə də Azərbaycanda
milli və klassik musiqi mədəniyyətinin inkişafı məsələlərinə
dair sənədlər, Azərbaycan Bəstəkarlar
İttifaqının və Üzeyir Hacıbəyli adına
Azərbaycan Dövlət Konservatoriyasının, Asəf
Zeynallı adına Musiqi Texnikumunun, Azərbaycan Dövlət
Musiqi nəşriyyatının, habelə bəstəkarlardan
Fikrət Əmirov, Əfrasiyab Bədəlbəyli, Soltan
Hacıbəyov, Niyazi, Tofiq Quliyev, Süleyman Ələsgərov,
Asəf Zeynallı, Müslüm Maqomayev, Xan Şuşinski və
digər müğənnilərin, musiqi xadimlərinin şəxsi
fondları arxivimizdə saxlanılır.
Arxivin musiqi ilə
bağlı fondlarında təkcə Bəstəkarlar
İttifaqının, Azərbaycan Dövlət
Konservatoriyasının tarixinə aid sənədlər deyil,
həmçinin müxtəlif bəstəkarların not əlyazmaları,
Azərbaycan musiqi mədəniyyətinin görkəmli xadimlərinin
həyat və fəaliyyətinə aid digər qiymətli sənədlər
toplanıb.
Azərbaycanda
rəngkarlıq və memarlıq sənətini özündə
əks etdirən sənədlər Rəssamlar
İttifaqı, Memarlar İttifaqı, Rəssamlıq Məktəbinin
arxivdəki fondlarında cəmləşdirilib. Rəssam,
memar və sənətşünaslardan Mikayıl
Hüseynovun, Tahir Salahovun, Vəcihə Səmədovanın,
Salam Salamzadənin, Maral Rəhmanzadənin və
başqalarının əsərləri, eskizləri, əlyazmaları,
yazışmaları, şəxsi sənədləri təsviri
sənət və memarlıq tariximizi öyrənmək
üçün qiymətli mənbədir. Arxivdə həmçinin
kino sənətinin inkişafına dair dəyərli məlumatlar
əldə etmək olar. Kinematoqrafiya Komitəsinin, «Azərbaycanfilm»
kinostudiyasının, görkəmli kinorejissorların arxivdəki
fondlarında respublikamızda kino sənətinin tarixi və
inkişafı ilə bağlı sənədlər qorunur.
Azərbaycanda
xalq yaradıcılığının inkişafı ilə
bağlı, habelə bu sahədə mədəni-maarif
işlərinin təşkili məsələlərinə aid
sənədlər xalq yaradıcılığı üzrə
Respublika Elmi-Metodiki Mərkəzin (Xalq
Yaradıcılığı Evi) fondunda cəmləşdirilib. Burada Bədii
Şura iclaslarının, aşıqların və xalq nəğməkarlarının
konsertlərinə baxış və qəbul protokolları,
xalq yaradıcılığına həsr olunmuş
konfransların stenoqrafik hesabatları, habelə xalq
yaradıcılığı, folkloru barədə metodiki
göstərişlər və s. mühafizə olunur.
Arxivdə Azərbaycanda şifahi xalq
yaradıcılığına aid materialları toplayıb tədqiq
və nəşr etdirən alimlərin, görkəmli ədəbiyyatşünasların
fondları da yer alıb. Burada dastanlarımız, bayatılar,
nağıllar, digər folklor nümunələri ilə
bağlı müxtəlif maraqlı materiallar toplanıb.
Arxivdə Azərbaycan sirkinin yaranması və inkişaf
tarixi ilə bağlı sənədlər də qorunur. Həmçinin ədəbiyyat, incəsənət
xadimləri, afişalar, proqramlar və fotoşəkillərdən
ibarət sənəd toplularından fondlar da yaradılıb. Ədəbiyyat
xadimləri toplusunda - Səməd Vurğun, Məsud
Şeyxzadə, Böyükağa Talıblı, Aşıq
Valeh, Ənvər Yusifoğlu, Hümmət Əlizadə,
Mirhaşım Talışlı və başqalarının sənədləri
və ya onların yaradıcılıqlarına aid sənədlər
tədqiqatçıya böyük material verə bilər.
İncəsənət
xadimləri toplusunda isə Musa Musayev, Əşrəf Həsənov,
Hacıbaba Hüseynov, Rəhilə Cabbarova, Seyfulla Əmirov və
başqalarına aid sənədlər də var.
İnsanların inamı
- Qorunan sənədlər
arasında mühacirətdə yaşayan görkəmli şəxsiyyətlərin
fondları çoxdurmu?
- Ölkəmiz dövlət
müstəqilliyi əldə etdikdən sonra ilk dəfə
olaraq xaricə mühacirət edərək uzun illər vətən
həsrəti ilə yaşayıb-yaratmış Ceyhun
Hacıbəyli, Abay Dağlı, Almas İldırım, Əlibəy
Hüseynzadə, Timuçin Hacıbəyli, Səlim Turan,
Yusif İsmayıl, Ümbülbanu və
başqalarının sənədləri də ədəbiyyat
və incəsənət arxivində qəbul edilib.
Arxiv bu gün
də müntəzəm olaraq ədəbiyyat və incəsənət
xadimlərinin, respublikanın mədəniyyət sahəsindəki
dövlət idarələri və yaradıcılıq təşkilatlarının
sənədlərini dövlət mühafizəsinə qəbul
edərək öz fondlarını daha da zənginləşdirir.
- Sənədlərin
yığılması və qorunmasında hansısa problemlərlə
üzləşirsinizmi?
- Çətinliklər
əvvəl var idi. Arxivin mühafizəxanaları müasir səviyyədə
təmir olunur, texniki problemlər aradan qalxır. Bu gün
Dövlət Ədəbiyyat və İncəsənət
Arxivi mənəvi xəzinəmizin ən etibarlı saxlanc
yeridir. Odur ki, görkəmli şəxsiyyətlərimiz
özlərinin şəxsi arxivlərindən olan
materialları, ən müxtəlif sənədləri bizə
verirlər. Çünki bilirlər ki, onların bizə təqdim
etdiyi sənədlər etibarlı əllərdədir və
qayğı ilə qorunacaq.
Təranə Sərdarqızı
Mədəniyyət.- 2010.-23 aprel.- S. 5.