Regionlarda mədəniyyətin
inkişaf perspektivləri müzakirə olundu
Aprelin 21-də M.F.Axundov adına Milli Kitabxanada mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev rayon mədəniyyət
və turizm şöbələrinin müdirləri ilə
görüşdü. Tədbir mədəniyyət sahəsində
çalışan işçilərin 10 gün ərzində
Bakıda təşkil edilmiş təkmilləşmə
kurslarının yekunlarına həsr olunmuşdu.
Respublika Mədəniyyət
Müəssisələri İşçilərinin
Hazırlıq və İxtisasartırma Mərkəzinin
direktoru Ramazan Şabanov kurslar barədə məlumat verərək
bildirdi ki, kurslarda dövlət qulluğu, mədəniyyət
siyasəti və digər aktual məsələlərlə
bağlı mühazirələr oxunub: «Mədəniyyət və
Turizm Nazirliyi tərəfindən il ərzində mədəniyyət
sahəsində çalışan insanlar üçün 35
müxtəlif kateqoriyalı ixtisasartırma kursları təşkil
edilir. Kurslar keçirilərkən gündəmdə
olan əsas məsələ tədrisin keyfiyyətini
artırmaq, müvafiq tələblərə uyğun olaraq,
kadrların təkmilləşdirilməsinə diqqəti
artırmaqdır. Bir il ərzində 700 nəfərə
yaxın dinləyici bu kurslardan keçib».
Mədəniyyət və
turizm şöbələrinin müdirləri
üçün nəzərdə tutulan kursların aprelin
12-də başladığını bildirən mərkəz
rəhbəri dərslərdə 27 rayonun mədəniyyət
və turizm şöbəsinin müdirinin iştirak etdiyini
dedi: «Kurslarda dövlət idarəçiliyinin əsaslarından,
dövlət qulluğu, dövlətin kadr siyasəti, mədəniyyət
siyasəti, nitq mədəniyyəti, mədəniyyətin
idarə olunması, əmək məcəlləsi haqqında
mühazirələr oxundu. Eyni zamanda, maraqlı diskussiyalar
apardıq».
R.Şabanov bildirdi ki, təkmilləşdirmə
kurslarının növbəti mərhələsi ölkədə
fəaliyyət göstərən qalereyaların
direktorları üçün nəzərdə tutulub.
Yenilikləri öyrənmək və tətbiq etmək
lazımdır
Mədəniyyət və
turizm naziri Azərbaycanda gedən sosial-iqtisadi inkişaf fonunda
mədəni xidmətlərin səviyyəsinin
artırılmasının vacib olduğunu bildirdi: «Dörd il
bundan əvvəl Mədəniyyət və Turizm Nazirliyi
yaradılarkən, qurumun qarşısına müəyyən
vəzifələr qoyulmuşdu. Bu vəzifələrin
icra müddəti müxtəlif vaxtlar üçün nəzərdə
tutula bilər. Lakin bizim əsas məqsədimiz bu gün
ölkə prezidentinin apardığı geniş iqtisadi-sosial
siyasətin sürəti ilə mədəni xidmətlərin
səviyyəsini uyğunlaşdırmaqdır. Regionlarda gedən
yenidənqurma və bərpa prosesinə, yeni iş yerlərinin
açılmasına, infrastrukturun yenidən
yaradılmasına, Azərbaycan əhalisinin yaşayış
səviyyəsinə nəzər salsaq görərik ki, son illərdə
Azərbaycanın görkəmi çox dəyişib. Ölkəyə
gələn hər bir insan bunu hiss edir. Azərbaycan
inkişafda olan ölkələrin sırasından inkişaf
etmiş ölkələr sırasına keçib. Kadr
potensialının bu inkişafa
uyğunlaşdırılması vacibdir. Bu kursların əsas
məqsədi də yeniliklərin öyrənilməsinə və
tətbiqinə xidmət etməlidir. İşimizi dünyada
baş verən proseslərə
uyğunlaşdırmalıyıq. Təbii ki, bunu da adət-ənənələrimiz,
milli-mədəni dəyərlər çərçivəsində
etməliyik. Biz gərək dünyada baş verən yenilikləri
öz işimizdə tətbiq edək, qloballaşan dünya
ilə ayaqlaşaq.
Nazir mədəniyyətin hər
sahəsi, o cümlədən kitabxana, muzey, teatr, turizm, tarixi
abidələrin qorunması, kino ilə bağlı geniş fəaliyyət
sənədlərinin, dövlət proqramlarının təsdiq
olunduğunu nəzərə çatdırdı: «Mədəniyyət
sahəsi üzrə hər bir istiqamətə aid
proqramların həyata keçirilməsi üçün
büdcədən vəsait ayrılır. Mədəniyyət
və Turizm Nazirliyinə ayrılan vəsaitin həcmi hər
il artır. Bunun qarşılığında da biz öz
töhfəmizi verməliyik. Ölkə
başçısı tərəfindən mədəniyyət
sahəsinə aid imzalanan qanun və sərəncamlar bizim
masaüstü vəsaitimiz olmalıdır. Yeni metodologiya,
texnologiya, üslub və metodlardan istifadə etməklə
yanaşı, köhnə, özünü doğrultmuş
üslubları da tətbiq etməklə, inkişafı təmin
etməliyik».
Mədəniyyət müəssisələri yeni
texnologiyalarla işləyəcək
Nazir qeyd etdi ki, növbəti
kurslarda müasir texnologiyalardan istifadə qabiliyyəti
xüsusi olaraq nəzərdə tutulmalıdır: «Bu gün
biz respublika kitabxanalarında kitabların rəqəmsal
daşıyıcılara köçürülməsinə
daha çox önəm veririk. Artıq 20-yə qədər
rayonda kitabxana-informasiya mərkəzləri
yaratmışıq. Bu mərkəzlərdə oxucuların
qeydiyyatı aparılır. Eyni zamanda, rayonlarda müxtəlif
xidmətlərin təmin edilməsi üçün yeni
pilot-layihələr həyata keçirilir. Bu layihələrin
reallaşdırılması nəticəsində mədəniyyətin
bütün sahələrini əhatə edəcək xidmətlər
göstəriləcək. Artıq bir neçə rayonda bu
iş başlanıb. Layihənin gerçəkləşdirildiyi
sonuncu məkan Bakının Binə kəndidir. İndi burada
klub, kitabxana və musiqi məktəbi bir binada yerləşəcək.
Hətta insanlar burada internet imkanları da əldə edə
biləcəklər. Bu baxımdan yeniliklərin tətbiqi
vacibdir».
Nazir dedi ki, yeni komplekslərin,
mərkəzlərin yaradılması Azərbaycanda ümumi mədəniyyət
xidmətlərinin səviyyəsinin artırılması ilə
yanaşı, mədəniyyət şöbələrinin
bütün imkanlara malik olması deməkdir. Ona görə
dövlət tərəfindən qəbul edilən yeni
proqramlar istiqamətverici sənəd hesab edilməlidir. Burada
tətbiq olunacaq yeniliklər yerli şəraitlə
uyğunlaşdırıldıqdan sonra nazirliyə təqdim
olunmalıdır.
Ə.Qarayevin sözlərinə
görə, vaxtilə Azərbaycan mədəniyyətini
özümüzə və keçmiş MDB məkanına təqdim
etməyi düşünürdüksə, bu gün o çərçivədən
çıxmışıq. Azərbaycan UNESCO-da,
İSESCO-da, əksər beynəlxalq qurumlarda
özünün mövqeyi olan fəal bir ölkədir: «Bu
mövqeyi möhkəmləndirmək üçün bizim
hazırlığımız olmalıdır. Dünyaya
açılan pəncərə bir tərəfdən bizi
sevindirsə də, digər tərəfdən məsuliyyətimizi
artırır».
Beynəlxalq muğam festivalları rayonlarda da
keçiriləcək
Nazir bildirdi ki, beynəlxalq
muğam festivalları təkcə Bakı şəhərini
deyil, respublikamızın regionlarını da əhatə edəcək.
Buna görə də 2011-ci ildə Azərbaycanda keçiriləcək
İkinci Beynəlxalq Muğam Festivalına gələcək
xarici qonaqların rayonlara aparılması,
regionlarımızla yaxından
Ə.Qarayev dedi ki, Mədəniyyət
və Turizm Nazirliyi yarandığı gündən
özünün davamlı strategiyasını müəyyənləşdirib.
Bu strategiya bütün yaxşı və ən dəyərli
nümunələri dünyaya yeni formada təqdim etməkdən
ibarətdir. Bu, dövlətin siyasətidir və bunun
üçün də təkcə nazirlik yox, yerlərdə
olan mədəniyyət müəssisələri də
çalışmalıdır.
Təkmilləşdirmə kursları rayonlarda da təşkil
ediləcək
Tədbirin sonunda kurs
iştirakçısı olan rayon mədəniyyət və
turizm işçilərindən bir neçəsi öz fikirlərini
qəzetimizlə bölüşdü.
Xaçmaz rayon Mədəniyyət
və turizm şöbəsinin müdiri Nazim Ağayev: «27
rayonun mədəniyyət və turizm şöbəsinin
müdirinin bir yerə toplanması baxımından kursun
keçirilməsini yüksək qiymətləndirirəm. Bir
neçə gün ərzində biz bir-birimizlə öz təcrübəmizi
bölüşdük. Eyni zamanda tanınmış mədəniyyət
işçiləri, Mədəniyyət və Turizm Nazirliyi
Aparatının rəhbəri, şöbə müdirləri
mədəniyyət sahəsindəki yenilikləri bizə
çatdırdılar. Tədbirdə belə bir fikir də səsləndi
ki, bu kursların yayda iki ay müddətində bölgələrdə
də keçirilməsi nəzərdə tutulur. Mədəniyyət
və turizm naziri problemlərimizlə maraqlandı, tövsiyələrini
verdi. Bu mənada belə kursların təşkili çox
vacibdir».
Ağdaş rayon Mədəniyyət
və turizm şöbəsinin müdiri Tahir Əliyev: «Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən kursların müvəffəqiyyətlə
keçirilməsi işimizə impuls verir. Rayon şöbələri
mərkəzlə sıx işləyəndə yerlərdə
də işlər öz axarı ilə gedir. Son beş ildə
birinci dəfədir belə geniş tərkibdə təkmilləşdirmə
kursları keçirilir. Bunun yerlərdə də təşkil
olunması çox yaxşı olardı. Burada öyrəndiklərimizi
iş yoldaşlarımızla bölüşəcəyik».
Astara rayon Mədəniyyət
və turizm şöbəsinin müdiri Şadoğlan
Bayramov: «Əvvəllər bu kurslara mütəmadi olaraq
öz əməkdaşlarımızı göndərirdik və
müsbət nəticələrini görürdük. Mən
kursda ilk dəfədir iştirak edirəm. Kurs müddətində
Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları,
Nazirlər Kabinetinin nümayəndəsi, universitetlərin
müəllim və professorları bizə yeni normativ sənədlərlə,
mədəniyyətşünaslıqda yeni layihələrlə
bağlı mühazirələr söylədilər. Eyni
zamanda, mühazirə saatlarından sonra Bakıda yerləşən
muzeylərlə, yeni tikilən mədəniyyət obyektləri,
o cümlədən Heydər Əliyev Fondu, Muğam Mərkəzi
ilə tanış olduq».
Qəbələ rayon Mədəniyyət
və turizm şöbəsinin müdiri Nargilə Qafarova: «Mən
sonuncu dəfə 2005-ci ildə kursda olmuşdum. Əvvəlki
illə müqayisədə indi kursların keçirilməsində
əsaslı fərqi gördüm. Dərslərin daha əhatəli
olmasında, keyfiyyətin yüksəldilməsində,
mühazirə zamanı aldığımız məlumatların
zənginliyində bu fərqi hiss etmək mümkündür.
Rayonda yaşayıb işlədiyimizdən paytaxtla əlaqəli
olmaq, yenilikləri vaxtında bilmək bizim üçün
çox vacibdir. Bu baxımdan belə kursların hər il
keçirilməsini istərdik».
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2010.- 23 aprel.- S. 4.