Əzim Əzimzadənin davamçıları

 

Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin 5 yaşı tamam olur

 

Yüz dörd il əvvəl oxucularınaSizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım!” deyə müraciət edənMolla Nəsrəddin» (Cəlil Məmmədquluzadə) xalqının təzadlı yaşantılarına, əhatələndiyi gerçəkliyə o dövr üçün yeni olan satirikbədii güzgütutmaqla millətlər arasında imzasının görünməsinə haqqının çatdığını müasirlərinə izah etmək istəyirdi.   

 

1906-cı ildən işıq üzü görməyə başlayan jurnalda millətin dərdi qədər sözlə ifadə olunurdusa, deyilənlər oxuculara bir o qədər rəngli, gülməli düşündürücü şəkillərlə - əyani təqdim olunurdu. Əgər desək ki, hələ savadsızlığın kifayət qədər ağalıq etdiyi məkanda təsvirin təsiri sözdən önə çıxmışdı, səhv etmərik.

 

Mirzə Cəlil bunu çox gözəl bildiyindən bu təsir vasitəsinin gücünü jurnalda daha da artırmağa səy göstərirdi. Amma ideyalarının təsvirə çevrilməsində ona əcnəbi Oskar Şmerlinq və İozef Rotter kimi rəssamların yardımçı olmaları Mirzə Cəlil üçün nə qədər xoş idisə, onların yanında həm də milli kadrları görmək onun ən böyük arzusuydu. Az sonra böyük ədibin arzusu çin oldu. “Molla Nəsrəddin» jurnalında sonralar qürurverici ənənəyə çevriləcək “Əzim Əzimzadə karikatura məktəbi”nin bünövrəsi qoyuldu.

“Molla Nəsrəddin” məktəbini keçmiş X.Musayev, Ə.İbrahimzadə, S.Behzad, Q.Xalıqov, İ.Axundov və H.Əliyevin ardınca, 1952-ci ildən çap olunmağa başlayan “Kirpi” jurnalının səhifələrində öz satirik duyumunu reallaşdıran N.İsmayılov, Z.Kərimbəyli, S.Şərifzadə, A.Quliyev,A.Ələsgərov, Ə.Zeynalov, Y.Əsədov, S.Cəfərov, V.İbrahimoğlu, B.Qasımov, B.Hacızadə, H.Nəsiroğılu, S.Soltanlı və b. öz yaradıcılıqları ilə milli karikatura ənənələrimizi inkişaf etdirməklə təsviri sənətimizin bu janrının dünya miqyasına çıxmasına və tanınmasına nail oldular.

Bu beynəlxalq uğurun son 5 illik tarixi bilavasitə Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin fəaliyyəti ilə bağlıdır. 2005-ci ildə təsis olunan qurum elə həmin ildə Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyasına (FECO) üzv seçildi. Əlavə edək ki, bu gün keçmiş sovet respublikaları arasında ancaq Azərbaycan bu mötəbər təşkilatda təmsil olunur.

İlk günlər 15 üzvü olan Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin bu gün 100-dək üzvü var. Qurum fəaliyyətə başladığı ilk gündən Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, digər nazirlik və təşkilatlarla birlikdə müxtəlif sərgilər, yaddaqalan tədbirlər keçirib. Bu sırada “Azərbaycan karikaturaçı rəssamları”(2005), “Biz və karikatura” (2006), “Molla Nəsrəddin-100”(2006), “Molla Nəsrəddin və Molla Nəsrəddinçilər”(2006), “Azərbaycan karikaturası dünən və bu gün”(2007), “Bu, bizlikdir”(2007), “Əzimzadənin davamçıları”(2008), “Müasir Azərbaycan karikaturası”(2008) kimi tədbirləri qeyd etmək olar.

Birliyin 2008-ci ildən başlayaraq Mədəniyyət və Turizm Nazirliyi və Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyasının dəstəyi ilə “Molla Nəsrəddin” adlı beynəlxalq karikatura müsabiqəsi təşkil etməsi həm də ölkəmizin mədəni məkanında baş verən yeniliklərin dünya miqyasında yayılması deməkdir. Hər il bu müsabiqəyə 50-dən çox ölkənin 500-dən çox karikaturaçısının qatılması Azərbaycanının çox yaxın gələcəkdə beynəlxalq karikatura mərkəzinə çevrilmə ehtimalını gücləndirir. Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin rəsmi saytı (www.azercartoon.coom) və təşkilatın “Biz və karikatura” jurnalının davamlı nəşri qurumun beynəlxalq əlaqələrinin genişlənməsinə xidmət edir.

Beynəlxalq karikatura yarışlarında, sərgi və festivallarda ölkəmizi təmsil edən Yavər Əsədov, Elman Mirzəyev, Hafiz Nəsiroğlu, Soltan Soltanlı, Seyran Cəfərli və Bayram Hacızadənin müxtəlif dərəcəli mükafatlar əldə etmələri isə onların həm də Azərbaycan karikaturasının tarixi-bədii ənənələrini layiqincə davam etdirdiklərini təsdiqləyir.

Bu və digər dilə gətirmədiyimiz uğurlu yaradıcılıq nəticələrinin əldə olunmasında quruma rəhbərlik edən Əməkdar incəsənət xadimi, sənətşünaslıq namizədi Bayram Hacızadənin danılmaz rolu var. Onun müəllifi olduğu “Azərbaycanın karikaturaçı rəssamları”(2005), “100 illik karikatura tariximiz”(2006), “Azərbaycan karikaturası dünən və bu gün”(2007), “Müasir Azərbaycan karikaturası”(2007), ”Azərbaycan karikaturasının inkişafı”(2008), “Dünya karikaturası”(2009), “Vremya. Lyudi. Karikatura.(2009), ”Oil and Cartoon”(2010) adlı Azərbaycan, rus və ingilis dillərində nəşr olunmuş kitabları Azərbaycan təsviri sənətinin öyrənilməsi və təbliğinə xidmətdir. Onun təşəbbüsü ilə Bakıda keçirilən “Molla Nəsrəddin” - Azərbaycan” beynəlxalq karikatura müsabiqəsinin təşkilati məsələlərinin yüksək səviyyəsinə, səsvermənin obyektivliyinə və şəffaflığına görə Beynəlxalq Karikatura Təşkilatları Federasiyası tərəfindən ən yüksək balla - 5 ulduzla qiymətləndirilməsi, heç şübhəsiz, B.Hacızadənin işgüzarlığının nəticəsidir. Qeyd edək ki, dünyanın müxtəlif ölkələrində bu sahədə uzun illər fəaliyyət göstərən karikatura təşkilatlarının bir çoxu 20 ildən artıq bir müddət ərzində müsabiqələr təşkil etmələrinə baxmayaraq bu qiyməti hələ də ala bilməyiblər.

   Sonda əlavə olaraq demək istəyirəm ki, Gennadi Çeqodayevin (Rusiya) “B.Hacızadənin səmərəli işi sayəsində Bakının dünyanın daha bir yumor paytaxtına çevriləcəyinə inanıram” fikrinin nə vaxtsa gerçəkləşəcəyinə biz də şübhə etmirik. Və sonda, 5 yaşı tamam olan Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinə yeni uğurlar arzulayırıq.

 

 

Ziyadxan Əliyev,

Əməkdar incəsənət xadimi

 

Yeri gəlmişkən, Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin keçirdiyi “Molla Nəsrəddin - Azərbaycan - 2010” beynəlxalq karikatura müsabiqəsinə artıq yekun vurulub. 55 ölkədən 500 rəssamın qatıldığı müsabiqənin nəticələri aprelin 28-də elan ediləcək.

 

 

Mədəniyyət.- 2010.- 28 aprel.- S. 15.