Turizm və kino

 

Tarixi 1896-cı ildən hesablanan dünya kinosu yarandığı ilk gündən kommersiya xarakteri daşıyıb. İncəsənətin bu yeni növündən qazanc əldə etmək istəyən Fransa iş adamları dünyanın maraqlı məkanlarını lentə almaq üçün xarici ölkələrə «kameralı adam»lar - operatorlar göndərdilər. Onların çəkdiyi kinokadrlar sonradan müxtəlif yerlərdə nümayiş olunurdu. Bu kinosüjetlər həm də dünyada ilk turizm-reklam çarxları sayıla bilər. Kinosüjetlərə baxan varlı adamlar bu lentlərdə əks olunan yerlərə səyahətə çıxırdılar.

 

Azərbaycan kinosu dünya kinosundan 2 il sonra, 1898-cı ildə yaranıb. Azərbaycanda yaşamış fransalı fotoqraf Mişonun Bakıda çəkdiyi ilk kinosüjetlər milli kinomuzun əsasını qoydu. Həmin süjetlərdən biri olan «Balaxanıda neft fontanı» həm də Bakının, Azərbaycanın Fransada və ümumilikdə Avropada reklamı idi.

 

Sənədli filmdə turizm

 

Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da sənədli filmlərin əksəriyyəti tarixi-etnoqrafik və səyahət xarakteri daşıyır. Son illər dünyada istehsal olunan sənədli filmlər də yerli və xarici auditoriya üçün fərqli prizmalardan yanaşılaraq çəkilir. Çünki xarici tamaşaçı üçün maraqlı ola biləcək təbiət mənzərələri, tarixi abidələrin kinotəsviri bilavasitə həmin yerlərdə yaşayan əhali üçün maraqsız görünə bilər. Məsələn, biz yerli telekanallarda nümayiş olunan sənədli, tarixi, etnoqrafik, xüsusilə də heyvanat aləmindən bəs edən filmləri maraqla izləyirik.

Təəssüf ki, Azərbaycanda sənədli-etnoqrafik filmlərin ölkədən kənara çıxarılması, xarici kanallara satılması yönündə planlı şəkildə iş aparılmayıb. Buna görə də, ölkəmizdə istehsal olunan sənədli-etnoqrafik filmlərin çoxu daha çox informativ xarakterlidir. Orada müəyyən qədər dramaturji elementlərin olmaması tamaşaçını yorur.

Digər tərəfdən, Qobustanla bağlı filmlər sırf tarixi, informativ xarakter daşıyır. Bu da tarixi baxımdan turistlərin diqqətini cəlb edir. Əlavə edək ki, Qobustan tarixi qoruğu haqqındakı filmlərdə müxtəlif rejissor yanaşmaları olsa da, həmin filmlər yalnız qoruğun tarixi əhəmiyyətinə görə turistlər üçün maraqlı olur.

Qeyd edək ki, Azərbaycan filmlərinin dünyanın müxtəlif telekanalları tərəfindən alınması praktikası var. Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi «Bu meydan, bu ekran» müsabiqəsi çərçivəsində özəl şirkətlərdə istehsal olunmuş «Ev», «Düyün», «Pəri cadu» filmləri Fransa və İsveçrənin müxtəlif telekanallarına satılıb. Bunlar bədii filmlər olsa da, informasiya baxımından da Avropa tamaşaçısı üçün müəyyən maraq kəsb etdi.

Bununla belə, respublikamızda istehsal olunan sənədli filmlər arasında maraq doğuran filmlər çoxdur. AzTV-nin bazasında fəaliyyət göstərən «Azərbaycantelefilm» yaradıcılıq birliyində çəkilmiş bəzi tarixi-etnoqrafik filmlər respublikamızın turizm imkanlarının göstərilməsində xüsusi yer tutur. Üstəlik, son illərdə yerli tamaşaçıların ixtiyarına verilmiş «Abşeron gizlinləri» (rej. Ömür Nağıyev), «Xaraba Gilan» (rej. Tahir Əliyev), «Basqal» (rej. Elçin Musaoğlu), «Əshabi-kəhf» (rej. Nazim Abbas), «Tanrıya tapınan Kiş», «Küsnət» (rej. Əli İsa Cabbarov) filmlərini misal göstərmək olar.

Bundan başqa, «Lider» kanalının «Azərbaycan» redaksiyasında, xüsusilə də son illər dövlət sifarişi ilə «Salnamə» sənədli filmlər studiyasında çəkilən filmlər ölkəmizin turizm potensialının təbliğ olunmasında fəal iştirak edir. Misal olaraq, «Azərbaycanı kəşf et», «Azərbaycan xalçası», «İz...Qala», «Azərbaycan milli mətbəxi» və digər filmləri göstərmək olar. Qeyd edək ki, Şamil Əliyevin rejissoru olduğu «Azərbaycan xalçası» sənədli filmi ötən il Kann Beynəlxlaq Film Festivalının «Short corner» bölümünə düşüb. Bu, Azərbaycan kino tarixində Kann festivalında iştirak edən ilk sənədli-etnoqrafik film oldu. Filmdə Azərbaycan xalçalarının digər xalqların xalçalarından fərqi, onun tarixi kökləri araşdırılıb.

 

Bədii filmdə turizm

 

Bədii filmlərdə turizm məkanları, sənədli filmdə olduğu kimi, konkret olaraq adı ilə göstərilmir. Amma hansısa məkanın təsvir olunması, gözəlliyinin tərənnüm edilməsi, milli adət-ənənələrin göstərilməsi bədii filmlərdə bu amili önə çəkir. Məsələn, «Dəli Kür» filmində xalqımızın sahib olduğu bayram mərasimi geniş şəkildə göstərilib.

Bədii filmlərin xarici bazara çıxmasının böyük problem olduğunu nəzərə alsaq, milli bədii filmlərimizdə turizm elementi axtarıb, ondan yararlanmaq bir az müşkül məsələdir. Bununla belə, bəzən turistlər maraqlı və tanınmış filmlərin çəkiliş məkanlarında olmağı da arzu edirlər. Xaricdə bu halllara tez-tez rast gəlmək olar. Məsələn, Bollivud, Hollivud sırf turistlərin maraq göstərdikləri məkanlardandır.

 

Azərbaycan dünyanın aparıcı telekanallarında

 

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə ölkəmiz haqqında müxtəlif reklam çarxları hazırlanıb. Azərbaycanda müxtəlif şirkətlər arxitektura, mehmanxanalar, tarixi abidələr, banklar, restoranlar, istirahət zonaları, regionlar, idman mövzularında müxtəlif reklam çarxları hazırlayıb. Onlar arasında maraqlılarından biri də «Mən Azərbaycana gedirəm» videoçarxıdır.

Bu çarxların nümayişi daha çox yerli kanallar üçün nəzərdə tutulub. Amma bu ildən dünyanın tanınmış «Euronews», CNN, «National Geographic», BBC və CNBC kanallarında Azərbaycanın turizm potensialı haqqında videorolik və reklam çarxlarının nümayişinə başlanılıb. Bu da xarici vətəndaşların ölkəmizin turizm imkanları ilə tanış olmalarına kömək edir. Bundan başqa, həmin çarxlar xaricdə təşkil edilmiş turizm sərgilərində də nümayiş etdirilir.

 

Yerli turizm şirkətlərinin videoçarxları

 

Ölkəmizin turizm şirkətləri özləri haqqında yalnız Azərbaycan kanallarında material hazırlayırlar. Onların fikrincə, bu reklam çarxları ölkə əhalisini və əcnəbi qonaqları bu və ya digər turizm mərkəzində istirahətə sövq edəcək.

Amma nəzərə almaq lazımdır ki, Azərbaycanda yaşayan xarici vətəndaşların əksəriyyəti daha çox tarixi və etnoqrafik məkanlara üstünlük verirlər. Bu baxımdan turist şirkətlərinin sifariş verdikləri sənədli film və reklam çarxlarında bu məqam diqqətə alınmalıdır.

Sözsüz ki, bizim hansısa turizm şirkətinin özü haqqında hazırladığı reklam çarxı xarici telekanalda nümayiş olunmur. Olunursa da, bu bir kampaniya xarakteri almayıb. Şirkətlər bunun çox baha başa gəldiyini bildirirlər.

Yerli telekanallarda isə yay mövsümünə bir az qalmış qəribə bir xaos başlayır.

Yazının bu yerində maraqlı bir lətifə yada salmaq yerinə düşər:

«Bir turist istirahətə gedir. İstirahət mərkəzinin əməkdaşı keyfiyyətin yüksəkliyini onun nəzərinə çatdırmaq üçün deyir: “Narahat olmayın, özünüzü lap evinizdəki kimi hiss edəcəksiniz”.

Turist təəccüblə cavab verir: “Evimdəki kimi? Daha onda bura niyə gəlirdim...»

Bizim telekanallarda nümayiş olunan reklam çarxlarının əksəriyyətində səslənən mətnlərin böyük hissəsi ancaq telefon nömrələrinin xüsusi səsləndirməsinə həsr olunur. Halbuki əlaqə nömrələrindən daha vacib göstərilən məkanın başqalarından nə ilə seçilməsi, özəlliyi diqqətə çatdırılmalıdır. Qeyd edim ki, hazırlanan reklam çarxlarının əksəriyyəti çox bəsit formada, demək olar ki, orta səviyyədən aşağı hazırlanır. Adicə montaj effektlərindən hiss etmək olar ki, həmin videomateriallar hansısa şadlıq evinin primitiv montaj stolunda yığılıb. Həmin effektləri çoxlarımız müxtəlif toy şənliklərinin videomateriallarında görmüşük.

Bundan başqa, hazırlanan materiallar nümayiş olunarkən ekranın üçdə ikisini böyük hərflərlə həmin istirahət və turizm məkanının adı və orada göstərilən xidmətlər tutur. Maraqlıdır ki, çarxda qeyd olunmuş yazılar həm də səsləndirilir. Əgər səsləndirilirsə, ekranın üçdə ikisini tutmuş həmin yazılara nə ehtiyac var. Nəzərə alaq ki, sürətlə gəlib keçən həmin yazıları tamaşaçı gözünü yoraraq, oxumağa maraq göstərmir. Çünki səs vasitəsi ilə həmin informasiyanı əldə edir. Tamaşaçı və ya turist üçün yalnız bir kənarda səliqəli formada yazılmış əlaqə telefonları maraqlı ola bilər.

Son olaraq onu da əlavə edək ki, Azərbaycanda turizm potensialının artırılması və bu sahədə çəkilən reklam, sənədli film və digər audiovizual məhsulların təbliği üçün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2006 və 2009-cu illlərdə «Milli Turizm Filmləri Festivalı» keçirilib. Festivalın baş mükafatını isə «Xınalıq» və «Küsnət» sənədli filmləri qazanıb.

 

 

Fehruz Şamıyev

 

Mədəniyyət.- 2010.- 28 aprel.- S. 14.