Azərbaycan təbiəti
- bənzərsiz rənglər
aləmi
“Dağ çayı”nın
coşub çağladığı,
“Külək”lərinin tüğyan
etdiyi, “Muğan söyüdləri”nin baş-başa
verdiyi, “Yaz çiçəkləri”nin “Laləli
düzlər”də “Yaşıl
xalı” sərdiyi, “Sərv ağacları”nın
həzin bir sükuta büründüyü
Vətənimiz gözəldir.
“Xəzər üzərində
axşam şəfəqləri”,
“Kür üzərində
qürub” görünəndə,
“Mavi qayalar”, ”Qırmızı dağlar”
könül oxşayanda
bu gözəlliklər
sirli möcüzəyə
dönür. Bu gözəlliyi görmək,
duymaq üçünsə
rəssam gözü ilə baxmaq lazımdır.
Xalq rəssamı Səttar Bəhlulzadənin əsərləri
Azərbaycanın gözəlliklərinin
kətan üzərində
ecazkar əksidir. Dahi
fırça ustası
Azərbaycan təbiətinə,
onun dilbər guşələrinin gözəlliyinə
həsr edilmiş yüzlərlə əsərlər
çəkib. S.Bəhlulzadənin
mənzərələrində Azərbaycan təbiətinin
zəngin məzmunlu, əsl poetik obrazını görmək
mümkündür. Rəssam
yaratdığı tablolarda
təbiətin coşqun
sevincini, güllü baharını və həzin xəzan günlərini dərin bir həssaslıqla əks etdirib. Bu mənzərə motivlərindəki böyük
gözəllik, incə
şeriyyət qəlbləri
ovsunlayır. Rəssam
Azərbaycanı qarış-qarış
gəzərək yurdumuzun
təbiətini, zəhmətkeş
və sadə insanlarını böyük
bir istedadla tablolara köçürüb.
Göygöl mənzərələri
Vətənimizin təkrarsız mənzərələri
Xalq rəssamı Hüseyn Əliyevi də daim düşündürən,
yaradıcılığına ilham verən mövzular olub. Onun əsərlərində
Azərbaycan təbiətinin
gözəlliyi ilə
insanının vüqarı,
mənəviyyatı, ən
müqəddəs hissləri
bir-biri ilə vəhdət təşkil
edərək rəssamın
poetik duyğularının
tərənnümünə çevrilir. Rəssamın
rəngli boya ilə yaratdığı
təbiət təsvirləri
seyrçidə sənət
çiçəklərindən hörülmüş çələng
ovqatı yaradır.
Rəssam 1973-cü ildə Göygöldə
olarkən çəkdiyi
lövhələrdə təbiətin
bu nadir incisinin gözəlliyini rənglərin
dilinə çox ustalıqla çevirib. Rəssamın
“Göygöl mənzərələri”
silsiləsindən olan
tablolarında təbiətin
gözəllikləri ilə
yanaşı, insan əməyi bərəkətli
torpağa, enişli-yoxuşlu
dağ yollarına, yaşıl meşələrə
həkk olunub. Rəssam Göygölün
mavi sularını, Kəpəz dağının
füsunkarlığını ustalıqla kətana naxışlayıb.
Azərbaycan təbiətinin gözəlliklərindən
vəcdə gələn
rəssam "Möcüzə
məndə deyil, təbiətdədir. Kətanlarda
biz onun mində birini ancaq təsvir edə bilirik. Azərbaycan təbiəti
bitməyən, tükənməyən
rənglər aləmidir.
Hər rəngin də öz hüsnü var. Əgər biz rəssamlar bu gözəlliyi yetərincə
duyaraq fırçamız
vasitəsilə ünsiyyətini
tapa bilsək, xarüqələr yaradarıq",
- deyə bildirirdi.
Vətəninin hər qarışını böyük
məhəbbətlə öz
duyğularından, təxəyyülündən
yaradıcılıqla keçirən
görkəmli rəssamın
"Zəngəzur dağları",
"Zəngəzur mənzərəsi",
"Şəki şəlaləsi",
"Urud qalası",
"Meşədə qış",
"Payız", "Qürub
çağı", "İlanlı dağ" kimi əsərləri dərin müşahidə
və incə zövqün, fitri istedadın məhsulu idi.
Ölkəmizin füsunkar
gözəlliyi Bəhruz
Kəngərli, Mikayıl
Abdullayev, Tahir Salahov, Toğrul Nərimanbəyov və digər dünya şöhrətli rəssamlarımızın
da yaradıcılığında
geniş əks olunub. Böyük sənətkarlar incə təsvirləri ilə insanlarda yurdumuzun gözəlliklərinə qarşı
böyük məhəbbət
hissi yaratmağa nail olublar.
Bu əsərlərin
hər birini seyr edən tamaşaçı Azərbaycan
torpağının al-əlvan
təbiəti, sadə,
istedadlı və qonaqpərvər insanları
ilə yaxından
Təranə Sərdarqızı
Mədəniyyət.- 2010.- 28 aprel.- S. 13.