Vətənimə bir çələng
hördüm: çiçəyi - musiqi, yarpağı –
şeir
Əgər bir gün Azərbaycana, yaxud ayrı-ayrı
bölgələrimizə həsr olunmuş nəğmələrin
arasında ən yaxşısını seçmək
üçün müsabiqə keçirilərsə, yəqin
ki, həmin yarışın münsifləri böyük
çətinliklə qarşılaşarlar. Çünki
belə mahnıların sayı onlarla yox, yüzlərlədir
və onların içərisindən ən gözəlini, ən
yaxşısını seçmək müşkül
işdir. Mövzu etibarilə bir-birini təkrarlasalar da, bəzilərinin
mətni, bəzilərinin də musiqisi nisbətən bəsit
olsa da, bu nəğmələri bir məqam birləşdirir:
Vətənə məhəbbət, Azərbaycan təbiətinin
zənginliyinə heyranlıq, gözəlliyinə
vurğunluq! İndi gəl, bu mahnıların arasından ən
yaxşısını seç görüm, necə
seçirsən?!
Elə biz də bu yazını yazarkən
təxminən eyni çətinliklə
qarşılaşdıq.
Azərbaycanım, şəhərlər gözəli
Bakı...
O qədər də
düşünmədən Azərbaycan haqqında təxminən
20, Bakıya həsr olunmuş 10-dan çox mahnını
xatırladım. Əksər bəstəkarlarımızın
yaradıcılığında ölkəmiz və vətənimizin
ayrı-ayrı bölgələri barədə mahnılara
rast gəlmək mümkündür.
Ələkbər
Tağıyevin Səməd Vurğunun «Azərbaycan» şeirinə
bəstələdiyi eyniadlı mahnı ilə böyük
müğənni Zeynəb Xanlarova təxminən 40 il dünyanın ən böyük səhnələrinə
qədəm basıb.
Dünyanın 56 ölkəsində
solo-konsert vermiş görkəmli müğənnimiz Rəşid
Behbudov Rauf Hacıyevin bir zaman «Əhməd haradadır?» filmi
üçün yazdığı «Azərbaycan» nəğməsi
ilə alqışlar qazanıb və həmin mahnını
artıq bir filmə yazılmış musiqi parçası
çərçivəsindən çıxararaq ona müstəqil
həyat verib.
Yeri gəlmişkən,
həmin filmin finalında Ceyranın oxuduğu «Bakı
haqqında mahnı»ya da eyni taleyi yaşamaq qismət oldu. İllər uzunu ən
müxtəlif ifaçılar - həm qadın, həm də
kişi müğənnilər bu mahnını sevə-sevə
oxuyublar. Təxminən 15 il əvvəl sevimli müğənnimiz
Brilliant Dadaşova bu nəğməni yeni aranjimanda oxudu və
məşhur mahnı bu gün də onun
repertuarındadır.
Dövrün
yazdırdıqları, dövrün dinlətdikləri
«Sevil»
operasının, «Min bir gecə» baletinin, simfonik
muğamların müəllifi kimi şöhrət tapan Fikrət
Əmirovun uzun illər öncə yazdığı
«Göygöl» mahnısı öz ilk
ifaçısının - İlhamə Quliyevanın taleyində
bir növ böyük səhnəyə vizit kartı rolunu
oynayıb.
Belə
nümunələri istənilən qədər sadalamaq olar. Əslində
Azərbaycana, ayrı-ayrı bölgələrə və
şəhərlərə həsr olunmuş mahnıların
yazılmasının pik dövrü ötən əsrin
60-70-ci illərinə düşür. Qarabağ, Şuşa,
Lənkəran, Sumqayıt, Zaqatala, Quba, Şəki,
Naxçıvan, Gəncə barədə məşhur
mahnılar məhz həmin illərdə bəstələnib
və o dövrün ən yaxşı
ifaçılarının repertuarında yer alıb. Təbii
ki, belə mahnıların daha çox həmin illərdə,
sovet dönəmində yazılması həm də ideoloji
sifariş idi. Müxtəlif dövlət konsertlərində
sırf milli musiqiyə, xalq mahnılarına çox az yer
verilirdi. Konserti yalnız Kommunist
Partiyasını və sovet quruluşunu vəsf edən
mahnıların, şeirlərin üzərində də
qurmaq olmazdı. Odur ki, Azərbaycanın gözəlliklərini,
təbiətini, ayrı-ayrı bölgələrimizi vəsf
edən çoxlu mahnılar yazılmağa başlandı.
İllər ötdü, sovet quruluşu tarixə
gömüldü, amma mahnılar qaldı və Azərbaycan
musiqi xəzinəsinin bir-birindən gözəl nümunələrinə
çevrildi. Bir zamanlar dövrün yazdırdığı
şərqilər indi də konkret dövrün çərçivəsinə
sığışmayan mahnılar kimi sevilir, oxunur, dinlənilir.
Qədim yurdun müasir təranələri
Həmin illərdə
Naxçıvana həsr olunmuş, klassik mahnı janrında
bəstələnmiş ən gözəl nəğmələrdən
biri olan «Araz üstü şəhərim»
mahnısının müəllifi, Xalq artisti Ramiz Mirişlidən
bu əsərin yaranma tarixçəsini soruşduq.
- Bu mahnının sözlərini
mərhum şairimiz İslam Səfərli yazıb. O, əsl
nəğməkar-şair idi («Bakı, sabahın xeyir!» və
onlarla belə gözəl mahnının mətn müəllifi
- red.). «Araz üstü şəhərim»ə qədər bir
neçə mahnı üzərində işləmişdik.
Amma ürəyimdən keçirdi ki, doğma
Naxçıvan barədə mənim də bir mahnım olsun.
Fikrimi rəhmətlik İslama dedim. Bir müddət sonra mənə
bu şeiri verdi. Mən də şeiri çox bəyəndim
beləcə, həmin mahnı meydana gəldi. Səhv etmirəmsə,
1974-cü il idi. Ulu öndər Heydər Əliyev
Naxçıvana gəlmişdi. Orada dövlət səviyyəli
tədbir keçirilirdi. Bu mahnı həmin dövlət konsertində
ilk dəfə səsləndi. Mahnının ilk
ifaçısı o vaxt Naxçıvandan Ali Sovetə deputat
seçilmiş SSRİ Xalq artisti Rəşid Behbudov olub. Təəssüf
ki, bu mahnı onun ifasında lentə alınmadı. Sonralar bu
mahnını görkəmli müğənnimiz Şövkət
Ələkbərova, Xalq artisti Yaşar Səfərov da
oxudular. Hətta bir vaxtlar Xalq artisti Natəvan Şeyxova ilə
onun həyat yoldaşı, hərdənbir mahnı da oxuyan
saksafonçu Rafiq Seyidzadə də bu mahnını duet şəklində
oxuyublar. İndi hərdən televiziyalardakı
yarışmalarda bu mahnını gənclər də ifa edirlər.
Ramiz müəllimlə
söhbətimizdə xalq arasında sox məşhur olan
başqa bir - «Naxçıvan» mahnısının tarixi ilə
də maraqlandıq. Ramiz müəllim dedi:
- Bu mahnını əslən
Qarabağdan olan, amma Naxçıvanda yaşayan Məmməd
Cavadov bəstələyib. O, Üzeyir bəyin tələbəsi
olub. 45-46-cı illərdə artıq bu mahnı çox məşhur
idi. O vaxtlar həmin mahnını Məmməd müəllimin
həyat yoldaşı Zərqələm xanım ifa edərdi.
Mahnının sözlərini isə yerli şairlərdən
biri yazmışdı.
Gəncəyə aparan yollar
Son 50 ildə Gəncə
haqqında bir neçə mahnı bəstələnib. Həmin
mahnıların ən önəmli cəhəti budur ki, sovet
dövründə Gəncənin rəsmi adının
Kirovabad olduğu illərdə həmin mahnılar məhz Gəncəyə
həsr edilmişdi. Onlardan birini yaşlı və orta nəsil
Elmira Rəhimovanın səsindən lirik estrada mahnısı
kimi eşidib. O biri, daha çox oynaq xalq mahnısı ritmində
bəstələnmiş mahnının ən yaxşı
ifaçıları Gəncənin məşhur
«Göygöl» ansamblının solisti Rövşən Behcət
və Xalq artisti Zaur Rzayev sayılırdı.
Lakin bu
mahnıların arasında bir mahnı da var ki, Gəncəyə
həsr olunmuş ən gözəl və ən sevimli
mahnı sayılır. Söhbət «Gəncədən gəlirəm»
mahnısından gedir. Mahnının sözləri
böyük istiqlal şairimiz Əhməd Cavada məxsusdur.
Ölkəmiz müstəqillik qazanandan sonra gözəl bəstəkarımız
Emin Sabitoğlu həmin şeirə musiqi bəstələdi.
Mahnının ilk və hələ ki, təkrarsız
ifaçısı, Xalq artisti, Mədəniyyət və
İncəsənət Universitetinin vokal kafedrasının
müdiri Azər Zeynalov:
- Emin müəllim
bu mahnını Türkiyədə yaşadığı illərdə
bəstələmişdi. Bakıya növbəti gəlişlərinin
birində «Gəncədən gəlirəm»
mahnısının notlarını mənə verdi ki, bunu da
səninçün yazmışam. Düzü, mahnı
çox xoşuma gəlsə də o biri mahnılar kimi onu da
oxumağa tələsmədim. Təxminən 3-4 il keçəndən
sonra rəhmətlik Emin müəllimin hövsələsi
tükəndi, Bakıda olarkən məni
çağırdı ki, mahnının aranjimanı da
hazırdır, gəl, studiyada yazaq. Aranjimanını da bəstəkar
Cavanşir Quliyev etmişdi. Mahnını lentə aldıq,
yayıldı, sevildi.
Həqiqətən
də «Gəncədən gəlirəm» dövlət səviyyəli
tədbirlərdən tutmuş el şənliklərində də,
toylarda da oxunulur. Bu mahnıya çəkilən klip də
bizim teleməkanda ilk və ən uğurlu kliplərdən
biri sayılır.
Klipin rejissoru mərhum
televiziya rejissoru, o zaman «Azərbaycantelefilm» birliyinə rəhbərlik
edən Nazim Abbas idi. Ssenarinin də, mənim aktyor kimi çəkilməyimin
ideyasının da müəllifi Nazim müəllimdir. Nazim
müəllim «Gəncədən gəlirəm» klipini qədim
Gəncənin adına, tarixinə, insanlarına
yaraşdırmışdı.
Vətənin musiqili xəritəsi
Bir neçə il əvvəl Azərbaycanın musiqili xəritəsini
xatırladan bir kompozisiya efirlərdə tez-tez səslənməyə
başladı. Meyxanaçı Vüqar Azərbaycanın
ayrı-ayrı bölgələrini vəsf edən məşhur
mahnıları əsasən həmin bölgələrdən
olan müğənnilərin ifasında «Azərbaycan
diyarı» adlı kompozisiyaya əlavə etmişdi. «Azərbaycan diyarı» bəyənildi, çox
keçmədi ki, ona çəkilən klip telekanallarda
nümayiş etdirilməyə başladı. Əsas qəhrəman
- meyxanaçı Vüqar səyyah olub bütün ölkəni
gəzir, məşhur mahnıların nəqaratını ifa
edən milli geyimli müğənnilər də el adəti ilə
onun pişvazına çıxır, əsl qonaqpərvərliyimizi
göstərirdilər.
Həmin
klipdə çox dərin sətiraltı məna var idi. Bəlkə
də həmin müğənniləri eyni konsertdə
oxumağa, eyni verilişə qonaq olmağa razı salmaq
çətin olardı. Amma onlar «Azərbaycan diyarı»
adına birləşmişdilər. Deməli, bizi birləşdirən
ən böyük amal elə Azərbaycanımızdır. Əgər
Vətən adına birləşə biliriksə,
sabahımız işıqlıdır.
Gülcahan Mirməmməd
Mədəniyyət.- 2010.- 28 aprel.- S. 12.