Mədəni irsimizi turizm vasitəsilə dünyaya tanıda bilirikmi?
Dünya təcrübəsində abidələr həm də turizmin inkişafına təsir göstərən, ölkənin
turistlər üçün
cəlbedici olmasını
şərtləndirən mühüm
faktorlardan biri hesab olunur. Çünki istənilən ölkəyə
səyahət edən
turist ilk növbədə həmin
ölkənin tarixini,
yaşayış tərzini
əks etdirən maddi-mədəniyyət nümunələrinə
maraq göstərir. Öz növbəsində
hər bir ölkə də qədimliliyini, bəşər
sivilizasiyasının formalaşmasındakı
rolunu sübuta yetirmək, onu dünyaya təqdim etmək üçün mədəni irs nümunələrindən faydalanmış
olur. Deməli, turizm həm də hər hansı ölkənin mədəni irsinin dünyaya tanıdılmasında
vasitə rolu oynayır.
Maraqlıdır, ərazisində ən qədim dövrlərə
təsadüf edən
yaşayış məskənlərinın,
abidələrin olduğu
Azərbaycan necə, öz imkanlarından turizmin inkişafında kifayət qədər yararlana bilirmi?
Mədəniyyət və Turizm Nazirliyinin Mədəni irs
şöbəsinin əməkdaşı,
sənətşünaslıq namizədi Fazil Məmmədov məsələyə
daha geniş aspektdən yanaşır:
«Son zamanlar dünyada bir sıra vacib
məsələlərin həllində
tarixi abidələrin
rolu olduqca böyükdür. Məsələn,
Yaxın Şərqdə
Fələstin-İsrail münaqişəsində
tarixi ərazilərin
hansı xalqa məxsus olduğu ciddi problem kimi
qalmaqdadır. Azərbaycana
gəlincə, məlumdur
ki, bədnam qonşularımız nəinki
bizim mahnıları, musiqimizi, hətta çoxsaylı abidələrimizi
ya dağıdıb, ya da özününküləşdiriblər.
Onlar İslam dövrünə məxsus
abidələri özününküləşdirə
bilmədiyindən onları
dağıdıblar. Amma
Qafqaz Albaniyası dövrünə aid çoxsaylı abidələri
ötən əsrin əvvəllərindən başlayaraq
özəlləşdirməyə başlayıblar».
F.Məmmədov qeyd olunanları biganəliyin nəticəsi kimi izah edir: «Bu məsələdə biz nə
qədər biganə
olmuşuqsa, düşmənlərimiz
bir o qədər ayıq olublar. Göstərdiyimiz biganəliyin
nəticəsidir ki, abidələrdə olan kitabə və daş yazıları dəyişdirilərək, erməni
dilində yazılarla
əvəz edilib. Eyni zamanda, bir
sıra abidələrin
üzərindəki naxışlar
da dəyişdirilib. Hətta sovet vaxtında Ermənistan memarlığına aid olan kitablarda Qarabağ, Naxçıvan
ərazisindəki qeyri-maddi
mədəniyyət nümunələri
xristian abidələri
kimi təqdim olunub».
Müstəqillik əldə
edildikdən sonra ölkədə maddi-mədəni
irsin qorunmasına xüsusi önəm verildiyini qeyd edən F.Məmmədov bu sahədə irəliləyiş olduğuna
diqqət çəkdi:
«Sovet dövründə
Azərbaycana ən çox turist Rusiyadan gəlirdi. Düzdür, SSRİ-də
turizm xidməti o qədər də yüksək səviyyədə deyildi.
Bu səbəbdən turist marşrutları da zəif idi.
Sevindirici haldır ki, son vaxtlar
abidələrimizin təbliğatı
ilə bağlı çoxlu iş aparılır: bukletlər
hazırlanır, filmlər
çəkilir. Bundan
əlavə, 10 il ərzində turizm marşrutlarına daxil olan abidələri müəyyənləşdirdik. Dövlət tərəfindən
onların bərpasına
böyük maliyyə
vəsaiti ayrılır».
Qeyd edək ki, hazırda
ölkəmizə gələn
əcnəbiləri bir
çox bölgələrin
təbii gözəlliyi
özünə daha çox cəlb edir. Nə etmək
lazımdır ki, onlar həm də abidələrimizlə
maraqlansın, hər hansı bölgəmizi abidələrinə görə
tanısın? Mütəxəssis
bu sualı belə cavablandırır:
«İlk növbədə,
abidələr ətrafında
nəqliyyat infrastrukturu
yaradılmalı, yollar
bərpa olunmalıdır.
Məsələn, Şəmkirdə
aparılan arxeoloji qazıntılar nəticəsində
aşkar olunmuş böyük qala konservasiya ediləcək. Turistləri bura cəlb etmək üçün buraya yol çəkilməli, mehmanxana tikilməlidir».
Nazirlik rəsmisi
bu gün Azərbaycanda UNESCO-nun Maddi-Mədəni
İrs siyahısına
düşən İçərişəhər,
Qız qalası, Şirvanşahlar sarayı,
Qobustan qoruğu kimi abidələrin dünyaya daha yüksək səviyyədə
tanıdılmasının zəruriliyini vurğulayır:
«Bununla yanaşı, respublikamızın bölgələrində
turizm nümunəsi kimi təqdim edilə bilən gözəl abidələrimiz
var. Məsələn, Qaxda
Samuxqala qalası, Naxçıvanda Möminəxatun
türbəsi, Qarabağlar
türbəsi, Salyanda
Cümə məscidi,
Ordubad bir qoruq şəhəri kimi, Basqal və
digərləri dünya
turistlərinin diqqətini
cəlb edən abidələrdir.
Bundan başqa, iştirak etdiyimiz beynəlxalq sərgilərdə tarixi abidələrimizi təbliğ
edən filmlər, kliplər nümayiş etdirilməlidir. Hazırda bu sahədə ilk mərhələdəyik».
Turizm marşrutlarına
daxil olan abidələrin turistlərə
ətraflı təqdimatı
üçün bələdçilərin
hazırlanmasının vacibliyini
də önə çəkən mütəxəssis
bu sahədə boşluğun olduğunu istisna etmədi: «Demək olar ki, Azərbaycana bütün ölkələrdən
turist gəlir. Həm respublikaya gələn çoxsaylı turistlərə
zəngin və qədim tariximizi nümayiş etdirmək, həm də gənc nəsli bizim tarixlə tanış etmək və onlarda vətənpərvərlik ruhunu
aşılamaq üçün
bələdçilər öz
xalqını sevən,
onun mədəniyyətini,
tarixini bilən şəxslər olmalıdır.
Ümid edirik ki, yaxın gələcəkdə bu sahədə mövcud boşluq da aradan qaldırılacaq».
Mehparə
Mədəniyyət.- 2010.- 28 aprel.- S. 11.