“AİTF-2010” sərgisinin
iştirakçılarının sayı artıb
Aprelin 27-də Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər, 4-cü Qafqaz
Beynəlxalq Mehmanxana,
Restoran və Supermarketlər üçün
Avadanlıq və Ləvazimatlar və 1-ci Ümumrespublika Daxili Turizm sərgilərinin açılışına həsr
edilmiş mətbuat konfransı keçirildi.
«İteca Caspian» şirkətinin
direktoru Fərid Məmmədov bildirdi ki, ötən sərgilərdən fərqli
olaraq builki sərgidə iştirakçıların
sayı artıb. Bu
sərgidə 24 ölkədən
120-dən çox şirkət
33 istiqamət üzrə
öz məhsullarını
təqdim edəcək:
«Azərbaycanda turizm sektoru inkişaf edir, əlaqələr getdikcə genişlənir.
Xarici turoperatorların
da ölkəmizə marağı ildən-ilə
artır».
F.Məmmədov sərginin keçirilməsində
göstərdiyi dəstəyə
görə Azərbaycan
Respublikası Mədəniyyət
və Turizm Nazirliyinə və ilk vaxtlardan sərginin daimi iştirakçısı
olduğuna görə
Türkiyə Respublikasına
təşəkkür etdi.
Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdiri Aydın İsmiyev dedi ki, bu il AİTF Azərbaycan
Beynəlxalq Turizm və Səyahətlər
Sərgisi ilə eyni zamanda ilk dəfə olaraq 1-ci Azərbaycan Daxili Turizm Sərgisi də keçiriləcək.
Bu sərginin Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən
təşkil edildiyini
deyən A.İsmiyevin
sözlərinə görə,
sərgini keçirməkdə
əsas məqsəd yerli əhalini və xarici qonaqları Azərbaycanın
daxili turizm potensialı ilə yaxından tanış etməkdir: «Hər iki sərgi respublikamız üçün
əhəmiyyətlidir. Bu
sərgilərdə dünyanın
turizm üzrə mütəxəssisləri Bakıya
toplaşır, onlar ölkəmizin turizm imkanları ilə tanış olurlar».
A.İsmiyev onu da bildirdi ki, adıçəkilən sərgilər Dünya Turizm Təşkilatı
tərəfindən də
dəstəklənir.
Builki sərgidə Türkiyə
Respublikası ilk dəfə
olaraq AİTF-nin tərəfdaşı kimi
çıxış edir. Türkiyənin
Azərbaycandakı səfirliyinin
mədəniyyət və
tanıtma müşaviri
Aytəkin Yılmaz bildirdi ki, daxili
turizm sərgisinin keçirilməsi Azərbaycan
dövləti tərəfindən
turizmin inkişafına
verilən önəmin
göstəricisidir. A.Yılmaz
turizm sahəsində yüksək nailiyyətlər
əldə edən Türkiyənin öz təcrübəsini Azərbaycanın
turizm sənayesində
çalışan insanlarla
bölüşməyə hazır olduğunu da qeyd etdi.
Fəxriyyə
Mədəniyyət.- 2010.- 28 aprel.- S. 7.