«AİTF-2010» sərgisindən
gözləntilər çoxdur
Aprelin 28-də Bakıda Heydər Əliyev adına İdman-Konsert Kompleksində
AİTF - Azərbaycan Beynəlxalq
Turizm və Səyahətlər Sərgisinin
açılışı olacaq.
Bu il sayca 9-cusu keçirilən beynəlxalq
sərgi turizmlə bağlı regionda yeganə ixtisaslaşdırılmış
sərgidir. İlbəil
əhatə dairəsini
genişləndirən sərgidə
hansı ölkələr
və turizm şirkətləri təmsil
olunacaq? “AİTF-2010” hansı
yeniliklərlə yadda
qalacaq? Bu və digər suallarla sərginin təşkilatçısı
olan «İteca Caspian» şirkətinin direktoru Fərid Məmmədova müraciət etdik. F.Məmmədov əvvəlcə
“İteca Caspian”ın
fəaliyyəti barədə
qısa arayış verdi:
- Xəzər
regionunda mühüm sərgi və konfransların təşkilatçısı
olan “İteca Caspian” şirkəti 2000-ci ildə
yaradılıb. “İteca
Caspian” bu sahədə
dünya üzrə qabaqcıl şirkət olan “İTE Group PLC” şirkətinin
Cənubi Qafqaz regionunda yeganə tərəfdaşıdır. «İTE Group» şirkəti Azərbaycanda
1995-ci ildən sərgilər
keçirir. 2000-ci ildən
isə «İteca
Caspian» bu istiqamətdə
«İTE Group»la fəaliyyətini birləşdirib. Bu yöndə
ilk addımlarımız Azərbaycanın
qeyri-neft sektorunda birgə tədbirlərin keçirilməsi ilə bağlıdır. Artıq
5 ildir ki, neft sərgisini də bizim şirkət
həyata keçirir.
İl ərzində şirkətimiz tərəfindən
müxtəlif sahələr
üzrə 15-dən çox
sərgi təşkil
edilir. Təşkil etdiyimiz bütün sərgilər rəsmi şəkildə Azərbaycanın
müvafiq dövlət
orqanları tərəfindən
dəstəklənir. Bu tədbirlərin
bir qismində Azərbaycan Respublikası
Prezidenti şəxsən
iştirak edib.
Təşkil etdiyimiz
sərgilər neft və qaz, tikinti,
telekommunikasiya və informasiya texnologiyaları,
mühafizə və təhlükəsizlik, qida
sənayesi, dəniz məhsulları və balıqçılıq, nəqliyyat,
avtomobillər, səhiyyə,
gözəllik və sağlamlıq, səyahət
və turizm, hotel sənayesi, təhsil və karyera, mebel və interyer,
daşınmaz əmlak
sahələrini əhatə
edir. “İteca Caspian” şirkəti Dünya Sərgi Sənayesi Assosiasiyasının üzvüdür.
Bu qurum hər il sərgilərin təşkil olunma səviyyəsinə nəzarət
edərək, onlara keyfiyyət nişanları
təqdim edir. Bir sıra sərgilər
isə Dünya Turizm Təşkilatı, Beynəlxalq Elektrorabitə
İttifaqı kimi beynəlxalq təşkilatlar
tərəfindən dəstəklənir.
- Beynəlxalq
turizm və səyahətlər sərgisini
2002-ci ildən keçirirsiniz.
9 il ərzində sərginin əhatə dairəsinin genişlənməsi,
iştirakçı ölkələrin
sayının artması
baxımından hansı
nəticələri əldə
etmisiniz?
- 2002-ci ildə
1-ci Səyahətlər və
Turizm Sərgisini «Avropa» mehmanxanasının
kiçik zalında keçirmişdik. Həmin
sərginin sahəsi builki sərgi ilə müqayisədə
də 7-8 dəfə kiçik idi. İlk sərgidə 8 ölkədən 30-a yaxın
şirkət öz xidmət və məhsulunu nümayiş etdirirdi. Budəfəki
“AİTF-2010” sərgisində isə 24 ölkədən
120-dən artıq şirkət
33 istiqaməti təqdim
edəcək. Əlbəttə,
buna nail olmaq bizə asan olmadı. Əldə etdiyimiz bu nailiyyətin
əsas səbəbi odur ki, Azərbaycanda
sosial-iqtisadi və mədəni həyatın
bütün sahələri
kimi, turizm də inkişaf edir. Xarici turoperatorların
Azərbaycan bazarına
böyük marağı
var. Onlar bilir ki, bizim insanlarımızın
xarici ölkələrə
turist səfərləri
etməyə, xaricdə
istirahət etməyə
maddi imkanları var.
Azərbaycan Beynəlxalq
Turizm və Səyahətlər Sərgisinin
təşkil olunmasında
Mədəniyyət və
Turizm Nazirliyinin bizə göstərdiyi köməyi xüsusi qeyd etmək istəyirəm. Hələ
2002-ci ildə ilk sərgini
təşkil edərkən
o vaxt gənclər və idman naziri
olan Əbülfəs
Qarayev bizə yaxından dəstək vermişdi. Budəfəki
sərginin təşkil
olunmasında da mədəniyyət və
turizm nazirinin böyük dəstəyi
olub. Gələn il Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər
Sərgisinin yubileyini Mədəniyyət və
Turizm Nazirliyi ilə birgə qeyd edəcəyik.
- Sərgini
təşkil etməkdə
şirkət olaraq hansı maraqları daha üstün tutursunuz?
- «İteca
Caspian» şirkəti bizneslə
məşğuldur. Dünyanın
bir neçə tanınmış turizm sərgisini də biz təşkil edirik. Moskvada keçirilən
MİTT turizm sərgisi
əhatə dairəsinə
görə dünyada
4-cü sərgidir. Bu sərgini
də bizim şirkət təşkil
edir. Əlbəttə
ki, burada ikitərəfli maraqlar
var. Sərgidə iştirak
edən şirkətlər
bizə müəyyən
qədər vəsait
ödəyir. Turizm sərgiləri ölkələrin
turizm potensialını
tanıtdıra bilməsi,
bu sahə üzrə mütəxəssislərin
bir yerə toplaşıb fikir mübadiləsi apara bilməsi üçün
bir növ məkan rolunu oynayır.
- Builki sərgidə ilk dəfə
olaraq Azərbaycanın
daxili turizm potensialı da nümayiş etdiriləcək.
Bu barədə nə
deyə bilərsiniz?
- Mədəniyyət
və Turizm Nazirliyinin təşəbbüsü
ilə beynəlxalq turizm sərgisi ilə bərabər, 1-ci
Regional Turizm Sərgisi
də keçiriləcək.
Bu sərgiyə də
maraq çox böyükdür. Azərbaycanda
turizm sektorunun inkişaf perspektivləri bu sərginin keçirilməsinin aktuallığını
xüsusilə artırır.
Sərgidə ayrıca
pavilyon Azərbaycanın
istirahət zonaları,
sanatoriyaları və
mehmanxanalarının ekspozisiyasına
həsr ediləcək.
Ziyarətçilər hər
bir regionun turizm potensialı, Azərbaycanın müxtəlif
və zəngin folkloru, mətbəxi və ənənələri
ilə yaxından tanış ola biləcəklər. Eyni zamanda, yerli turoperatorlar öz xidmətlərini ziyarətçilərə
təqdim edəcəklər.
- Yerli turizm şirkətlərindən
və Azərbaycanda fəaliyyət göstərən
istirahət mərkəzlərindən
sərgidə iştirak
etməklə bağlı
müraciətlər çoxdurmu?
- Bizim artıq daimi iştirakçılarımız var. Elə şirkətlər
də var ki, əvvəllər bir neçə dəfə iştirak edib, sonra müəyyən
fasilədən sonra yenidən sərgiyə qatılıblar. Bizim əsas məqsədimiz xarici şirkətləri Azərbaycana gətirmək
və ölkənin daxili turizm potensialını
onlara təqdim etmək, eyni zamanda, ölkə vətəndaşlarının xaricdəki turizm istiqamətləri ilə tanışlığına nail olmaqdır. Sözügedən
sərgi turizm operatorlarına öz işgüzar potensiallarını
ortaya qoymaq və çeviklik nümayiş etdirmək, yerli və beynəlxalq
bazarlarda faydalı əlaqələr qurmaq, öz şirkətlərinin
imicini yüksəltmək
üçün əla
fürsət verir.
- Azərbaycan
Beynəlxalq Turizm və Səyahətlər
Sərgisində daha çox hansı xarici ölkələr mütəmadi olaraq iştirak edir?
- Bu sırada
ilk növbədə Türkiyənin
adını çəkmək
istərdim. İlk vaxtdan bu ölkə
daimi olaraq sərgiyə qatılıb.
Bu il isə Türkiyə sərginin tərəfdaşı kimi
çıxış edir.
Sərgidə ən böyük stendlə də onlar çıxış
edəcəklər. Avstriya,
Belarus, Vyetnam, Almaniya,
İtaliya, Kamboca, Kipr, Çin, Latviya, Litva, Rusiya, Sinqapur, Sloveniya, Ukrayna, Fransa, İsveçrə,
Estoniya və digər ölkələr
də sərginin iştirakçıları sırasındadır.
Eyni zamanda, budəfəki sərgidə
14 ölkə öz milli stendləri ilə çıxış
edəcək. Bu ölkələr
arasında AİTF sərgisinin
Azərbaycan, Yunanıstan,
Gürcüstan, Malayziya,
Türkiyə, Özbəkistan
və Çexiya kimi daimi iştirakçıları
ilə yanaşı, bu ilin debütantları
olan Misir, Hindistan, İtaliya (Latsio, Roma regionları), Mavriki adaları, Birləşmiş Ərəb
Əmirlikləri və
Rusiya kimi ölkələr də
var. Malayziya, Maldiv, Mavriki, Seyşel adaları və Tailanddan olan şirkətlər “Adalarda
cənnət” adlı
ekzotik turizm marşrutunu təqdim edəcəklər. Stavropol
diyarının stendi öz unikal sanatoriya müalicəsi metodikaları ilə məşhur olan Yessentuki, Jeleznovodsk, Kislovodsk, Mineralnıye Vodı, Pyatiqorsk kimi kurort şəhərlərinin
ekspozisiyalarını təqdim
edəcək. AİTF sərgisində
ilk dəfə olaraq Rusiyanın turoperatorları
Sankt-Peterburq şəhəri
üzrə ekskursiya turlarını təklif edəcəklər.
- Xarici şirkətlərlə müqayisədə
yerli turizm şirkətlərinə qiymətlərdə
güzəşt edirsinizmi?
- Əlbəttə.
Xarici şirkətlərdən
fərqli olaraq, yerli turizm şirkətlərinə
təklif etdiyimiz qiymətlərdə 30 faizədək
güzəşt nəzərdə
tutulur. Ümumiyyətlə,
bizdə qiymətlər
digər ölkələrdə
keçirilən beynəlxalq
turizm sərgilərində
təklif edilən qiymətlərdən fərqlənmir.
Hətta daha aşağıdır.
F.Sakitqızı
Mədəniyyət.- 2010.- 28 aprel.- S. 7.