Turistlər teatrlarımıza
maraq göstərirlərmi?
Əcnəbi qonaqların teatr
tamaşalarından aldığı
təəssürat nəticə
etibarilə ölkəmizin
tanıtımına xidmət
edir
Hər bir
ölkənin ictimai həyatının, mədəni
inkişaf səviyyəsinin
mövcud mənzərəsini
təsvir edən incəsənət sahələrindən
biri teatrdır. Təsadüfi deyil ki, bu və ya
digər ölkəyə
səfər edən əcnəbi qonaqlara təqdim edilən turist proqramlarında teatrların ziyarət olunması da yer alır.
Əgər turist teatrlara da baş çəkməyi
unutmursa, deməli o, həm də düşünməyi bacaran
şəxsdir.
Bəs görəsən, Azərbaycanın
paytaxtına turist səfərinə gələn
əcnəbilər teatrlarımıza
baş çəkirlərmi? Teatrların
rəhbərləri bu
işi necə təşkil edirlər? Ayrı-ayrı teatrların
tamaşaçıları arasında turistlərin say göstəricisi necədir? Teatr müəssisələrimizin təmsilçiləri və
rəhbərlərinin bu
suallarımıza cavabları
müşahidələrimizlə üst-üstə düşdü.
Teatrlara vaxtaşırı
baş çəkənlər
bilirlər ki, əcnəbi vətəndaşların
ən çox maraq göstərdikləri
teatrlar arasında Opera və Balet,
«Yuğ» və Pantomima teatrları üstünlük təşkil
edir.
Opera və
Balet Teatrının mətbuat katibi Şükufə Ağamirzəyeva
bildirdi ki, teatrın repertuarının
zəngin, rəngarəng
olması tamaşaçı
kontingentinə təsir
edir: «Nəzərə
alsaq ki, son vaxtlar paytaxtımıza turist səfərinə gələnlərin sayı
artıb, biz də əcnəbi qonaqların teatrımıza gəlməsində
maraqlıyıq. Buna
görə də turistlərin yerləşdikləri
mehmanxanalarla əlaqələr
qurmuşuq. Aylıq repertuarı onlara göndəririk. Bu repertuar turistlərin diqqətinə çatdırılır
və bilet sifariş olunaraq onların qrup şəklində teatrımızın
tamaşalarında iştirakı
təşkil edilir. Qastrol tamaşalarının
afişalarını ayrıca
göndəririk».
Mətbuat katibinin sözlərinə
görə, turistlər
həm xarici bəstəkarların, həm
də Azərbaycan müəlliflərinin balet
və operalarına maraq göstərirlər. Üzeyir Hacıbəylinin
«Leyli və Məcnun» operasının,
Fikrət Əmirovun «Min bir gecə»,
Qara Qarayevin «Yeddi gözəl» baletlərinin tamaşalarına
böyük həvəslə
gəlirlər. Ümumiyyətlə,
şəhərimizin qonaqlarının
Opera və Balet Teatrının tamaşalarına marağı
ildən-ilə artır.
Bu da təbiidir.
Opera, balet tərcüməyə o qədər də ehtiyacı olmayan incəsənət növüdür.
Bu sənət əsərlərini hər
kəs anlaya bilir».
Ş.Qurbanov adına Musiqili Komediya Teatrının direktoru Əliqismət Lalayev Azərbaycan və əcnəbi bəstəkarların operettalarına
əcnəbi tamaşaçıların
da maraq göstərdiyini bildirdi:
«Ölkəmizdə turizm
sektorunun genişlənməsi,
turist səfərinə
çıxan insanların
məhz Azərbaycanı
seçməsi çox
sevindiricidir. Onların
turist marşrutlarının
tərkib hissəsi olan teatrlara gedərkən Azərbaycan
əsərlərinə üstünlük
vermələri anlaşılandı
- gəzməyə gəldikləri
ölkənin mədəniyyətini
də tanımaq istəyirlər. Bizim repertuarda isə bildiyiniz kimi, azərbaycanlı müəlliflərin
əsərləri ilə
yanaşı, xarici əsərlərə də
yer ayrılıb. Bu isə Azərbaycan
teatr mədəniyyətinin
simasını əks
etdirməyə imkan verir».
Ə.Lalayev qeyd etdi ki, Mədəniyyət
və Turizm Nazirliyinin xüsusi əmrinə əsasən,
teatrların üçaylıq
repertuar planı tərtib edilir: « Bu qərar teatrların təbliği üçün
çox yaxşı imkanlar yaradır - üç ay əvvəldən
istər yerli tamaşaçılar, istərsə
də əcnəbi qonaqlarımız bu və ya digər
teatrda hansı tamaşaların oynanıldığından
xəbər tuta bilirlər».
Ə.Lalayev rəhbərlik
etdiyi teatrın repertuarının turistlərin
yerləşdikləri mehmanxanalara
göndərilmədiyini dedi:
«Əlbəttə, mehmanxanalara
repertuarı təqdim
etmək, turizm şirkətləri ilə
əlaqə qurmaq olar. Amma məncə, üçaylıq
repertuar planı tərtib edilirsə, tamaşalarımızın afişaları
müvafiq yerlərə
vurulursa, buna kəskin ehtiyac yoxdur. Turistlərin ölkəmizə marağı
artırsa, turizm şirkətləri onların
marşrutlarını tərtib
edərkən teatrları
da nəzərə almalı, onlar da öz növbələrində
teatr sənətimizin
təbliğinin qayğısına
qalmalıdırlar».
Direktorun sözlərinə görə,
tamaşalara
baxmağa gələn əcnəbilər arasında əsasən ölkəmizdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin, xarici şirkətlərin təmsilçiləri üstünlük təşkil edir:
«Azərbaycanlı ailələrin qonağı
olan əcnəbilər də
tamaşalarımıza baxmağa gəlirlər».
Dövlət Pantomima
Teatrının aktyoru
və direktoru Elman Rəfiyev sorğumuzu cavablandırarkən
qeyd etdi ki, tamaşaçılar arasında turistlərə
tez-tez rast gəlinir: «Britaniya, Almaniya, İtaliya, Fransa, Yaponiya və Amerikadan olan turistlər yollarını tez-tez Pantomima Teatrından salırlar. Sözlü
tamaşalarımıza tərcüməçi
ilə gəlirlər.
Hətta teatrımızda
artıq ənənəyə
çevrilmiş tamaşadan
sonrakı müzakirəyə
də qalırlar. Mədəniyyət və
Turizm Nazirliyinin tərtib etdiyi broşürlərdə Pantomima
Teatrı haqqında da məlumat verilib. Məhz o broşürlərin sayəsində paytaxtın
əcnəbi qonaqları
tez-tez bizim tamaşalara gəlirlər».
Gənc Tamaşaçılar
Teatrının direktoru
Mübariz Həmidov bu mədəniyyət ocağının, ümumiyyətlə,
yeni inkişaf mərhələsinə qədəm
qoyduğunu, tamaşaçı
auditoriyasını genişləndirmək
işinin də yeni keyfiyyət müstəvisinə keçdiyini
vurğuladı: «Bildiyiniz
kimi, hər həftənin şənbə-bazar
günləri «Lider» televiziyası ilə bizim tamaşaların anonsları verilir. Tamaşaçı sarıdan
seyrəklik müşahidə
etmirik. Onların arasında turistlər də olur. Məsələn,
Novruz bayramı günlərində İrandan
bir neçə teatrsevər tamaşalarımıza
gəlmişdi. Biz repertuar planımızı
vaxtaşırı Mədəniyyət
və Turizm Nazirliyinin Turizm şöbəsinə göndəririk.
Repertuar planımızı
mehmanxanalara da göndərmək niyyətindəyik.
Nazirliyin
nəşr etdirdiyi turizmlə bağlı kitabçada bizim teatr haqqında da Azərbaycan, rus və ingilis
dillərində məlumat
dərc edilib. Şəhərimizin əcnəbi
qonaqları həmin kitabça vasitəsilə
Gənc Tamaşaçılar
Teatrı barədə
məlumat alır və tamaşalarımıza
gəlirlər. Əlbəttə,
tamaşaçılarımız
arasında xarici turistlərin sayı o qədər də çox deyil. Amma söylədiyim
kimi, bu teatrda bir çox
dəyişikliklər baş
verib. Çalışırıq
ki, bu, tamaşaçı
auditoriyamızın sayında
və tərkibində
də ən yaxşı cəhətdən
öz əksini tapsın».
«Yuğ»
Dövlət Teatrının
direktoru Tərlan Rəsulzadə bizimlə söhbətində turizm şirkətlərinin özlərinin
bu teatra müraciət etdiklərini
dedi. Teatrların,
konkret olaraq «Yuğ» teatrının tamaşaçı dairəsini
genişləndirmək məsələsinə
onun münasibəti fərqliliyi ilə seçildi: «Avropanın bütün aeroportlarında
ölkəyə gələnlərə
mədəniyyət obyektləri
haqqında broşürlər
paylanır. Düşünürəm
ki, teatrlarımızın,
xüsusən də «Yuğ» kimi Cənubi Qafqaz regionunun ən mütərəqqi teatrlarından
birinin təbliği üçün bütün
mümkün vasitələrdən
istifadə edilməlidir.
Mən bir neçə dəfə hava limanının, mehmanxanaların müdiriyyətinə
təklif etmişəm
ki, «Yuğ» teatrının loqotipinə
qeydiyyat şöbələrində
yer ayrılsın. Lakin təəssüf ki, onlar bununla
razılaşmırlar. Yaxşı
ki, Mədəniyyət
və Turizm Nazirliyinin nəşr etdirdiyi kitabçalar mehmanxanalarda yayılır.
O kitabçaların turistlərin
üz tutduqları əyləncə mərkəzlərinə
paylanması da yaxşı olardı. Çalışmaq lazımdır
ki, Azərbaycandan gedən əcnəbilərin
təəssüratında mədəniyyətimizin
inkişafı əsas
yeri tutsun».
Turistlərin gəzib-gəldikləri məmləkətin
təbiəti, hava şəraiti, adamları,
mətbəxi, görməli
yerləri, mədəniyyəti
haqqında qazandığı
təəssürat, sonra
bunu həmvətənləri
ilə bölüşməsi
nəticə etibarilə
ölkəmizin tanıtımına
xidmət edir. Bu
baxımdan əcnəbi
qonaqların bizim teatr tamaşalarından aldığı təəssürat
da önəmli rol oynayır. Odur ki, teatrlarımız
bu məqama xüsusi diqqət verməli, öz tamaşalarına daha çox turist cəlbinə çalışmalıdır.
Samirə Behbudqızı
Mədəniyyət.- 2010.- 28 aprel.- S. 5.