Azərbaycanda turizmin inkişafı yeni mərhələyə qədəm
qoyur
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev: «Məqsədimiz
turizm sektorunu iqtisadiyyatın ən dayanıqlı, effektiv və rəqabətə davamlı sahəsinə çevirməkdir»
Azərbaycanın turizm sahəsi böyük perspektivlərə
malikdir. Ölkəmizdə
turizmin əksər növlərinin (kənd, müalicə-sağlamlıq, ekoloji,
mədəni, sosial, kommersiya, idman, dini və s.)
inkişafı üçün
geniş imkanlar mövcuddur. «Azərbaycan Respublikasında 2002-2005-ci illərdə
turizmin inkişafına
dair Dövlət Proqramı»nın həyata keçirilməsi
nəticəsində turizmin
inkişafı üçün
münbit şərait
yaradılıb, ölkəmizin
beynəlxalq turizm bazarına inteqrasiyasının
əsası qoyulub. Son illər əldə olunmuş sürətli sosial-iqtisadi
tərəqqi bu sahənin hərtərəfli
inkişafına yeni imkanlar açıb.
Prezident İlham
Əliyevin 6 aprel
2010-cu il tarixli sərəncamı ilə
təsdiq edilmiş “Azərbaycan Respublikasında
2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nda bu imkanların realizə edilməsi, qarşıdakı
illərdə turizm sektorunun ölkə iqtisadiyyatının aparıcı
sahələrindən birinə
çevrilməsi üçün
əhatəli tədbirlər
planı əks olunub. Bu baxımdan aprelin 28-30-da Bakıda keçiriləcək
ənənəvi Beynəlxalq
Turizm və Səyahətlər Sərgisi
(AİTF) çərçivəsində
ilk dəfə olaraq Azərbaycanın daxili turizm potensialına
həsr olunmuş ayrıca pavilyonun təşkil olunması əlamətdar hadisədir.
Mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev jurnalistlərə
açıqlamasında Azərbaycanın
daxili turizm imkanları, Dövlət Proqramının başlıca
müddəaları, ölkəmizdə
turizmin inkişafı
üçün həlli
vacib məqamlar barədə danışıb.
Daxili turizm
sərgisinin keçirilməsi
böyük əhəmiyyət
kəsb edir
“AİTF-2010” sərgisində
Azərbaycanın daxili
turizm potensialının
geniş şəkildə
təqdim edilməsi mühüm əhəmiyyət
kəsb edir. İlk dəfə olaraq beynəlxalq sərgidə bütöv
bir pavilyon ölkəmizin istirahət
zonaları, sanatoriyaları
və mehmanxanalarının
ekspozisiyasına həsr
ediləcək», - deyə
mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev bildirib. Nazir qeyd edib ki,
bu sərgi Azərbaycanın turizm imkanlarının dünyaya
tanıdılması baxımından
əlamətdar hadisədir:
«Ziyarətçilər hər
bir regionun milli koloritini duya biləcək, Azərbaycanın müxtəlif
və zəngin folkloru, mətbəxi və ənənələri
ilə yaxından tanış olacaqlar. Azərbaycanda turizm sektorunun inkişaf perspektivləri bu cür sərgilərin aktuallığını artırır.
Bugünlərdə təsdiq
olunmuş Dövlət
Proqramında qeyd olunduğu kimi, Azərbaycanın daxili turizm imkanlarının sistemləşdirilməsi baxımından
da belə sərgilərin keçirilməsi
vacibdir».
Dövlət Proqramı turizm
sektoru üçün
yeni imkanlar açır
Əbülfəs Qarayev bildirib ki, Dövlət
Proqramı ölkəmizdə
turizmin inkişafı
üçün yeni imkanlar açmaqla yanaşı, bu sahədə qarşıya
ciddi tələblər
qoyur, turizm sektorunun idarə olunması üçün
məsuliyyət yükünü
daha da artırır:
“Söhbət turizmin ölkə iqtisadiyyatının
ən dayanıqlı,
effektiv və rəqabətə davamlı
sahəsinə çevrilməsindən
gedir. Dövlət
Proqramında bu məqsədə nail olmaq üçün zəruri qanunvericilik bazasının hazırlanmasından
yeni turizm zonalarının yaradılması,
turizm sektoruna investisiyaların cəlb olunmasınadək bir sıra addımlar nəzərdə tutulub. Eyni zamanda, ölkəmizin
zəngin tarixi-mədəni
irsindən turizm məqsədləri üçün
effektiv istifadə olunması, bunun üçün müvafiq
infrastrukturun yaradılması,
peşəkar kadr potensialının hazırlanmasına
dair tapşırıqlar
sənəddə əks
olunub. Hesab edirəm ki, Dövlət Proqramının
icrası Azərbaycan
turizm sənayesini tamamilə yeni mərhələyə çıxaracaq».
Nazir qeyd edib ki, 2001-ci ildə mərhum prezident Heydər Əliyev tərəfindən
turizmlə bağlı
qəbul edilən qərarlar, turizmin idarəçiliyinin nazirlik
səviyyəsində (əvvəlcə
Gənclər, İdman
və Turizm Nazirliyi, sonra Mədəniyyət və
Turizm Nazirliyi) təmsil olunması, turizm anlayışının
dövlət proqramlarının
mühüm tərkib
hissəsinə çevrilməsi
bu sahənin dayanıqlı inkişafını
təmin edib: «2001-ci ildən bugünədək
qəbul edilən bütün iqtisadi inkişaf və yoxsulluqla mübarizə proqramlarında, sərmayə
qoyuluşu layihələrində,
regionların inkişafı
ilə bağlı olan proqramlarda turizm infrastrukturunun yaradılması öz əksini tapıb. Ötən müddətdə
turizm mühüm inkişaf yolu keçib və bu sahədə çalışan insanların
əməyini xüsusi
qeyd etmək lazımdır».
Nazir bildirib ki, Dövlət Proqramında Azərbaycanda
turizm zonalarının
yaradılmasına xüsusi
önəm verilir: «Bu
gün Azərbaycanda iri turizm komplekslərinin
inşası diqqət
mərkəzindədir. Məsələn, Qusarda «Şahdağ» istirahət kompleksinin tikintisi kimi... Bu səbəbdən
də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin,
İqtisadi İnkişaf
Nazirliyinin, Torpaq və Xəritəçəkmə
Komitəsinin, yerli icra hakimiyyəti orqanlarının çox
fəal işləməsi
tələb olunacaq. Proqramın hər bəndinin icrası ilə bağlı xüsusi bir işçi qrupu yaradılacaq, onların iş planı tərtib ediləcək».
300 hotel və 123 turizm
şirkəti lisenziya
alıb
Turist və mehmanxana şirkətlərinin
fəaliyyətinə toxunan
nazir qeyd edib ki, 2002-ci ildə ölkə iqtisadiyyatı turizmdən
432 milyon manat gəlir götürdüyü
halda, 2009-cu ildə bu rəqəm 1 milyard 122 milyon manata yüksəlib: «Burada söhbət yalnız Azərbaycana gələn turistlərin xərclədiyi vəsaitdən
gedir. Mehmanxanaların,
turist şirkətlərinin
qazancını da nəzərə aldıqda,
bu sahənin mal və xidmət dövriyyəsinin milyardlarla
manatla ölçüldüyünü,
turizmin geniş maddi-texniki bazasının
yarandığını qeyd
edə bilərik».
Son 8 ilin
statistikası ilə bağlı məlumat verən nazir bildirib ki, hər
il Azərbaycanda 25-50 yeni mehmanxana, hotel, motel və digər turist yerləşdirmə
obyektinin təməli
qoyulur: «Hazırda 50-yə
qədər mehmanxana kompleksinin inşası davam edir. 2002-ci illə müqayisədə
yerləşdirmə yerlərinin
sayı 3 dəfə artıb. Xüsusilə
2002-2003-cü illərdə iş adamlarında turizm sahəsinə böyük maraq yarandı. Həmin vaxt cəmi 32 turizm şirkəti vardı, bu gün isə onların sayı
123-dür. Bu rəqəm hesab
edirəm ki, Azərbaycanda rəqabət
imkanları açır.
Biz lisenziyalaşdırmaya başlayanda
ölkədə cəmi
40-50 hotel lisenziya almışdı.
Bu gün isə 300-ə
qədər hotel lisenziya
alıb, daha 20 hotelin sənədlərinə
baxılır».
Kadr problemi
həll olunacaq
Ə.Qarayev qeyd edib ki, ölkənin
turizm sənayesinin üzləşdiyi başlıca
problemlərdən biri
də turizm xidmətlərinin səviyyəsinin
artırılmasıdır: «Bu məsələ Dövlət
Proqramında da əksini tapıb.
2006-cı ildə Azərbaycanda
turizm təhsili verən yeganə ali məktəb - Azərbaycan Turizm İnstitutu yaradıldı.
Bu il institutun ilk məzun buraxılışı
olacaq. 300 nəfər
məzunun hamısı
harada işləyəcəklərini
artıq bilirlər». Nazir bundan sonra
lisenziyalaşdırma qaydalarının
daha da ciddiləşdiriləcəyini,
peşəkar kadr hazırlığına daha
böyük diqqət
veriləcəyini deyib:
«Mehmanxanalara, turizm şirkətlərinə lisenziya
verərkən mütləq
orada peşəkar kadrların olması nəzərə alınacaq.
Dövlət Proqramında
bu məsələlər
əksini tapıb, sənəd ümumilikdə
turizm sənayesinin üzərinə böyük
məsuliyyət qoyur.
Məsuliyyətin əsas
yükü Mədəniyyət
və Turizm Nazirliyinin üzərinə
düşsə də,
bizə bu işdə assosiasiyalarımız,
ictimai qurumlar da kömək edəcək».
Azərbaycana gələn turistlərin
sayı 1,5 faiz artıb
Nazir bildirib ki, dünya iqtisadi böhranı ilə müşayiət olunan 2009-cu ildə Azərbaycana gələn insanların sayı 3 faiz azalsa da,
turistlərin sayı
1,5 faiz artıb: «Ümumilikdə son 2 ildə
ölkəyə gələn
turistlərin sayı
41 faiz yüksəlib.
Bu yüksək rəqəm
Dünya Turizm Təşkilatı tərəfindən
də qeyd olunub. Dünyada turizm sahəsində böhran və çətinliklərin olmasına
rəğmən, Azərbaycan
turist sayının yüksək artımına
nail olub. Bu, ölkəmizdə
aparılan sosial-iqtisadi
siyasətin nəticəsi
olmaqla yanaşı, həm də dövlət tərəfindən
turizm sahəsinə göstərilən diqqətin
təzahürüdür».
Nazirin sözlərinə
görə, bu sahədə qarşıda
duran başlıca məqsədlərdən biri
ölkəmizin turizm bazarını açıq,
şəffaf, azad rəqabətli meydan kimi təqdim etməkdir: «Turizm sənayesində heç bir inhisarçılıq
yoxdur. Bu gün hər bir iş
adamı bu sahəyə sərmayə
qoya və qanun çərçivəsində
sərbəst fəaliyyət
göstərə bilər.
Eyni zamanda, biz bu sərmayələrin yerləşdirilməsinə, beynəlxalq
standartlara uyğun müəssisələrin yaradılmasına
xüsusi önəm veririk. Turist yerləşdirmə obyektlərinin
sayının artırılmasına
çalışırıq. Bu obyektlər nə qədər çox olsa, xidmətin səviyyəsi nə qədər yüksək olsa, ölkəmizə turist axını da bir o qədər
artacaq».
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2010- 28 aprel.- S. 4.