Bərpaçılar
Hər bir sənət əsəri sənətkarın zəhmətinin
bəhrəsidir. Daim axtarışda olan və həmişə sərbəstliyi, azadlığı
sevən bu insanların öz dünyası var. Bəzən tamaşaçını
heyrətə gətirən
sənət əsərlərinin
çoxu bu dünyanın məhsuludur.
Hamımızın zövqünü
oxşayan və nəsildən-nəslə ötürülən
bu əsərləri qoruyub saxlayan, onlara əbədi həyat bəxş edən bir mədəniyyət
müəssisəsi var:
Muzey Sərvətləri
və Xatirə Əşyalarının Elmi-Bərpa
Mərkəzi... Mərkəz
qədim İçərişəhərin
əyri, dolanbac küçələrinin birindəki
Bəylər məscidində
yerləşir.
Azərbaycanda bərpaçılıq
sənəti mərhum
sənətkar, hamının
«Restavrator Fərhad» kimi tanıdığı
Fərhad Hacıyevin adı ilə bağlıdır. O, 1957- ci ildə R.Mustafayev
adına İncəsənət
Muzeyinin zirzəmisində
ilk bərpa emalatxanasını açıb.
1981-ci ildə respublika
Mədəniyyət Nazirliyinin
qərarı ilə emalatxanaya mərkəz statusu verilib. İndi burada 60 nəfər yüksək ixtisaslı mütəxəssis
çalışır. Onlar
boyakarlıq, qrafika, tətbiqi sənət, xalça, tikmə, metal, ağac, zərgərlik nümunələrinin
bərpası ilə məşğul olurlar.
Bərpa mərkəzində
bizi elmi işlər üzrə direktor müavini Nairə Sadıxova qarşıladı. Direktor
Zərifə Məlikovanı
xəbər aldıq.
«Tədbirdədi. Bir saata qayıdacaq», - dedi.
Nairə xanım bizi müəssisənin işi ilə tanış etdi:
- Mərkəzin dörd şöbəsi var:
tətbiqi
sənət,
rəngkarlıq, qrafika və elmi-tədqiqat şöbələri.
Tətbiqi sənətə
tikmə, xalça daxildir. Muzeylərdəki xalçalar bərpa, konservasiya olunaraq onların ömrü uzadılır. Rəngkarlıq
şöbəsində ev-muzeylərdən
və incəsənət
muzeyindən gətirilən
əsərlər bərpa
olunur.
Qrafika şöbəsində
isə proqramlar, afişalar, əlyazmalar təzələnir. Məsələn,
Abşeron Tarix-Diyarşünaslıq
Muzeyindən Mehdi Hüseynzadənin məktubunu,
Üzeyir Hacıbəyli
və Teatr muzeylərindən 53 eksponatı
bərpa etmişik. İndi mərkəzimizdə
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət
Muzeyindən 6 adda afişa üzərində
iş gedir.
Bu yaxınlarda
Qax Rayon Tarix-Diyarşünaslıq
Muzeyindən tətbiqi
sənət şöbəsinə
Tunc dövrünə
aid bəzək əşyaları,
21 ədəd keramika nümunələri bərpa
üçün gətirilib.
Şirvan Şəhər
Tarix-Diyarşünaslıq Muzeyindən 4 ədəd qədim küp, çıraq, xurcun və küləçə
qadın geyimi bərpa olunacaq. Xalça muzeyi üçün 4 xalça,
5 tikmə, 9 keramika üzərində işləmişik.
Tez-tez rayonlardakı
muzeylərə baş
çəkirik. Orada
təlim sərgilərimiz
olur. Biz muzey işçilərinə
eksponatları necə
mühafizə etməyi
öyrədirik. Mərkəzin
Elmi-Bərpa Şurası
var. Biz hər bir eksponatı
qəbul edəndə
öncə şuranın
müzakirəsinə veririk.
Yalnız bundan sonra bərpa edirik.
Şuraya memarlıq doktoru Vilayət Kərimov rəhbərlik edir. Rəssamlar İttifaqının katibi
Ağəli İbrahimov,
Əlyazmalar İnstitutunun
böyük elmi işçisi Arif Ramazanov, sənətşünaslıq
doktoru Cəmilə Həsənzadə, xalçaçı-rəssam
Tariyel Bəşirov qurumun üzvləridir. İclaslarda öz işçilərimiz də
iştirak edir.
Bərpaçılıq sənətinə
yiyələnmək üçün
təkcə rəssam
olmaq azdır. Bərpaçı-rəssamın geniş dünyagörüşə,
dərin biliyə malik olması ilə bərabər, sənəti sevməlidir.
İncəsənət əsərlərinin
bərpası və ekspertizası ixtisası üzrə təhsil alan tələbələr
tədris yaradıcılıq
təcrübəsini burada
keçirlər. Ötən
il Milli Elmlər Akademiyasının
Tarix Muzeyində “Muzey eksponatlarının bərpası və konservasiyası” üzrə
keçirilən açıq
tenderin qalibi olduq. 216 eksponatı - 65 ədəd etnoqrafik metal məmulatı, 6 ədəd parça və geyim nümunəsi,
125 ədəd arxeoloji
məmulat, etnoqrafik geyim nümunələrini
bərpa etdik.
- Keçmiş
SSRİ məkanında cəmi
4 bərpa mərkəzi
fəaliyyət göstərirdi:
Moskva, Kiyev, Vilnüs və Bakıda. Xalça üzrə ən peşəkar bərpaçılar
təkcə bizim mərkəzdədir, - deyə
tədbirdən yenicə
qayıtmış muzeyin
direktoru Zərifə xanım Məlikova söhbətə qoşuldu.
- Mərkəzdə
hansı sahə üzrə mütəxəssis
qıtlığı var?
- Keçən
il Tarix Muzeyinin eksponatlarını
bərpa etdik. Eksponatlar içində şüşə qablar vardı. Mən elə bilirdim ki, şüşə üzrə mütəxəssisimiz
yoxdur. Amma onu bizim keramika
ustamız Soltan elə bərpa elədi ki, özümüz də mat
qaldıq. Arxeoloji parçaları, dəri eksponatları da bizim işçilərimiz
bərpa etdilər. Ona görə qətiyyətlə deyə
bilərəm ki, heç bir sahədə çətinliyimiz
yoxdur. Ötən il Amerikadan tikmə
üzrə mütəxəssislər
gəlmişdilər. Onlar
həm muzeylərdə,
həm də bizim mərkəzdə işçilərimiz üçün
ustad dərsləri keçirdilər. Əvvəldən
planları belə idi ki, işçilərimizdən
birini Amerikaya ixtisasartırma kursuna aparsınlar. İşimizlə
tanış olandan sonra dedilər ki, biz hələ sizdən çox şey öyrənməliyik.
Doğrudan da, çox bacarıqlı mütəxəssislərimiz var. Ruhəngiz Əliyeva, Bəsti Əliyeva tikmə üzrə bərpaçı kimi əvəzolunmazdırlar. Rəngkarlıq
üzrə Natiq Səfərov, Elmira Səfərova,
qrafika sahəsində
Xatirə Tağıyeva,
Ülviyyə Şirinova,
xalçaçı-rəssamlar Sima Quliyeva, Xatirə Əmirova, Gülminə Əhmədova
əsl peşəkardırlar.
Mərkəzimizin öz ənənələri olub,
işi ilə həmişə tanınıb.
2008-ci ildə Moskvada Ümumittifaq Elmi-Tədqiqat
Bərpa İnstitutunun
50 illik yubileyi keçirilirdi. Tədbirdə
mən də iştirak edirdim. Orada bizim mərkəz
haqqında xoş sözlər deyildi, onun yaradıcısı Fərhad Hacıyev böyük hörmətlə
yad edildi. Mən də onun davamçısı kimi bundan çox
böyük qürur hissi keçirdim.
Qeyd edək
ki, bərpa mərkəzinin işi həm çətin, həm də məsuliyyətlidir. Bunu kollektivin hər bir üzvü bilir. Ənənələrə
sadiq olan kollektiv Fərhad Hacıyevin başladığı
işi layiqincə davam etdirir.
Sədaqət Yusifqızı
Mədəniyyət.- 2010.- 30 aprel.- S. 15.