«Koroğlu» operası - 73 ilin şah əsəri
Hərdən bizə elə gəlir ki, Azərbaycan mədəniyyətini
baltalamış məşum
1937-ci ildə heç
bir ürəkaçan
hadisə baş verməyib. Amma yox, təkcə Üzeyir Hacıbəylinin
«Koroğlu» operasının
səhnəyə qoyulduğunu
xatırlatmaq kifayətdir
ki, həyatın o dönəmdə də davam etdiyini anlayasan.
1937-ci il
aprelin 30-da Üzeyir Hacıbəylinin «Koroğlu»
operasının premyerası
oldu. Xalq qəhrəmanlıq dastanının
motivləri əsasında
yazılan operanın
libretto müəllifləri yazıçı Məmməd
Səid Ordubadi və tarix elmləri
namizədi Heydər İsmayılov idi. Bəstəkar özü də librettonun yazılmasında fəal iştirak etmişdi. Təxminən 14 illik yaradıcı zəhmətin
nəticəsində ortaya
çıxan operanın
şöhrəti qısa
bir müddətdə
Azərbaycanın sərhədlərini
aşdı. Beş pərdəlik operada klassik opera sənətinə
xas bütün əlamətlərlə xalq
musiqimiz - muğamlar, aşıq musiqisi bir-birini tamamlayaraq sənət şedevri yaratmışdı.
«Koroğlu»
operası ilk dəfə
tamaşaya qoyulandan bəri uğur bu əsərlə qoşa addımlayır.
Opera 1938-ci ildə Moskvada
Azərbaycan mədəniyyət
və incəsənət
dekadasında göstərildi
və 1941-ci ildə bu əsərə görə Üzeyir bəyə o zamanın ən ali dövlət
mükafatlarından biri
- Stalin mükafatı verildi.
«Koroğlu»nun
quruluşçu rejissoru
İsmayıl Hidayətzadə,
quruluşçu rəssamı
Rüstəm Mustafayev
olub. İlk tamaşada dirijorluğu müəllif etsə də, sonralar uzun illər boyu bu əsərə
Xalq artisti Əşrəf Həsənov
dirijorluq edib.
Koroğlu obrazını
400 dəfədən çox
yaratmış Bülbül
hələ də bu partiyanın əvəzsiz ifaçısı
sayılır. Üzeyir
bəy məhz Bülbülün səs imkanlarını nəzərə
alaraq Koroğlu partiyasını bəstələyib.
«Koroğlu»
rus dilində tamaşaya qoyulduqda isə Azərbaycanın Xalq artisti Aleksandr
Drozdov uzun illər bu partiyanın
ən yaxşı ifaçılarından hesab
edilib. Bülbüldən
sonra bu partiyanı SSRİ Xalq artisti Lütfiyar İmanov, Əməkdar
artist Adil Məlikov oxuyublar. Son illərdə isə Opera və Balet Teatrında çalışan cavan tenorlar, Əməkdar artistlər Həsən Enami və Samir
Cəfərov Koroğlu
qiyafəsində səhnəyə
çıxırlar.
Koroğlu ilə müqayisədə Nigar obrazının səhnə
taleyi əvvəldən
o qədər də uğurlu gətirməyib.
Nigar obrazının
ilk ifaçısı Gülarə
İsgəndərova və
başqa qadın vokalçılar səs imkanları və aktyorluq məharəti baxımından Koroğlunun
kölgəsində qalıblar.
Lakin 1950-ci ildən başlayaraq bu partiyanın ən yaxşı ifaçıları
SSRİ Xalq artistləri
Firəngiz Əhmədova
və Fidan Qasımova, Azərbaycanın
Xalq artisti Xuraman Qasımova və Qərinə Kərimova, əməkdar
artist Zemfira İsmayılova
sayılırlar.
«Koroğlu»
sovet dövründə
dəfələrlə bizim
teatrın qastrolu zamanı ittifaqın ən böyük şəhərlərində oynanılıb
və bir neçə ittifaq respublikalarında da tamaşaya qoyulub.
Operanın ümumxalq
məhəbbətini qazanmasının
başlıca səbəbi
isə Üzeyir bəyin möhtəşəm
musiqisidir. Ötən
əsrin 80-ci illərinin
sonunda «Koroğlu»nun uverturası Azərbaycan xalqının müstəqillik
mübarizəsində himn,
cəngi missiyasını
yerinə yetirib. İnsanı zülmə,
asılılığa dözməmək
çağırışı, vətənpərvərlik ruhudur
«Koroğlu»nu bizə sevdirən! Elə bu səbəbdən
də «Koroğlu» operası daim bizim ən sevimli
musiqi abidəmiz olaraq yaşayacaq!
Gülcahan Mirməmməd
Mədəniyyət.- 2010.- 30 aprel.- S. 14.