Ürəklərin həkimi və
hakimi
O, dünyaya gələndə aləm bir-birinə dəymişdi.
Şərqdə ilk dəfə qurulmuş və 23 ay
mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti süqut
etmişdi. Onun yerini isə xalqlara azadlıq, insanlara bərabərlik
vədi ilə bolşeviklərin təmsil etdiyi yeni quruluş
tutmuşdu.
Belə bir
vaxtda Şamaxıda varlı-hallı nəslin nümayəndəsi
olan Məmməd kişinin ocağında ətrafdan, baş
verənlərdən xəbərsiz bir oğlan dünyaya gəldi. Adını Hacı
qoydular. Kimsənin ağlına gəlməzdi ki, bu körpə
zamanın imtahanlarından üzüağ çıxacaq, gələcəyin
böyük sənətkarı olacaq.
Hacı əlini
tarın simlərinə birinci kərə 1927-ci ildə
toxundurmuşdu. Bu təmas onun vücudunu vəcdə gətirməmişdi.
Bəlkə də buna macal olmamışdı. Çünki
tar çalmaq şakəri olan atası Məmməd kişi
simlərlə dil tapmayan oğlundan narazı
qaldığından «səndən bir şey çıxmaz»
hökmünü verib, onu alətdən çəkindirmişdi.
Dörd il sonra 11 yaşlı Hacı artıq ən gənc
solist kimi Azərbaycan Dövlət Xalq Çalğı Alətləri
Orkestrində çalışırdı. Özündən
yaşca böyüklərlə bir sırada dayanmaq onu
qorxutmurdu. Onun Bakıya gəlişi cəmi üç iliydi.
Amma get-gedə şəhərə
alışır, buranın insanlarıyla
qaynayıb-qarışırdı. Əmisi Hüseynin sayəsində
Bakıya gələn Hacı taleyinin bütünlüklə
buraya bağlanacağını irəlicədən
ağlına gətirmirdi. 1929-cu ilin soyuq qış
günündə əmisinin ona alıb
bağışladığı tarla yarım əsrdən
artıq yoldaşlığını da güman eləmirdi.
Amma bu həyatdı...
Şura
hökuməti Məmməd kişinin ruzigarını
çevirir. O,
mal-mülkünün əlindən alınacağı hədəsiylə
üzləşdiyindən hər şeyini atıb, gecəylə
Bakıya pənah gətirməkdə görür
çıxış yolunu. Topdağıtmaz mülk, mal-qara
sürüsü, əkin-biçin sahibi olan birisi yenicə
isinişməyə başladığı şəhərdə
kirayənişin yaşamaq məcburiyyətində qalır.
Belə bir vaxtda balacalığına baxmayaraq artıq orkestrdə
çalışan Hacının qazandığı pullar əlindən
tutur. Cəmi bir neçə il əvvəl «səndən bir
şey çıxmaz» dediyi oğlu indi onların əsas
güman yerinə dönür. Bu taleyin ironiyasıydı.
Qarşıdasa daha ciddi sınaqlar dururdu.
1936-cı
ildə Məmməd kişi avtomobil qəzasında həlak
olur. Ailənin ağırlığı bütünlüklə
Hacının çiyninə düşür. O, bu
yükü çəkməyə qadir olduğunu sübuta
yetirmək üçün gecə-gündüz
çalışır. Bir il sonra orta məktəbi bitirib
konservatoriyaya qəbul olmaq istəyəndə
doğmalarının qınağıyla üzləşir.
«Atanın torpağı soyumayıb, eşidən-bilən nə
deyər» söyləyənlərin sözünü yerə
salmır. Tərbiyəsi, ədəb-ərkanı buna yol
vermir. Arzusu içində boğulsa da, fəaliyyətini
dayandırmır.
17 yaşından solo
çıxışlarıyla diqqəti çəkən
Hacı, eyni zamanda, filarmoniyanın səhnəsində
Zülfü Adıgözəlov, Hüseynağa Hacıbababəyov,
Həqiqət Rzayeva, Cahan Talışinskaya, Əlövsət
Sadıqov kimi görkəmli xanəndələri
müşayiətilə yadda qalır. 1938-ci ildə
Moskvada keçirilən Azərbaycan mədəniyyəti
ongünlüyündə iştirak edir. Bir il sonrasa gənc
tarzənin yolu yenə Moskvaya düşür. Bu dəfə
xalq çalğı alətləri ansambllarının
Ümumittifaq baxışında iştirak etmək
üçün. Üzeyir bəy onu yaxından
tanımadığından bu işin öhdəsindən gəlib-gəlməyəcəyindən
narahat olur. Amma Azərbaycan nümayəndə heyətinə
rəhbərlik edən Məmmədsadıq Abdullayevin Hacı
haqqında dediyi xoş sözlər Üzeyir bəyi xatircəm
eləyir. Müsabiqə zamanı gənc tarzənin
adlı-sanlı həmkarlarıyla bir sırada uğurlu
çıxışı münsiflər heyətini razı
salır. Ən çox məmnun qalanlardan birisə qabaq
sırada əyləşib onun ifasına maraqla tamaşa edən
Üzeyir bəy olur. Hacının barmaqlarından
süzülən «Orta Mahur» muğamı, «Fantaziya» və «Ləzginka»
oyun havaları alqışlarla qarşılanır. O,
Bakıya qazandığı mükafatla, əlidolu
qayıdır. Amma onun üçün ən böyük
mükafat dahi bəstəkarın diqqətini çəkməsi,
bəyənilməsi idi. Bundan sonra həyatının uğur
zolağı başlayır. Radio dalğalarında tez-tez
ifası səslənir, filarmoniyanın səhnəsində
davamlı çıxışları olur. 1941- ci ildə o,
ilk dəfə SSRİ sərhədlərindən kənara
çıxır. Yavər Kələntərli, Əlibaba
Abdullayev, Qılman Salahovla birgə İranda qastrol konsertləri
verir.
İstedadlı
tarzən kimi məşhurlaşması şəxsi həyatında
da onun dadına çatır. Böyük Vətən
müharibəsi (1941-1945) başlayanda
çağırış vərəqi alan Hacını
filarmoniyada sonuncu saydığı konsertdə
çıxışı xilas edir. Həmin axşam onun
tarının dərd-qəm yağan səsi Yavər Kələntərlinin
ürəkləri sızladan iniltili avazına bələnib
könülləri riqqətə gətirir. Bu səhnədən
təsirlənən respublikanın hərbi komissarı «belə
istedadlı cavanı döyüşə göndərmək
rəva deyil» qərarına gəlir. Amma Üzeyir bəyin məsləhəti
və xeyir-duasıyla konservatoriyada ali təhsil almağa
başlayan Hacını növbəti sınaqda tarı
köməksiz qoyur. Konservatoriyada oxumağı ilk
görüşdən bir könüldən min könülə
vurulduğu qızla ailə qurmasına sipər çəkir.
Konservatoriyanı ali təhsil saymayan qız evi
Hacıgilin elçilərini geri qaytarırlar. İşi belə
görən tarzən Aliyə xanıma məhəbbətini
sübut etmək üçün onun təhsil
aldığı Tibb İnstitutuna üz tutur. İmtahanlardan
uğurla çıxıb tələbə adını qazanır.
Bundan sonra Aliyə xanımın atası inadından əl
götürür, qızının
razılığını verməkdən başqa əlacı
qalmır.
Maraqlı məqamlardan
biri də odur ki, necə deyərlər, zorən həkim olmaq
qərarına gələn tarzən sonradan bu peşəyə
vurğunluğunun nəticəsi kimi uzun illər musiqiylə
yanaşı, səhiyyə sahəsində də
çalışır. Hətta o, sıravi həkimlikdən vaxtilə
çox nüfuzlu və böyük heyətə malik 5
saylı xəstəxananın rəhbəri vəzifəsinədək
yol keçir. Ustad tarzənliyi və peşəkar cərrahlığı
bir araya gətirməyi bacaran sənətkar kimi sevilir,
seçilir.
Müəllimsiz,
məktəb görmədən tar çalmağı öyrənən
və nəinki öz dövründə, bütövlükdə
tar ifaçılıq sənəti tarixində xüsusi yeri
olan yaradıcılıq ömrü yaşamaq adi məsələ
deyil. Belə
bir xoşbəxtlik hər kəsin qismətinə
yazılmır. Hacı Məmmədov sələflərindən
layiqincə bəhrələnən, ənənələri
mühafizəkarcasına yad təsirlərdən qoruyan,
tarın, milli musiqimizin təəssübünü çəkən
sənətkar kimi yaşadı. 61 il ömür sürdü.
Gördüyü işlər, əməllərsə on
illərə, yüz illərə bəs edər. Nəsillərdən-nəsillərə
keçəcək, öyrəniləcək, seviləcək,
heyrətləndirəcək irsi bunu deməyə əsas
verir. Qızıl fondda saxlanan lent yazıları - «Segah»,
«Çahargah», «Şur», «Bayatı-Şiraz»,
«Çobanbayatı», «Orta Mahur», «Zabul» muğamları, təsnifləri,
xalq və bəstəkar mahnıları onun ifasında əsl
dərslik nümunəsidi.
Yeri gəlmişkən,
Hacı Məmmədov rus və Avropa bəstəkarlarının
əsərlərini tarda ifa edən ilk sənətkar kimi də
tarixə düşüb. Və o, tək bununla yox, digər
yaradıcı işləriylə yeniliklərə imza
atıb. Məsələn, tara gətirdiyi ifaçılıq
texnikasıyla bu alətin nəyə qadir olduğunu isbat edib.
Hərçənd ömrünün son günündə belə
ustad tarzən əlində muma döndərdiyi alətin min
bir sirrinin hələ yarısına vaqif
olmadığını dilə gətirmişdi. Tar onun, necə
deyərlər, ciyərparasıydı. O, hətta ölüm
yatağında da tarından nigaranıydı. Son nəfəsdə
dönə-dönə «ondan muğayat olun» demişdi. Kim bilir bəlkə də həmin anlarda
böyük sənətkarın gözləri
qarşısında daha hansı lövhələr
canlanmışdı. Mənə elə gəlir ki, o məqamda
Hacı tar çalmağa qərar verdiyi günü mütləq
xatırlayırdı. Bu, 1927-ci ilin noyabrın 7-ə təsadüf
edən, heç vaxt yaddaşından silinməyəcək
tarixiydi. Həmin gün atası Məmmədlə
Şamaxıdakı axar-baxarlı evlərindən
çıxıb bayram şənliyinə getmişdilər.
Toplaşanlar atasından tarda bir şey çalmağı
xahiş etmişdi. Məmməd aləti
kökləyib, sinəsinə qaldırmaq istəyəndə
məclisə mahalda tarzən kimi məşhur olan Cəlil gəlib
çıxmışdı. O, ədayla tarı
götürüb «bax, belə çalarlar» deyəndə Məmməd
kişi pərt olub mizrabı yerə qoymuşdu.
Atasını hamıdan güclü sayan Hacı onun məğlubiyyətiylə
barışmaq istəməmişdi. Ürəyində əsl
tarzən olacağına və bu qisası alacağına
söz vermişdi.
17 il sonra
Hacı tarzən Cəlillə İranda rastlaşdı.
Birinci qastrolda, ikinci güzəran dalınca oralarda
çalıb-çağırmaqdaydı. Tehranı, Təbrizi
dolaşıb, növbəti dayanacaqda - Şahpurda konsert verən
Hacı təsadüfən Cəlillə üz-üzə gəlmişdi.
Cavanlığına baxmayaraq püxtə
çalğısıyla həmkarını
ovsunlamışdı. Onun «Orta Mahur»undan doymayan Cəlil
yaxınlaşıb, «oğul, haralısan, kimlərdənsən»
sualına aldığı cavabdan tutulmuşdu.
Qarşısındakı bir vaxt ədayla yerində
oturtduğu Məmmədin oğluydu. Amma Cəlildə daha ədalıq
- nəsə qalmamışdı. Zamanın
üzüdönüklüyü vaxtilə meydan sulayan tarzənin
sanki qol-qanadını qırmışdı. Hacını
çox təsirləndirən bu səhnə uzun müddət
yadından çıxmadı.
Tar
Hacının, Hacı tarın rəmzinə çevrilib. Onu tarixin yaddaşında saxlayan tarın sayəsində
Hacı Məmmədov çox şey qazanıb. 43
yaşında «Xalq artisti» fəxri adı, orden-medallar,
neçə-neçə ölkələrdə uğurlu
çıxışlar, tamaşaçı, dinləyici məhəbbəti
və heç şübhəsiz, nəsillərə miras
qalacaq ifaları əyaniləşdirən lent
yazıları... Bir insan ömrü üçün yetərincə
hər şey...
Bu gün
Hacı Məmmədovun adı küçələrdə,
xatirə lövhələrində, kitablarda, müsabiqələrdə
əbədiləşib. Onun ruhunu rahatsız edəcək nəsə yoxdu.
25 il susan tarı belə ömür-gün yoldaşı,
iki-üç il öncə dünyasını dəyişən
Aliyə xanımın razılığıyla tələbəsi
Ağasəlim Abdullayevin sinəsində dillənir. Tar yenə
oxuyur, xatirələri oyadır, könülləri
coşdurur. Demək, Hacının bütün zamanlarda ürəyindən
keçən çin olub, bu alət millətin sərvətinə
çevrilib.
Hacı Məmmədov
1981-ci ilin isti yay günündə dünyadan
köçdü. Həmin gün də dünyaya gəlişindəki
təki aləm bir-birinə dəydi. Yox, bu dəfə səbəb
rejim dəyişikliyi deyildi, həm çalğısı, həm
də cərrah bıcağıyla ürəklərin
keşiyində dayanan, ən başlıcasısa tarda inqilab
eləmiş Hacının son gedişiydi...
Doxsanında xoş
gördük! Ölümsüzlüyün mübarək,
böyük tarzən!
Seymur Elsevər
Mədəniyyət.- 2010.- 30 aprel.- S. 12.