TÜRKSOY-un qeyri-maddi mədəni irsin qorunması üzrə seminarı
Aprelin 27-də Bakıda işə başlayan
TÜRKSOY təşkilatının qeyri-maddi mədəni
irsin qorunması üzrə III Beynəlxalq seminarı
işini Şəkidə davam etdirib. “Türkdilli xalqların
qeyri-maddi mədəni irsinin
konvensiyalaşdırılması,
inventarlaşdırılması və
proqramlaşdırılması” mövzusunda seminarın
müzakirələri Şəki şəhərindəki “Sənətkarlar
evi”nin konfrans zalında keçirilib.
Tədbirdə
çıxış edən Şəki Şəhər
İcra Hakimiyyətinin başçısı Murad Cabbarlı
bildirib ki, “2010-2014-cü illər üçün xalq
yaradıcılığı paytaxtları” Proqramına əsasən,
Şəkinin 2010-cu ildə “Azərbaycanın sənətkarlıq
paytaxtı” elan edilməsi ölkəmizin bu qədim mədəniyyət
mərkəzinin beynəlxalq səviyyədə
tanınmasına mühüm töhfədir: «TÜRKSOY-un III
Beynəlxalq seminarının Şəkidə keçirilməsi
bu baxımdan olduqca əhəmiyyətlidir».
TÜRKSOY-un baş
katibinin müavini Firat Purtaş özünəməxsus sənətkarlıq
ənənələri və tarixi-memarlıq abidələri
olan Şəki şəhəri ilə
tanışlıqlarından məmnunluğunu bildirib.
O, qeyd edib ki,
türkdilli xalqların qeyri-maddi mədəni irsinin zənginləşdirilməsi,
yaşadılması, gələcək nəsillərə
çatdırılması çox vacibdir. TÜRKSOY-un təşkilatçılığı
ilə 2008-ci ildən etibarən həyata keçirilən belə
seminarlar çox əhəmiyyətlidir. F.Purtaş Şəkinin
gələcəkdə türk dünyasının sənətkarlıq
paytaxtı elan edilməsinə də ən real namizədlərdən
biri olacağına ümid bəslədiyini diqqətə
çatdırıb.
Seminarın keçirilməsinə
göstərdiyi təşkilati dəstəyə görə,
Şəki şəhər rəhbərliyinə TÜRKSOY təşkilatı
baş katibinin adından xatirə hədiyyəsi, həmçinin
Şəkinin 2010-cu ildə “Azərbaycanın sənətkarlıq
paytaxtı” elan olunmasına görə mədəniyyət və
turizm naziri Əbülfəs Qarayevin adından yadigar kubok və
hədiyyə təqdim edilib.
Seminarda daha sonra
“TÜRKSOY-un qeyri-maddi mədəni irs abidələrinin beynəlxalq
reyestrinin formalaşdırılmasının imkanları” və
“Türk dünyasının xalq yaradıcılığı
paytaxtları” Beynəlxalq Proqramı layihələrinin təqdimatı
olub.
Müzakirələrdə
Türkiyənin Qazi Universitetinin professoru Öcal Oğuz,
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinın
şöbə müdiri Şengül Gitmez, Qazaxıstan
Respublikası Ədəbiyyat və İncəsənət
İnstitutunun əməkdaşı Serikkazı Korabay,
Şimali Kipr Türk Respublikasının sənət
tarixçisi Yusuf Örs, Tatarıstan Respublikası Elmlər
Akademiyasının əməkdaşı Roza Sultanova və
başqaları çıxış ediblər.
Seminarın gündəliyinə
uyğun olaraq tədbir iştirakçıları aprelin 29-da
Şəki şəhərinin muzeyləri və tarixi abidələri
ilə tanış olublar.
Mədəniyyət.- 2010.- 30 aprel.- S. 11.