“Kazım Qarabəkir Paşa” sənədli filmi təqdim olundu
“Salnamə” studiyasında istehsal olunan “Kazım Qarabəkir Paşa” sənədli filminin təqdimatı aprelin 27-də
Kinematoqrafçılar İttifaqında
keçirildi. Film 1918-ci ildə Azərbaycan
Xalq Cümhuriyyətinə
köməyə gəlmiş
Qafqaz İslam Ordusunun komandirlərindən
biri, Naxçıvanın
erməni-daşnak qüvvələrindən
təmizlənməsində böyük rəşadət
göstərmiş Kazım
Qarabəkir Paşaya həsr olunub.
Tədbirdə mədəniyyət
və turizm nazirinin müavini Sevda Məmmədəliyeva,
Kinematoqrafçılar İttifaqının
katibi Rasim Balayev, Kazım Qarabəkir Paşanın qızı Həyat Qarabəkir, Türkiyənin
Azərbaycandakı səfiri
Hulusi Kılıç,
ATƏT-in Baki ofisinin rəhbəri Bilgə Cankorel, millət vəkili Məlahət Həsənova və kino ictimaiyyətinin nümayəndələri iştirak
edirdi.
Kinematoqrafçılar İttifaqının
katibi, Xalq artisti Rasim Balayev
“Kazım Qarabəkir Paşa” sənədli filminin həm mədəniyyət, həm
də tarixi baxımından dəyərli
olduğunu bildirdi: “Bu
filmi vətəndaşlıq
nöqteyi-nəzərindən qiymətli iş hesab etmək olar. Çünki belə bir şəxsiyyətin fəaliyyətini
bilməmək, yeni nəslə təqdim etməmək günah olardı”.
Film barədə
məlumat verən rejissor Tahir Əliyev bildirdi ki, bu ekran
əsərinin çəkilməsi
ideyası Qars Universitetinin doktoru Əqidə Ələkbərli
tərəfindən irəli
sürülüb: “Təklif
Mədəniyyət və
Turizm Nazirliyi tərəfindən yüksək
qiymətləndirildi və
filmin istehsalı “Salnamə” studiyasına həvalə edildi. Çəkilişləri Türkiyənin
bir neçə şəhərində apardıq.
Düşünürəm ki, bu ekran
əsəri ötən
il “Salnamə”də istehsal edilən uğurlu filmlərdən olacaq”.
Mərasimdə filmin təqdimatı üçün Türkiyədən
Bakıya gələn
Kazım Qarabəkir Paşanın qızı Həyat Qarabəkir də çıxış
etdi. Belə bir
filmin çəkilməsindən
məmnunluğunu və
təşəkkürlərini dilə gətirdi: “Atam həm Türkiyənin,
həm də Azərbaycanın düşmənlərinə
qarşı vuruşub.
Bu cür filmlər hər iki ölkə üçün gərəklidir.
Çünki biz eyni millətin nümayəndələriyik. Sevinirəm
ki, Azərbaycan mənim atama qiymət verdi”.
Çıxışlardan sonra “Kazım Qarabəkir Paşa” sənədli filmi nümayiş olundu. Nümayiş
bitdikdən sonra Türkiyənin Azərbaycandakı
səfiri Hulusi Kılıç filmi bəyəndiyini etiraf etdi. Səfir rejissor Tahir Əliyevlə əməkdaşlıqlarını
davam etdirəcəklərini
bildirdi.
Qeyd edək ki,
40 dəqiqəlik sənədli filmin ssenari müəllifi
Güllü
Məmmədova, prodüseri Böyükağa Məmmədovdur.
İntiqam Hacılı
Mədəniyyət.- 2010.- 30 aprel.- S. 11.