Palçıq vulkanlarının
diyarı
Bu vulkanlardan ekoturizm vasitəsi kimi necə yararlana bilərik?
Azərbaycan dünyada ən çox palçıq vulkanlarının
olduğu ölkə kimi tanınır. Hazırda Yer kürəsindəki
800-dək palçıq vulkanından
təxminən 300-ü ölkəmizin
ərazisində, eləcə
də Xəzər dənizinin Azərbaycan sektorunda qeydə alınıb. Əsasən
Bakı və Abşeron yarımadasında,
eləcə də Qobustan və Şamaxı rayonları ərazisində yayılmış
palçıq vulkanlarının
bəziləri təbiət abidəsi kimi formalaşıb.
Qeyd edək ki, dünya
təcrübəsində palçıq
vulkanları yerləşən
və əsrarəngiz
mənzərəyə malik
yerlərə turistləri
cəlb etmək üçün turlar təşkil olunur, bu yerlərdə müalicə müəssisələri,
kurortlar inşa edilir. Bəs dünyada «Palçıq
vulkanlarının diyarı»
kimi tanınan Azərbaycan necə, təbiətin ona bəxş etdiyi bu imkandan yetərincə
yararlana bilirmi?
Xatırladaq ki, bu məsələ ölkə prezidenti İlham Əliyevin 15 avqust 2007-ci il
tarixli «Bakı və Abşeron yarımadasında palçıq
vulkanları qrupu Dövlət Təbiət
Qoruğunun yaranması
haqqında» sərəncamında
da əksini tapıb.
Sərəncamda palçıq vulkanlarından
ekoturizm obyekti kimi istifadə olunması önə çəkilir.
Ölkəmizdə qeydə
alınmış 300-dək palçıq vulkanının
70 faizi fəaliyyətdədir.
Azərbaycan Turizm İnstitutunun
turizm biznesinin təşkili və texnologiyası kafedrasının
müdiri, dosent Bahadur Bilalovun dediyinə görə, palçıq vulkanları
həm elmi, həm də tibbi yöndən, o cümlədən, ekoturizm baxımından böyük əhəmiyyət
daşıyır: «Hazırda
internet vasitəsilə
«Təbiətin 7 möcüzəsi»
adlı beynəlxalq müsabiqə keçirilir.
Müsabiqəyə Azərbaycanın
palçıq vulkanları
da təqdim olunub. İnternet səsverməsinə 2011-ci ildə
yekun vurulması gözlənilir. Sevindirici haldır ki,
ölkəmiz hazırda
bu yarışmada liderlər sırasındadır.
Əgər Azərbaycanın
palçıq vulkanları
dünyanın 7 təbiət
möcüzəsindən biri
kimi tanınsa, gələcəkdə ekoturizmin
inkişafı baxımından
böyük nailiyyət
əldə oluna bilər».
Müsahibim onu da nəzərə
çatdırdı ki,
MEA-nın Geologiya İnstitutunun palçıq
vulkanizmi şöbəsinin
müdiri Adil Əliyev palçıq vulkanlarından turizm məqsədilə istifadə
edilməsi üçün
«Bələdçi» kitabını
yazıb. Kitabda 25 vulkan barəsində məlumat verilib: «Müəllif həmin ərazilərə turist marşrutlarının salınmasını
təklif edir. Bundan əlavə, 2 ada vulkanı olan Xəzər-Zirə və Qarasu da turizm üçün
məsləhət görülüb.
Bununla da əcnəbi turistləri ölkəmizə cəlb
etməklə yanaşı,
Azərbaycanın tanıdılması
yolunda addım atmış olarıq. Artıq Geologiya İnstitutu tərəfindən
Mədəniyyət və
Turizm Nazirliyinə 6 istiqamətdə marşrut
işlənərək təqdim
edilib».
B.Bilalovun sözlərinə
görə, palçıq
vulkanlarının ekoturizmdən
başqa, müalicəvi
turizmin təşkilində
də xüsusi əhəmiyyəti ola bilər. Bu baxımdan palçıq vulkanlarının
yaxınlığında müalicə
obyektlərinin yaradılması
vacibdir: «Dünya təcrübəsində mədə-bağırsaq,
pereferik və mərkəzi əsəb sistemi, uroloji, oynaq, radikulit, dəri-boğaz və s. xəstəliklərin müalicəsində vulkan
palçığından geniş
istifadə olunur. Düşünürəm ki,
əlaqədar orqanların,
Səhiyyə və Mədəniyyət və
Turizm nazirliklərinin
işbirliyi nəticəsində
ölkəyə turist
axınına nail oluna bilər».
Müsahibim onu da qeyd etdi
ki, hələlik ölkəmizdə vulkanların
mühafizəsi və
tədqiq edilməsi istənilən səviyyədə
aparılmır: «Unikal
təbiət abidəsi
və eyni zamanda, insanların sağlamlığı üçün
müalicəvi əhəmiyyətli
ərazilər diqqətdən
kənarda qalır».
Bu sahələrin
yaxın gələcəkdə
ölkənin büdcəsi
üçün gəlir
mənbəyinə çevrilə
biləcəyini deyən
mütəxəssis bir
çox vulkanların
yaxınlığında yaşayış
evləri və ictimai iaşə obyektlərinin tikildiyini bildirdi: «Həmin yerlərdə ev tikmək olmaz. Bu yaxınlarda İslandiyada vulkanın püskürməsi bir daha sübut edir ki, vulkanətrafı
zonalar çox təhlükəlidir. Vulkan
ətrafında istər
müalicə mərkəzi,
istərsə də turizm obyekti yaratmaq üçün də təhlükəsizlik
tədbirləri nəzərə
alınmalıdır».
B.Bilalovun sözlərinə
görə, Azərbaycandakı
palçıq vulkanlarını
turistlərin cəlbedici
yerlərə çevirmək
olar: «Məsələn,
turistlər üçün
ən çox tamaşa etdiyi aktiv vulkanlar qrupu Bakı-Ələt avtomobil yolunda - Qobustan qəsəbəsindən
cənubda və Daşgil ərazisində yerləşir. Qobustana gedən hər
bir turist o palçıq vulkanını
görmək arzusunda olur. Deməli, palçıq vulkanlarının
reklamına ehtiyac var.
Məsələn, 2007-ci ildə
dünyada mövcud olan abidələrin internetdə müsabiqəsi
keçirilmişdi. Türkiyədəki Ayasofya abidəsi bu müsabiqəyə daxil edilmişdi. Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin verdiyi məlumata görə,
2007-ci ildə İstanbulu
ziyarət edən turistlərin 3 milyonu məhz bu abidəni
görməyə gəlmişdi.
Xarici turistlər də palçıq vulkanlarımız haqqında
internetdə oxuyub Azərbaycana gəlmək,
onları görmək
istəyəcəklər»
Mehparə
Mədəniyyət.- 2010.- 30 aprel.- S. 8.