Şəki sənətkarlarının
əl işləri paytaxt sərgisində
Son illər regionların inkişafı
ilə bağlı həyata keçirilən
dövlət proqramlarının
uğurlu nəticələri
turizm sektorunun inkişafında da özünü göstərir. Bölgələrin əksəriyyətində
yeni mehmanxanalar, turizm istirahət kompleksləri inşa edilir, tarixi-mədəniyyət
abidələri bərpa
olunur, turizm üçün önəmli
olan nəqliyyat infrastrukturu inkişaf etdirilir.
Aprelin 28-30-da Bakıda keçirilən
1-ci Ümumrespublika Daxili
Turizm Sərgisi regionlarımızın turizm
potensialını yüksək
səviyyədə təqdimatı
üçün əlverişli
imkan oldu. Sərgiyə
gələn ziyarətçilər
hər bir regionun milli koloritini duya, Azərbaycanın zəngin
folkloru, mətbəxi
və ənənələri
ilə yaxından tanış ola bilirdilər. Stendlərlə
tanışlıqla yanaşı,
həmin bölgələrin
milli rəqslərinə
baxmaq, mahnılarını
dinləmək ziyarətçilərə
xüsusi zövq verirdi. Hələ sərgidə qoyulmuş Şəki paxlavası, Lənkəran ləvəngisi,
Qazax lavaşı, Gəncə çörəyindən
danışmırıq.
Zənginliyi, qeyri-adi
sənətkarlıq nümunələri
ilə diqqəti cəlb edən Şəki stendi ilə yaxından
İncə zövq tələb
edən sənət nümunəsi - şəbəkə
Şəkinin tanınmış
şəbəkə ustası
Tofiq Rəsulov deyir, bu peşəni
atasından öyrənib
və bu günə qədər bu sənətlə məşğul olur: «Qədim zamanlardan başlayaraq bu günümüzə qədər
gəlib çatmış
şəbəkələrdən istifadəyə böyük
maraq var. Şəbəkənin
özəlliyi ondan ibarətdir ki, yapışqan, mismardan istifadə olunmur.
Elə şəbəkə var ki, bir sırada
hətta 14 min hissə
işləmə olur və elə ən çətin başa gələni də budur. Bu
növ şəbəkəni
hazırlamaq 6 aya başa gəlir». Sənətkar bildirir ki, bütün şəbəkə növlərindən
baş çıxarır
və çətin olsa da, öz
peşəsindən zövq
alır: «Şəbəkə
hörmək üçün
peşəkarlıq azdır.
Bunun üçün
həndəsəni, riyaziyyatı
və rəsmxəti də bilmək lazımdır. Çünki
işləyərkən 1 mm
səhv etmək bütün işi korlamaq deməkdir».
Usta qeyd edir ki,
son vaxtlar Azərbaycanda
nəinki abidələrin
bərpasında, hətta
yeni tikililərdə də şəbəkədən
çox istifadə olunur: «Hotellər, abidələr üçün
sifarişlər qəbul
edirik. Şəkiyə
xarici turistlər çox gəlir. Onlar şəbəkəyə
həddindən artıq
maraq göstərirlər».
Sərgidə ustanın düzəltdiyi
şəbəkələr arasında lampa, rəhlə (üstünə
kitab qoyub oxumaq üçün açılıb-yığılan əşya), pəncərə
və digərləri
nümayiş olunur. Tofiq
usta deyir ki, əcnəbi turistlər daha çox kiçik əşyalar, məsələn,
rəhlə alırlar.
Şəbəkədə ən
çox vaxt alan isə şüşə
işləmələrdir.
Söhbət zamanı Şəkidə şəbəkə
sənətinə maraq
barədə soruşuram.
Sənətkar təəssüflə
şəbəkə sənətinə
maraq göstərənlərin
az olduğunu
dilə gətirir: «Bunun üçün Şəkidə dərnək
olsa da, gələnlər çox
deyil. Ata-baba sənətini davam etdirmək, onu ölməyə qoymamaq bizim borcumuzdur. Şəki “Sənətkarlıq
paytaxtı” elan olunub. Bunun üçün
gərək lazımi
səviyyədə işləyək
və öz suvenirlərimizi turistlərə
təqdim edək. Qoy dünyada bilsinlər ki, bizim xalq nəyə
qadirdir».
Əcnəbilər ən çox çoban papağı alır
Sərgidə ziyarətçilərin
diqqətini cəlb edən eksponatlardan biri də şəkili
usta Aqil Kərimovun əl işləri olan ağ, qara,
gümüşü rəngli
papaqlar idi. Onun da müəllimi
atası olub: «İndi keçmişdəki
kimi papağa həvəs yoxdur. Keçmişdə Azərbaycanda
650 papaqçı olub
ki, onun 250-si Şəkidə fəaliyyət
göstərib. Amma indi Şəkidə iki papaqçı var: mən və
atam».
Usta deyir ki, papaq
tikmək böyük
zəhmət və vaxt tələb edən işdir: «Bəzən bir papağın hazırlanması
bir həftəyə başa gəlir. Əvvəlcə
dəri aşınmalı,
sonra tikilməlidir. Ən bahalı papaq gümüşü rəngdə olandır. Onların qiyməti 150-180
manat arasında dəyişir. Əcnəbilərin
ən çox aldıqları çoban papağı 60-70 manata başa gəlir».
Özümüzünkülərə gəlincə,
usta alıcıları
arasında daha çox yaşlı insanların olduğunu deyir. Tofiq usta kimi, papaqçı
da sənətin itməsindən narahatlığını
dilə gətirdi: «Nədənsə gənclər
özlərinə əziyyət
verib, sənəti öyrənmək istəmirlər.
Amma öz uşaqlarım böyüyəndə
onlara mütləq öyrədəcəm».
Qədim el sənəti - təkəlduz
Sənətkarlıq nümunələri arasında
gözoxşayan al-əlvan
işləmələrlə toxunan sənət nümunələri - təkəlduz
Şəkinin stendinə
xüsusi gözəllik
qatmışdı. Bu
nümunələrin müəllifi
rəssam Güləndam
Alxasova artıq 18 ildir ki, əl
işi ilə məşğul olur: «Qədim el sənəti
olan təkəlduz qara məxmərin, yun parçanın üzərində yalnız
bir əllə toxunur. Amma qobelen
üslubunda olan tikmələr kətan parçaların üzərində
işlənir. Bu, incəlik və vaxt tələb edən sənətdir. Bəzən bir əsər 3-4 aya başa gəlir. İşləmələrdə ipək saplardan istifadə olunur. Əsasən araxçınlar,
çantalar, balınc
üzləri, süfrələr
hazırlayırıq».
Güləndam xanım həm də Şəkidə Əlillərin Reablitasiya Mərkəzinin rəhbəridir. Mərkəzdə
fiziki qüsurları olan 30-dək gənc təkəlduzla məşğul
olur: «Onlar öz əl işləri bu sənəti yaşadırlar.
Deməli, həm əlil gənclər, həm də sənət yaşayır.
Ona görə də, bu sənət
qiymətlidir».
Son vaxtlar
təkəlduzun xüsusilə
geniş yayıldığını
deyən rəssam Şəkinin Azərbaycanın
«Sənətkarlıq paytaxtı»
elan edilməsinin bu fəaliyyətə əlavə stimul verdiyini bildirir: «Şəki Şəhər
İcra Hakimiyyəti tərəfindən bizə
xüsusi qalereya ayrılıb. Beləliklə,
sənətin yaşaması
üçün dövlət
qayğısını da
hiss edirik».
Bu yazıda qədim sənətkarlıq mərkəzi
Şəkimizin yalnız
üç sənətindən
və üç sənətkarından bəhs
etdik. Yəqin ki, növbəti illərdə keçirilən
sərgilərdə digər
sənət növləri
ilə əyani tanışlıq imkanı
yaranacaq. Necə deyərlər, min dəfə eşitməkdənsə,
bir dəfə görmək yaxşıdır.
Mehparə
Mədəniyyət.- 2010.- 30 aprel.- S. 4.