Mətbuatımızın saxlanc yeri

 

   Milli Kitabxananın Mətbuat zalından hər gün yüzlərlə oxucu istifadə edir

  

   Hər gün ölkəmizdə və dünyada saysız hadisələr baş verir. Bu hadisələr barədə informasiyalar, mətbuat səhifələrində dərc olunan yazılar bir müddət keçdikdən sonra tarixə qovuşur. Bu yazıların, qəzet-jurnal materiallarının gələcək nəsillərə çatdırılması isə kitabxanaların, arxivlərin işidir. Azərbaycan mətbuatı tarixinin ən zəngin saxlanc yeri M.F.Axundov adına Milli Kitabxanadır. Kitabxananın Mətbuat zalı mətbu nəşrlərin arxivi ilə məşğuldur.

  

   Milli mətbuatımızın 135 illiyinin qeyd olunduğu bu günlərdə biz də Milli Kitabxananın mətbuatla sıx əlaqədə olan Mətbuat zalının iş fəaliyyəti ilə maraqlandıq.

   Mətbuat zalının rəhbəri Fəridə Hacıyeva bizi bölmənin işi ilə tanış etdi: “Qəzet informasiya mənbəyidir. Hər bir insanın informasiyaya ehtiyacı var. Bunun üçün də bizə müəllim də, ziyalı da, evdar qadın da, təqaüdçü də özlərinə lazım olan informasiyanı əldə etmək üçün sifariş verir. Zalımız 66 yerlikdir. Gün ərzində bu zal dəfələrlə dolub-boşalır. Mətbuat zalı kitabxanada ən çox istifadə olunan bölmələrdəndir”.

   Fəridə xanım Azərbaycan mətbuatının tarixibu günü barədə, ölkəmizdə çap olunan mətbu orqanların işi və fəaliyyəti haqqında geniş bilgilərə malikdir: Bu gün arxivimizdə mətbuatımızın təməl daşı olan “Əkinçi”dən tutmuşMolla Nəsrəddin”, ”Füyuzat”, ”İrşad”, “Kommunist”, “Kaspi” və s. bu günün sayılıb seçilən qəzet və jurnallarına qədər hər biri arxivimizdə saxlanmaqdadır. Lakin bəzən elə qəzetləri gətirib, bizə arxivləşdirmək üçün müraciət edirlər ki, həmin qəzetlər, onların işçiləri, ümumiyyətlə, mətbuata və jurnalistikaya yad ünsürlərdir. Mən belə nəşrlərə qarşı ən sərt tədbirlərin görülməsinin tərəfdarıyam”.

   Söhbətin bu yerində arxivdən qucağı qəzetlə dolu çıxan bir ağbirçək gözümüzə sataşdı. Fəridə xanım bölmənin qocaman işçisi 75 yaşlı Həyat nənədən o ki, var razılıq etdi: “Bölmədə yaşlı xanımlarımız da, gənclər də çalışır. Lakin Həyat nənə olmasa işlərimiz axsayar. O, bizim ən yaşlı işçimizdir. İşində çox dəqiqdir. Təcrübəsi sayəsində gün ərzində sifarişlərin çox olmasına baxmayaraq, yorulmur, gəncləri qabaqlayır və işini gözəl bilir”.

   Sonda Fəridə xanımın köməyi ilə Mətbuat zalının əsas və yardımçı fondları ilə də tanış olduq. Burada çalışan bu şəxslərin işini alqışlamaq gərəkdir. Sevindirici haldır ki, Azərbaycan mətbuatının belə zəngin arxivi var və ən əsası bu arxivin, mətbuat səhifələrinin keşiyini çəkən, öz işlərini sevən məsuliyyətli, fədakar insanlar var.

  

 

   Eldar İbrahimoğlu

 

   Mədəniyyət.- 2010.- 4 avqust.- S. 12.