Milli kino günündə
“Kabusun gözüylə” filmi
təqdim olundu
Avqustun 2-də Azərbaycan kinosu
günü münasibətilə təşkil olunmuş tədbirlər
çərçivəsində Heydər Əliyev
Sarayında Rüstəm İbrahimbəyovun “Kabusun
gözüylə” bədii filminin təqdimatı
keçirildi. Film Mədəniyyət və Turizm Nazirliyinin
sifarişi ilə “İbrus” şirkətində istehsal olunub.
Təqdimatda Mədəniyyət və Turizm Nazirliyinin
Kinematoqrafiya şöbəsinin, kino ictimaiyyətinin nümayəndələri,
çoxsaylı kinosevərlər iştirak edirdi.
Tədbirdə ilk
çıxış edən Azərbaycan
Kinematoqrafçılar İttifaqının katibi, Xalq artisti
Rasim Balayev Azərbaycan kinosunun 112 illiyi münasibəti ilə
kino ictimaiyyətini təbrik etdi. Ölkə
başçısının kino sahəsinin inkişafı ilə
bağlı imzaladığı sərəncamların, bununla
bağlı qəbul olunan Dövlət Proqramının əhəmiyyətini
qeyd etdi, Azərbaycan kinosunun inkişaf etməsi
üçün gənc kinematoqrafçılara daha çox
diqqət göstərilməsinin vacibliyini vurğuladı.
Sonra səhnəyə “Kabusun
gözüylə” filminin çəkiliş heyəti dəvət
olundu. Filmin prodüsseri, ssenari müəllifi və rejissoru
Rüstəm İbrahimbəyov tədbir
iştirakçılarını kino bayramı münasibəti
ilə təbrik etdi. O çıxışında bir məqamı
xüsusi qeyd etdi ki, bütün dünyada kinonun
inkişafı müstəqil kino ilə bağlıdır:
“Dövlətin göstərdiyi yardım və dəstək
kino prosesini sürətləndirmək üçün
vacibdir. Bundan əlavə, Azərbaycan kinosunun
inkişafına tamaşaçılar da dəstək
olmalıdır. Çünki istehsal olunan filmlər onlar
üçündür”.
Sonda “Kabusun gözüylə” filmi
tamaşaçılara təqdim olundu. Qeyd edək ki, film Azərbaycan-Fransa
kinematoqrafçılarının ilk birgə layihəsidir.
Rüstəm İbrahimbəyovun sözlərinə görə,
bu əsər komediya elementləri də daxil olan psixoloji dram
janrına aiddir.
Film öz ölkəsində kifayət
qədər tanınmış 50 yaşlı fransız aktyoru
və incəsənətdə ilk addımlarını atan azərbaycanlı
gənc aktrisanın münasibətlərindən bəhs edir.
Hadisələr 90-cı ilin yanvar ayında cərəyan edir.
Həmin dövrdə Bakıya gələn fransız
özündən 20 yaş kiçik aktrisaya vurulur. Çəkilişləri
Bakı və Fransada aparılan filmdə Mələk Abbaszadə,
Şükufə Yusupova, Fatimə İbrahimbəyova, Tofiq Mirzəyevlə
yanaşı, baş rolda fransız aktyoru Rişar Marten
(Fransanın Marsel şəhərinin “Turski” teatrının bədii
rəhbəri), Georgi Branev (Bolqarıstan) və
başqaları çəkilib.
Xatırladaq ki, Azərbaycan və
Fransanın birgə layihəsi olan “Kabusun gözüylə”
filminin ilk təqdimatı bir qədər əvvəl Parisdə
keçirilmişdi.
İntiqam Hacılı
Mədəniyyət.-
2010.- 4 avqust.- S. 11.