Regionlarda kənd turizmi inkişaf edir
Qax rayonunda yaradılan
turizm infrastrukturu buna bariz nümunədir
Qax rayonu turizmin
inkişafı üçün
geniş imkanlara malik bölgələrimizdəndir.
Rayonun mülayim və saf dağ iqlimi,
zəngin mineral şəfa
bulaqları, əsrarəngiz
təbiəti, şəlalələri,
düzənlik və dağ meşələri,
çayları burada turizmin inkişafı, ilboyu fəaliyyət göstərən istirahət
və turizm mərkəzlərinin yaradılması
üçün çox
əlverişlidir. Qədim tarixə
və mədəniyyətə
malik bu diyarın hər bir guşəsi turistlər üçün
əsl istirahət məkanıdır.
Qədim yaşayış məskənlərindən olan
bu ərazi tarixi abidələri ilə də diqqəti cəlb edir. Rayonda 2-si dünya, 18-i ölkə və 48-i isə yerli əhəmiyyətli olmaqla,
68 tarixi abidə mövcuddur. Ləkit
kəndindəki V əsrə
aid məbəd, VI-VII əsrlərə
aid məbəd kompleksi,
Qum kəndində V-VI əsrlərə
aid məbəd, İlisu
kəndində “Sumuq qala”, “Beş bulaq”, “Ulu körpü”
abidələri, habelə
məscid və qalalar, Ağçay kəndində “Oğlan qala, qız qala”, Oncallı kəndində Oğuz qəbiristanlığı, Qax
şəhərinin İçəri
Bazar küçəsində
Qala qapısı və divarları, habelə rayon ərazisində
yerləşən onlarla
digər abidələr
tarixilik baxımından
ziyarətçilər üçün
böyük maraq kəsb edir.
Mədəniyyət və turizm
şöbəsi tərəfindən
turistlərin abidələrə
səyahətini təşkil
etmək üçün
6 marşrut müəyyənləşdirilib.
Hazırda rayonda bir mehmanxana, “Şəfa” istirahət və müalicə pansionatı, “İlisu” pansionatı, “Yaşıl
park”, “Ulu dağ”, “Ulu”, “İmproteks” turizm və istirahət mərkəzləri,
“Qafqaz” və “Eden
park” mehmanxanaları turistlərə
xidmət göstərir.
Turizm obyektlərində yerlərin
sayı artaraq 500-ə
çatır. Turizm mərkəzlərində
qiymətlər 30-55 manat
arasında dəyişir.
2009-cu ildə rayonun turizm obyektlərində 4
min nəfərdən artıq
turist istirahət edib. 2010-cu ilin
ilk 6 ayında isə rayonda istirahət edən turistlərin sayı 2200-dən çox
olub. Rayonda kənd yaşıl,
müalicə, istirahət
turizmi daha geniş yayılıb.
Bunlardan daha çox inkişaf etmiş kənd yaşıl turizmi əsasən yerli turistlərin istifadə etdiyi turizm növüdür.
Rayonda həmçinin mövsümi
ovçuluq, atçılıq,
dağ, qış və digər turizm növlərinin inkişaf etdirilməsi üçün də münbit şərait var.
Qax rayon Mədəniyyət və Turizm Şöbəsinin inspektoru
Dilarə Əzizovanın
sözlərinə görə,
indiki məqamda insanları nə ulduzlu hotellər, nə də bir-birinə bənzəyən
mehmanxanalar, turizm obyektləri maraqlandırır.
Turistləri ən çox maraqlandıran təbiətə daha yaxın olmaqdır: «Bu səbəbdən də onlar sadə kənd evlərində qalmağa daha çox üstünlük
verir, sakit təbiət guşələrini
özlərinə məkan
seçirlər. Belə
evlərdə qalan turistlər yerli əhali ilə sıx ünsiyyət yaradaraq bölgənin adət-ənənələri, yaşayış tərzi
ilə yaxından tanış olurlar.
Qax rayonunda turizmin
bu növü - kənd yaşıl turizmi artıq öz təsdiqini tapıb. Sadə kənd evlərində
istirahət etmək istəyənlərin sayı
ildən-ilə artır.
İlisu,
Ağçay, Qaşqaçay,
Çinarlı, Qum kəndlərində
hazırda bu turizm növündən onlarla ailə yararlanır».
D.Əzizova deyir ki, rayonun təbii sərvətləri, zəngin
fauna və florası burada ekoturizmin inkişafına da böyük təkan verib. Qaxda xüsusilə dağ, qış və piyada turizmi inkişaf etməkdədir:
«Bundan əlavə, Qax rayonu kurort
sərvətləri cəhətdən
də çox zəngindir. Lakin bu imkanlardan
o qədər də geniş istifadə olunmur. Bol mineral su ehtiyatlarının
varlığı rayonda
iqlim-balneoloji kurort zonalarının yaradılmasını
zəruri edir. İlisu və Sarıbaş kəndlərində yer üzünə çıxan
termal bulaqlar qədimdən xalq təbabətində yel xəstəliyinə qarşı
istifadə olunur.
Hamam çayı sahilindəki
Oğlan bulaq, Qız bulaq və hamam adlanan
hovuzlar oraya gedən yüzlərlə
xəstəyə şəfa
bəxş edir.
Əksər hallarda bu bulaqların suyu hədər yerə axıb gedirdi. İndi həmin bulaqların suyu borularla “Ulu dağ” istirahət
mərkəzinə gətirilir.
İnsanlar hər cür
şəraiti olan rahat otaqlarda bu müalicəvi sudan istifadə etməyə başlayıblar».
Fəxriyyə Abdullayeva
Mədəniyyət.-
2010.- 4 avqust.- S. 9.