Qələm
adamı
Mustafa Çəmənli
barlı-bəhərli yazıçıdı.
Yazdığı kitabların sayı da, sanbalı da ildən
ilə artır...
Mustafa Çəmənli
maraqlı yazıçıdı. Hansı janrda, hansı
mövzuda yazırsa yazsın, oxunur...
Mustafa Çəmənli ürəkli
yazıçıdı, yazdıqlarını ürəklə,
sevə-sevə yazır...
Mustafa Çəmənli
zamansız yazıçıdı. Yazdıqları faktdı,
həqiqətdi, tarixdi...
Mustafa Çəmənli həm də
taleli yazıçıdır, ədəbiyyatımıza 21
yaşında “Ləpirlər” hekayəsi ilə gəlib. 40 ilə
yaxındır ki, onun ləpirləri ədəbiyyatımızda,
publisistikamızda qeyri-adiliyi, yeniliyi ilə seçilir. Odur
ki, qismətinə düşən yazıçı taleyini
gileylənə-gileylənə yox, sevə-sevə
yaşayır. Özü demişkən,
yazıçılıq adama var-dövlət gətirmir, amma
elə bilirsən ki, yazmasan bunları daha heç kim
yazmayacaq...
Həmsöhbətimiz yazıçı-publisist Mustafa
Çəmənlidir. Söhbətimizi
kitablarının adı üzərində qurmağa
çalışdım.
- “Mənim
dünyamın adamları” ilk kitabınızdır. Sizin
dünyanızda kimlər vardı?
- Ağdam rayonunun Çəmənli
kəndində anadan olmuşam. Atamı çox
erkən yaşımda itirmişəm. Babam
Məhəmmədin himayəsində böyüyüb, onun tərbiyəsini
almışam. Uşaq yaşlarımda
atamın yoxluğunu dərk edib dünyanı daha tez
tanımışam.
Təbiətin
içində böyüdükcə təbiəti çox
sevmişəm, sübh tezdən meşəyə
qaçıb əncir ağacının başına
dırmaşmışam, meşənin səsinə qulaq
asmışam və sonralar bilmişəm ki, sən demə, dərdiyim
o əncirlər, o narlar halalca malımız imiş. O
bağ vaxtı ilə anamın dayısının olub. Şura hökuməti qurulanda Musa dayım kolxoza girmədiyinə
görə sürgün olunub, gedib qayıtmayıb. Təəssüflər olsun ki, sonralar bu meşəni
qırıb yerində pambıq əkdilər. Əlim heç yerə çatmasa da, “Meşə
yeri” adlı bir hekayə yazdım.
Düzdü, evimizdə
yazan-pozan yox idi, amma babam sənət adamlarına çox
qayğı ilə yanaşırdı. O zaman deyirdilər
ki, Şuşa Qafqazın
konservatoriyasıdır, Ağdamın konservatoriyası isə
Abdal-Gülablı kəndi idi. O kənddə çoxlu xanəndələr,
aşıqlar, sənətkarlar yaşayırdı. O zaman
dolanışıq çətin idi, amma babamın
imkanları geniş olduğundan daima evimizdə
çal-çağır olardı. Mən də
uşaq marağı ilə bunlara qulaq asardım. Bəlkə də babamın himayəsində
yaşadığıma görə idi, lap kiçik
yaşlarımdan uşaqlara qoşulub oynamaqdansa, yaşlı
kişilərin söhbətinə qulaq asardım. Onların danışdıqları mənə
nağıl kimi gələrdi, amma böyüyəndə
bildim ki, bunlar nağıl deyil, bunlar 30-cu, 37-ci illərin real
hadisələridir.
“Mənim
dünyamın adamları” ilk kitabım oldu.
O, səsləri
axtardı və tapdı
- Dünyada çoxlu itirilmiş səslər
var. Necə oldu ki, “İtirilmiş səslər”i axtarıb tapmaq
qərarına gəldiniz?
- Unudulmuş insanları
axtarıb, arayıb radioya verilişlər
hazırlayırdım, bir dəfə radioda gördüm ki,
beli bükülmüş bir xanım koridorda o yan, bu yana gedir. Dedilər ki, bu adam
deyir ki, mən vaxtı ilə müğənni olmuşam,
müharibəyə gedəndən sonra səsimi itirmişəm.
Onunla tanış oldum, məlum oldu ki, onun
dedikləri həqiqətdir, bu xanım Bikə Səmədzadədir.
Onun adına dövrü mətbuatda rast gəlmişdim.
“Yadigar səslər” adlı bir veriliş
hazırladım, Bikə Səmədzadə o verilişdə
həm də Üzeyir Hacıbəyovun oxunmayan
mahnılarını oxudu. Sonra bu hadisə
əsasında “İtirilmiş səs” adlı hekayə
yazdım. İkinci kitabım belə
yarandı.
- Həm də o qənaətdəsiniz
ki, “Səs qərib olmur”.
- “Səs qərib
olmur” bədii əsərim olsa da, həm də sənədli
hekayədir, mayasında real həyat hadisələri
dayanır. Bu kitabda povestlərimlə
yanaşı, 21 nəfər sənətkar haqqında portret
oçerklərim çap olunub. Kitabın adına gəldikdə isə Əhsən
Dadaşov haqqında bir yazı oxumuşdum, o deyirdi ki,
tarın nəyə qadir olduğunu 1961-ci ildə İstanbulda
qastrolda olarkən bilib. Səhnəyə çıxıb
“Rast” ifa edərkən birdən görüb ki, çox
yaşlı bir kişi salonda oxuyur. Konsertdən sonra o kişini axtarıb tapıb.
Məlum olub ki, vaxtı ilə Azərbaycanı
tərk etmiş, bizim xanəndəmiz Məşədi Məmməd
Fərzəliyevdir. Bu hadisə o zaman mənə o qədər
təsir elədi ki, “Səs qərib olmur” kitabını
yazdım...
- Xatirələr hərəsi bir
ovqatda, bir rəngdə, bir səsdə olur. Amma
“Nəğməli xatirələr”in özgə ovqatı var.
- Bir dəfə rəhmətlik Yavər
Kələntərlini danışdırmaq eşqinə
düşdüm. O vaxtlar diktofon yox idi, bu söhbətin xətrinə
maqnitofon alası oldum. Yavər Kələntərli
o qədər söhbətcil, rəvan danışan bir insan
idi ki, iki gün onunla söhbət edim. Mənə
hər şey danışırdı, amma o zaman hər
şeyi yazmaq olmazdı.
Yazını
hazırlayıb “Sovet kəndi” qəzetinə verdim. Bu yazını o qədər ləngitdilər ki, bir
ildən sonra Yavər xanım dünyasını dəyişdi.
“Nəğməli xatirələr” adlı
böyük bir yazı hazırlayıb “Azərbaycan”
jurnalına verdim. Sonra “Nəğməli
xatirələr” kitabım çap olundu.
Əvvəli
və sonu olmayan roman
- Muğam sənətinin bəyi,
sultanı çox olsa da, siz “Muğam dünyasının
Xanı”ndan yazdınız...
- Xan əmi
uşaqlığımın, gəncliyimin xanəndəsi idi.
Gözümü açandan onun barəsində
rəvayətlər, əfsanələr, nağılabənzər
söhbətlər eşitməmişəm. Xan əminin
“Şur”una, “Rast”ına patefon vallarında
qulaq asmışam. Tələbə olarkən
filarmoniyaya gedərdim, görərdim ki, xanəndələr
Xan əminin başına yığışıb, mən ona
heyranlıqla baxardım, amma yaxınlaşmağa cürət
eləməzdim. Sonra elə oldu ki, onunla tanış
olduq, 75 yaşı olanda evində onun səsinə qulaq
asdım. Bir dəfə dedim ki, Xan əmi, niyə
indi filarmoniyada oxumursunuz? Dedi ki, mən Xanam, bir dəfə mənim
səsimi eşitdikləri kimi eşitməsələr, mən
bunu özümə bağışlamaram. Xan əmi
səsinə və şəxsiyyətinə hörmət edən
sənətkar idi. Xan əmidən kitab
yazarkən onunla çiyin-çiyinə işləyən,
Xan əminin tələbəsi olan, onu yaxından tanıyan
insanların xatirələrini topladım, üstəlik
bunların hər biri haqqında ensiklopedik məlumat
yazdım. Özüm də Xan əminin
evində olanda Xan əmi “Şur” dərsi keçmişdi,
xatirə hekayə yazdım, adını da - “Şur dərsi”
qoydum. Hörmətli tənqidçimiz
Vaqif Yusifli bu kitabı əvvəli və sonu olmayan roman
adlandırmışdı.
Doğma səslər
- O zaman səs səs olur ki, “Səsin
ruhu” olur.
- Bir nəfər təəccüblə
soruşdu ki, doğrudanmı səsin ruhu olur? Mən onu
başa sala bilmədim ki, gecənin bir yarısı Səxavət
Məmmədovun səsinə qulaq asıb , onu məclisdə
gözümün qabağına gətirirsən,
görürsən ki, ona qulaq asan var, heyranlıqla o səsi
udan var, o səsdən ayrılmaq istəməyən var, o
zaman səsin ruhu olduğuna inanmaya bilmirsən.
- “Oxu gözəl...”in də öz
tarixçəsi var...
- Şövkət
xanımdan yazdığım birinci kitab
sağlığında çap olundu. Bu
kitabda Şövkət xanımın dövrünü - 37-ci
ildən ta sağlığına qədər olan dövrü
əhatə etmişdim. Ancaq bu kitabı
“Oxu gözəl...” adı ilə çap olmağa
qoymadılar. “Oxu gözəl...” mahnısının sözləri
Səməd Vurğunun, musiqisi Səid Rüstəmovundur.
İlk dəfə də Şövkət
xanım bu mahnını Səməd Vurğunun yubiley gecəsində
oxuyub. Halbuki Səməd Vurğun xəstə
olduğu üçün o gecədə iştirak edə bilməyib.
Şövkət xanım bu hadisəni mənə
təsirli danışmışdı deyə, mən də təsirli
yazmışdım. Kitabın adı isə
“Şövkət Ələkbərova” oldu.
Vaxt gəldi mərhum prezidentimiz
Heydər Əliyev fərman verdi ki,
Şövkət xanımın yubileyi keçirilsin və onun
barəsində kitab hazırlansın. O kitabı təkrar
hazırladım, xatirələr əlavə elədim və
kitab “Oxu gözəl...” adı ilə çap olundu.
- Səhv etmirəmsə, “Sənətkar
ömrünün izləri” itmir.
- Elədi, gəncliyimdə opera sənətində
çalışan sənətkarlardan yazmaq istəyirdim.
Xanlar Haqverdiyev adına çox rast gəldim,
Bəhram Mənsurova zəng edib belə bir adamın
olub-olmadığını soruşdum. Dedi ki, bu adam sağdır. O adamla görüşüb
taleyini yazdım. Məlum oldu ki, bu adam bəy nəslindəndi,
onu çox incidiblər, 1938-ci ildə Aşqabada gedib, orada fəaliyyət
göstərən Dövlət Opera və Dram Teatrında
çalışıb, operalarımızın baş
rollarını ifa edib, ən böyük uğurlarından
biri isə Koroğlu rolunu ifa etməsi olub. 1939-cu
ildə SSRİ üzrə 11 nəfərə Əməkdar
artist adı veriblər ki, onlardan biri də Xanlar Haqverdiyev
olub. “Sənətkar ömrünün izləri”
bu mənada itmir.
- “Leyli və Məcnun”
100 il səhnədə” böyük bir əməyin ürəkaçan
nəticəsidir. Yüz ili bir kitaba
sığışdırmaq yəqin ki, asan olmadı.
- 2008-ci ildə “Leyli və Məcnun”un 100 illiyi olacaqdı. Ona görə də
2006-cı ildən başlayaraq iki il sərasər
o işlə məşğul oldum, arxivləri
arayıb-axtardım, “Leyli və Məcnun 100 il səhnədə”
kitabını yazdım. Bu kitab sənədli-bədii
ensiklopediyadır. Bu kitab üçün
arxivlərdən, evlərdən 500-ə yaxın şəkil
toplamışdım, kitaba 345 şəkil salındı.
Kitabın çapına göstərdiyi köməyə
görə Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürümü
bildirirəm. Çünki bu kitab mənim
30 illik zəhmətimin bəhrəsidir.
- Siz eyni zamanda “Burdan bir atlı
keçdi”, “Fred Asif”, “Mən olmayanda dostum ol”, “Ruhların
üsyanı” kimi dəyərli kitabların və
adını çəkmədiyimiz neçə-neçə
kitabların müəllifisiniz. Ancaq qəsdən
40 yaşında yazdığınız və şah əsəriniz
sayılan “Xallı gürzə” tarixi romanınızı sona
saxladım. “Xallı gürzə” sevilən bir roman
oldu...
- Bu kitab XVIII əsrin tarixi şəxsiyyətlərindən
olan Pənah xandan bəhs edir. Qələmə
aldığım bu kitabda faktlara, hətta hər sözə,
ifadəyə olduqca diqqətlə, ehtiyatla
yanaşmışam.
Mustafa Çəmənli
üzərinə düşən missiyanı heç bir təmənna
güdmədən, qapılar döymədən, böyük
işlər görmüşəm, demədən
daşıyır. Fakt isə fakt olaraq qalır: Mustafa
Çəmənli 40 ilə yaxındır ki, mədəniyyətimiz,
incəsənətimiz yolunda qələm çalır.
Təranə
Məmmədova
Mədəniyyət.-
2010.- 4 avqust.- S. 7.