Şamaxıda
rəssamların yaradıcılıq emalatxanasının sərgisi
keçirildi
Rayonun
Rəsm Qalereyasının fonduna 24 əsər təqdim edildi
Mədəniyyət və Turizm
Nazirliyinin ölkəmizdə təsviri sənətin
inkişaf etdirilməsi, regionlarda bu sənətə
marağın artırılması, rəsm
qalereyalarının fondlarının zənginləşdirilməsi
məqsədilə iyulun 24-30-da Şamaxıda təşkil
etdiyi rəssamların yaradıcılıq emalatxanası
maraqlı sərgi ilə başa çatdı. Şamaxı
Mədəniyyət Evində düzənlənən sərgidə
yaradıcılıq emalatxanasında çəkilən əsərlər
nümayiş olunurdu.
Tədbirdə Mədəniyyət
və Turizm Nazirliyinin regionlarla iş sektorunun məsləhətçisi
Elnur Hüseynov, Şamaxı Rayon Mədəniyyət və
Turizm Şöbəsinin müdiri Məleykə Kamilova, rəssamlardan
Yaşar Əliyev, Arzu Əsgərov, Şamaxı Rəsm
Qalereyasının və rayonun digər mədəniyyət
müəssisələrinin işçiləri iştirak
edirdi. Tədbirdə ilk çıxış edən Məleykə
Kamilova vurğuladı ki, son illər bölgələrdə
təsviri-incəsənət sahəsində keçirilən
tədbirlərin sayı artmaqdadır: “Bizim üçün
sevindirici haldır ki, belə tədbirlərdən biri də
bu günlərdə Şamaxıda keçirildi. Buna görə
biz Mədəniyyət və Turizm Nazirliyinə öz təşəkkürümüzü
bildiririk. Şamaxıda keçirilən rəssamların
yaradıcılıq emalatxanası bölgədə gənc rəssamlara
yeni ruh verdi. Onlar rayonumuza ezam olunmuş peşəkar rəssamlar
tərəfindən ustad dərsləri almaqla bir daha biliklərini
möhkəmləndirdilər”.
Mədəniyyət və Turizm
Nazirliyinin regionlarla iş sektorunun məsləhətçisi
Elnur Hüseynov isə bildirdi ki, 2008-ci ildən başlayaraq Qəbələ,
Şəki və Qaxda bu tip emalatxanalar təşkil edilib və
həmin rayonların rəsm qalereyalarının fonduna onlarla əsərlər
daxil edilib: “Mədəniyyət və Turizm Nazirliyi bundan sonra
da bölgələrdə bu tip tədbirlərin keçirilməsini
təşkil olunmasında maraqlıdır. Əvvəlki illərə
diqqət yetirsək təsviri sənətlə bağlı
layihələrin az olduğunu görərik. Amma son illər
bu sahədə istər paytaxtda, istər bölgələrdə
müxtəlif layihələr həyata keçirilir.
Bugünkü tədbirin də böyük önəmi var. Rəssamların
təması, ustad dərsləri, rəsm qalereyalarının
fondunun yeni əsərlərlə zənginləşdirilməsi
və bu sahəyə marağın cəlb olunması təsviri
sənətin inkişafına zəmin yaradır”.
Nazirlik təmsilçisi bu tədbirin
gənc rəssamların və tələbələrin həyatında
böyük təsiri olacağına ümidvar olduğunu
vurğuladı: “Bu gün Azərbaycan təsviri sənətinə
dünyada böyük maraq var. Almaniya, Fransa və digər
ölkələrdə rəssamlarımızın əsərlərinin
sərgiləri keçirilir. Rəssamlarımız müxtəlif
beynəlxalq simpoziumlarda iştirak edir. Bu ənənəni
davam etdirmək üçün belə tədbirlərin əhəmiyyəti
böyükdür”.
Çıxışlardan sonra tədbir
iştirakçıları bir həftə ərzində
peşəkar və tələbə rəssamlar tərəfindən
təbiət qoynunda çəkilən əsərlərlə
tanış oldular. Rəssam Arzu Əsgərov Şamaxı
şəhərində keçirilən tədbiri yüksək
qiymətləndirdi. O bildirdi ki, rəssamların təbiət-məişət
janrında işlədiyi bu əsərləri yüksək dəyərləndirmək
olar: “Şamaxının gözəl təbiəti və
ab-havası rəssamların əsərlərində əks
olundu. Realizm, abstraksionizm üslubunda olan təsvirlər
çox dolğun idi. Bundan əlavə, tələbələrə
ustad dərslərində yağlı və sulu boya ilə
işlənmə texnikaları başa salındı”.
Rəssam Yaşar Əliyev isə
bu cür tədbirlərin gənc nəsil üçün
bir örnək olduğunu vurğuladı: “Tələbələrin
peşəkar rəssamlarla təbiətin qoynunda birgə
çalışması onların inkişafına təkan
verən amildir. Etiraf edək ki, bölgələrdəki dərnəklər
peşəkar səviyyədə deyil. Bu baxımdan rayonlarda rəssamların
yaradıcılıq emalatxanasının təşkil
olunması bu peşəkarlığın yaranmasına da xidmət
edəcək”.
Qeyd edək ki, Şamaxıda təşkil
olunan yaradıcılıq emalatxanasında iştirak edən
10 rəssamın hamısı Rəssamlar
İttifaqının üzvləri idi. Tədbirə
Ağdaş, Ağsu, Qobustan, Kürdəmir və
Göyçay rayonunun gənc rəssamları, uşaq incəsənət
məktəblərinin tələbələri də
qatılmışdı.
Yaradıcılıq
emalatxanasının fəaliyyətinin nəticəsi olaraq
peşəkar rəssamlar və tələbələrin
çəkdikləri 24 rəsm əsəri Şamaxı Rayon
Rəsm Qalereyasının fonduna qəbul edildi. Onu da qeyd edək
ki, bu cür tədbirlər sentyabr ayından başlayaraq
respublikamızın müxtəlif bölgələrində
davam etdiriləcək.
İntiqam Hacılı
Mədəniyyət.-
2010.- 4 avqust.- S. 6.