«Azərbaycanın
gözəl təbiətinə, zəngin mədəniyyətinə
valeh olmuşam»
Mərakeş Afrikanın
şimalında yerləşən ərəb ölkəsidir.
Aralıq dənizi və Atlantik okeanı boyunca geniş sahil
zolaqları olan ölkədə turizm sektoru geniş
inkişaf edib. Dünyanın bir çox ölkələrindən
Mərakeşə turistlər səfər edir.
Azərbaycanla Mərakeş
arasında əlaqələrin tarixi 90-cı illərin əvvəlindən
başlayır. 1991-ci ilin dekabrında Mərakeş Azərbaycanın
müstəqilliyini ilk tanıyan ölkələrdən olub.
1992-ci il avqustun 25-də Azərbaycanla Mərakeş dövləti
arasında diplomatik münasibətlər qurulub. Ölkələrimiz
beynəlxalq təşkilatlarda, o cümlədən İslam
Konfransı Təşkilatı çərçivəsində
əməkdaşlıq edir. İkitərəfli əlaqələr
ən müxtəlif sahələri əhatə edir. Ölkələrimizin
bir-birinə marağı getdikcə artmaqdadır.
Mərakeşin Azərbaycandakı
fövqəladə və səlahiyyətli səfiri Həsən
Hami ilə söhbətimizdə iki ölkə
arasındakı münasibətlərə, bu əlaqələrin
gələcək inkişaf perspektivlərinə toxunduq.
- Cənab səfir, Azərbaycanla Mərakeş
arasındakı əlaqələrin bugünkü vəziyyətini
necə qiymətləndirirsiniz? Ölkənizin Azərbaycanla əməkdaşlıqda
prioritetləri nədən ibarətdir?
- Azərbaycanla Mərakeş
arasındakı münasibətlərin səviyyəsi
çox yaxşıdır. Azərbaycan prezidenti İlham Əliyevin
və Mərakeş kralı VI Məhəmmədin şəxsi
münasibətləri bu əməkdaşlığa
mühüm zəmindir. Ölkələrimtz beynəlxalq səviyyədə
bir-birinə sıx dəstək verir. Azərbaycanın Mərakeşdə,
Mərakeşin Azərbaycanda səfirliklərinin fəaliyyət
göstərməsi də ölkələrimiz arasında əlaqələrin
yüksək səviyyəsini təsdiqləyir. Bildiyiniz kimi,
öncə Azərbaycan 2006-cı ilin sentyabrında Mərakeşdə
səfirlik açdı, sonra, 2008-ci ilin noyabrında Bakıda
Mərakeş səfirliyi fəaliyyətə başladı.
İnanıram ki, mənim Azərbaycandakı fəaliyyətim
qardaş ölkələrimiz arasında münasibətlərin
genişləndirilməsinə kömək edəcək.
Ümumiyyətlə, Azərbaycanla Mərakeş arasında
çoxlu oxşarlıqlar var. Azərbaycan regionda
balanslaşdırılmış dialoq aparır. Biz bu siyasəti
dəstəkləyirik, çünki Mərakeş də
qonşu ölkələr və regionlarla eyni siyasəti aparır.
Biz həmçinin Qarabağ məsələsində Azərbaycanın
diplomatik səylərini dəstəkləyirik və
inanırıq ki, ədalət sizin tərəfinizdədir.
- Hər iki ölkənin mədəniyyəti
qədim tarixə malikdir. Bu sahədə əlaqələrin
inkişafını necə dəyərləndirirsiniz?
- Bu sahədə əlaqələrimiz
də genişlənir. Ötən il Azərbaycanda Mərakeş
mədəniyyət günləri keçirildi. Bu ilin
oktyabrında isə Mərakeşdə Azərbaycan Mədəniyyət
Günlərinin keçirilməsi
planlaşdırılır. Düşünürəm ki,
bütün bunlar ölkələrimiz arasında mədəni
əlaqələri daha da inkişaf etdirəcək. Bundan əlavə,
bir məqamı da vurğulamaq istərdim. Bu ilin
payızında Mərakeşin hökumət nümayəndə
heyətlərinin Azərbaycana səfərləri nəzərdə
tutulub. Mərakeş nazirlərinin səfəri zamanı mədəniyyət
və turizm sahəsində əməkdaşlıq, eləcə
də qarşılıqlı vergiqoymanın ləğvi sahəsində
sazişlərin imzalanması gözlənilir.
Azərbaycanın zəngin mədəniyyəti
var. Sizin ölkəniz tarixən Şərqlə Qərb
arasında körpü rolu oynayıb. Bu baxımdan burada
müxtəlif mədəniyyətlər sintez olunub. Bu gün
də Azərbaycanda çoxlu millətlərin nümayəndələri
yaşayır və bu yaxşıdır. Lakin onlar eyni dəyərləri,
eyni mədəniyyəti bölüşürlər.
Bütün bunlar bizim üçün çox maraq kəsb
edən məqamlardır.
- Burada olduğunuz müddətdə
ölkəmizin regionlarına necə, səfər etməyə
vaxt tapmısınızmı?
- Demək olar ki, Azərbaycanın
bir çox yerlərində olmuşam. Qəbələ, Lənkəran,
Şəki, İsmayıllı, Quba və digər bölgələrə
səfər etmişəm. Qeyd edim ki, bölgələriniz mənə
çox gözəl təsir bağışlayıb.
Doğrudur, paytaxtınız Bakı da gözəldir və o,
günü-gündən daha da inkişaf edir. Amma
rayonlarınızın təbii gözəlliyinə, bu
bölgələrdə olan zəngin tarixi-mədəni abidələrə
valeh olmuşam. Ona görə də bu yerləri bir daha təkrarən
gəzmək istərdim. Lənkəran və
Naxçıvana səfərlərim xüsusilə yaddaqalan
olub. Bu bölgələrin tarixi abidələrini, təbii mənzərəsini,
mətbəxini çox bəyəndim. İnşallah, vaxt
tapıb yenə də bu yerlərə gedəcəm. Bir məqamı
da xüsusi vurğulamaq istərdim ki, mən sizin regionlara səfir
kimi deyil, adi vətəndaş kimi gedirəm. İstəmirəm
desinlər ki, rayona filan ölkənin səfiri gəlib.
Çünki azərbaycanlılara bir qədər hörmət
edəndə, onlar sənə daha çox hörmət
göstərirlər. Amma əgər mən özümü
adi vətəndaş kimi aparsam, onda daha da sərbəst
oluram. Yoxsa səfir kimi getsəm bu, rəsmi alınır.
Regionlarınızda tarixi yerləri gəzməyi çox
xoşlayıram. Bilirsiniz, ümumiyyətlə, əgər sən
hər hansı tarixi yerdəsənsə, fərq etməz ki,
sən mərakeşli, azərbaycanlı və ya
amerikalısan. Çünki tarix bütün dünyaya məxsusdur.
Mənim üçün millətlər yox, insanlar,
varlıqlar mövcuddur. Ona görə də mən millətləri
deyil, insan mövcudatını görmək istəyirəm.
Çox vaxt Bakıda gəzintiyə çıxarkən də
belə edirəm. Məsələn, şəhərə
çıxıram, bir yerdə əyləşib sərbəst
gəzir, kofe və ya çay içirəm. Mənim
Bakıda azərbaycanlı dostlarım var və onlardan
Bakıdakı görməli yerlər haqqında soruşuram.
Bir sözlə, özümü rəsmi şəxs, diplomat
kimi deyil, adi insan kimi aparmaq istəyirəm.
- Azərbaycanlı dostlardan
söhbət düşmüşkən, bu günə qədər
heç azərbaycanlı ailəsində qonaq olmusunuz?
- Bəli, olmuşam. Və yenə
deyim ki, onlar məni səfir kimi deyil, adi dost, insan, əcnəbi
qonaq kimi öz evlərinə dəvət etmişdilər.
Çox sadə adamlar idi. Bu baxımdan azərbaycanlıların
adət-ənənlərini, xüsusiyyətlərini bilirəm.
Onlar qonaqpərvər, açıqqəlbli insanlardır. Qonağa
çox hörmət edirlər. Bir xüsusiyyətiniz də
odur ki, qonaq gələrkən masanın üstünə
çoxlu yeməklər düzürsünüz. Deyim ki, mən
bu ailə ilə dostam və belə dost münasibətlər
mənə kifayət edir.
- Cənab səfir, bizim milli mətbəximizlə
aranız necədir? Burada ən çox bəyəndiyiniz yemək
hansıdır?
- Azərbaycanda çoxlu yemək
növləri var və onlar çox yeməyi sevirlər.
Burada olduğum müddətdə müşahidə etmişəm
ki, insanların çoxu kabab yeməyi sevirlər. Amma bunu hər
gün yemək heç də yaxşı deyil. Mənim
pomidor, xiyar və göyərtilərdən hazırlanan
salatlarınız xüsusilə çox xoşuma gəlir.
Plovlarınızı da bəyənirəm.
- Boş vaxtlarınızı necə
keçirirsiniz?
- Boş vaxtlarımda mütaliə
etməyi sevirəm. Müxtəlif mövzularda, məhəbbət,
macəra, tarixi mövzularda kitablar oxuyuram. Hər gün vaxt
tapıb internetdə xəbərlərlə tanış
oluram. Mən 5 dil bilirəm. Hər gün bu dillərdə
mütaliə etmək, internetdə xəbərləri oxumaq həm
də dilləri unutmağa imkan vermir. Boş vaxtlarımda
İçərişəhərə getməyi də sevirəm.
Bu yer mənə Mərakeşin Kasablanka şəhərini
xatırladır.
- Bakıda olduğunuz müddətdə
konsertə, teatr və operaya getməyə vaxt
tapmısınızmı?
- Konsertlərə tez-tez gedirəm.
Sizin operanız, musiqiniz, teatrınız, böyük sərgi
mərkəziniz var. Mən vaxt tapan kimi onların
hamısında oluram. Azərbaycan muğam musiqisini çox
sevirəm. Qeyd edim ki, muğam Mərakeşdə də ifa
olunur. Amma bu musiqi sizin musiqiçilərin ifasında daha fərqli
və gözəl səslənir.
- Cənab səfir, ölkələrimiz
arasındakı turizm əlaqələri haqqında nə deyə
bilərsiniz?
- Azərbaycanla Mərakeş
arasında turizm əlaqələri hələ ki təşəkkül
tapmayıb. Mərakeşin böyük turizm imkanları var və
ölkəmiz bu sahədən çox böyük gəlir əldə
edir. Bu baxımdan gələcəkdə ölkələrimiz
arasında turizm sahəsində əlaqələr qurulsa, Azərbaycan
Mərakeşdən çox şey öyrənə bilər.
Yuxarıda qeyd etdiyim kimi, bu ilin payızında Mərakeş
hökumət nümayəndə heyətinin Azərbaycana səfəri
zamanı, digər sahələrlə yanaşı, turizm sahəsində
sazişin imzalanması da gözlənilir.
Mehparə
Mədəniyyət.-
2010.- 4 avqust.- S. 5.