Bilgəh
Tariximizin
yaddaşı: Bakı kəndləri
Bilgə
xanın Bilgəhi...
Bilgəh qəsəbəsi
şimal və şərqdən Xəzər dənizi ilə əhatələnib,
cənubdan Buzovna, qərbdən Nardaran və Maştağa qəsəbələri
ilə qonşudur. Kəndin əhalisinin sayı 11 min nəfərdir.
Bilgəhdə vaxtilə xalçaçılıq, ipəkçilik,
toxuculuq inkişaf edib. Kəndin indiki sakinləri isə əsasən
əkinçilik və gülçülüklə məşğul
olurlar. Kəndin adı bəzi mənbələrdə
bataqlıq yer mənasını verən “bilgəh” kəlməsi
ilə əlaqələndirilir, bir başqa mənbələrdə
isə barama yeri, ipək istehsal edilən yer anlamında olan
“piləgah” sözü ilə izah edilir.
Üçüncü versiya kimi kəndin adının Bilgə
xaqanının adından götürüldüyü
bildirilir. Ehtimal olunur ki, böyük türk xaqanı Bilgə
xanın nəslindən olan şəxslər bu kəndin əsasını
qoyublar. Böyük tarixçi A.A.Bakıxanov
“Gülüstani-İrəm” əsərində Bilgəhin
adını çəkir. Müəllif Şirvanın qədim
tarixindən (ərəblərin Qafqaza gəlməsinədək)
danışarkən qeyd edir ki, Bakı qəzasında Bilgəh,
Zirə, Bibiheybət və digər kəndlərdə qayalar
üzərində təkər izləri var ki, dənizin
içərisinə doğru keçir. Bilgəh, Zirə,
Bibiheybət kəndlərindən bəhs edir. Hacı Qalib
Salahzadənin “Bilgəh” adlı kitabında
Şirvanşahların XIII-XIV əsrlərdə Bilgəhdə
hərbi postunun olduğu qeyd edilib.
Eradan əvvəl üçüncü minilliyə aid qaya təsvirləri, XII-XIV əsrlərə aid qala, Əbdül məscidi (XIV əsr), “Leyla xanım türbəsi” (XIII-XIV əsr), Sadıq məscidi (XVIII əsr), Qum hamamı (XVII-XVIII əsr), Baği hamamı (XIII-XIV əsr), Əlbəndə hamamı (XIX əsr), XVII əsrdən qalan karvansara və s. abidələr Bilgəhin tarixi haqda çox şeylər deyir.
“Bilgəh” kitabında qeyd olunur ki, VIII əsrdə İmam Museyi-Kazımın qızı Leyla, İmam Rzanın qızı Mübahidə düşmən təqiblərindən qaçaraq Bilgəhdə yaşamışlar. Əslində bu qədim Abşeron kəndi onların pənah yeri olub. Xəzərin şərqində salınmış bu kiçik kənd böyük şəxsiyyətləri ilə tanınır. Şeyx Bağır ağa, Şeyx Rüstəməli, Molla Xalıq kimi görkəmli din xadimləri, Abşeron sakinlərinin hörmətlə xatırladıqları Hacı Əlbəndə, Molla Baba kimi xeyirxah insanlar Bilgəhdə yaşayıblar. Bütün bunlarla yanaşı Bilgəh həm də Azərbaycan elminə və mədəniyyətinə nəhəng simalar verib. Görkəmli bəstəkar Tofiq Quliyev, musiqişünas Elmira Nəzirova, şair Zeynal Cabbarzadə, incəsənət xadimləri Mirmahmud Kazımovski və Rauf Kazımovski Bilgəhdə dünyaya gəliblər.
Bilgəh zəfəranı
Hər bir kəndin özünəməxsus simvolu olduğu kimi, Bilgəh deyəndə də ilk yada düşən zəfəran olur. Zəfəranın vətəni İspaniya olsa da, Bilgəh zəfəranı keyfiyyətcə heç də ondan geri qalmır. Hələ XIX əsrdə Bilgəh zəfəranı şöhrət qazanıb. Bakı kəndləri içərisində ən çox zəfəran istehsalı Bilgəhdə idi. O illərdə zəfərançılıq vacib gəlir mənbələrindən biri sayılırdı. Bu dəyərli məhsulun əsas hissəsi İrana ixrac olunurdu. Sovet dövründə yeganə olan Bilgəh “Zəfəran” sovxozunun istehsal etdiyi məhsul bütün SSRİ-də tanınırdı.
Tarixi vərəqləyərkən...
Günorta vaxtı olduğundan hava çox isti idi. Kəndin
icra nümayəndəsi
Mirxalıq Ağayev havanın çox isti olmasına görə “Siz də sərinlərdə
gəlin də...bu istidə də həvəs var e sizdə...” deyib məni kəndin bütün abidələri ilə deyil, yalnız bir neçə abidəsi ilə tanış etdi.
Məlum olduğu kimi,
qədim insanların yaşayış məskəni
və qaya təsvirləri Abşeron
yarımadasında çox
müşahidə edilir.
Bu abidələr Abşeron ərazisində
daş dövründən
tunc dövrünə
keçid mərhələsinə
təsadüf edir.
Bilavasitə yarımadanın şimal-şərq hissəsində
bu günədək aşkar edilmiş qədim dövrə aid abidələrdən hələlik
ən qiymətlisi Ümidqaya abidəsidir.
Bu abidə Bilgəh
və Nardaran qəsəbələri arasında
yerləşir. Burada Ümidqayanın
zirvəsində göy
cisimləri təsvir edilib. Bu təsvirlər
tunc dövrünə
(e.ə. III minillik)
aid edilir. Qaya və daş üzərində müxtəlif
oyma və cızma üsulları ilə işlənmiş bu təsvirlərdə ov səhnələrinin, təsərrüfat sahələrinin,
adət və ənənələrin əks
etdirilməsi nəinki
haqqında bəhs olunan bölgənin, bütövlükdə Azərbaycanın
Tunc dövrü tarixini öyrənmək baxımından böyük
əhəmiyyət kəsb
edir.
Bununla yanaşı, Abşeron
tarixi və mədəni irsinin tədqiq edilməsi üçün arxeoloq Q.M.Aslanovun kəşf etdiyi Bilgəhin Qoşa Kurqan qəbirlərinin öyrənilməsi
Azərbaycan arxeologiyası
üçün əhəmiyyətə
malikdir. E. ə. II minilliyə
aid olan bu qəbrin tədqiqatı zamanı içindəki sərdabədən gil qablar, balıqqulaqlarından düzəldilmiş
muncuqlar və digər əşyalar tapılmışdır. Bu qəbirlərə dairəvi
deşik olan daşlar da qoyulmuşdur. Belə daş
qəbrin qapısını
təmsil edirmiş.
O dövrün dini əqidəsinə görə,
guya ölünün ruhu bu deşikdən
çıxaraq qəbiləni,
ailəsini ziyarət edir, sonra təkrar
bu yolla öz axirət evinə qayıdırmış.
Bilgəh XIV-XV əsrlərdə Xəzər dənizinin böyük ticarət əhəmiyyətli limanlarından
biri olub. İngilis səyyahı Xristofor Berrou 1579-1581-ci illərdə
ingilis tacirlərinin Qafqazın Xəzərsahili
vilayətlərinə ekspedisiyasında
iştirak edib. Bakı, Şamaxı, Dərbənddə
olmuş X.Berrou İngiltərəyə göndərdiyi
məktublarında yerli
əhalinin təsərrüfatı,
həyat və məişəti, həmçinin
mətbəx mədəniyyəti,
Bilgəh kəndi və burada qonaqsevərliklə qarşılanmaları
haqqında geniş məlumat verib. Yeri gəlmişkən, X.Berrou
Bilgəh adını
Bildi kəndi kimi öz məlumatlarında
qeyd edib.
Bilgəhdə arxeoloji qazıntılar
zamanı şərti
olaraq “Dini bina” adlandırılan tikililər aşkar edilib. Qazıntı sahəsində şərq
üslubunda olan 6 otaq və bir
neçə yardımçı
otaqlar tədqiq olunub. Onların arasında iki
böyük zal xüsusilə böyük
əhəmiyyət kəsb
edir. Həmin zalların hər
birində iki sütun və iki ocaq yeri
aşkar edilib. Ocaqlardan birində yanmış çıraqlar və çoxlu miqdarda məişətdə işlənən
saxsı qab nümunələri tapılıb.
Yardımçı otaqlardan birində
yaşayış yeri
sakinlərini su ilə təchiz edən daşdan yonulmuş su xətti, digər otaqdan isə çarhovuz aşkar edilib.
Aparılan arxeoloji tədqiqatlar
nəticəsində burada
üç mədəni
təbəqənin olduğu
müəyyən olunub.
Birinci üst mədəni təbəqə XVII əsrin
əvvəllərinə aid edilir. İkinci mədəni təbəqə
XIII-XV əsrin əvvəllərinə,
üçüncü mədəni
təbəqə isə
XVI-XVIII əsrlərə aid edilir.
Hamam kompleksi tikintisində
aparılan tədqiqatlar
zamanı 8 otaq müəyyən edilib.
Burada təmizləmə işləri
aparılarkən külli
miqdarda məişətdə
işlənən saxsı
qab nümunələri
tapılıb. Ümumiyyətlə, hamam tikili kompleksi
tədqiqatçılar tərəfindən
XVI-XVII əsrlərə aid edilir.
Hamam kompleksindən bir
qədər aralıda
isə qədim müsəlman qəbirləri
aşkar edilib. Qəbirlər XVII-XIX əsrlərə aid edilir. Maddi mədəniyyət nümunələri içərisində
əsasən metal, şüşə,
dulus və daş işləmə sənət nümunələri
üstünlük təşkil
edir.
* * *
Doğrusu, Bilgəhdə kəndin
ağsaqqalları ilə
görüşə bilmədiyim,
onların dilindən Bilgəhin qədim adət-ənənələri barədə
məlumat ala bilmədiyim
üçün bir qədər məyus olsam da, kəndin
tarixi və əsrarəngiz havası çox xoşuma gəldi. Kənd bələdiyyəsindən “sədrin
icazəsi olmadığı
halda tarixi abidələrlə tanışlığa
icazə yoxdur” qadağası isə az qala bütün ümidlərimi
puça çıxarmışdı.
Lakin kəndin hörmətli ziyalısı
Hacı Qalib Salahzadənin köməyi
sayəsində Bilgəhi
gəzərək kəndin
tarixi, qədim abidələri ilə qismən tanış
oldum.
Yeganə Cansail
Mədəniyyət.-
2010.- 13 avqust.- S. 12.