Tamaşaçı
sevgisi sənətkar üçün
ən böyük qiymətdir
Ənvər
Həsənovun kinoda yaratdığı obrazlar neçə nəsil
gəncliyin sevimli idealına çevrilib
Avqustun 17-də sevimli kinoaktyor Ənvər
Həsənovun 60 yaşı tamam olur. Bir çox
tamaşaçısı kimi, mənə də onun adı həmişə
gəncliyin sevimli simvolunu xatırladıb. Yəqin ona görə
ki, aktyorun kinoda sevə-sevə yaratdığı obrazları
həyatı olduğu kimi sevməyi, gəncliyi müsbət
xüsusiyyətlərinə əsasən dəyərləndirməyi
bizə təlqin edib.
Ənvər Həsənov 1965-ci
ildə C.Cabbarlı adına “Azərbaycanfilm”
kinostudiyasında Adil İsgəndərovun təşkil etdiyi
“Kino aktyorluğu” kursuna daxil olub. Dördillik kursu bitirdikdən
sonra 1969-cu ildə M.A.Əliyev adına Azərbaycan Dövlət
İncəsənət İnstitutunun kino və dram
aktyorluğu fakültəsinə qəbul olub. 1965-ci ildən
“Azərbaycanfilm” kinostudiyasında çalışır.
Ənvər Həsənov aktyor
kimi 30-dan artıq filmə çəkilib, 18 filmdə ikinci
rejissor (“Məhkumlar”, “Cavad xan”, “İlahi məxluq” və s.)
kimi fəaliyyət göstərib.
Onu məşhurlaşdıran
görkəmli kinorejissor Arif Babayevin 1968-ci ildə
ekranlaşdırdığı “Uşaqlığın son gecəsi”
filmindəki Murad obrazı olsa da, aktyor bu rola qədər iki
filmdə “İstintaq davam edir” (rej. Ə. Atakişiyev, gənc),
“Torpaq, dəniz, od, səma” da (rej. Ş.Mahmudbəyov, əsgər)
epizodik rola çəkilmişdi.
Yaraşıqlı,
çılğın gəncin həyat eşqi ilə dolu
olan nikbin, səmimi görünüşü, İçərişəhərdə
onlarla qonşuluqda yaşayan və müşahidə qabiliyyəti
həddən artıq güclü olan rejissorun diqqətindən
yayınmır. O, heç bir tərəddüd etmədən
Murad rolunu 18 yaşlı gəncə həvalə edir. Obraz
ilk baxışda ətrafındakılara əhəmiyyət
verməyən ərköyün yeniyetmə təsiri
bağışlasa da, onun replikalarında və
monoloqlarında hadisələri və insanları
düzgün müşahidə etməsi, təhlil obyektinə
çevirməsi diqqət çəkir. Filmdə bu personaj səmimi
olduğu qədər də ciddi obrazdır.
Muradın
çılğınlığının, səmimiliyinin
fonunda insanların üzünə dik baxaraq xarakterlərini
üzlərinə vuran düzlüyünü,
qorxmazlığını görürük. Məsələn,
onun kinayə ilə məhəllə qonşusu olan, həyatda
məqsədsiz yaşayan, lakin daim öyünən sərxoş
Davuda (akt. M.Nuriyev) “bütün məhəllə bilir ki, sən
cavan olanda nələr eləməmisən” deyərək onun
həyatda, məişətdə şəxsiyyət yox, məhz
tipaj olduğunu addımbaşı ona xatırlatmağı,
kombinatdakı ət oğrularını ifşa etməsi,
Rüstəmdən fərqli olaraq, Elyanın ikiüzlü
sevgisinə göz yummamağı və s. kimi obyektiv nəzərləri
dostunun, eləcə də ətrafındakı bir sıra
insanların xilasına səbəb olur.
Obrazın müdrikliyini gizlədən
şıltaqlıqlarının çox vaxt bilərəkdən
deyil, təsadüfən alındığını biz bir
neçə kadrda görürük. Məsələn, namaz
qılan nənəsi üçün radioda azan səsini
tapmağa çalışan Muradı kamil səslə oxunan
məhəbbət şeiri məftun edir. O, xoş avazla səslənən
sevgi şeirinin səsinə namaz qılan nənəsinə
baxıb gülümsəsə də, baxışları xəyalının
uzaqlarda olduğundan xəbər verir. Dostu Rüstəm əsəbi
halda onu bayıra itələdikdə belə, “nə olub e...,
axı mən neynədim ki,” dedikdə də bəlkə o,
düzlüyə, sevgiyə, həyata, təmiz məhəbbətə
sitayiş etdiyinə görə özünü haqlı
sayırdı. Onun obrazının təlqin etdiyi təmizliyi,
mehribanlığı da, dünyanı xilas edən əsas
amillərdəndir. Filmin mahiyyəti ona görə dəyərlidir
ki, ekrandan bu gün də həyatımıza müdaxilə
edən kadrlarda, sağlam gəncliyin ibrətamiz əxlaq
nümunələri, etik dəyərləri,
insanlığı, sevgini dəyərləndirən örnək
timsallı mesajları var.
Ənvər Həsənovun 1970-ci
ildə “Yeddi oğul istərəm” (rej. T.Tağızadə)
filmində yaratdığı Cəlal obrazı isə gənc
aktyoru artıq Azərbaycan kinosunun simalarından biri kimi məşhurlaşdırdı.
Azərbaycanın görkəmli
şairi S.Vurğunun “Komsomol poeması”nın motivləri əsasında
çəkilmiş “Yeddi oğul istərəm” filminin əsas
ideyası sovet hakimiyyətinin quruculuğu uğrunda
komsomolçuların fədakarlığından bəhs etsə
də, hadisələrin ümumi fonunda elinin, obasının,
sevgilisinin keşiyində durmaq naminə silaha sarılan
oğulların vətəndaş müharibəsində
güdaza getdiklərinin şahidi oluruq, təəssüflənirik.
Bu film sovet quruculuğunun mövcud ideologiyasına əsaslansa
da, müəyyən tarixi faktların əksidir.
Hadisələrin dərinliyinə,
ciddiliyinə inanmağa isə bizi məhz filmin personajları
(aktyorlar) məcbur edir. Məsələn, yeddi oğuldan biri
olan Cəlalı cəmiyyətin sosial bərabərsizliyi ilə
yanaşı sevgilisi Humayın (Z. İsmayılova) taleyi də
narahat edir. İnsanların sosial bərabərliyi naminə
mübarizə meydanına atılan Cəlal eyni zamanda nakam
sevgisinə sahib çıxmalıdır. Onun mərd
davranışı, iddialı baxışları, etibarlı
rəftarı insani cəhətlərinin yüksəkliyini
göstərən kişilik simvolunun mücəssəməsi
kimi göstərilib. Obrazı, yaddaqalan formada
tamaşaçı yaddaşında əbədiləşdirən
isə aktyor istedadının məhsuludur.
Cəlalın obrazı ilə biz əsil-nəcabətli
(Şəkər bəyin oğlu), firavan həyatına,
valideynlərinə, sevgisinə həsrət qalan, toqquşan
siyasi rejimin qanunları qarşısında şəxsiyyətini
formalaşdırmağa çalışan gəncin çətin
həyat yoluna nəzər salırıq. Onun bu qədər
çətinliklərlə dolu həyatında nikbinlik yarada
biləcək sevdiyi qız Humaydır ki, onun da şəxsi həyatı
atası Gəray bəyin maraqlarına qurban gedir. Filmin əsas
süjet xətti olan bu iki gəncin nakam taleyinin fonunda biz, XX əsrin
əvvəllərində siyasi gərginliklərlə dolu,
çətin günlər yaşayan azərbaycanlıların
psixoloji və fiziki durumlarını, qəmli həyat
tarixçələrini ürək ağrısı ilə
izləyirik. Deməli, peşəkar aktyor
ifaçılığı nəticəsində filmin mahiyyəti,
ideya xətti açılır, rejissor, dramaturq ideyaları
tamaşaçı tərəfindən qavranılır,
sevilir.
İsti yay günlərində
çəkilişləri Qobustanda aparılan “Yeddi oğul istərəm”
filminin final səhnəsi, sevgisi, məsləyi naminə
ölümün üzünə dik baxan, özündən
sonra mərdliyinə heykəl qoyan bir gəncin qətlinə
tamaşaçıları bu gün də təəssüfləndirən
kadrlardır. Kapitalını yeni rejimlə bölüşməməkdə
iddialı olan Gəray bəyin kininə, məkrinə, mərdliyi,
vəfalılığı, cəsarəti ilə sinə gərən
Cəlalın monoloqu, hadisələrə uyğun orijinal ifa
maneraları min bir əziyyətlə başa gələn həmin
kadrın ciddiliyinə, həmçinin hadisələrin
dramatikliyinə tamaşaçını diqqət kəsilməyə
vadar edir. Filmin bütün mahiyyəti sanki bu kadrda
açıqlanır. Məhəbbətin,
insanlığın məhvinə səbəb olan siyasi
qarşıdurmalara, vətəndaş müharibələrinə
lənət yağdırırsan.
Ənvər Həsənovun kinoda
yaratdığı sevilən obrazlarından biri də
1976-cı ildə çəkilmiş “Dərviş Parisi
partladır” filmindəki (rej. Ş.Mahmudbəyov, K.Rüstəmbəyov)
Şahbaz bəy obrazıdır. Görkəmli dramaturq M. F.
Axundovun “Müsyö Jordan və dərviş Məstəli
şah” komediyasının əsasında
ekranlaşdırılan filmdə XIX əsrin ortalarında
Qarabağ bəylərindən olan Hətəmxan
ağanın qardaşı oğlu Şahbaz bəy maddi, mənəvi
cəhətdən tam təmin olunmuş xoşbəxt bir gəncdir.
Lakin Parisdən gələn botanika alimi müsyö Jordanla
söhbətlərindən sonra Şahbaz bəy başa
düşür ki, onun həyatı yalnız ata-babadan qalma
kapitalı xərcləməkdən, cıdırda at
yarışdırmaqdan ibarət ola bilməz. Elm, təhsil
onun yeni həyatına, sağlam düşüncələrinin
daha səviyyəli formalaşmasına stimul verə bilər.
Filmdəki hadisələrin gərginləşməsinin səbəbi
də gənc Şahbazın məhz fərqli
dünyagörüşü, tərəqqipərvərliyə
can atması, mövcud olduğu rahat feodal həyatını
deyil, məhz zəhmətlə qazanacağı həyatı
tərcih etməsi olur.
Film boyu bu obrazın simasında biz
zəngin feodal olması ilə fəxr edən bir bəyi yox,
natamam təhsili, dünyagörüşünün az
olmasından xəcalət çəkən səmimi bir gənci
görürük. Elə böyük dramaturq M.F.Axundovun
komediyasının ali ideyası da məhz bu kimi
çalışqan gəncliyə mane olan feodal-patriarxal
qaydaları tənqid atəşinə tutmaq olub. Ənvər
Həsənovun ifasında Şahbaz bəy obrazı mənəvi
zənginliyin, kamilliyin qiymətini tamaşaçıya təlqin
etməyi bacaran həyati personajdır. Aktyorun peşəkar,
emosional ifa maneraları müəllif ideyalarını bizə
daha da yaxınlaşdırır.
Ənvər Həsənovun
aktyorluq fəaliyyətinin ilkin dövrünə nəzər
salanda onun görkəmli sənətkarlarla tərəfmüqabili
(İsmayıl Osmanlı, Adil İsgəndərov, Leyla Bədirbəyli,
Həsən Turabov və s.) olduğunu görürük. Lakin
onun aktyor oyunu böyük sənətkarların qabarıq
ifalarının kölgəsinə çevrilməyib, əksinə,
ekranda canlandırdığı ifa maneraları, səmimi
improvizələri kadrlardakı hadisələrin
reallığına, filmlərin
baxımlılığına rəvac verib.
Rejissorlar Ənvər Həsənovun
ampluasız aktyor olduğunu yaxşı bildikləri halda nədənsə
həmişə ona müsbət cəhətlərində
oxşarlığı olan qəhrəman obrazlarını həvalə
edirdilər. Belə rollardan biri də “Babək” (rej. E. Quliyev)
filmindəki Tərxan obrazıdır. Filmdə biz qəhrəman
sərkərdə Babəkin və onun
silahdaşlarının vətənpərvər mövqelərini,
xalqını əsarətdən qurtarmaq uğrunda canından
keçən el qəhrəmanlarının şücaətlərini
görürük.
Bundan başqa, aktyor biri-birinin
ardınca “Arxadan vurulan zərbə” (Oqtay), “Atları yəhərləyin”
(Sirac), “Dəli Kür” (Luka), “Bəyin oğurlanması” (Arif)
, “İşarəni dənizdən gözləyin” (baş
nazirin yavəri) və digər filmlərdə yaddaqalan obrazlar
qalereyası yaradıb.
Aktyorun yaradıcılıq
kredosunu təsdiqləyən bütün rolları filmlərin
aparıcı qüvvəsi kimi yaddaşlarımıza həkk
olunub. Ənvər Həsənov sevərək seçdiyi 45
illik sənət yolunda yaratdığı ibrətamiz
personajların xarakterləri gənclərin müsbət əxlaq
normalarının formalaşmasında xüsusi rol oynayıb.
Onun bu və ya digər obrazla ekranda hər
görünüşü aktyorluq peşəsinin aliliyinə
hörmət qazandırıb, aktyorluq sənətinin təsadüfi,
səthi bir sahə olmadığına kino
tamaşaçısını dəfələrlə
inandırıb.
Əməkdar artist Ənvər Həsənov
xoşbəxt sənətkarlardandır ki, mənim kimi
yüzlərlə tamaşaçısı onu yaşına,
sənət stajına və yaxud da ki, fəxri adına əsasən
yox, məhz yaratdığı rollara və
yaddaşlarımızda həkk olan gəncliyin sevimli simvolu
olduğuna görə sevirik. Tamaşaçı sevgisi,
alqışı isə sənətkar üçün əsl
sənət zirvəsidir.
Şəhla
Bürcəliyeva,
kinoşünas
Mədəniyyət.-
2010.- 13 avqust.- S. 11.