Şəkidə atüstü turizm marşrutu təqdim olundu

 

    Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin və Respublika Atçılıq Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə avqustun 3-5-də Şəkidə təşkil olunan infoturda 15 nəfər iştirak edirdi. İştirakçılar arasında ölkəmizdə fəaliyyət göstərən turizm şirkətlərinin və kütləvi informasiya vasitələrinin nümayəndələri də vardı. İnfotura rəhbərlik nazirliyin Turizm şöbəsinin əməkdaşı Adil Adilova həvalə edilmişdi.

  

   Biz Şəkiyə çatanda günorta idi. Hava isti olsa da, qədim karvansarada bu hiss edilmirdi. Əşyalarımızı yerləşdirmək üçün hərəmiz öz hücrəmizə yollandıq. Yarım saatdan sonra Respublika Atçılıq Turizm Mərkəzinə yola düşdük...

   Respublika Atçılıq Turizm Mərkəzinin Şəki filialı rayon mərkəzindən 25 kilometr aralıda yerləşən Daşüz kəndinin ərazisindədir. Yolboyu infotur barədə iştirakçıları məlumatlandıran A.Adilov bildirdi ki, atçılıq turizminin inkişaf etdirilməsi məqsədilə Respublika Atçılıq Turizm Mərkəzi yeni bir turizm marşrutu müəyyənləşdirib. Mərkəzdən başlayan marşrut Daşbulaq kəndi ərazisində yerləşən Çorqat meşəsində başa çatır.

   Atçılıq Turizm Mərkəzində bizi qurumun rəhbəri Rafiq Ramazanov, atçılıq turizmi üzrə baş mütəxəssis Tahir Ağayev digər əməkdaşlar qarşıladılar.

   Qeyd edək ki, Respublika Atçılıq Turizm Mərkəzinin balansında olan bütün atlar Şəki filialında saxlanılır. Burada təxminən 50 başa yaxın at var ki, onların içərisində cins atlar üstünlük təşkil edir. Rafiq Ramazanovun dediyinə görə, atların əksəriyyətini Rusiyadan alıblar. Mərkəzin balansına daxil olan atlar təmizqanlı ingilis, ərəb, alman, Axaltəkə cinsi, Mərəzə atları, rus löhrəmi, həmçinin yerli atlardır.

   İnfoturun proqramına uyğun olaraq, iştirakçıların ilkin atsürmə vərdişlərinə yiyələnməsi məqsədilə mərkəz əməkdaşlarının köməyi ilə bizə 2-3 saatlıq təlimlər keçirildi. Bu prosedur atla gəzintiyə çıxmaq istəyən bütün turistlər üçün nəzərdə tutulub. Mərkəzin atçılıq turizmi üzrə baş mütəxəssisi Tahir Ağayev bütün iştirakçıların ilkin atsürmə vərdişinə yiyələnməsinə şərait yaratdı. Nəhayət, atla qısaməsafəli gəzintimizi başa vurub, karvansaraya qayıtdıq.

  

   Yeni marşrutun uzunluğu 35 kilometrdir

  

   İnfoturun 2-ci günü səhər saat 8.30-da yenidən Şəki atçılıq bazasına yollandıq. T.Ağayev Daşüz-Daşbulaq-Çorqat meşəsi turizm marşrutu haqqında bizə ətraflı məlumat verdi. Marşrutun uzunluğu 35 km, müddəti isə 8 saatdır. Məsafəni atla qət edənlər Daşüz kəndinin yuxarı hissəsindən cənub-qərb istiqamətində Daşbulaq kəndinə doğru hərəkət edir. Yol öncə dağ, sonra isə düzənlikdir. Turistlər marşrutun üzərində yerləşən alban məbədini ziyarət etdikdən sonra üzü qərbə enişli-yoxuşlu yollarla Çorqat meşəsinə tərəf istiqamət götürməlidirlər. 10 km məsafə qət etdikdən sonra Çorqat meşəsində düşərgə qurulur. Günorta naharını burada edən turistlər bir qədər dincəldikdən sonra geriyə qayıdırlar. Qayıdarkən marşrut iştirakçılarının yolu Topxana Molladərə adlanan ərazilərdən keçir. Onlar 1 saatdan sonra Daşüz kəndinə çatırlar. T.Ağayevin dediyinə görə, marşrut boyu turistləri axar bulaqlar, dağlar, dərələr digər təbiət mənzərələri müşayiət edəcək.

   Məlumatı dinlədikdən sonra infotur iştirakçıları T.Ağayevin rəhbərliyi ilə Daşüz-Daşbulaq-Çorqat meşəsi turizm marşrutu ilə hərəkətə başladılar.

  

   Qədim alban məbədləri ilə tanışlıq

  

   Yolboyu qarşılaşdığımız mənzərələr insanı valeh edirdi. Təbiət o qədər ecazkar idi ki, yolların narahatlığını belə hiss etmirdik. Çorqat meşəsində qurulan düşərgədə nahar etdikdən sonra isə bizi müşayiət edən Daşüz kəndinin sakini Azad Zamanovun yaxınlıqdakı alban məbədləri haqqında məlumatlarını dinlədik. Onun dediyinə görə, sonuncu alban məskəni Çorqat meşəsində olub. Ümumiyyətlə isə 1 kilometr məsafəni əhatə edən Çorqat dərəsində 3 alban məbədinin qalıqları var.

   A.Zamanov çox maraqlı bir faktı da açıqladı ki, ötən əsrin əvvəllərində bu yerlərdə yaşamış ermənilər alban kilsələrini özününküləşdirməyə, tarixi saxtalaşdırmaq cəhdlərinə baş vurublar. Onlar alban kilsələrinin daşları üzərində öz adlarını yazıblar, pəncərələri söküb öz tərzlərinə uyğun tikiblər, eyni zamanda albanlara məxsus xaçların əlamətlərini dəyişdirib erməni xaçına bənzətməyə çalışıblar. Lakin diqqətli tədqiqatçılar bütün bunların sonradan quraşdırma olduğunu dərhal görürlər. 1918-ci ildə baş vermiş erməni-müsəlman toqquşmalarından sonra ermənilər bu ərazidən köçüb gedib.

   Yeri gəlmişkən, hələ səfərimizin birinci günündə diqqətimi Şəkinin girişində köhnə alban kilsəsi cəlb etmişdi. İnfotur proqramından əlavə müəyyən vaxtımızın olduğunu nəzərə alıb «Azərbaycan boyunca səyahət» jurnalının əməkdaşı Səbinə İsmayılova «BIG AZERI-TOUR» Ltd.-nin direktoru Ofil İsmayılovla birlikdə həmin alban kilsəsini ziyarət etmək qərarına gəldik. Onu da bildirim ki, Ofil Səbinə İsmayılovlar ər-arvaddırlar. Onlar Azərbaycanın tarixi-mədəni abidələri ilə yaxından maraqlanırlar topladıqları məlumatları «Azərbaycan boyunca səyahət» jurnalında çap etdirirlər.

   Şəhər sakinlərindən axtardığımız məbədin yerini soruşduqda əvvəlcə sualımızı çaşqınlıqla qarşıladılar. Yaxınlıqda alban yox, erməni kilsəsinin olduğunu dedilər. O.İsmayılovun izahatından sonra, nəhayət, Məmmədalı adlı Şəki sakini bizə bələdçilik etməyə razı oldu. Onun dediyinə görə, yerli əhali bu kilsəni erməni kilsəsi kimi tanıyır. Bu səbəbdən kilsə baxımsız qalıb. Alban məbədləri haqqında kifayət qədər bilgiyə malik olan O.İsmayılov Məmmədalı müəllimə izah etdi ki, alban xaçı ilə erməni xaçı bir-birindən fərqlənir. Onların ən böyük fərqi isə odur ki, albanların xaçının aşağı hissəsi gül formasında olur. Kilsənin üzərində qalıqları qalan xaça baxdıqda onun doğrudan da albanlara məxsus olduğunu asanlıqla görmək olurdu. Məmmədalı müəllimlə sağollaşanda isə şəkililərə məxsus zarafatyana bir təklif aldıq: «Gəlin, gedək qonağımız olun. Bizim arvad sizə bir qulluq etsin ki, bir bizə gəlmiyəsiz...»

  

   Şəki xanlarının sarayı - sənət məbədi

  

   İnfoturun 3-cü günü Şəki xanlarının yay sarayı ilə tanış olduq. Azərbaycan orta əsr memarlığının görkəmli abidəsi olan bu saray şəhərin yuxarı hissəsində, yüksəklikdə yerləşir. Şəkiyə ayaq basan istər yerli, istərsə əcnəbi qonaqların ziyarət etdikləri ilk məkanlardan biri məhz Xan sarayı olur. Bu memarlıq incisi Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi Hüseyn xanın dövründə tikilib. Hüseyn xan eyni zamanda «Müştaqi» təxəllüsü ilə şeirlər yazdığından bəzi mənbələrdə bu saray «Müştaqi imarəti» kimi qeyd olunur.

   Qeyd edək ki, XVIII əsrin yadigarı olan bu tarixi tikili öz görünüşü, tikilmə üslubu, mürəkkəb ornamentləri, xüsusilə şəbəkələri ilə diqqəti cəlb edir. Saraydan çölə iki eyvan açılır. Bu eyvanların tikilmə üslubu da maraq doğurur. Eyni istiqamətdə tikilmələrinə baxmayaraq, kişilər üçün nəzərdə tutulan eyvana çıxdıqda «Xanımın eyvanı» görmək qeyri-mümkündür. İkimərtəbəli sarayın mərtəbələri arasında əlaqəni təmin edən pilləkənlərdən biri qadınlar, digəri kişilər üçün nəzərdə tutulub. Hasarla əhatəyə alınmış sarayın həyətindəki möhtəşəm çinarların yaşı isə sarayın yaşından çoxdur.

   1999-cu ildə Azərbaycan hökuməti ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında imzalanan müqaviləyə əsasən, «Mədəni irsin qorunması» layihəsi çərçivəsində saray təmir bərpa olunub. Sarayın özülü möhkəmləndirilib, taxta döşəmə dəyişdirilib.

   Xan sarayını ziyarət etdikdən sonra Şəkinin mərkəzində yeni fəaliyyətə başlamış 4 ulduzlu «Greenhill İnn» hotelində nahar etdikdən sonra avtobusumuz Bakıya doğru istiqamət götürdü...

  

 

   Fəxriyyə Abdullayeva

 

   Mədəniyyət.- 2010.- 13 avqust.- S. 8.