O,
əsil insanlıq nümunəsi idi
Üzeyir
Hacıbəyli - 125
Bu mövzu üzərində
düşünərkən ölməz Səməd
Vurğunun misraları keçdi fikrimdən:
Yüksəl, fəqət
insanlığa
pis gözlə baxanlar,
Dünyada bir ad qoysa da,
insan ola bilməz.
Doğrudan da əbədiyaşarlıq
insanlığa bağlıdır. Məsəl
var, deyərlər ki, alim olmaq asandır, insan olmaq çətin.
İndi görün, gözəl alim, gözəl
müəllim, gözəl sənətkar və ən
başlıcası, gözəl insan olmaq nə qədər
böyük xoşbəxtlikdir. Bu söz
böyük hərflərlə yazılan İNSAN
obrazının ifadəsidir. Üzeyir
Hacıbəyli həyatın və sənətin hər bir
sahəsində uğurlar qazanıb, dahilik səviyyəsinə
yüksəlib. Bütün bunlar onun
yüksək insani keyfiyyətlərindən irəli gəlirdi.
Özündən sonra layiqli davamçılar
yetişdirməsi də böyük insanlığa əsaslanır.
Üzeyir bəyin bu humanist cəhətləri
bu günün və gələcəyin nəsillərinə
bir örnəkdir.
Bu yazıda Üzeyir
bəyi bir insan kimi xatırlayacağıq. Çünki onun böyük sənətkarlığı
onun humanistliyindən başlayır.
Üzeyir bəyi
insan kimi xatırlamaqda ilk bələdçiniz elə xatirəli
ömürdən olacaq. Səs arxivimdən unudulmaz bəstəkarımız
Süleyman Ələsgərovun lent yazısını dinləyir
və dediklərini qələmə alıram:
“Üzeyir bəy son
dərəcə xeyirxah bir insan idi. O, yaxşılıq
etməyi özünə borc sayırdı. Çünki
həmişə deyirdi ki, insan gərək ancaq
özünü düşünməsin. Belə
də edirdi. Nə qədər ciddi sənətlə
məşğul olmasına baxmayaraq insanlara qayğı
göstərməyi də unutmurdu. Xüsusən
biz tələbələri ondan əsil atalıq
qayğısı görmüşük. Evlə
təmin olunmağımıza, maddi təminatımıza, hətta
geyimimizə belə Üzeyir bəy diqqətlə
yanaşardı. Çox vaxt biz bunu hiss etmirdik. Yaxşı yadımdadır, qış ayı idi.
Hava da çox soyuq idi. Mən
dərsə pencəkdə gəlmişdim. Sinfə daxil
olanda Üzeyir bəy məni xüsusi nəzərlərlə
süzüb dedi: “Cavan oğlan, sənə belə soyuq deyil?”
Mən heç bir söz demədən sadəcə
gülümsünüb onun icazəsi ilə yerimdə əyləşdim.
Ertəsi gün o məni yanına çağırıb
dedi: “Cavan oğlan, get bizə, Məleykə xanım sənə
bir şey verəcək onu gətir mənə”.
Mən Üzeyir bəyin
tapşırığı ilə onlara getdim və Məleykə
xanımın verdiyi bağlamanı ona gətirdim. O,
bağlamanı açıb içindəki paltonu
çıxartdı və mənə uzadaraq “Hə, cavan
oğlan, deyəsən, əyninə yaxşı olacaq”, -
dedi. Mən utana-utana paltonu əynimə geydim.
O, bunu hiss edib “Özümə almışdım, əynimə
kiçik oldu. Sağlıqla geyin” - dedi. Amma əslində
belə deyildi. O, paltonu elə mənim üçün
almışdı. Üzeyir bəydən yadigar
qalan belə insani dəyərlər çoxdur. Bir tələbə dostumuz vardı. Bəstəkar Məmməd Cavadov. Bir neçə tələbə dəhlizdə
dayanıb söhbət edirdik. Birdən
Üzeyir bəy gəldi və bizi ciddi nəzərlərlə
süzərək dərslərimiz barədə soruşdu.
Sonra isə otağına keçdi. Bir
neçə dəqiqədən sonra katibəsi gəlib dedi
ki, Üzeyir bəy Məmmədi yanına
çağırır. Biz də onunla Üzeyir
bəyin otağına tərəf getdik. Qapısı
açıq idi. Məmməd içəri
daxil oldu, biz isə bayırda durmuşduq. Bir
də gördük ki, Üzeyir bəy öz
ayaqqabılarını çıxarıb Məmmədə
verir. O, isə “Yox, müəllim, istəmirəm. Bəs siz ayaqyalın qaldınız”, - deyir. Üzeyir bəy isə hökmlü səsi ilə
“Götür. Məndən nigaran qalma.
İndi Məleykə mənə ayaqqabı göndərər”,
- dedi.
Məmməd otaqdan həm
həyəcanlı, həm də sevincli halda
çıxdı. Sən demə,
Üzeyir bəy bizimlə söhbət edərkən Məmmədin
ayaqqabılarının son dərəcə köhnə və
cırıq olduğunu görübmüş.
Mən Üzeyir bəyin
insanlığı barədə nə
danışacağımı bilmirəm. Çünki
o, başdan-ayağa xeyirxahlıq təcəssümü və
əsil insanlıq nümunəsi idi. Bu,
Üzeyir bəyin sadəliyindən irəli gəlirdi.
O, nə qədər yüksək zirvələr fəth etməsinə
baxmayaraq sadə bir insan idi. Bir dəfə
Üzeyir bəyin dərsində idik. Qonşu
otaqda Bülbülün səsi eşidildi. O, mənim
yeni yazdığım “Gözlə məni”
mahnısını ifa edirdi. Bu zaman tələbə
dostlarım mənə baxıb gülümsündülər.
Üzeyir bəy dərhal bunu duyub soruşdu: “Nə olub?” Dostlarım dedilər ki, bu mahnı
Süleymanındır. O, çox sevincək halda “Lap
yaxşı, gəlin, keçək Bülbülün
otağına, orada mahnıya birgə qulaq asaq”, - dedi. Biz Üzeyir bəylə birlikdə
Bülbülün sinfinə daxil olduq. Üzeyir bəy
otağın qapısını açdı, “Gəlmişik,
bu cavan oğlanın mahnısına qulaq asaq”, - deyib içəri
keçdi. Bülbül də çox mehribancasına
Üzeyir bəylə görüşüb “Məmnuniyyətlə
oxuyaram”, - dedi.
Beləliklə,
Üzeyir bəyin təşəbbüsü ilə mənim
mahnıma hamı birlikdə qulaq asdı. Bu,
bəlkə də ilk baxışdan sadə və adi
görünə bilər. Amma əslində
bu çox qiymətli bir xatirədir. Böyük
sənətkarın öz qiymətli vaxtını tələbə
bəstəkarın yazdığı bir mahnıya sərf etməsi
həm sənətə məhəbbətin, həm də sadəliyin
ifadəsidir. Mənim qəlbimdə
Üzeyir bəylə bağlı belə işıqlı
xatirələr çoxdur. Odur ki, mən
daim ona Tanrıdan rəhmət diləyib, ruhu
qarşısında baş əyirəm”.
Əziz Süleyman
müəllim, elə biz də sizin ruhunuza
duaçıyıq. Çünki siz
Üzeyir bəyin əsərlərini, ənənələrini
layiqincə davam etdirən tələbələrindən
olmusunuz.
Süleyman müəllimin vəfatından
sonra ona həsr etdiyim “Süleyman Ələsgərov xatirələrdə”
kitabına material toplayarkən çoxları
yazılarını bu başlıqla təqdim etdilər:
“Üzeyir yadigarı”, “Üzeyir ruhlu sənətkar”, “
Üzeyir bəyin layiqli tələbəsi” və.s. Əlbəttə,
öz əməlləri ilə belə böyük bir sənətkarın
adına layiq olmaq doğrudan da xoşbəxtlikdir.
Nə yaxşı ki, bizə belə sənətkarlarla
bir dövrdə yaşamaq, onların xeyirxah əməllərinin
şahidi olmaq və sənət dünyalarından bəhrələnmək
nəsib olub. Bu sənətkarlar həm də
bizim üçün Üzeyir bəyin canlı yadigarları
idi. Onlardan biri də bəstəkar, Xalq
artisti Şəfiqə Axundovadır.
Bu gün Üzeyir bəyin
irsindən danışarkən Şəfiqə xanımla
görüşməsək bəlkə də Üzeyir bəyin
ruhu inciyər. Çünki o, Şəfiqə
xanıma çox böyük qayğı və diqqətlə
yanaşıb.
Üzeyir bəylə
bağlı o günləri Şəfiqə xanımla birgə
xatırlamaq çox maraqlıdır. Yaşının
80-ni keçməsinə baxmayaraq o illər Şəfiqə
xanımın hafizəsindən silinməyib:
“Üzeyir Hacıbəyov
deyəndə, keçdiyim həyat yolu pillə-pillə
gözüm önündə canlanır. Çünki
o mənə sözün əsil mənasında mənəvi
ata olub. Sənət yolunda ən
böyük yaxşılıqları Üzeyir bəydən
görmüşəm. O, mənə elm öyrədib,
yol göstərib, istiqamət verib, lazım olanda hətta
pulla da, çörəklə də təmin edib”.
Şəfiqə
xanım bu xatirələrini danışdıqca çox
kövrəlir. Amma yenə də sözünə davam
edir:
“Müharibə
dövrü idi. Bütün ailələr
kimi biz də maddi baxımdan çətinlik çəkirdik.
O vaxtlar hətta çörəyi belə talonla verirdilər.
Yaxşı yadımdadır. Bir gün mən çörək talonumuzu itirib
çox məyus olmuşdum. Konservatoriyaya
gəldim. Üzeyir bəy dərhal mənim narahatlığımı
duydu və soruşdu: “Şəfiqə, nə olub sənə,
niyə ağlamısan?” Yenə məni qəhər
boğdu. Gizlətməyə
çalışsam da, mümkün olmadı.
Çünki Üzeyir bəy çox həssas adam idi. Nəhayət, başıma gələni
ona danışdım:
“Heç narahat olma”,
- deyib mənə bir kağız uzatdı. Bu, Üzeyir
bəyin öz çörək talonu idi, onu mənə verdi. Əlbəttə, mən
etiraz etdim. Buna baxmayaraq Üzeyir bəy talonu mənə
verdi. Hətta o zaman maddi
çətinliyimizi nəzərə alıb məni işə
də düzəltdi. Opera və Balet
Teatrının direktoruna zəng edərək məni işə
qəbul etməsini xahiş etdi. O da
Üzeyir bəyin təklifinə cavab olaraq məni teatra
işə götürdü. Və mən bir neçə
il teatrda suflyor işlədim.
Üzeyir bəy
doğrudan da mənə mənəvi ata olub. O, daim
yaradıcılıqla bərabər mənim maddi vəziyyətimə
də nəzarət edib. Tələbələr
ayda 30 manat təqaüd alırdılar. Mən
isə 80 manat alırdım. Bir dəfə
öyrəndim ki, Üzeyir bəy o 50 manatı öz cibindən
verirmiş mənə. Mən bunu biləndə çox
utandım və dedim ki, Üzeyir bəy, daha mənə əlavə
pul verməyin. O, isə “Ay qız, gənc bəstəkarın
maddi imkanı da yaxşı olmalıdır. Bu sənin
işin deyil”, - dedi. Üzeyir bəyin bir insan
kimi ətrafında olanlara - tələbələrinə,
dostlarına, tanıyıb-tanımadığı
bütün insanlara etdiyi yaxşılıqlardan çox
danışmaq olar. Bu dediklərimiz həmin
xidmətlərin bir damlasıdır. Amma
bu xatirələr bir daha sübut edir ki, Üzeyir bəy
doğrudan da əvəzolunmaz şəxsiyyətdir. Hələ ki, biz qarşımızda belə bir
insan görmürük.
“O, təkdir, yeganədir” - deyərək
Şəfiqə xanım kövrəlir və söhbətinə
davam edir:
“Mən bu xatirələri
sizə danışıram ki, siz də yazıb onları gələcək
nəslə yadigar qoyasınız. 1944-cü
ildə Azərbaycanın himnini yazmaq üçün
müsabiqə elan olundu. Həmin
müsabiqədə iştirak edən gənc bəstəkarlar
içərisində mən də var idim. Müsabiqəyə bizi Üzeyir müəllim cəlb
etmişdi. Özü də bizimlə bərabər
orada iştirak edirdi. Təbii ki, münsiflər
heyətinin qərarı ilə Üzeyir bəyin ölməz
şairimiz Səməd Vurğunun sözlərinə bəstələdiyi
musiqi bəyənildi və Azərbaycan Sovet Sosialist
Respublikasının himni kimi qəbul olundu. Bu ərəfədə
o, məni yanına çağırıb dedi:
- Şəfiqə, get, pianoçu
V.Kozlovla birgə bu himni yaxşıca öyrən, filarmoniyada
oxuyacaqsan.
Beləcə, mən
himni öyrəndim və onun ilk ifaçısı oldum.
Ümumiyyətlə, Üzeyir müəllim mənə
deyirdi ki, Şəfiqə, əgər sənin bəstəkarlıq
qabiliyyətin olmasaydı, yaxşı vokalist olardın, səndən
yaxşı Gülçöhrə çıxar. Yəni demək istəyirəm ki, o istedadın hər
yönünə diqqət yetirirdi. Nə
deyim, Üzeyir bəy haqqında danışmaq azdır.
Onun əməllərini layiqincə davam etdirmək
həmişə mənim sənət amalım olub. İndi hərdən arxivimdəki əlyazmalarıma
baxıram. Hansı ki, burada Üzeyir bəyin
düzəlişləri var. Hətta onun özünün elə
əsərləri var ki, üstünü yazıb,
bağışlayıb mənə. Bütün
bunları nəzərdən keçirəndə deyirəm: “Əziz
müəllimim, gözəl insan, dahi şəxsiyyət, məni
belə bir sənətkar kimi yetişdirdiyiniz
üçün sizə minnətdaram”...
Bəli, biz də bu
xatirələri qəlbində yaşadan və bu gün
onları bizimlə bölüşən Üzeyir bəy
yadigarlarına, o cümlədən, Şəfiqə
xanım, Sizə minnətdarıq.
Şəfiqə
xanım öz müəlliminə, böyük sənətkara
- Üzeyir bəyə olan minnətdarlıq hissini
yaradıcılığında da tərənnüm edib.
Üzeyir bəyə bir neçə əsər
ithaf edib. Onlardan fortepiano üçün
“Xatirə” pyesini, Xuraman Vəfanın sözlərinə bəstələdiyi
“Yaşadacaq el səni” adlı xor əsərini misal göstərə
bilərik. Bu əsərlər böyük şəxsiyyətin
ruhu qarşısındakı mənəvi borcun az bir hissəsidir.
Bu yerdə
Süleyman Ələsgərovun da Üzeyir bəyə həsr
etdiyi, sözləri Səməd Vurğuna aid olan “Eşq olsun
sənətkara” odasını da xatırlamalıyıq.
Çünki bu da dahi sənətkara ithaf olunan
ən gözəl əsərlərdən biridir. Elə
bu yazını da həmin odanın sözlərindən
misralarla tamamlayırıq:
Ölüm sevinməsin qoy,
Ömrünü vermir bada,
El qədrini canından,
Daha əziz bilənlər.
Şirin bir xatirə tək,
Qalacaqdır dünyada,
Sevərək yaşayanlar,
Sevilərək
ölənlər.
Səadət
Təhmirazqızı,
musiqişünas
Mədəniyyət.-
2010.- 13 avqust.- S. 7.