Milli musiqimizin çağlayan ahəngi
Qəbələ
Beynəlxalq musiqi festivalı Azərbaycan mədəniyyətinin
dünyada təbliğinə daha bir töhfə oldu
Azərbaycan tarixin müxtəlif
dövrlərində çeşidli mədəniyyətlərin
qovuşduğu məkan olub, həm Şərq, həm də
Qərb xalqlarını öz qeyri-adi istedadları ilə
çox təəccübləndirib. Xalqımız elmin, mədəniyyətin
bütün sahələrində yetirdiyi dahiləri ilə
dünya mədəni irsinə töhfələr verib. Azərbaycanın
zəngin mədəniyyətinin, musiqisinin dünyada daha
yüksək səviyyədə təbliği
üçün mütəmadi olaraq beynəlxalq miqyaslı tədbirlər,
festivallar keçirilir.
Eramızdan çox-çox əvvəl
Qafqaz Albaniyasının paytaxtı kimi tanınan Qəbələ
şəhəri iyulun 25-dən avqustun 5-dək belə bir
mötəbər tədbirə ev sahibliyi etdi. Həm də bənzərsiz
təbiəti ilə dünyanın bir çox yerlərindən
təşrif buyurmuş qonaqları heyrətləndirdi.
Artıq ikinci dəfədir ki, təşkil olunan Qəbələ
Beynəlxalq musiqi festivalı Azərbaycan mədəniyyətinin
dünyada təbliğinə böyük töhfə oldu.
Festivalın belə yüksək səviyyədə
təşkilində və beynəlxalq əhəmiyyətinin
artmasında Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və
İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın
xidmətləri əvəzolunmazdır.
UNESCO-nun baş direktoru İrina Bokovanın festivalda iştirakı da tədbirin beynəlxalq nüfuzunun daha bir göstəricisi idi. “Bu festival Azərbaycanın zəngin musiqi irsi ilə tanışlığa şərait yaradır. Azərbaycan müxtəlif mədəniyyətlərin qovuşduğu bir məkandır və bu festival da həmin mədəniyyətləri yüksək səviyyədə təqdim edəcəkdir“, - deyə İrina Bokova festivalda iştirakından məmnunluğunu ifadə edib.
2009-cu ildə ABŞ, Rusiya, Çin, Xorvatiya və digər ölkələrin mədəniyyət nümayəndələrinin qatıldığı festivalda bu dəfə daha çox ölkə təmsil olunurdu.
Bu isə o deməkdir ki, Qəbələ Beynəlxalq musiqi festivalı yeniləşən, inkişaf edən, daha doğrusu qloballaşan dünyada xalqlararası yaxınlaşma, bir-birini tanıma və anlama baxımından olduqca əhəmiyyətlidir.
Qəbələ II Beynəlxalq musiqi festivalı avqustun 5-də başa çatdı. Lakin dünyanın inkişaf etmiş ölkələrinin böyük sənət xadimlərinin qatıldığı bu möhtəşəm tədbirin əks-sədası çox yerdə hiss olundu. Onlarca, yüzlərcə qəlblərdə, könüllərdə rəngarəng təəssüratlar yaratdı. Söz yox ki, hələ xeyli vaxt Şərqin və Qərbin mədəniyyət aləmi bu festivalın təəssüratı ilə yaşayacaq. UNESCO-nun baş direktorunun qeyd etdiyi kimi, həqiqətən festival Azərbaycanın musiqi ruhunun bayramına çevrildi.
Savalan Fərəcov
Mədəniyyət.-
2010.- 13 avqust.- S. 6.