“Azərbaycanı
türk dünyasına daha
geniş tanıtmaq istəyirik"
TRT-nin
Bakı bürosunun rəhbəri Muhsin Yıldırım: "Azərbaycanın hər
bölgəsində ayrı bir zənginlik, gözəllik var:
hər birindən zövq alırsan"
Muhsin Yıldırım TRT-nin
Bakı bürosunun rəhbəridir. Bakıya ilk dəfə
2007-ci ildə işi ilə əlaqədar gəlsə də,
azərbaycanlılarla, Azərbacan musiqisi, mədəniyyəti
ilə ilk tanışlığı hələ sovet
dövründə, ötən əsrin 80-ci illərində
olub. O vaxtlar TRT-də rejissor köməkçisi işləyən
Muhsin bəyin "Biz bizə bənzərik" adlı
proqramına türkdilli respublikalardan, o cümlədən Azərbaycandan
sənətçilər qatılıb.
Bu gün Türkiyənin ən
böyük radio-televiziya qurumunu Azərbaycanda təmsil edən
M.Yıldırım tariximizi, mədəniyyətimizi daha
geniş formada təbliğ etmək üçün yeni layihələr
gerçəkləşdirmək niyyətindədir. Muhsin
Yıldırımla söhbətimiz də bu layihələr,
habelə TRT-nin fəaliyyəti, kanalın müasir teleməkandakı
yeri barədədir. Lakin öncə həmsöhbətim
TRT-nin yaranma tarixi barədə qısa məlumat verdi:
- Türkiyədə radio ilk dəfə
1929-cu ildə yayımlanmağa başlayıb. Televiziyanın
yaranmasının isə maraqlı tarixçəsi var. Bu,
Türkiyədə hərbi çevrilişin baş verdiyi
1960-cı ildən sonrakı dövrlər idi. Bütün bu
siyasi çəkişmələrə, təlatümlərə
baxmayaraq TRT-nin telekanal kimi fəaliyyətə başlaması
siyasi maraqlardan çox, dövrün tələbi idi. Amma hər
halda, görünür, o vaxtkı hakimiyyətin də
televiziyanın yaranmasında müəyyən maraqları
varmış. 1964-cü ilin mayında TRT-nin yayımı
başladı. TRT dövlətin rəsmi telekanalı kimi
formalaşsa da, ilk dövrdən nisbətən müstəqil
fəaliyyət göstərirdi, yəni hökumətin kanal
üzərində güclü nəzarəti yox idi. Zaman dəyişdi,
irəli getdi, onunla eyni addımlarla Türkiyə də irəlilədi,
inkişaf etdi və TRT də böyüdü. O vaxtdan bu vaxta
artıq 46 ildir ki, fəaliyyət göstəririk və TRT bu
gün dünyanın ən nəhəng 3-4 teleradio şirkətindən
sayılır. Bu şirkətdə bu gün 8 mindən
artıq insan çalışır. Hazırda TRT-nin 7 ölkə
miqyaslı, 4 beynəlxalq, 6 regional, 2 turizm kanalı, həmçinin
28 dildə yayımlanan radio kanalı var.
Qısa desək, TRT hazırda
dünyanın insan ayağı dəyən hər bölgəsinə
yayımlanır. Bu o deməkdir ki, kanalın sözü hər
yerə çatır və böyük təsir gücünə
malikdir. Bundan əlavə, TRT sonradan Türkiyədə yaranan
özəl kanallar üçün də bir məktəb
rolunu oynayıb. Bu gün Türkiyədə fəaliyyət
göstərən bütün aparıcı özəl
kanalların təsisçilərindən tutmuş siravi əməkdaşlarına
qədər əksəriyyəti vaxtilə TRT-də
çalışıb.
- Siz də həmin insanlar kimi bu məktəbi
- TRT məktəbini keçmək qərarına gəldiniz?
- 1986-cı ildə TRT Türkiyə
universitetlərini bitirmiş 30 yaşına qədər olan gənclər
arasında müsabiqə elan etdi və mən də həmin
müsabiqəyə qatıldım. Qeyd edim ki, müsabiqədə
19 min adam iştirak edirdi. Bir il ərzində müsabiqənin
7 mərhələsindən keçdim və xoşbəxtlikdən
TRT-də işləmək şansı əldə edən 18
nəfərin içərisində mən də var idim. Beləliklə,
1986-cı ildən bu günə qədər TRT-də
çalışıram.
- Maraqlıdır, TRT məktəbini
keçmək sizə nə verdi?
- Televiziya və mətbuat aləmi
çox rəngli, dünyaya çox geniş açılan,
müxtəlif məsləklərlə, müxtəlif
insanlarla və müxtəlif mədəniyyətlərlə
tanış olmaq fürsəti verən bir məktəbdir. Bu
məktəbi keçdikdən sonra önümə
çıxan heç nəyə dönüb baxmadım.. Bu
televiziya kanalının işçisi olmaq, burada
çalışmaq mənim üçün şərəfdir.
Yenidən dünyaya gəlsəm, təkrar TRT-çi olaram.
- Muhsin bəy, bu gün TRT-ni
dünyanın hər yerində həm də Türkiyənin
siması kimi qəbul edirlər. TRT bu adı necə
doğruldur? Müasir televiziya standartları ilə ayaqlaşa
bilirmi?
- TRT dünyanın önəmli
teleradio yayım qurumlarından olan Avropa Yayım Birliyinin (EBU)
üzvüdür. Eyni zamanda, Asiya Yayım Birliyində də
(ABU) təmsil olunur. Kanal dünyada yayım sahəsində fəaliyyət
göstərən bütün təşkilatlarla çox
yaxın iş birliyi qurub. TRT işçi heyətini
davamlı olaraq təkmilləşdirir, texniki və texnoloji
imkanlarını yeniləşdirir. Bildiyiniz kimi, televiziya
texnologiyası çox çətin bir işdir. TRT bunu da
daim diqqətdə saxlayır. Son dövrdə TRT-nin rəhbərilyi
yeni layihələr həyata keçirdi və bu layihə
çərçivəsində yeni kanallarımız açıldı.
Mən Azərbaycana 2007-ci ildə
gəldim. Bir il sonra
TRT-Avaz kanalı açıldı. Bu kanal Türk dünyasına, türkdilli
xalqlara yönəlik bir kanaldır. TRT-Avazın əsas
hədəfi türk dünyasında, bütün
türkdilli xalqlar və toplumlar arasında yer almaq, geniş tanınmaqdır. Bundan
başqa,TRT-nin xəbər kanalı vasitəsilə davamlı
olaraq ölkənin hər yerindən xəbərlər, yaşanan
gündəlik hadisələr
türkcə bütün
dünyaya yayımlanır.
- Bildiyiniz kimi, zaman, dövr
dəyişdikcə, televiziyaya
olan tələblər
də dəyişir. Necə düşünürsünüz, TRT müasir tələblərlə
ayaqlaşa bilirmi?
- TRT-də
"Xalq araşdırması"
adlanan bir qurumumuz fəaliyyət göstərir. Bu qurumun əsas funksiyası xalqın TRT-də daha çox
hansı səpkili verilişlərə üstünlük
verməsini araşdırmaqdır.
Türkiyədə özəl kanallar
da fəaliyyət göstərdiyindən onların
arasında istər-istəməz
reytinq yarışması
var. Təbii ki, biz özəl kanal olmadığımızdan onlarla
hər bir məsələdə yarışmaya
bilərik. Bizim xalqımıza, vətəndaşlarımıza
bir maarifləndirici, yol göstərici vəzifəmiz var. Məsələn,
20 il əvvəl
etdiyimiz bir işi indi etsək
diqqət çəkməyə
bilər. Çünki bəzən insanlar
yeni verilişlər, yeni layihələr istəyir.
- Araşdırmanız
nə göstərir?
Tamaşaçılar hansı verilişlərə
üstünlük verirlər?
- Türkiyədə
TRT dövlətin xalqa
xidmət etməsi üçün arxalandığı
xalq televiziyasıdır.
Xalq hər şeydən öncə bizdən tərəfsiz, insanları
aldatmayan xəbər gözləyir. Eyni zamanda,
insanlar bizdən ailəsi ilə birlikdə oturub seyr edə biləcəyi
keyfiyyətli proqramlar
istəyirlər. Odur ki, tamaşaçılar hər
hansı bir xəbəri eşidərkən
TRT kanalını açıb
"bu doğrudurmu"
sualına bizdən cavab istəyirlər.
TRT məhz belə
məsələlərdə xalqın inamını qazanmış bir kanaldır. Əgər bir proqram bu kanalda yayımlanırsa,
bir sənətçi
TRT-ə çıxış edirsə, deməli o, xalqın inamını qazanmış ziyalı və savadlı bir insandır. TRT-nin gördüyü
işlər xalqın
nəzərində məhz
belə qəbul olunub.
- TRT-nin müxbirlərinin iş metodları ilə Türkiyədəki digər
televiziya kanallarının
əməkdaşlarının iş metodları arasında fərq nədədir?
- Hər bir televiziya kanalının öz şərtləri var və müxbirlər bu şərtlər daxilində işləyirlər.
Məsələn, özəl
şirkətlərin jurnalistləri
ilə bizim jurnalistlərin arasında
bir fərq var: bizim xəbər
dairəmiz çox böyükdür. Və bütün
xəbərlər bu dairəyə öz qaynaqlarımızdan gəlir.
Gün ərzində 7 kanala xəbər proqramları hazırlanır. Xəbər proqramları
həqiqətən çox
önəmlidir. Biz işimizi görərkən
heç zaman qarşımızdakı quruluşlara,
qurumlara, dövlətlərə,
tərəflərə qarışmırıq
və hadisəyə obyektiv yanaşırıq.
Amma özəl kanallar bəzən ola bilər
ki, tərəfkeşlik
etsinlər. TRT isə bütün məsələlərə obyektiv
və tərəfsiz yanaşır.
- Qayıdaq
Azərbaycandakı fəaliyyətinizə,
TRT-nin Azərbaycan bürosu mədəniyyətimizin,
bölgələrdəki turizmin
tanıdılmasına yönəlik
hansı layihələri
reallaşdırır?
- Həftədə yarım
saat Azərbaycanı tanıdan proqramımız
yayımlanır. Bu proqram
çərçivəsində Azərbaycanın ziyalı,
sənət, iş adamlarının, mədəniyyət,
turizm, həyat tərzinin tanıdılması
istiqamətində verilişlər
hazırlanır. Həmin verilişlərlə
Azərbaycanı türk
dünyasına və
bütövlükdə dünyaya
daha geniş tanıtmaq istəyirik.
Bildiyimiz
kimi, müqəddəs
Ramazan ayı başlayıb. Azərbaycandakı insanların Ramazan ayını necə keçirməsi barədə
proqramlar hazırlanaraq
TRT-də nümayiş
etdiriləcək.
Turizmə gəlincə, biz rayonlara gedir, filmlər çəkirik.
Bu filmlər həm
də bölgələri
turizm baxımından
təbliğ edir.
Məsələn, Masallıda müalicəvi
isti sular var. Bu, eyni zamanda, turistlər
üçün cəlbedici
yerdir. Çəkdiyimiz filmlərdə həm
də Azərbaycanın
turizm potensialını,
təbiət gözəlliklərini
təqdim edirik. Bu yerləri göstərərkən
həm tanıdırıq,
həm də insanları o yerlərə
dəvət edirik.
- Muhsin bəy, Azərbaycanda olduğunuz müddətdə
sizdə ölkəmiz,
insanlarımız haqqında
hansı təəssürat
yaranıb?
- Bir insan üçün hər gördüyü yer ayrı bir
zənginlik, ayrı bir maraq mənbəyidir.
Masallıya gedib İstisuyu,
təbiət gözəlliyini,
Gəncəyə gedb
tarixi yerləri, İsmayıllıya, Lahıca
gedib qədim yerləri görürsən.
Dağlıq yerləri sevdiyimdən
daha çox dağlıq rayonlara getmişəm. Qaxda dağa
çıxıb ayrı
hisslər yaşayırsan,
Gəncədə, Şəkidə
isə tamamilə fərqli hisslər keçirirsən. Bu yerlərdən
hansınasa gözəl,
digərinə pis demək düz olmaz: hər birinin özünəməxsus
gözəlliyi var. Azərbaycanın
bölgələrində olduğum
müddətdə özümü
Anadolunun şəhərlərində
hiss etdim. İnsanlarınızın istiqanlı olması
məni bir daha bu qənaətə
gətirir. Ən əsası
isə odur ki, bizim dil
problemimiz də yoxdur və bir-birimizi gözəl başa düşürük.
Bölgələrdə olarkən görüşdüyümüz
insanlar "bizə qonaq gəlin" deyərək bizimlə mehribancasına söhbət
edir, qonaqpərvərlik
göstərirlər. Bu
münasibət bizlərə
çox xoş təsir edir. Azərbaycanın hər bölgəsində ayrı
bir zənginlik, gözəllik var: hər birindən zövq alırsan. İnsanların istiqanlı,
dost münasibətləri, sənə qardaş kimi qucaq açmaları,
qonaqpərvərlikləri bizim
üçün çox
qiymətlidir.
Mehparə Sultanova
Mədəniyyət.-
2010.- 13 avqust.- S. 5.