Oqtay Məmməd oğlu Kazımi

 

   Azərbaycan musiqi mədəniyyətinə ağır itki üz vermişdir. Görkəmli bəstəkar, Xalq artisti, Prezident təqaüdçüsü Oqtay Məmməd oğlu Kazımi ömrünün 78-ci ilində vəfat etmişdir.

   Oqtay Kazımi 1932-ci il dekabrın 27-də Astara şəhərində anadan olmuşdur. O, 1950-ci ildə A.Zeynallı adına Bakı Musiqi Texnikumunun xor dirijorluğu şöbəsində orta musiqi təhsilini almağa başlamış və paralel olaraq bəstəkarlıqla məşğul olmuşdur. 1957-ci ildə O.Kazımi Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının xor dirijorluğu fakültəsinə daxil olmuş, bir il sonra isə bəstəkarlıq fakültəsinə keçərək Xalq artisti, professor Cövdət Hacıyevin sinfində təhsilini davam etdirmişdir. 1965-ci ildə konservatoriyanı bitirdikdən sonra müstəqil yaradıcılıq yoluna qədəm qoymuş O.Kazımi musiqi sənətinin müxtəlif janrlarında öz qələmini sınamışdır. “Qızıl toy”, “Danabaş kəndinin əhvalatları”, “Dəli dünya”, “Meşədə futbol” musiqili komediyalarının, “Dədə Qorqud - nəğmələri” adlı epik operanın, “Qəhrəmanlıq” və “Şəhidlər” simfoniyalarının, “Qarabağ lövhələri”, “Sumqayıt lövhələri” simfonik süitalarının, “Hophopnamə”, “Peyğəmbər”, “Murovdağ nəğmələri” oratoriyalarının, “Nəğməmsən, Azərbaycan” kantatasının, Piano və orkestr üçün poema-konsertin, Xalq çalğı alətləri üçün konsertin, “Millətin oyaq gecəsi” vokal-simfonik poemasının, “Qarabağ rapsodiyasının”, Təntənəli uvertüranın, Xor və simfonik orkestr üçün “Trilogiya”nın, kamera-instrumental əsərlərin, xalq çalğı alətləri orkestri və estrada orkestri üçün pyeslərin müəllifidir.

   Oqtay Kazıminin yaradıcılığında mahnı janrı xüsusi yer tutur. Onun 200-dən artıq mahnısı - “Həyat, sən nə qəribəsən”, “Qaytar eşqimi”, “Bakının qızları” və “Bayram olsun” və s. mahnıları gözəl, lirik melodikası ilə dinləyicilərin qəlbinə yol tapmışdır. Bəstəkarın mahnıları respublikamızın görkəmli müğənniləri Rəşid Behbudov, Şövkət Ələkbərova, Oqtay Ağayev, Yalçın Rzazadənin və başqalarının repertuarında möhkəm yer tutur. Onun “Həyat, sən nə qəribəsən” mahnısı 60-70-ci illərdə məşhur olan “Qaya” vokal-instrumental ansamblının ifasında çox populyarlıq qazanmışdır.

   O.Kazımi bəstəkarlıqla yanaşı pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. O, uzun illər A.Zeynallı adına Bakı Musiqi Texnikumunda, S.Hacıbəyov adına Sumqayıt Musiqi Texnikumunda musiqi nəzəriyyəsi fənləri üzrə müəllim işləmişdir.

   Oqtay Kazımi ictimai musiqi xadimi kimi respublikanın musiqi həyatında fəal iştirak etmişdir. Azərbaycan Dövlət Filarmoniyasının musiqi redaktoru, Sumqayıt estrada orkestrinin bədii rəhbəri vəzifəsində çalışmışdır. O, 1966-cı ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü idi.

   Azərbaycan bəstəkarlıq məktəbinin tanınmış nümayəndələrindən biri, Xalq artisti Oqtay Məmməd oğlu Kazıminin yaradıcılığı musiqisevərlərin yaddaşında qalacaqdır.

   Allah rəhmət eləsin.

  

   Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi,

   Azərbaycan Bəstəkarlar İttifaqı

 

 

   Mədəniyyət.- 2010.- 13 avqust.- S. 4.