Azərbaycan və Litva mədəniyyət sahəsində əməkdaşlığı genişləndirir

 

   Bu gün dünyada mədəniyyətlərarası dialoqun fəal iştirakçısına çevrilən Azərbaycan yaxın-uzaq ölkələrlə mədəniyyət sahəsində əməkdaşlığı genişləndirir, bu zəmində yeni layihələr həyata keçirilir. Azərbaycanın son vaxtlarda mədəniyyət sahəsində tərəfdaşına çevrilən ölkələrdən biri də Litvadır. Litvanın mədəniyyət naziri Arunas Qelunasın ölkəmizə səfərinin əsas məqsədi də ikitərəfli əlaqələri genişləndirmək və birgə layihələri müzakirə etməkdir.

  

   Avqustun 16-da Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin litvalı həmkarı Arunas Qelunasla görüşündə bu barədə müzakirələr aparıldı. Litva nümayəndə heyətinin səfərini yüksək qiymətləndirən nazir Ə.Qarayev qeyd etdi ki, Baltikyanı ölkələr arasında Azərbaycanın ən geniş əməkdaşlığı məhz Litva ilə həyata keçirilir. Nazir Litvanın hakim Milli Dirçəliş Partiyasının sədrinin rəhbərlik etdiyi parlament nümayəndə heyətinin də ölkəmizdə səfərdə olduğunu nəzərə çatdıraraq bu səfərlərin qarşılıqlı əməkdaşlığa mühüm töhfə olduğunu vurğuladı.

   Litvanın mədəniyyət naziri Arunas Qelunas bu vəzifəyə yeni təyin olunduğunuilk xarici səfəri Azərbaycana etdiyini bildirdi. Litvalı nazir iki ölkə arasında, digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əməkdaşlığın genişləndiyini, bu yöndə yeni layihələrin həyata keçiriləcəyinə inandığını dedi. Litvalı qonaq caz musiqisini çox sevdiyini, Azərbaycanda da bu musiqinin inkişaf etməsindən xəbərdar olduğunu vurğuladı: «Caz pərəstişkarı olaraq bu sahədə ölkələrimiz arasında işbirliyinin olacağına ümidvaram».

   Nazir Əbülfəs Qarayev isə ölkəmizin Litva ilə təkcə musiqi sahəsində deyil, mədəniyyətin digər sahələrində də sıx əməkdaşlığa hazır olduğunu bildirdi. Nazir ikitərəfli münasibətlərin son illərdə daha sıx təşəkkül tapdığını qeyd etdi. O, Azərbaycanla Litva arasında ilk müştərək mədəniyyət layihəsinin bu yaxınlarda Heydər Əliyev Sarayında təqdimatı keçirilmiş «Notre Dame de Pari» musiqili tamaşası olduğunu nəzərə çatdırdı. Nazir əməkdaşlığın davamı kimi yeni mədəniyyət layihəsinin hazırlandığını da bildirdi. Qeyd etdi ki, «Küləyin yuxusu» adlı layihədə iki ölkənin musiqiçiləri iştirak edəcək. Layihənin təqdimatının gələn ilin aprelində keçirilməsi planlaşdırılır. Bu layihə mədəniyyətlərarası dialoqun genişləndirilməsinə xidmət edəcək».

   Nazir qonaqlara gələn ilin aprelində Bakıda keçiriləcək «Mədəniyyətlərarası dialoq»a həsr olunmuş tədbir barədə də məlumat verdi. Qeyd etdi ki, sammitin təşkilatçıları arasında Avropa Şurası, UNESCO, İSESCO, BMT-nin Sivilizasiyalararası Alyansı da var. «Küləyin yuxusu» layihəsi də məhz bu tədbir çərçivəsində reallaşacaq.

   Görüşün sonunda Ə.Qarayev litvalı həmkarına Azərbaycan xalçası və xatirə hədiyyələrini təqdim etdi. Qonaq nazir isə Ə.Qarayevə diplomkitablar hədiyyə etdi.

  

 

   Mehparə Sultanova

 

   Mədəniyyət.- 2010.- 18 avqust.- S. 3.