Arunas Qelunas: «Müştərək
layihələr həyata keçirmək üçün
çoxlu imkanlar var»
Görüşdən sonra Litvanın mədəniyyət
naziri Arunas Qelunas qəzetimizə eksklüziv müsahibə
verdi.
- Cənab nazir, Litvanı Azərbaycan
mədəniyyətinin hansı məqamları daha çox özünə
cəlb edir?
- Burada bir sıra məqamlar var. Məsələn, ötən
həftə mən Azərbaycan caz musiqisini dinlədim. Bu çox maraqlı
idi. Bizim üçün təkcə musiqi deyil, digər mədəniyyət sahələri
də maraqlıdır.
Məsələn, toxuculuq, keramika,
memarlıq Azərbaycanda
qədim sənətkarlıq
sahələridir. Bu baxımdan düşünürəm
ki, bir çox
sahələrdə birgə
əməkdaşlığımızı
inkişaf etdirmək,
müştərək layihələr
həyata keçirmək
üçün imkanlar
mövcuddur. Xüsusilə kino sahəsində geniş əməkdaşlığın
mümkünlüyünü önə çəkmək
istərdim. Bu sahədə birgə layihələr reallaşdırmaq
olar. Məsələn, biz artıq «Notre Dame de Pari» layihəsini reallaşdıra bilmişik.
İnsanlar bir ölkəyə
səyahət edəndə,
şəxsi dostluq əlaqələri qurur və bu da
əməkdaşlığa yol açır. Çünki görüb-götürmək,
ünsiyyət vasitəsilə
əlaqələr daha
da dərinləşir
və sən bir ölkə, onun tarixi, mədəniyyəti
haqqında daha çox şey öyrənmək istəyirsən.
Bu baxımdan mədəniyyəti sadəcə
qəzet və ya televiziyadan öyrənmək qeyri-mümkündür.
Bizim məşhur turizm məkanlarımız var. Orta
əsrlərə məxsus
qalalarımız, muzeylərimiz
çox gözəldir.
Beləliklə, insanlar çox
gördükcə, çox
öyrəndikcə bu,
daha maraqlı və cəlbedici olur.
- Sizcə, mədəni əlaqələri
daha da genişləndirmək
üçün nə
etmək lazımdır?
- Azərbaycanın
zəngin mədəniyyəti
var. Bu zəngin mədəniyyəti
Litvaya tanıtmaq üçün yalnız
bir qədər addım atmaq lazımdır. Mən dialoqa və
mübadiləyə inanıram.
Beləliklə, dialoq
mənim təşəbbüsümdür.
Şəxsi dostluq, münasibətlər əlaqələri
daha da inkişaf
etdirəcək.
- Cənab Qelunas, bayaq caz musiqisi haqqında
danışdınız. Maraqlıdır,
bəs bizim muğamımız haqqında
nə bilirsiniz?
- Bilirəm ki, muğam ənənəvi Azərbaycan
musiqisidir. Mən onu ancaq cazla
sintez olunmuş formasını dinləmişəm.
Bilirəm ki, Vaqif Mustafazadə sizin əfsanəvi caz ifaçınız olub. O da muğamla
cazı sintez edərək ifa edib. Eyni zamanda,
bir neçə muğam ifasını internetdə görüb dinləmişəm.
- Ölkələrimiz
arasında turizm əlaqələrinin gələcək
perspektivləri haqqında
nə deyə bilərsiniz?
- Düşünürəm
ki, turizm əlaqələrini inkişaf
etdirmək lazımdır.
Təəssüf ki, turizm sahəsi Litvada Mədəniyyət
Nazirliyinin sisteminə
daxil deyil. Lakin bizim turizm
sənayesi ilə güclü əlaqələrimiz
var. Düşünürəm ki, yavaş-yavaş bunu sürətləndirə
bilərik. Çalışarıq
ki, mədəni turizmi inkişaf etdirək. Çünki mədəni əlaqələrlə
bağlı çoxlu
litvalı Azərbaycana,
çoxlu azərbaycanlı
isə Litvaya səfər edir. Düşünürəm ki,
Litvanın qədim Baltik sivilizasiyasını,
eləcə də Azərbaycanın qədim
mədəniyyətini bir-birimizə
müxtəlif yollarla
tanıda bilərik. Bir-birimizi daha yaxşı başa düşmək üçün
sərgi mübadiləsinin
aparılması da mühüm tanıtma vasitəsidir. Eyni zamanda bilirəm ki, Azərbaycan müsəlman Şərqində
ilk operanın vətənidir.
Bizim də Vilnüsdə çox yüksək səviyyəli
Opera Teatrımız var. Bütün
bunların olması qarşılıqlı mübadiləyə,
əməkdaşlığa geniş imkanlar yaradır.
Mənim Azərbaycana səfərim
bir daha təsdiqləyir ki, biz ölkələrarası münasibətlərə
çox ciddi yanaşırıq və mədəni əməkdaşlığın,
mədəni mübadilənin
daha intensiv olmasına çalışırıq.
- Bakıya ilk dəfə səfər edirsiniz. Paytaxtımız haqqında təəssüratınız
necədir?
- Qeyd edim ki, mənim
atam cərrah olub və o, Bakıya tez-tez səfər edib. Hər zaman bizə bu şəhər
və onun insanları haqqında yaxşı sözlər danışırdı. Yəni
mən Bakıya gəlməzdən öncə
bu şəhər barədə artıq müəyyən məlumata
malik idim. Bakı çox inkişaf etmiş bir şəhərdir. Burada olduğum müddətdə Xalça
Muzeyində oldum və bu ziyarət
məndə zəngin
təəssürat yaratdı.
Oradakı xalçalar çox
gözəl idi.
Mehparə Sultanova
Mədəniyyət.- 2010.- 18 avqust.-
S. 3.