Həvəskar
və tətbiqi sənət ustalarının əsərlərindən
ibarət fond
Mədəniyyət və Turizm
Nazirliyinin Mədəniyyətşünaslıq üzrə
Elmi-metodiki Mərkəzində həvəskar təsviri və
tətbiqi sənət ustalarının əsərlərindən
ibarət fond yaradılıb. Mərkəzin İncəsənət
bilikləri şöbəsinin müdiri Rafiq Quliyevin verdiyi məlumata
görə, fondun yaradılmasında məqsəd
yaradıcılıqla məşğul olan rəssamların və
tətbiqi sənət ustalarının əl işlərinin
daha geniş səviyyədə təbliğinə nail
olmaqdır. Fondun mədəniyyət və turizm naziri Əbülfəs
Qarayevin təşəbbüsü ilə
yaradıldığını deyən R.Quliyev burada ölkənin
müxtəlif bölgələrində yaradıcılıq
fəaliyyəti göstərən təsviri və tətbiqi
sənət ustalarının 100-dən artıq əsərinin
yer aldığını bildirib. Onun sözlərinə
görə, fondda ölkə miqyaslı sərgilərdə
nümayiş olunan ən yaxşı əsərlər
seçilib. Gələcəkdə burada sənət əsərlərinin
say tərkibinin artırılması nəzərdə tutulur.
Rafiq Quliyev onu da qeyd edib ki, Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi ilə həvəskar rəssam
və tətbiqi sənət ustalarının respublika üzrə
təşkil olunan sərgilərində fərqlənən sənətkarların
əsərlərindən ibarət fərdi sərgilər təşkil
olunacaq. Tədbir Xaçmaz Rayon Rəsm Qalereyasında baş
tutacaq. Hazırda isə fərdi sərgiləri keçiriləcək
bacarıqlı sənətkarların seçimi
aparılır. Həvəskar yaradıcılıq nümunələrinin
nümayişi bir həftə davam edəcək.
Mədəniyyət.-
2010.- 18 avqust.- S. 4.