Sizlərə
yadigar nəğmələrimdir
O insan xoşbəxtdir ki, onu
özündən sonra da yaşadan əməlləri var. Bu mənada
görkəmli bəstəkar Oqtay Kazımiyə Tanrı əbədi
ömür nəsib edib. O, bu ömrün cismani hissəsini
başa vurub, ruhən isə əbədi olaraq əsərlərinin
sayəsində yaşayacaq. Çünki Oqtay Kazımi Azərbaycan
musiqi mədəniyyətinə çox gözəl töhfələr
bəxş edib. Musiqinin müxtəlif janrlarında qələmini
sınayaraq çox dəyərli əsərlər
yaradıb.
Oqtay müəllim milli köklər
zəminində klassik musiqi nümunələri yazıb-yaradıb.
Onun əsərlərindən “Şəhidlər”
simfoniyası, “Qarabağ lövhələri” simfonik
süitası, “Hophopnamə” və “Murovdağ nəğmələri”
oratoriyaları, “Nəğməli Azərbaycan” kantatası, “Dədə
Qorqud nəğmələri” epik operası və
başqalarının adını çəkə bilərik.
Belə geniş
yaradıcılıq irsinə malik olan bəstəkar
üçün çox doğma olan bir janr vardı ki, bu da
mahnıdır. Oqtay Kazımi müxtəlif məzmunlu
mahnılarında sanki əsil insan portreti yaratmağa
çalışırdı. Çünki bu mahnıların
hər biri öz poetik mətni və musiqi dili ilə insanların
daxili aləmindən soraq verirdi. “Vətən gözəl”,
“Sevgi bayatıları”, “Mənim duyğularım”,
“Ayrılıq olmasaydı”, “Kaş millətdə ruh
yaşasın”, “Qocalır anam”, “Həyat, sən nə qəribəsən”,
“Mərd oğullar” və mahnılar bu qəbildəndir.
Oqtay Kazımi 300-dən çox
mahnı bəstələyib. Onların bir çoxu bu gün
də müğənnilərin repertuarındadır. Oqtay
Kazıminin mahnı janrına üstünlük verməsi
onun digər janrlarda yazdığı əsərlərinin də
musiqi dilində duyulur. Bu da ondan irəli gəlir ki, o, gözəl melodiyalar yarada bilirdi. Bəstəkarın hər hansı vokal əsərini dinləyərkən orada sözlə musiqinin sıx vəhdəti aydın duyulur.
Oqtay müəllim şairanə
təbiəti olan bir bəstəkar idi. Odur ki, şairlər
də onunla işləməkdən məmnun
idilər. Bu yerdə
unudulmaz söz sərrafı Cabir Novruzun Oqtay Kazımi haqqında dediyi fikrini xatırlayıram: “Mən
Oqtayla işləməkdən
zövq alıram. Çünki o, şeiri sevə-sevə
oxuyur. Ona görə də
bəstələdiyi mahnılar
ürəyəyatımlıdır.
Onun bir xasiyyəti də var. Saatlarla yanında şeir oxusan, məmnuniyyətlə
qulaq asacaq. Onun sözlərimə bəstələdiyi
mahnıları dinləyəndə
sanki həmin şeirin mənə məxsus olduğunu unuduram. Elə bilirəm ki,
elə söz də, musiqi də Oqtaya məxsusdur. O, əsil
mahnı ustasıdır”.
Oqtay Kazıminin bəstələdiyi
mahnılar həmişə
ifaçıların diqqətini
cəlb edib, onların repertuarını
bəzəyib. Onun
mahnıları unudulmaz
sənətkarlarımız Rəşid Behbudov, Mirzə Babayev, Şövkət Ələkbərova,
Gülağa Məmmədov,
xalq artistləri Zeynəb Xanlarova, Yalçın Rzazadə və başqalarının
ifasında səslənib.
Bu günün və gələcəyin ifaçı nəsli hələ bu nəğmələrdən çox
bəhrələnəcək. Oqtay Kazımi nəğmələrinin
birində bizə “Əlvida” desə də, o nəğmələr
heç vaxt bizimlə vidalaşmayacaq.
Daim səslənəcək, bizi
mənən ruhlandırıb,
könlümüzə xoş
ovqat gətirəcək.
Hər dəfə bu nəğmələri dinlədikcə sanki qulaqlarımızda müdrik
sənətkarın həzin
pıçıltısı da səslənəcək:
“Sizlərə yadigar nəğmələrimdir”.
Bizə belə yadigarlar qoyub gedən hörmətli sənətkarımıza
- Azərbaycan bəstəkarlıq
məktəbinin görkəmli
nümayəndəsi, Xalq
artisti Oqtay Kazımiyə Tanrıdan rəhmət diləyir və deyirik: “Kaş millətdə ruh yaşasın”. Çünki o ruh Oqtay müəllim kimi sənətkarları da əbədi yaşadacaq.
Səadət Təhmirazqızı,
Musiqişünas
Mədəniyyət.-
2010.- 18 avqust.- S. 6.