Şərəfli
ömür yaşamışam...
50
illik yubileyini qeyd etməyə hazırlaşan Xalq artisti Mənsum
İbrahimov keçdiyi yola bir daha nəzər saldı...
Ömür kimi səsi də Allah verir...
O, Allahın verdiyi səslə,
gözəl ifası, səhnə mədəniyyəti və
sənətinə olan sonsuz məhəbbətiylə
milyonların sevimlisinə çevrildi...
17 il Opera və
Balet Teatrının səhnəsində 112 dəfə Məcnun
oldu...
112 dəfə Məcnun olandan sonra
adam gərək dəli olsun, amma o sənətiylə
sözün yaxşı mənasında çoxlarını
dəli etdi...
Ustadlardan dərs alıb
özü də ustad oldu...
Klassik muğam sənətinin ən
layiqli davamçılarından biri kimi, özü də
layiqli davamçılar yetişdirdi...
Bütün bunlara cəmi 25 ildə
nail oldu...
- Qarşıdan 50 illik yubileyiniz gəlir.
Mənsum İbrahimovun ömür yolu haradan
başlayıb, kəndiniz, eviniz, uşaqlıq xatirələriniz
50 illik məsafədən necə görünür?
- Bu illər necə gəlib gedib,
heç özüm də bilməmişəm. Vaxt
su kimi axıb gedir. Bir də görürsən
ki, xeyli yol gəlmisən. Amma hər
yaşı yaşamağın özü bir xoşbəxtlikdir.
Heç kim bilmir ki, ömrü nə qədərdir.
Mən mövhumatçı deyiləm, amma hər
bir müsəlman kimi Allaha bağlı adamam. Allahın yazdığı alın yazısına,
taleyə inanıram. Dönüb arxaya
baxanda uzun bir yol görürəm. Bu yollar
Ağdamın İmanqulubəyli kəndinə gedib
çıxır. Kəndimizin yuxarı tərəfi
Sultanbud meşəsi idi. Xaçın
çayı kəndimizin yanından axıb keçirdi.
Belə gözəl bir məkanda doğulub,
böyüyüb boya-başa çatmışam.
Təbii gözəlliyi
ilə yanaşı, Qarabağ həm də gözəl səslər
diyarıdır. Uşaq vaxtı mənə
elə gəlirdi ki, hamının səsi var, hamı oxuya bilər.
Çünki gözümü açıb toy
şənliklərində böyük xanəndələr
görmüşəm. O da yadımdadır ki, Xan
Şuşinski, Şövkət Ələkbərova, Əbülfət
Əliyev, Yaqub Məmmədov kimi böyük sənətkarlar
kəndimizdə konsert verərdilər. Mən də
onlara həsrətlə, heyranlıqla qulaq asardım. Belə-belə bir də baxıb görüm ki,
artıq sənətdəyəm.
Gəldiyim yollara
dönüb baxanda həm də ona görə rahatlıq
tapıram ki, ömrümdə heç kimə zərər
verməmişəm, sənətimi çox sevmişəm.
Çalışmışam ki, işimin
mütəxəssisi, sənətkarı olum və bu gün də
buna çalışıram. Çünki
muğam sənəti ağır sənətdir, bu sənəti
axıra kimi öyrənməyə bir ömür bəs eləmir.
Öyrəndikcə öyrənirsən. Hər halda şərəfli bir ömür
yaşamışam, valideynlərimin, ailəmin yanında,
xalqımın, Vətənimin qarşısında
başım aşağı deyil.
- Yollar sizi böyük və sirli
şəhərə gətirdi. Hansı arzularla gəlmişdiniz,
kim olmaq istəyirdiniz və sonda kim oldunuz?
- Ağlım kəsəndən
intuisiya - altıncı duyğu ilə kim
olduğumu və kim olmaq istədiyimi hiss eləmişəm. Tərəzi bürcündənəm, riski sevmirəm,
hər addımımı ölçüb-biçən
adamam. Qarşıma məqsəd qoysam, qərar qəbul
etsəm, heç kim məni yolumdan
döndərə bilməz. Hərbi xidmətdən
qayıdandan sonra oturub yaxşı-yaxşı
düşündüm ki, mən nə qədər toy şənliklərinə
gedəcəyəm? Qarşıma məqsəd
qoydum ki, təhsil alım, bu sənətin sənətkarı
olum. Bu məqsədlə Bakıya gəldim.
Mərhum sənətkar Vahid Abdullayev səsimə qulaq
asıb bəyəndi, məsləhət bildi ki, sənədlərimi
Asəf Zeynallı adına Orta İxtisas
Musiqi Məktəbinə verim. Belə də etdim, imtahanda
“Çahargah” dəsgahı oxuyub ilk muğam imtahanından beş aldım...
Sənət
taleyimi Şövkət xanım həll etdi
- 1985-ci ildə Üzeyir Hacıbəylinin
100 illik yubileyi münasibəti ilə V respublika musiqi
müsabiqəsi keçirildi və bu müsabiqədə I
diploma layiq görüldünüz. Bu uğur sizə
düşərli oldu, ardınca yeni uğurlar gəldi...
- Müəllimim
Vahid Abdullayev çox tələbkar müəllim, həm də
çox yaxşı insan idi. Üçüncü
kursda oxuyanda Üzeyir bəyin 100 illiyi ilə bağlı
müsabiqədə iştirak edim. Münsiflər
heyətinin sədri Gülağa Məmmədov idi. Şövkət xanım Ələkbərova da
münsiflər heyətində idi. Müsabiqədə
müxtəlif bölmələr vardı, muğam sahəsi
üzrə I diploma layiq görüldüm. Bu müsabiqədən sonra Şövkət
xanımla tanışlığımız başladı.
Səsim, ifam Şövkət xanımın
xoşuna gəlmişdi deyə, məni öz sinfinə dəvət
etdi, böyük məmnuniyyətlə onun dərslərində
iştirak etdim. Günlərin birində məndən
soruşdu ki, operada oxumaq istəyərsən? Dedim ki,
Şövkət xanım, mən operada oxuya bilərəm?
Dedi, sənin səsin də, görünüşün də
Məcnuna uyğundur, əgər öz üzərində
çalışsan, zəhmət çəksən səndən
yaxşı Məcnun olacaq.
Hər dəfə səhnədən
alqışlarla yola salınanda Şövkət
xanımın ruhuna dua oxuyuram. Mənim sənət
taleyimi Şövkət xanım həll etdi. Opera və
Balet Teatrının o zamankı rəhbəri Azər Rzayevə
zəng edib dedi ki, bir müsabiqə qalibimiz var, ona qulaq asmaq
lazımdır. Gün təyin elədilər, bədii
şuranın üzvləri yığışdılar,
Şövkət xanım da mənimlə getdi. Səsimə qulaq asdılar, həmin gün də məni
işə götürdülər. Həm
böyük sənətkar, həm yaxşı insan, həm də
əvəzsiz müəllim olmaq nadir haldır. Bu üç cəhətin üçü də
Şövkət xanımda cəmləşmişdi.
Opera və Balet Teatrında 6-7 il kiçik rollar ifa etdim. “Leyli və
Məcnun” operasında ilk rolum isə Zeyd olub. Teatrın
rəhbərliyi dəyişəndən sonra Akif Məlikov gənclərə
geniş meydan verdi. Hazırda
teatrın baş rejissoru olan, Əməkdar incəsənət
xadimi Hafiz Quliyev 8 ay müddətində məni Məcnun
roluna hazırlaşdırdı. 1993-cü
ildə ilk dəfə Məcnun rolunda səhnəyə
çıxdım.
Klassik
muğam məktəbinə xidmət edirəm
- Beləcə səhnəmizin ən
uzunömürlü Məcnunlarından biri oldunuz...
- 17 ildə 112 dəfə Məcnun
kimi səhnəyə çıxmışam. Yaddaqalan
tamaşalarım çox olub. 1995-ci ildə
Füzulinin 500 illiyi ilə bağlı iki hissəli “Leyli və
Məcnun” bədii film-operasında Məcnun rolunu
oynamışam. 2008-ci ildə “Leyli və
Məcnun” operasının 100 illik yubileyində Məcnun
rolunda çıxış etmişəm. Parisdə, UNESCO-nun mənzil-qərargahında “Leyli
və Məcnun” operasını nümayiş etdirmişik.
Bu il Qətərdə Azərbaycan Mədəniyyəti
Günləri keçirildi və ilk dəfə biz ərəb
dünyasında “Leyli və Məcnun” operası ilə
çıxış etdik və ən yaddaqalan tamaşalardan
biri də bu oldu. Bütün bunlar tarixi
tamaşalardır.
- Yaxşı müəllimin
yaxşı da tələbələri olur. Bu gün kifayət
qədər tanınan tələbələriniz var. Artıq
Mənsum İbrahimov məktəbi öz bəhrəsini
verir...
- Müəllimlik sənətini
çox sevirəm, istəyirəm bildiyimi gənclərə
öyrədim. İfaçılıq başqa
sənətdir, müəllimlik tamam başqa sənət.
Gözəl ifaçılarımız var, amma
tələbələri yoxdur. Muğam
notla öyrədilmir, ustad illər boyu öyrəndiklərini
tələbələrinə, davamçılarına öyrədir.
Borcumuzdur ki, özümüzdən sonra gələnlərə
kömək edək. Böyük ustadlarımız var, Əlibaba
Məmmədov, Arif Babayev, Ağaxan Abdullayev, Canəli Əkbərov,
Alim Qasımov və bir çox sənətkarlar bu gün tələbə
yetişdirirlər. Biz də onlara
baxırıq. Mənsum məktəbi
yoxdur, Azərbaycan muğam məktəbi var, mən də
klassik muğam məktəbinə xidmət edirəm. Amma, əlbəttə ki, dəst-xətt
özünü göstərəcək. Bu il müəllimlik fəaliyyətinin bəhrəsi
kimi Milli Konservatoriyanın kollektivi və Elmi
Şurasının yekdil fikri ilə dosent elmi dərəcəsi
adını almışam.
- Özünüzü Üzeyir bəyin
mənəvi övladı sayırsınız...
- Tək mən yox, musiqi sahəsində
çalışan hər bir insan Üzeyir bəyin mənəvi
övladıdır. 25 il əvvəl mən Ü.Hacıbəylinin
anadan olmasının 100 illik yubileyi ilə bağlı
müsabiqədə iştirak edib laureat oldum, 20 ildən sonra
Üzeyir Hacıbəyovun anadan olmasının 120 illik
yubileyində mən artıq münsiflər heyətinin
üzvü idim. 2005-ci ildə keçirilən
bu muğam müsabiqəsi böyük mədəni hadisəyə
çevrildi. Tələbəm Təyyar
Bayramov birinci yer qazandı. Müəllim
üçün bundan böyük xoşbəxtlik yoxdur.
Heydər Əliyev Fondunun
keçirdiyi muğam layihələri, muğam müsabiqələri
muğama yeni bir ömür, yeni həyat verdi.
2009-cu ildə Bakıda Beynəlxalq Muğam Mərkəzi
tikildi və ilk dəfə Azərbaycanda beynəlxalq muğam
müsabiqəsi keçirildi. Bu dövlətimizin
muğamata qayğısının nəticəsi idi. Mənim üçün böyük xoşbəxtlik
həm də bu oldu ki, tələbəm Təyyar Bayramov bu
müsabiqədə Qran-pri qazandı, hazırda Əməkdar
artist fəxri adını daşıyır. Mən tələbələrimlə fəxr edirəm
və onların uğurlarına bəlkə də valideynlərindən
daha çox sevinirəm.
Torpaqsız yaşamaq böyük dərddir
- Qeyd etdiyim kimi qarşıdan
yubileyiniz gəlir, yubileyinizi necə qeyd etmək istəyirsiniz?
- Adi vaxtı çox da təmtəraq
xoşlamıram, amma 50 illik yubileyi keçirmək
lazımdır. Təbii ki, sənət
dostlarımla yubileyimi qeyd edəcəyik. Bu
ərəfədə həm solo konsertimi, həm də tələbələrimin
konsertini keçirməyi planlaşdırırıq. Eyni zamanda, Azərbaycanın bölgələrində
konsertlərlə çıxış etməyi və
yaradıcılıq hesabatı kimi yekun konserti Bakıda verməyi
nəzərdə tuturuq.
Yazıçı-publisist
Mustafa Çəmənli 50 illik yubileyimlə əlaqədar
“Məcnunun Məcnunu” adlı maraqlı bir kitab yazıb.
Həyatım, yaradıcılığım,
dostlarımın dediyi sözlər, ustadların dediyi fikirlər
kitabda cəmlənib. Kitab “Təhsil” nəşriyyatında
yüksək səviyyədə çap olunub. Əməyi olan hər kəsə təşəkkürümü
bildirirəm.
- Sizin üçün dünyada ən
böyük hədiyyə nə olardı?
- Hədiyyələr çoxdur. Ancaq Allahın insana verdiyi ən böyük hədiyyə
övladdır. Mənim üçün ən
böyük hədiyyə övladlarım, tələbələrimin,
dostlarımın uğurlarıdır.
Doğma
torpağıma qayıtsaydım, bu mənim üçün
dünyada ən qiymətli hədiyyə olardı. Çünki torpaqsız yaşamaq böyük dərddir.
- Deyirlər, hər güclü
kişinin arxasında güclü bir qadın dayanır...
- İnsanın, sənətkarın
arxasında sağlam ailəsi varsa, o uğur qazanacaq. Həyat yoldaşım öz kəndimizdəndir, bir
yerdə böyümüşük, ziyalı ailədəndir
və özü də ziyalı xanımdır. Sadiq
dost, həyat yoldaşı, uşaqlarımın anası kimi
hər zaman mənə dayaq olub. Övladlarımla
fəxr edirəm. Böyük qızım bu il ali təhsilini
başa vurub Xarici İşlər Nazirliyində gənc
diplomat kimi işə başlayıb, ikinci qızım BDU-da təhsil
alır, üçüncü qızım orta məktəbdə
oxuyur, oğlumun isə bu il 6 yaşı tamam olur, məktəbə
gedəcək. Bu baxımdan Allahımdan
çox razıyam ki, sağlam ailəm, gözəl
övladlarım var.
- Özünüz
özünüzə nə arzulayardınız?
- O qədər görməli
işlərim, arzularım var ki, sayı-hesabı yoxdur. Bu
işləri görmək, başa çatdırmaq
üçün Allahımdan vaxt, möhlət istəyirəm...
- “Mədəniyyət”
qəzetinin kollektivi adından sizi ürəkdən təbrik
edirik. Hər zaman səhnəmizdə olasınız!
- Mən də sizə təşəkkür
edirəm ki, “Mədəniyyət” qəzeti mədəniyyətimizlə
bağlı heç bir hadisəni nəzərdən
qaçırmır.
Təranə
Məmmədova
Mədəniyyət.-
2010.- 18 avqust.- S. 7.