Min Qazaxda köhlən ata...
Azərbaycanın bu dilbər
guşəsində turizmin müxtəlif növlərinin
inkişafı üçün geniş imkanlar var
Ölkəmizin əlverişli təbii
şəraiti, geniş turizm potensialı olan bölgələrindən
biri də Qazax rayonudur. Azərbaycan Respublikasında
2010-2014-cü illərdə turizmin inkişafına dair
Dövlət Proqramına müvafiq olaraq rayonumuzda turizmin bir
neçə növünün inkişafı
üçün imkanlar var. Məsələn, rayonun Fərəhli
və Aşağı Salahlı kəndlərindəki təbii
və mədəni resursların mövcudluğu Dövlət
Proqramının «Müalicəvi su və digər mənbələrin
olduğu ərazilərdə rekreasiya-yerləşdirmə
obyektlərinin tikintisi» bəndinə tam uyğun gəlir.
Rayon mərkəzindən 20 km qərbdə
yerləşən Fərəhli kəndinin insan həyatı
üçün daim zəruri olan coğrafi mühiti, yəni
saf suyu olan bulaqları, dağ-çəmən
landşaftlı ərazisi, geniş meşə massivi və
yerin təkindən çıxan müalicəvi su turistlər
üçün ən əlverişli şərait hesab
olunur. Rayon mərkəzindən 17 km şimalda, Tuqay meşələrinin
əhatəsində və Kür çayının sahilində
yerləşən Aşağı Salahlı kəndi isə
balıq və quş ovçuları üçün əlverişli
məkan hesab edilir. Kəndin ərazisində turizmin
inkişafı üçün təbii-mədəni resurslar
- ilk dəmir dövrünə aid «Gümbültülü təpə»
adlı ölkə əhəmiyyətli arxeoloji abidə, yerin
təkindən çıxan şəfaverici müalicəvi
su var.
Hər iki kəndin ərazisində
müasir tələblərə cavab verən balneoloji
sanatoriyanın və rekreasiya-yerləşdirmə obyektlərinin
inşası müalicə turizmi ilə kənd turizminin
inkişafına təkan vermiş olardı.
Aslanbəyli kəndində
1893-cü ildə inşa edilmiş, Qazax, Gəncə və
Borçalı ellərində «Göy türbə» kimi
tanınan Hacı Mahmud əfəndinin türbəsi həm də
xalqın inanc yeri kimi məşhurdur. Buraya əhd edib gələnlərin
sayı-hesabı bilinmir. Dini turizm və kənd turizminin
inkişafı üçün əsl potensial olan bu məkanda
daha iki memarlıq abidəmiz var: Hacı Mahmud Əfəndinin
vaxtilə yaşadığı evi və 1909-cu ildə
inşa edilmiş məscid.
Rayon mərkəzində ən
müasir standartlara cavab verən Olimpiya İdman Kompleksi və
İdman Sağlamlıq Mərkəzi fəaliyyət göstərir.
Bu obyektlərdə zəruri yerləşdirmə
infrastrukturunun da mövcudluğu idman turizminin inkişafına
mühüm zəmin yaradır.
Ətraf mühitin, yerli bitki və
heyvanat aləminin qorunub saxlanılmasını, habelə mənzərəli
yerlərin toxunulmaz və təbii halda qalmasını
arzulayırıqsa, onda ekoturizmə müraciət eməliyik.
Rayonun ərazisində olan çoxlu sayda bulaqların,
üç dəryaçanın, bir neçə
mövsümi və üç daimi axan çayların, 4 min
hektara yaxın meşə fondunun mənfi təsirlərə
məruz qalmaması və su hövzələrinin çirklənməməsi
üçün ekoturizmin inkişaf etdirilməsi çox
vacibdir.
İnkişaf etdirilməsi nəzərdə
tutulan turizm növlərindən biri də atüstü
turizmdir. İnsan sağlamlığı üçün
çox xeyirli olan atla gəzinti rayonumuz üçün
olduqca xarakterikdir. Bölgəmiz qədimdən indiyədək
özünün yerli «Dilboz» cinsli atları ilə fəxr
edib. Rayonda 1948-1958-ci illərdə Atçılıq
Texnikumu, 1987-1993-cü illərdə isə «At İdman Məktəbi»
fəaliyyət göstərib. Yəni atçılıq sahəsində
müəyyən təcrübələr əldə etmiş
rayonun həm də kifayət qədər abidələri və
mənzərəli landşaft müxtəlifliyi atüstü
turizmin inkişafına imkan verir. Bu sahənin inkişaf
etdirilməsi üçün lazımi resurslara malik olan
bölgədə atçılıq turizm mərkəzinin
yaradılması da nəzərdə tutulub. Mərkəzin
yerləşəcəyi məkanı və atlı səyyahın
hərəkət edəcəyi marşrutun xəritəsini də
hazırlamışıq. Təklif etdiyimiz marşrut ekzotik
görüntülü Ağstafaçay dəryaçasının
ətrafında yerləşən Cəfərli kəndindən
başlamaqla 11 memarlıq, 8 arxeoloji, 4 bulaq, 3 təbiət abidəsi
və təbiətin bir sıra mənzərəli guşələrini
əhatə edir.
Dövlət Proqramında diqqət
çəkən məqamlardan biri də tarix-memarlıq və
mədəniyyət qoruqlarının ərazilərində
müasir turizm infrastrukturunun yaradılmasıdır. Rayonda
1989-cu ildən fəaliyyət göstərən «Avey Dövlət
Tarix Mədəniyyət qoruğu»na aid ərazilərdə
müasir turizm infrastrukturunun yaradılmasına ehtiyac var.
Qoruğun «Damcılı» adlı filialı ərazisində
çoxlu sayda mağara və bulaqların mövcudluğu
burada ekskursiya turizminin də inkişaf etdirilməsinə imkan
verir. Məsələn, Damcılı bulağının
üstündəki, nəhəng qayalıqlarda yerləşən
əlçatmaz mağaranın içərisini görmək
istəyi bura gələnlərin hər birinin arzusudur. Lakin
oraya çıxmağın mümkün
olmadığını anlayanlar üçün bu, elə
arzu olaraq da qalır. Əgər aşağıdan
mağarayadək yüksək təhlükəsizlik təminatı
olan metal konstruksiyalı pilləkənlər
quraşdırılsa, bu həm xidmət sahəsinin genişlənməsinə,
turistlərin arzularının çin olmasına səbəb
olar, həm də əldə edilən qazanc hesabına bu məkanın
digər infrastrukturlarını (kanalizasiya, yol şəbəkəsi
və s.) qurmaq, yaratmaq mümkün olar. Bu fikirlər eynilə
Məmməd Koxa bulağından yuxarıda yerləşən
Koroğlu mağarasına da aiddir.
Qoruğun «Göyəzən»
filialının ərazisindəki Göyəzən
dağı təbiət abidələrinin ən məşhurudur.
Bu dağ Mərkəzi Amerikada yerləşən Martinika
adasındakı Montan Pele dağından sonra ikinci nadir geoloji
təbiət abidəsidir. Morfoloji xüsusiyyətlərinə
görə vulkan mənşəli olan dağın
hündürlüyü dibindən zirvəsinədək təxminən
250 metrdir. Dağın şərqə baxan hissəsinin
gövdəsində hələ indiyədək tədqiq
olunmamış, hansısa dövlətin möhtəşəm
qala divarları və bir neçə əlçatmaz
mağaranın mövcudluğu insanı heyrətə gətirir.
Sərt qayalıqlardan ibarət olan bu dağda ekstremal
alpinizmin inkişafı üçün əlverişli şərait
var.
Rayonda mədəni turizmin
inkişafına müsbət təsirləri olan mədəniyyət
obyektləri də ziyarətçilər üçün
maraq kəsb edə bilər. Bu sırada Qazax Dövlət Dram
Teatrı, Tarix Diyarşünaslıq Muzeyi, Dövlət Rəsm
Qalereyası, Xalq şairi Səməd Vurğunun həyat və
yaradıcılığı ilə geniş
tanışlıq imkanı yaradan Poeziya Evi, böyük
öndər Heydər Əliyev irsinin gələcək nəsillərə
olduğu kimi çatdırılmasını təbliğ edən
Elm Mərkəzini qeyd etmək olar.
1918-1959-cu illəri əhatə edən
fəaliyyəti dövründə 3 minədək müəllim
kadrı hazırlayıb xalqın xidmətinə göndərmiş
Qazax Müəllimlər Seminariyası ilə
tanışlıq, seminariyada S.Vurğunun oxuduğu sinif
otağını, böyük şairin əyləşdiyi
partanı görmək ziyarətçilər
üçün zəngin təəssürat deməkdir.
Mədəni turizmin inkişaf
etdirilməsində mühüm önəm kəsb edən məqamlardan
biri də tarix və mədəniyyət abidələrinin
ziyarətçilərə yüksək səviyyədə təqdim
olunmasıdır. Bunun üçün abidələrin ilkin
tarixi görkəminin qorunub saxlanması təmin olunmalı,
onların yaxınlığına gedən yollar
abadlaşdırılmalıdır.
Respublikamıza qərb tərəfdən
daxil olan və öz səyahətini ilkin olaraq Qazax rayonunun II
Şıxlı kəndindən başlayan mədəni turizm
həvəskarları Xram çayının üzərindəki
körpünün möhtəşəmliyini görüb heyrətə
gələcək.
Turizm üçün əsl
potensial olan bu memarlıq incisi XII əsrdə inşa olunmaqla
dünya əhəmiyyətli abidələr qrupuna daxildir.
Lakin körpünün qəza vəziyyətində olması
onun bu ziyarətin təəssüratını heçə
endirir. Körpü ağır tonnajlı avtomobillərin
davamlı hərəkətlərinə tab gətirməyib və
onun girəcək hissəsi çöküb. İki ildir ki,
körpü bərpaçıların yolunu gözləməkdədir.
Bu kənddə XIX əsrə aid 2
türbəni də ziyarət edən qonağımız
yolboyu kəndlərdəki abidələrimizlə də
tanış olmaq üçün səfərini davam etdirir.
Onun ziyarət edəcəyi abidələrin siyahısı belədir:
I Şıxlı kəndində:
Şair M.V.Vidadinin 1970-ci ildə qoyulmuş qəbirüstü
abidəsi (bərpa - təmir işlərinə ehtiyac var),
İtaliyanın milli qəhrəmanı, əfsanəvi
Serafinonun - Tahir İsayevin ev-muzeyi, qədim Gəmiqaya qəbiristanlığında
daş qoç fiquru və XIX əsrə aid üç
türbə.
Yuxarı Salahlı kəndində:
M.P.Vaqifin 1947-ci ildə yaradılmış monumental xatirə
heykəli. Aşağı Salahlı kəndində: Dəmir
dövrünə aid edilən «Gümbültülü təpə»
arxeoloji abidəsi.
Daş Salahlı kəndində:
VII-əsrə aid Alban məbədi (onun təmir-bərpa
işlərinə ehtiyac hədsizdir), paleolit dövrünə
aid, dünya əhəmiyyətli Damcılı mağara
düşərgəsi.
Abbasbəyli kəndində: İlk
orta əsrlərə aid yaşayış məskəni «At
daş fiquru» və Göyəzən dağındakı antik
dövrə aid qala divarları.
Xanlıqlar kəndində: Tunc
dövrünə aid dünya əhəmiyyətli Baba - Dərviş
arxeoloji abidəsi və VI - VII əsrlərə aid ölkə
əhəmiyyətli «Didəban» qülləsi (gözətçi
məntəqəsi).
Qazax şəhəri üzrə:
görkəmli yazıçı-şairlərin (S.Vurğun,
M.P.Vaqif, M.V.Vidadi, İ.Şıxlı) monumental heykəltəraşlıq
abidələri, xatirə-memorial və memarlıq kompleksləri,
M.P.Vaqifin xatirə-muzeyi, «Kitabi Dədə Qorqud»un 1300 illiyinə
həsr edilmiş monumental abidə kompleksi, tarixi memarlıq
abidələri (Çingiz ağanın evi - XIX əsrin sonu,
Qoşa gümbəzli «İsrafil ağa hamamı»- 1903, Rus
pravoslav kilsəsi - 1898 və s).
Beləliklə, sadalananlardan
aydın olur ki, Qazax rayonunda turizmin əksər növlərinin
inkişafı üçün böyük potensial imkanlar
mövcuddur. Bu potensialın hərəkətə gətirilməsi
nəticə etibarilə həm rayonun sosial-iqtisadi rifahına,
həm də Azərbaycanın ümumi turizm sektoruna
mühüm töhfə ola bilər.
Nofəl
Qurbanov,
Qazax Rayon Mədəniyyət və
Turizm
Şöbəsində Baş abidə mühafizi
Mədəniyyət.-
2010.- 18 avqust.- S. 8.