Reklam turizmin əsas hərəkətverici
qüvvəsidir
Dünyada
turizm təşkilatları gəlirlərinin 8-10 faizini reklama
xərcləyir
Bütün dünyada müxtəlif
sahələrdə reklam aparıcı rol oynayır. O cümlədən
ölkəmizin daxili bazarını xaricdə tanıtmaq
üçün reklam yaxşı təbliğat vasitəsidir.
Bu baxımdan turizm sahəsində reklam əsas yer tutur. Məsələ
ətrafında söhbətləşdiyimiz mütəxəssislər
də bildirdilər ki, başqa sahələrdə olduğu
kimi, turizm sahəsində də reklam önəmlidir.
Turizm İnstitutunun Turizm biznesinin təşkili
və texnologiyası kafedrasının müəllimi Qəhrəman
Yusupovun sözlərinə görə, dünyada turizm təşkilatları
gəlirlərinin 8-10 faizini reklama xərcləyirlər: «Onlar
istəyirlər ki, yalnız yay mövsümündə deyil,
turist axınının zəiflədiyi digər
mövsümlərdə də yüksək mənfəətlə
işləsinlər. Bunun üçün isə güclü
marketinq tədqiqatları aparılır, reklam işinə
geniş yer verilir».
Azərbaycanın turizm
potensialının reklamına gəlincə, Q.Yusupov qeyd etdi
ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə
yerli turizm şirkətləri, istirahət kompleksləri bir
çox xarici turizm sərgilərində iştirak edirlər:
«Amma görünür ki, bu da azdır. Turistlərə
göstərilən xidmət səviyyəsi yüksəlməli,
özü də nəinki xarici turistlərə, eyni zamanda
öz vətəndaşlarımıza da göstərilən
xidmət səviyyəsi verilən pula uyğun
olmalıdır. Xidmət növləri də
artmalıdır. Xidmət yalnız yerləşdirməkdən,
qidalanmadan və ekskursiyalardan ibarət deyil. Atla gəzinti,
çadırda gecələmə, kənd evində yerləşdirmə
kimi xidmətlər də geniş şəkildə təşkil
edilməlidir”.
Mütəxəssis hesab edir ki, Azərbaycanda
güclü reklam olmasa da işləmək olar. Çünki
istirahət komplekslərinin sayı azdır, bu səbəbdən
də tələb təklifi üstələyir: «Lakin bu, yay
aylarına aiddir. Əksər turizm kompleksləri istər
Abşeron yarımadasında, istərsə də
Quba-Xaçmaz və ya cənub zonasında boş
qalırlar”.
Ən
effektli reklam keyfiyyətli və sərfəli xidmətdir
Turizm İnstitutunun Tədqiqat və
İnkişaf Mərkəzinin rəhbəri Eldar Aslanov isə
bildirir ki, reklamsız və marketinq tədqiqatı olmadan turizm
davamlı inkişaf edə bilməz: «Reklam, ümumiyyətlə
biznesin təbliğat vasitəsidir. Bu gün şirkətlər
öz imkanlarını, xidmətlərini insanlara
çatdırmalıdırlar. İnsanlar axtarmamalıdır
ki, hara necə getsinlər. Onlara bu xidmətlər müxtəlif
vasitələrlə təklif olunmalıdır. Bunu da reklam
yolu ilə etmək mümkündür”.
Bu gün ölkəmizdə turizm sektorunun yetərincə reklam olunmadığını deyən E.Aslanov qeyd etdi ki, bu işdə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə xüsusən xarici ölkələrdə və xarici telekanallarda müntəzəm reklamların yayımlanması çox təqdirəlayiq haldır: «Ölkənin turizm reklam strategiyası, ona xidmət edən sahəvi reklam vasitələri, müxtəlif veb resurslar, həmçinin ayrı-ayrı şirkətlərin reklamları hələlik yetərincə yayılmayıb. Məsələn, turizm mövsümü başlayandan bu yana bizim ictimai nəqliyyatda Türkiyənin Turizm və Tanıtma İdarəsinin reklam lövhələrini görmək olar. Bu işdə Türkiyənin təcrübəsindən biz də faydalana bilərik”.
E.Aslanov Azərbaycanda reklam üsulu kimi ictimai nəqliyyatın,
şəhərin gur yerində
bilbordların, televiziyada, radioda
reklamların daha effektiv
təsir imkanları olduğunu deyir: «Əgər biz xaricdən
turist cəlb etməkdən bəhs ediriksə,
onda daha çox internet
texnologiyalarından istifadə etməliyik. Bizim turizm portalının Çin, ispan, ərəb, fars, fransız
dilli versiyaları da olmalıdır. Azərbaycanda son dövrlər
insanların istirahət
mədəniyyətində ciddi dəyişikliklər
hiss olunur. Əgər əvvəllər istirahət kəndə getmək, bağa köçmək idisə,
indi insanlar səyahət etmək istəyirlər. Bundan istifadə
edərək vətəndaşlarımıza
gözəl xidmət
təklif etməklə
daxili turizmi xeyli inkişaf etdirmək olar. Bunun üçün reklam fəaliyyətinə də
geniş diqqət vermək gərəkdir”.
Turizmin reklamı kompleks yanaşma tələb edir
Turizm və Ekskursiyalar Şurasının sədr
müavini Sabir Rəhimovun sözlərinə
görə, turizm sahəsində reklam-informasiya
fəaliyyəti iki səviyyədə aparılır:
dövlət səviyyəsində
və kommersiya strukturları (turizm şirkətləri, mehmanxana,
nəqliyyat müəssisələri
və s.) səviyyəsində:
«Turizmin reklamı kompleks yanaşma tələb edir. Bir çox ölkələr
reklam kampaniyasının
xüsusi mövzularını
işləyib hazırlayır.
Məsələn, Almaniya uzun
illərdir ki, öz ölkəsini romantik bir diyar
kimi reklam edir. İsveçrə
bir il
qış turizmi ölkəsi, növbəti
ildə göllər diyarı və s. kimi özünü reklam edir. Reklam fəaliyyətində
məşhur tarixi hadisə və faktlardan, əlamətdar günlərin ildönümü,
müxtəlif tarixi, mədəni və siyasi hadisələrdən
də istifadə olunur”.
Mütəxəssisin
dediyinə görə,
kütləvi informasiya
vasitələri, çap,
reklam nəşrləri
(broşür, buklet, kataloq, plakat və s.), kino və videoreklam, sərgi, birja yarmarkaları və s. turizmin əsas reklam sahələridir: «Reklam işinin səmərəsi onun vaxtının düzgün
seçilməsindən də
asılıdır. Mətbuat səhifələrində
vaxtaşırı təkrarlanan
çox baha olmayan elanlar, birdəfəlik baha elanlardan daha çox fayda verə bilər. Eyni zamanda, reklam
hazırlanarkən yerli
ənənələr nəzərə
alınmalı, radio və
televiziya məlumatlarında
etik normalardan kənar səs və təsvirlər verilməməlidir».
Fəxriyyə Abdullayeva
Mədəniyyət.-
2010.- 18 avqust.- S. 9.