Kino məktəbinin məzunları
danışdı
Gənc
kinematoqrafçılar üçillik təhsili fərqli təəssüratlarla
başa vurublar
Bu gün milli kinomuzun
inkişafı üçün dövlət müxtəlif təşəbbüslər
irəli sürür, tədbirlər həyata keçirir.
Lakin kinoya qayğı təkcə dövlət tərəfindən
yox, həm də fərdi şəkildə olmalıdır. Məhz
bu baxımdan 2007-ci ildə Rüstəm İbrahimbəyovun
yaratdığı Kino məktəbi təqdirəlayiq təşəbbüs
idi. Məktəb fəaliyyətdə olduğu müddətdə
müxtəlif layihələri - “Bakı, mən səni sevirəm”,
Avropa Şurasının insan hüquqları ilə
bağlı kino layihəsi, amerikalı operator Tomas
Börnsün ssenari layihəsi və s. həyata keçirdi.
Məktəbdə milli kinomuzun tanınmış səxsləri
- Rüstəm İbrahimbəyov, Şəfiqə Məmmədova,
Nadejda İsmayılova, Cəmil Quliyev, Ramiz Fətəliyev,
Ayaz Salayev, Kənan Məmmədov və başqaları dərs
dedi. Məhz R. İbrahimbəyovun təşəbbüsü
ilə dünya kinosunun məşhur simalarından Qleb Panfilov,
İnna Çurikova, Pavel Çuxray, Georgi Xayendra, Kiril
Rozlovoq, Kşistof Zanussi, Vitali Kanevski və başqaları tələbələrə
ustad dərsləri keçdi. Üçillik təhsil
müddətini başa vuran tələbələr bu ilin
iyununda məzun oldular. Tələbələrdən əksəriyyəti
yay istirahətində olduğu üçün onlardan bəziləri
ilə kiçik bir görüş keçirib Kino məktəbi
ilə bağlı təəssüratlarını öyrəndik.
Mənzər
Məhəmmədrəsulqızı (kinoşünas):
- Kino sahəsində ilk təhsilimi
Mədəniyyət və İncəsənət Universitetində
almışam. Burada bizə Yalçın Əfəndiyev,
Ötkəm İsgəndərov, Cəmil Quliyev, mərhum
rejissor Nazim Abbas və başqa tanınmış pedaqoqlar dərs
deyib. Rüstəm İbrahimbəyovun Kino məktəbinə
daxil olub oxuduğum illərdə bir çox kino xadimləri
ilə canlı ünsiyyətdə olduq. Eyni zamanda
istedadlı və düşüncə tərzinə görə
bir-birindən fərqlənən tələbə
yoldaşlarımla bir auditoriyaya düşməyimi
özümə fəxr bildim. Kino məktəbinin direktoru Cəmil
Quliyevin adını xüsusilə qeyd etmək istəyirəm.
O, Azərbaycan kinosunun heç bir təmənna güdmədən
təəssübünü çəkən şəxsiyyətlərdəndir.
Məktəbin yaradılmasında onun çox böyük zəhməti
olub.
Kino məktəbinin
yaradıcısı Rüstəm İbrahimbəyovun tələbələrin
keyfiyyətli təhsili və güclü biliklərə yiyələnməsi
üçün göstərdiyi təşəbbüslər
alqışa layiqdir. Məhz onun bu təşəbbüsləri
nəticəsində biz amerikalı, fransalı, rusiyalı,
polşalı kino xadimləri ilə ünsiyyətdə olub
ustad dərsləri almışıq.
Lakin bir məqamı da vurğulamaq istərdim. Mən məktəbə daxil olarkən bizə nəzəri biliklərlə yanaşı
təcrübi dərslərin
keçiriləcəyi deyilmişdi.
Amma, təəssüflər olsun
ki, biz Kino məktəbində
müstəsna halları
çıxmaq şərti
ilə daha çox nəzəri bilikləri öyrəndik.
Texniki bazanın yoxluğu ucbatından tələbələrin
bir qismi problemi öz şəxsi imkanları çərçivəsində həll edirdi. Yaxşı olardı ki, kino sahəsi ilə məşğul olan tədris ocaqlarında mükəmməl
təhsilin başlanğıcı
üçün texniki
baza yaradılardı.
Arzu edirəm ki, biz R. İbrahimbəyovun yaratdığı
Kino məktəbinin ilk və
sonuncu yetirmələri
olmayaq.
Murad Muradov (kinorejissor):
- Kino ilə bağlı ilk təhsilimi
İncəsənət Gimnaziyasında
Ənvər Əbluc və Gülbəniz Əzimzadənin rejissorluq
kursunda almışam.
Hələ orada oxuduğum
müddətdə “Uşaq
yaradıcılıq studiyası”nda
müxtəlif qısametrajlı
filmlər çəkmişəm.
Kinoda ilk
debütüm 2001-ci ildə
“Xüsusi təyinatlı
dəstə” filmində
olub. Daha sonra təhsilimi
Mədəniyyət və
İncəsənət Universitetinin
kinorejissorluq fakültəsində,
görkəmli kinorejissor,
operator Rasim İsmayılovun
kursunda davam etdirmişəm. Çox təəssüf
ki, Rasim İsmayılov vaxtından
tez dünyasını
dəyişdi. Diplom işimi
görkəmli müəllimimə
həsr etdim. “Uçan çinarlar”
filmim 2005-ci ildə “Audiovizual” filmlər festivalında uğurlu debütə görə mükafat aldı.
2007-ci ildə Rüstəm İbrahimbəyovun Kino məktəbinə
daxil oldum. Burda da təhsil
aldığım 3 il müddətində
müxtəlif layihələrdə
iştirak edib filmlər çəkdim. 2008-ci ildə “Kənar”
filmim Gürcüstanda
Cənubi Qafqaz gənclərinin film festivalında
iştirak etdi.
Film Gürcüstanda üç
nominasiya üzrə mükafat və diplomlar qazandı. Bu film həmçinin 2009-cu ildə “Azərbaycan ailəsi” festivalında iştirak edərək
2-ci yerə layiq görüldü.
2008-ci ildə Nadejda İsmayılovanın rəhbərliyi
ilə Kino məktəbində
həyata keçirilən
“Bakı, mən səni sevirəm” layihəsində Elçin
Əsədovun 5 dəqiqəlik
“Anlama” ssenarisi əsasında film çəkdim.
Bu filmim müəllimlərim
tərəfindən xoş
qarşılandı. Bununla yanaşı,
təhsil aldığım
müddətdə 2009-cu ildə
fotolardan ibarət “Dünya uşaqları” filmimi çəkdim.
Bu filmi Fələstində
həlak olan uşaqlara həsr etmişdim.
Bu il
Kino məktəbində Amerikadan
gəlmiş operator Tomas Börnsün
“Amerika” layihəsində
keçirilən ssenari
müsabiqəsində mənim
ssenarim də qəbul olundu. 8 dəqiqəlik “O kimdir?” filmim adət-ənənələrimizi qorumaq haqqındadır.
Film bu il
keçirilən “Azərbaycan
ailəsi” kino müsabiqəsində xüsusi
mükafat və diplom aldı.
Hələlik sonuncu filmim,
həm də diplom işim kimi təqdim etmək istədiyim “Adın sirri və taleyi” sənədli filmidir.
Filmin ssenari müəllifi
professor Həsən Quliyev,
operatoru Mətləb Yaqubov, rəssamı Olqa Şabanovadır.
Film “Əli və
Nino” əsərinin hələ
də mübahisəli
müəllifi Məhəmməd
Əsəd bəy haqqındadır. 14 dəqiqəlik bu film “Ritm prodakşn”ın, Alman-Azərbaycan Dostluq Cəmiyyəti və “Luç” ədəbi assosiasiyasının dəstəyi
ilə ərsəyə
gəlib.
Kino məktəbi
mənim yaradıcılığımda
böyük baza oldu. Burada biz dünyanın ən məşhur kino xadimləri ilə tanış olub onlardan ustad
dərsləri aldıq.
Təbii
ki, bu təşəbbüsə
görə ilk növbədə
Rüstəm İbrahimbəyova
və bütün müəllimlərimə xüsusi
təşəkkürümü bildirirəm.
Elçin Əsədov (kinorejissor):
- Kino məktəbinin
məzunu olsam da, BDU-nun beynəlxalq münasibətlər fakültəsini
bitirmişəm. Uşaq yaşlarımdan
kinoya böyük marağım var idi. 2007-ci ildə
Rüstəm İbrahimbəyovun
Kino məktəbi ilə
bağlı elanı eşidərkən buraya müraciət etdim və kinorejissorluq kursuna qəbul olundum. 2008-ci ildə “Bakı, mən səni sevirəm” layihəsində
“Anlama” filminin ssenarisini yazdım. Həmin ildə “Yeni dalğa” prodüser mərkəzinin “100 saniyəlik
film” layihəsində “Yogzi”
filmini çəkdim.
Bu film İranda festivalda iştirak etdi. 2008-ci ildə
Kino məktəbində keçirilən
Avropa Şurasının
insan hüquqları ilə bağlı layihəsində 16-cı maddəyə,
qadın-kişi münasibətlərinə
müraciət edib “Şamada” filmini çəkdim.
Daha sonra 2009-cu ildə
“Məsiha” filmimlə
“Start” filmlər festivalında
iştirak etdim və ən yaxşı eksperimental
film mükafatını aldım.
Bu il “Məsiha”
filmi İranda “Rəhmət” film festivalında
nümayiş olundu. 2009-cu ildə Almaniyada
“Yogzi” və “Şamada” filmləri ilə iştirak etmişəm. Böyük öndər
Heydər Əliyevə
həsr olunmuş “Zirvədə ömür”
adlı filmim “Ailə, qadın və uşaqlar” festivalında iştirak edib. R.İbrahimbəyov
kino məktəbini yaratmasaydı, bəlkə
də mən indi başqa peşənin sahibi idim...
Yeganə Cansail
Mədəniyyət.-
2010.- 18 avqust.- S. 10.