Sənət məbədi - müqəddəs məkan

 

   Üzeyir Hacıbəyov-125

  

   Bakı şəhərində, habelə ayrı-ayrı bölgələrdə bir sıra görkəmli şəxsiyyətlərin xatirə muzeyləri fəaliyyət göstərir. Bu muzeylərin əksəriyyəti böyük öndər Heydər Əliyevin xeyir-duası ilə yaradılıb. Azərbaycan professional musiqisinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəyovun Bakıda ev-muzeyinin yaradılması da Heydər Əliyevin xidmətidir.

  

   Respublika hökuməti muzeyin təşkili barədə hələ 1949-cu il fevralın 19-da qərar qəbul etsə də, bu istiqamətdə heç bir görülməmişdi. 1975-ci ildə Üzeyir bəyin 90 illik yubileyi ərəfəsində Heydər Əliyev bu məsələ ilə maraqlanmış, təcili tədbirlər görülməsi üçün göstəriş vermişdi. Qısa müddətdə muzeyin binasında təmir-bərpa işləri aparılmış, ekspozisiyalektoriya yaradılmışdı.

   Muzeyin açılışı 1975-ci il noyabrın 20-də oldu. Mərasimə respublikanın rəhbər işçiləri, görkəmli elm və mədəniyyət xadimləri, bəstəkarın yubiley şənliklərinin iştirakçıları gəlmişdilər. Üzeyir bəyin tələbələrindən biri - böyük bəstəkar Qara Qarayev üzünü tədbirə toplaşanlara tutdu:

   - Bizə respublikamızın mədəni həyatında həqiqətən tarixi hadisədə - böyük Azərbaycan bəstəkarı, professional musiqimizin banisi, özündən sonra gələn musiqiçilər nəslinin tərbiyəçisi və müəllimi, görkəmli ictimai xadim Üzeyir Hacıbəyovun ev-muzeyinin açılışında iştirak etmək səadəti nəsib olmuşdur. Sakit küçədə yerləşən bu sadə ev böyük bəstəkarın irsini gələcək nəsillər üçün qoruyub saxlayacaqdır.

   Muzeyin ilk tamaşaçıları Üzeyir bəyin həyat və fəaliyyətinin parlaq səhifələri ilə tanış oldular. Muzeydə böyuk bəstəkarın uşaqlıq və gəncliyinə, Şuşada ikisinifli məktəbdə, Qori Seminariyasında, sonra Peterburq Konservatoriyasında təhsil illərinə aid zəngin materiallar toplanmışdı.

   Heç şübhəsiz, Üzeyir bəyin bir musiqi xadimi kimi yetişməsinə Azərbaycanın ən qədim guşələrindən olan Şuşanın musiqipoeziya mühiti, ulu ənənələr mühüm təsir göstərmiş, Şuşa onun yaradıcılıq beşiyi olmuşdu. Hələ kiçik yaşlarından Üzeyir bəyin məlahətli səsi olub, o, muğamxalq mahnılarını bacarıqla ifa edib. XIX əsrin axırlarında yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyevin Şuşada görkəmli xanəndə Cabbar Qaryağdıoğlunun iştirakı ilə tamaşaya qoyduğu «Məcnun Leylinin məzarı üstündə» səhnəsində Üzeyir bəy oğlanlar xorunda çıxış etmişdi. Bu hadisə onu çox həyəcanlandırmış və özünün sonralar dediyinə görə, «Leyli və Məcnun» operasının yaranmasına təsir göstərmişdi.

   Qori Seminariyasında təhsil illəri səmərəli keçmişdi. O, burada dünya mədəniyyətinin qabaqcıl nümayəndələrinin fəaliyyəti ilə tanış olmuş, skripkada çalmağı öyrənmiş, bəzi Azərbaycan xalq mahnılarını nota köçürmüşdü. XX əsrin əvvəllərində Bakıya gələn Üzeyir Hacıbəyov publisistika sahəsində məhsuldar işləmiş, «İrşad», «Həqiqət», «Tərəqqi», «Yeni iqbal», «Molla Nəsrəddin» kimi qəzet və jurnallarda çıxış edərək özünü maarifçi-demokrat ruhlu bir ziyalı kimi tanıtmışdı.

   Muzeydəki əşyalar Üzeyir Hacıbəyovu Azərbaycan professional musiqisinin banisi, böyük bəstəkar, dramaturqpublisist, musiqi nəzəriyyəçisi, mədəniyyətimizin inkişafında müstəsna əməyi olan ictimai xadim, geniş qəlbli insan və vətəndaş kimi təqdim edir. Ekspozisiyada müəllifin Yaxın Şərqdə ilk opera hesab olunan «Leyli və Məcnun»undan başlayaraq «Koroğlu»suna qədər bütün səhnə əsərləri barədə məlumat verilir.

   «Leyli və Məcnun»un ilk tamaşasının rejissoru Hüseyn Ərəblinski, Məcnun rolunun ifaçısı isə Hüseynqulu Sarabski idi. Hüseynqulu Sarabski uzun illər Azərbaycan səhnəsinin Məcnunu olmuşdu. Opera elə ilk tamaşadan böyük əks-səda doğurmuş, dövrün mədəni hadisəsinə çevrilmişdi. Üzeyir Hacıbəyov əsərin böyük uğurunun səbəbini belə izah etmişdi: «Zənnimizcə, bu müvəffəqiyyət onunla izah edilir ki, artıq Azərbaycan xalqı öz səhnəsində Azərbaycan operasının yaranmasını gözləyirdi. «Leyli və Məcnun»da isə əsl xalq musiqisi ilə məşhur klassik süjet birləşmişdir».

   Bəstəkarın otağı... Neçə-neçə ölməz sənət əsəri, məşhur konsert salonlarını ehtizaza gətirən nümunələr, o cümlədən Azərbaycan musiqi mədəniyyətinin incisi sayılan «Koroğlu» operası burada yaranıb. Bəstəkarın yuxusuz gecələrinin şahidi olan qara royal elə bil öz sahibinin yolunu gözləyir. Gözləyir ki, Üzeyir bəy yenidən gəlib yeni bir əsər yaratsın...

   Üzeyir bəyin dostları, həmkarları, şagirdləri, Azərbaycanın görkəmli elm və mədəniyyət xadimləri dəfələrlə bu otaqda böyük ustadın qonağı olmuş, onunla yaradıcılıq söhbətləri aparmışlar.

   Bu evin əziz qonaqlarından biridahi sənətkarımız Bülbül idi. O, tez-tez buraya gələr, bəstəkar və müğənni arasında Koroğlu obrazı barədə maraqlı söhbətlər olardı. Müasirlərinin dediyinə görə, onlar hər bir musiqi parçasını müzakirə edir, birlikdə yeni variantlar hazırlayırdılar.

   «Koroğlu» 1937-ci ilin aprelin 30-da Azərbaycan Dövlət OperaBalet Teatrının səhnəsində tamaşaya qoyuldu. Əsər elə ilk tamaşadan böyük uğur qazandı və Azərbaycan musiqisinin şöhrətini dünyaya yaydı. Əlbəttə, bu uğurda Üzeyir bəylə Bülbülün əlbir yaradıcılığının mühüm rolu oldu.

   Musiqimizin inkişafında “Koroğlunun yeri əvəzsizdir. Musiqişünaslar belə hesab edirlər ki, bu əsər opera janrı ilə yanaşı simfonikbalet janrlarını da özündə birləşdirib. Üzeyir Hacıbəyov «Koroğlu» operasına görə SSRİ Dövlət Mükafatına layiq görülmüşdü.

   Bu otaqda bəstəkarın xatirə əşyaları da nümayiş etdirilir. Yazı stolu, onun üstündə müəllifin yarımçıq qalmış «Azərbaycan» simfonik poemasının partiturası, bəstəkarın barmaq izlərini saxlayan skripka tamaşaçıların böyük həyəcanına səbəb olur...

   Muzeydəki müxtəlif hədiyyələr, mükafatlar, sənədlər Üzeyir bəyə ümumxalq məhəbbətini, habelə onun dünya şöhrətini əks etdirir.

   1995-ci ildə Azərbaycan prezidenti Heydər Əliyev Üzeyir Hacıbəyovun yubileyi ərəfəsində bəstəkarın Azərbaycan musiqi sənətinin inkişafında misilsiz xidmətlərini nəzərə alaraq böyük sənətkara xalq ehtiramını və məhəbbətini təcəssüm etdirmək məqsədilə hər il sentyabrın 18-də (Ü.Hacıbəyovun doğum günü) Üzeyir Musiqi Günü keçirilməsi barədə sərəncam imzaladı.

   Heydər Əliyev bəstəkarın yubiley gecəsində çıxış edərək 1975-ci ildə onun 90 illik yubileyi günlərində ev-muzeyini açılmasını xatırlatdı. O, muzeyin ötən illərdə mədəniyyətmizin inkişafında rolunu razılıq hissi ilə qeyd etdi. Muzey bu gün də şərəfli missyanı yerinə yetirir. Üzeyir Hacıbəyovun ev-muzeyi böyük bəstəkarın xatirəsini əbədiləşdirən sənət məbədi, müqəddəs məkandır.

  

 

   Adilxan Bayramov

 

   Mədəniyyət.- 2010.- 18 avqust.- S. 12.