İkinci
ömrünü xatirələrdə yaşayır
Yeni
nəşrlər
İnsan dünyaya gələndə ovcu - əlləri sıxılmış olur: sanki baxın, yer-göy əlimin içindədir - deyir. Elə ki, alın yazısını, qismət payını başa vurur, onda əlləri açıq qalır. Elə bil deyir: baxın, özümlə heç nə aparmıram. İnsan var, yaşayır. Boylu-buxunlu duruşu, görünüşü ilə sayılıb-seçilir. Amma dəyəri, xidməti, şərəfi yadda qalmır. İnsan da var, haqq dünyasına qovuşanda onun ölməz, unudulmaz xatirələri göz önündə canlanır. Onun portreti elə bil indicə danışacaq, sevinc-fərəhini qədirbilənlərlə bölüşəcək. Belə tarixi şəxsiyyətlərdən, sözlə, poetik duyumla el-obasını, millətini zirvələrə ucaldanlardan biri də həmişəyaşarlıq qazanmış Xalq şairi Bəxtiyar Vahabzadə olub.
Gərək keçmiş zamanda yazmayaydım. Axı, o, çoxları üçün bu gün də yaşayır. Bu yaxınlarda işıq üzü görmüş "Bəxtiyar Vahabzadə ədəbiyyat yolunda, yaxud şairsiz ötən bir ilimiz" (ADPU-nun nəşriyyatı, Bakı - 2010) kitabını oxuduqca buna bir daha şahid olursan.
Bəxtiyar Vahabzadə zamanın, dövrün, quruluşun çətin, amansız sınaqlarından məğrurluqla, cəsarətlə çıxan yaradıcı şəxsiyyət, pedaqoq olmuşdu. Mühit onu sıxırdı, əzirdi, lakin ideyasından, xalqsevərliyindən döndərə, çəkindirə bilmirdi. Çünki milli dəyərlərinə, qeyrətinə, sağlam düşüncəsinə, saf əməlinə, əqidəsinə güvənirdi. O, 84 il ömür yaşadı. Bu müddət ərzində heç vaxt, heç kimə əyilmədi, həmişə başıuca gəzdi. Yaradıcılığında qeyrəti, namusu, azərbaycançılığı, torpağımızı, dağımızı, bağımızı min bir həvəslə təsvir-tərənnüm etdi.
Doğrudur, əvəzində zamanın quruluşu tərəfindən zillətlərə məruz qaldı. Lakin özü demiş: bir canda bir ürək olar. Onun ürəyi işgəncələrə tab gətirdi. Ancaq əqidəsindən dönmədi. Sağlam düşüncəsi, saf əməli, yaradıcılığı ilə yaşadı. Bu qənaətimin sonunda ulu öndər Heydər Əliyevin olduqca dəyərli, müdrik, müqəddəs fikirlərini xatırlayıram: "Bəxtiyar Vahabzadə şəxsiyyəti və yaradıcılığı xalqın milli təfəkkürünün formalaşmasına xidmət etmiş, onu milli dirçəlişə səsləmiş, istiqlaliyyət uğrunda mübarizədə əvəzsiz rol oynamışdır. O, hər zaman azadlıq carçısı olmuş, ən çətin anlarında belə güc və silah qarşısında baş əyməmiş, əqidəsindən dönməyən şair, mübariz millət vəkili, yorulmaz ictimai xadim kimi xalqın müdafiəsinə qalxmışdır".
Sözügedən yeni nəşrdə mənim də "Hər sözü bir ulduz, bir şəffaf almaz..." xatirə-yazımda Bəxtiyar müəllimi özümə təkcə müəllim yox, həm də mənəvi ata kimi xatırlamışam.
46 il əvvəl onun Hüsü Hacıyev, 19 ünvandakı mənzilinə getmişdim. Gəlişimin məqsədini soruşdu, dedim. Telefonun dəstəyini qaldırıb, o zaman populyar olan sovet tarixindən dərs deyən rəhmətlik Xəlil Əlimirzəyevə zəng etdi. "Sabah yanına bir tələbəmiz gələcək, ona yüksək qiymət ver. O, sovet tarixini bilməsə də, Azərbaycan tarixini yaxşı bilir..." - dedi. Müqəddəs ruhunuz şad, əbədi-əzəli ünvanınız behiştlik olsun, şəxsən mənim üçün həmişəyaşar şəxsiyyət, canlı klassik Bəxtiyar müəllim.
Kitabda olduqca dəyərli qəbul etdiyim belə bir cümləyə rast gəldim: "Onun özü bir universitet idi". Bu, həqiqətən də belə idi. Dərs dediyi tələbələrə təkcə milli ədəbiyyatımızın olaylarını - dünənini, bu gününü, sabahını tədris etmirdi, həm də doğma xalqının hünərindən, qeyrətindən, azadlıqsevərliyindən qədərsiz məhəbbətlə danışardı. Ondan eşitdiyim, bir zaman bəlkə də etinasız qəbul etdiyim bu misralar yenidən xatirəmdə canlanır, yaddaşımda oyanır:
Vətəni sevirəm deyən
çox olar,
Deməyə nə
var ki, dil yorulmasa?
Vətən də bizimtək
ölər, yox olar,
Vətənin yolunda ölən
olmasa!
Uzun illər Bəxtiyar müəllimlə
dostluq etmiş Əməkdar mədəniyyət
işçisi, yazıçı-publisist Nahid Hacızadənin
topludakı xatirələrində oxuyuruq: "...O, elə bil
ayrıca universitet idi. Biz Bəxtiyar
sözünün sehrinə düşmüşdük, ondan
aralanmırdıq. Deyərdi: "Sənət heyrətdən,
yanğıdan yaranır..." Bəxtiyar Vahabzadə
geniş qəlbli, təmiz ürəkli, işıqlı təfəkkürlü
yaradıcı, pedaqoq, böyük şəxsiyyət idi.
Onun hər misrasını isimin altı halında da duymaq,
anlamaq mümkündü..."
Nahid müəllim
unudulmaz şairimizi varlığı qədər sevər,
onun yaradıcılığını o zamankı Dövlət
Televiziyasında daim canlandırar, müxtəlif səpkili
verilişlər hazırlanmasını məsləhət bilərdi.
Bəxtiyar Vahabzadə
qüdrətli, bənzərsiz şair idi. Yaradıcılığa başladığı ilk
gündən, ilk şeirindən ilahi vergili şəxsiyyət
kimi tanınmış, sevilmiş, qarşılanmışdı.
Onu milli poeziyamızın dayağı,
sütunu sayırdılar. Çünki qənaəti
belə idi:
Mən həm bakılıyam, həm
lənkəranlı,
Gəncəli, qubalı, həm
naxçıvanlı,
Şəkili, şirvanlı,
qarabağlıyam,
Bütöv Vətənimə
bütöv bağlıyam...
Bu sevgi, istək, məhəbbət
nəticəsində onun 1958-ci ildə
"Gülüstan" poeması işıq üzü
gördü. Ev-ev, ailə-ailə gəzdi.
Hər misrası dillər əzbəri oldu.
Amma tərif, təbrik əvəzinə
özü mövcud quruluş tərəfindən əzablar
çəkdi, dövrün hakimiyyəti onu mövqeyindən
daşındırmaq, uzaqlaşdırmaq niyyətinə
düşdü. Lakin o, xilaskar, sözə-sənətə
layiqincə qiymət verən insanların qayğısı,
diqqəti sayəsində dərddən, bəladan, zülmdən
xilas oldu. Burada ulu öndər Heydər Əliyevin
taleyüklü bu deyimini xatırlayırıq: "Mən hələ
Dövlət Təhlükəsizlik Komitəsində işləyən
zaman onun həbs məsələsi meydana
çıxmışdı. O vaxt mən onu xilas etdim,
qoymadım həbs olunsun. Onunla dəfələrlə söhbətlər
apardım, məsləhətlərimi verdim... O, həmin
vaxtlar böyük təhlükə qarşısında idi. Nəyə
görə?.. Ona görə
ki, doğma millətini sevirdi, xalqının
qayğıları haqqını yazmışdı".
Ulu babalarımızdan bizlərə
- bu günümüzə yadigar qalmış belə bir deyim
var: "Haqq nazilər, amma üzülməz". O zamanlar Bəxtiyar
müəllim çətin, iztirablı günlər
yaşayırdı. Onun özgə
marağı, istəyi, niyyəti yox idi. Yeni
işıq üzü görən topludakı xatirələrdən
bəlli olduğu kimi, o, doğma xalqını qolları zəncirli,
ayaqları buxovlu görmək istəmirdi. Bunun üçün də hakimiyyətin
hökmünü, amansızlığını qəbul
etmirdi. Əksinə, üsyan səsini qaldırır,
arzusunu, ürəyindən keçənləri poetik,
düşüncəli tərzdə həmvətənlərinə,
oxuculara çatdırardı: "Arazın o tayı vətənim,
bu tayı vətənim. Amma o tayı görməyə
yox ümidim mənim". Onun
inamını, ümidini də öldürən qüvvələr
vardı. Çox şükürlər
ki, haqq nazildi, ancaq üzülmədi. Qüdrətdən
vergili şairimiz qismən də olsa muradına
çatırdı. Mühit, zaman, hakimiyyət
dəyişdikcə daha fəal, aktiv olurdu.
Unudulmaz şairin bəxtinə,
taleyinə ötən əsrin 60-70-ci illəri uğurla
çıxdı, ömür tarixinə qızıl hərflərlə
yazıldı. Pedaqoji fəaliyyəti ilə
yanaşı, yaradıcılıqla da çox ciddi şəkildə
məşğul olurdu. Əsərləri
dünyanın neçə-neçə ölkəsində tərcümə
edilir, işıq üzü görərdi. Onun bədii-publisistik, analitik təhlilli məqalələri,
şeir və poemaları dövrü mətbuatda dərc
edilirdi. "Ləyaqət", "Dağlıq
Qarabağ: iddialar, həqiqətlər", "Gəlin biz də
düşünək", "Həqiqətin dili" və
onlarca başqa qələm məhsulları mövzu
aktuallığına görə bu gün də çox
böyük maraqla, həvəslə oxunur.
O, eyni zamanda sevilən, əsərləri
böyük maraqla baxılan bənzərsiz dramaturq idi. İstər şeir və poemalarında, istərsə
də mənzum pyeslərində çağdaş
dövrün, tarixin problemləri lirik-fəlsəfi planda, rəngarəng,
əlvan boyalarla təsvir, tərənnüm olunardı.
"İkinci səs", "Vicdan",
"Yağışdan sonra", "Yollara iz
düşür", "Fəryad" və başqa pyesləri
Milli Dram Teatrında uğurla oynanılmışdı.
Sözügedən kitabda ""Özümüzü kəsən
qılınc" Türkiyədə şok yaratdı" məqaləsində
Xalq artisti Nurəddin Mehdixanlı ürək sözlərini
oxuculara belə çatdırır:
- Bu gün də fəxr edirəm,
iftixar hissi keçirirəm ki, unudulmaz ziyalımızın,
Tanrıdan vergili qələm sahibinin müxtəlif dram, səhnə
əsərlərində min bir həvəslə
oynamışam. Yaratdığım obrazlar sanki boyuma
biçilib... Türkün tarixi həmişə
qapalı saxlanılıb, yazmağa imkan, icazə verməyiblər.
Lakin xalqımızın böyük oğlu, bənzərsiz
şairi Bəxtiyar Vahabzadə "Özümüzü kəsən
qılınc" əsəri ilə dəmir qapıları
aça bildi. 1998-ci ildən bu tamaşa
Milli Dram Teatrında oynanılır. Amma hər
dəfə də elə bil birinci tamaşanı oynayırlar
kimi, hər kəs bacarığını əsirgəməyib.
"Özümüzü kəsən
qılınc"ı Türkiyədə də
oynamışıq. 800-900 nəfərlik
zalda tamaşaçılar bizi ayaqüstə,
alqışlarla qarşılayıblar. Biz
bu əlamətdar hadisəni müəllifin uğuru
bilmişik".
Topludakı müxtəlif
müəlliflərin məqalələrindən, xatirələrindən
aşkar duyulur ki, əbədiyaşarlıq qazanmış
şair sözün həqiqi mənasında adını
türk dünyasının tarixinə qızıl hərflərlə
yazmışdı. Onu yarım əsrə
yaxın müddət ərzində tanıyırdım.
Bütöv xarakter sahibi idi. Təkcə özünü, doğmalarını
yox, bütövlükdə xalqımızın taleyini -
dünənini, bu gününü, sabahını
düşünərdi. Naxələflərə,
nadanlara qarşı isə haqq səsini ucaldardı:
...Ey öz doğma dilində
danışmağı ar bilən,
fasonlu ədabazlar!
Qəlbinizi oxşamır
qoşmalar, telli sazlar,
Bunlar qoy mənim olsun,
Ancaq vətən çörəyi
sizlərə haram olsun!
"Bəxtiyar
Vahabzadə ədəbiyyat yolunda, yaxud şairsiz ötən
bir ilimiz" kitabını həyəcansız oxumaq
mümkün deyil. Əvvəla, toplu
olduqca səliqəli, zövqoxşayandır. Bunun
üçün tərtibçi Ramazan Qafarlıya, rəyçilər
Himalay Qasımova, Tərlan Novruzova, Elman Quliyevə, Təyyar
Cavadova oxucular adından dərin təşəkkürümüzü
bildiririk. İkinci ömrünü xatirələrdə
yaşayan şairin sözlə portretini yaradan qələm
sahiblərinin ürək sözləri alqışa layiqdir.
Akademik Bəkir Nəbiyevin, M.Yasəmənin, Dəyanət Səlimxanlının,
Asif Mərzilinin, Bahəddin Həziyevin, Adil Cəmilin, Ələsgər
Behbudlunun, Müsəllim Həsənovun və
başqalarının xoş düşüncələri,
ehtiramları, tarixi şəxsiyyətə sevgi-məhəbbətləri
onun doğrudan da ikinci ömrünü yaddaşlarda
yaşadığının sübutudur. Xalq şairi Nəriman
Həsənzadənin "Səfərbər yatır"
şeiri isə birbaşa oxucu qanına, canına hopur:
Məndən
soruşurlar - necədir şair?
Oyaqdır - qəlbində
şeirlər yatır.
"Gülüstan"
sülhünü pozub yenidən,
Bəxtiyar hökmünü yazan ər
yatır...
Onun əbədi
ayrılığına hələ də inanmıram.
İlahi! Aylar, günlər necə də tez ötüb
keçir!? İlyarım əvvəl, 2009-cu il
fevralın 5-də, saat 12-də zəng edib əhvalını,
ovqatını soruşduğum, türk dünyasının
sönməz ulduzu Bəxtiyar Vahabzadə indi ikinci
ömrünü xatirələrdə yaşayır. Bəşər
boyu bu dünya kimə qalıb ki, ona da qalaydı?.. Vəfasız dünyanın nəyindən
küsək?
Doğma xalqın, vətənin,
elin-obasını, dilini, dirçəlişini canı qədər,
varlığından artıq sevən Bəxtiyar Vahabzadə
dünyaya gələndə ovucları sıxılı halda
idi. İşıqlı dünyayla vidalaşanda əlləri
açıq qaldı... Tək bircə
yaşadığı illərdə qazandığı
sevgini, məhəbbəti özüylə apardı ki, axirət
dünyasında yeri behiştlik olsun. Amin! İndi isə
son ümidimiz, pənahımız dahi şəxsiyyət,
unudulmaz mütəfəkkir, hər sözü bir ulduz, almaz
olan insandan qalan yadigarlar, bir də əzəli-əbədi
ünvanda görüşməkdir...
Əbədi yuxunuz
şirin olsun, ustad. Siz ikinci
ömrünüzü xatirələrdə
yaşayırsınız. Əlvida, müdrik, zərif qəlbli
insan, qismət payım sona çatanda
görüşünüzə gələcəm...
Telman
Mehdixanlı
Mədəniyyət.-
2010.- 18 avqust.- S. 13.