Şıxəli Qurbanov: yazıçı-dramaturq, alim və dövlət xadimi

 

   Görkəmli ictimai-siyasi xadim, yazıçı-dramaturq, filologiya elmləri doktoru Şıxəli Qurban oğlu Qurbanov 1925-ci il avqust ayının 16-da Bakıda qulluqçu ailəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra cəbhəyə gedib, Böyük Vətən müharibəsində (1941-1945) Leninqraddan (Sankt-Peterburq) Almaniyayadək döyüş yolu keçib.

  

   1950-ci ildə Azərbaycan Pedaqoji İnstitutunu başa vurduqdan sonra həmin ali məktəbin aspirantı olub, eyni zamanda rus ədəbiyyatı müəllimi işləyib. 1956-cı ildə “A.S.Puşkin və Azərbaycan poeziyası” mövzusunda dissertasiya müdafiə edib filologiya elmləri namizədi alimlik dərəcəsi alıb, institutda baş müəllim, dosent vəzifələrində çalışıb.

   Şıxəli Qurbanovun bir neçə kitabı işıq üzü görüb və ədəbi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb. 1958-1961-ci illərdə “Rəis məşğuldur”, “Əcəb işə düşdük”, “Özümüz bilərik”, “Olmadı elə, oldu belə”, “Sənsiz” pyeslərini, “Bahadır və Sona” librettosunu qələmə alıb. 1966-cı ildə yazdığı “Milyonçunun dilənçi oğlu” komediyası uzun müddət teatr səhnələrində oynanılıb. Bundan əlavə, lirik şeirlər, poema, hekayə və tənqidi məqalələrlə mətbuatda müntəzəm çap olunub.

   Şıxəli Qurbanov həm də dövlət xadimi idi. 1954-1955-ci illərdə Azərbaycan KP Bakı Komitəsinin təbliğat və təşviqat şöbəsinin müdiri, 1955-1957-ci illərdə Bakının 26 Bakı komissarı (indiki Səbail) rayonu partiya komitəsinin birinci katibi işləyib. 1957-1961-ci illərdə Azərbaycan KP MK təbliğat və təşviqat şöbəsinin müdiri, 1966-1967-ci illərdə Azərbaycan KP MK katibi və büro üzvü olub. Məlumdur ki, sabiq SSRİ dönəmində sovet imperiyası xalqların əksəriyyətinə milli dəyərləri unutdurmağa, yaddan çıxarmağa cəhd göstərirdi. Mərkəzin təkid və tələbi ilə ölkəmizdə Məhərrəmlik, Orucluq, Ramazan ayları, Novruz bayramının qeyd olunmasına qadağa qoyulmuşdu. İmperiyanın bu ədalətsiz, hegemon qadağasına ilk dəfə barışmaz mövqe tutan, milli adət-ənənəyə sadiq Şıxəli Qurbanov olub. 1966-cı ildə onun təşəbbüsü ilə respublika ərazisində, xüsusilə Bakı şəhərində Novruz bayramı böyük təntənələrlə qeyd olunub.

   Şıxəli Qurbanov 1967-ci il mayın 27-də Bakıda vəfat edib, Fəxri xiyabanda dəfn olunub. Musiqili Komediya Teatrına, Bakı küçələrindən birinə Şıxəli Qurbanovun adı verilib. 

 

 

   Mədəniyyət.- 2010.- 18 avqust.- S. 14.