Xalqa maarif
işığı yandıranlar
«Qadın bəşəriyyətin
zərif məxluqudur», deyirlər. Amma yeri gələndə «zərif
məxluq» dediyimiz qadınlar ən gərgin anlarda möhkəm
iradə nümayiş etdirməklə hətta kişiləri
kölgədə qoyublar. Azərbaycanın tarixində də
belə qadınların sayı az deyil. Vaxtilə bizim
böyük iradə sahibi olan, savadı, bacarığı, dərin
dərrakəsi ilə düşməni belə mat qoyan Tomris,
Məshəti, Natəvan kimi xanımlarımız olub. Azərbaycan
qadınının dünyanı çadra rəngində
gördüyü, cəhalətin hökm sürdüyü
dövrlərdə, milləti oyanışa, maariflənməyə
səsləyən ziyalı xanımlarımız olub. Onlardan
biri də ötən əsrin 20-30-cu illərində fədakar
maarifçilik fəaliyyəti göstərmiş Sənubər
Nəsib qızı Əyyubova olub.
«Sizi çadrasız görsələr, öldürərlər...»
Sənubər 1905-ci ildə Qazax
bölgəsinin Dağ Kəsəmən kəndində
varlı-imkanlı ailədə doğulmuşdu. Atasınn
zavodları, neft anbarları, dəyirmanları vardı. Lakin
bu var-dövlət gənc Sənubəri
maraqlandırmırdı. O, oxumağa, təhsil almağa can
atırdı. İlk təhsilini Qazax qız məktəbində
almışdı. 1920-ci ildə ali təhsil almaq
üçün Bakıya gəlir. Bu zaman Azərbaycanda
artıq sovet hakimiyyəti qurulmuşdu. 1924-cü ildə Sənubər
daha 16 nəfər gənc qızla birlikdə Azərbaycan Ali
Pedaqoji Qadın İnstitutunu bitirir. Sənubəri təyinatla
Qubaya göndərirlər.
Gənc müəllimə Qubaya gəlişində
böyük çətinliklərlə üzləşir. Sənubər
Əyyubovanın bacısı qızı Ruhəngiz Fətullayevanın
xatirələrindən: «Xalam deyirdi ki, o, yaxın rəfiqəsi
Sürəyya Xəlifəzadə ilə Xaçmazda qatardan
düşüb faytona əyləşirlər. Faytonçudan
xahiş edirlər ki, onları Qubada yaşlı bir
qadının evinə aparsın. Axı onların Qubada
heç bir tanışları yox idi. Nadürüst
faytonçu isə onları Hacıağa adlı
yaşlı bir kişinin evinə aparır. Hacıağa
qızların nə məqsədlə gəldiyini, varlı
ailədən olduqlarını bilincə deyir: «Məbada
bayıra çıxasınız, sizi çadrasız
görsələr, öldürərlər...»
Qızlar bir həftə bu evdə
qalır. Ev sahibi hər gün onlardan çoxlu pul qopararaq, əvəzində
bir az yemək-içmək gətirirdi. Bir gün xalam fikirləşir
ki, kəlağayını çadra kimi örtüb
poçta getsinlər və Bakıya teleqram vursunlar. Belə də
edirlər. Xalq maarif komissarı
Mustafa Quliyevə teleqram vuraraq vəziyyəti bildirirlər. O,
teleqramı alan kimi Quba maarif şöbəsinin müdiri
Hüseyn Musayevə teleqram vurub təcili surətdə
qızları tapmağı tapşırır. Maarif müdiri
yubanmadan şəhərə adam salır, onları ev-ev, həyət-həyət
axtartdırıb tapır. Qızları qorxudaraq
pullarını əllərindən alan ev sahibi
Hacıağanı isə həbs edirlər».
Qədəmləri
hər evə sevinc bəxş edirdi
Bu hadisədən sonra Sənubərlə
Sürəyya üçün əsl döyüş
meydanı açılır. Müəllim kimi şərəfli
ad daşımağa hazır olan bu qızlar maarif müdirinin
himayəsi altında fəaliyyətə başlayırlar.
Quba Qəza Komitəsinin katibi İsmayıl Şəfiyevin
yanına gedib bildirirlər ki, qızlar seminariyası
açmaq istəyirlər.
- Buyurun, heç bir
etirazımız yoxdur, - deyə İ.Şəfiyev
razılıq verir.
Gənc müəllimlər
hansı qapını döyürsə, heç kəs
qızını məktəbə buraxmaq istəmir. Əhali
arasında mövhumat çox güclü idi, qadınları
ictimai işə, qızları məktəbə cəlb etmək
çox çətin idi.
Naəlac qalan Sənubər at
belində Pirəbədil kəndinə gedib Qəzənfər
Musabəyovun nəslindən bir neçə qızı və
bəzi bəy qızlarını məktəbə
yazdırır. Bunu görən başqa varlı ailələr
də qızlarını məktəbə gödərirlər.
Bu minvalla Sənubərin müdir olacağı məktəbdə
oxuyacaq qızların sayı 40-a çatır. İndi əsas
məsələ məktəb üçün binanın
seçilməsi idi; seçilir. Bu işdə Quba qadınlar
şöbəsi onlara kömək edir. Bundan başqa,
qızlar üçün lazım olan geyim - məktəbli
forması hazırlanır.
Qızlar yaman
ruhlanmışdılar. Sənubər müəllimənin məktəbə
gətizdirdiyi pianoda çalıb-oxuyur,
açılış gününə səhnəciklər
hazırlayırdılar.
Rayon fəallarıının,
valideynlərin, Bakıdan dəvət olunmuş qonaqların
iştirakı ilə məktəbin
açılışı keçirilir. 1924-cü ilin noyabrında
Quba Qızlar Seminariyası fəaliyyətə
başlayır.
Sənubər Əyyubova dörd il
Quba Qızlar Seminariyasına rəhbərlik edir. O,
qızların təhsilinə, təlim-tərbiyə işlərinə
çox ciddi yanaşırdı. Özü təbiət dərslərini
tədris edirdi. Seminariyanı bitirən məzunları
müxtəlif yerlərə müəllim işləməyə
göndərirdilər.
Sənubər xanımın səyi
ilə Qubada qadınlar klubu da açılır. İllər
ötür. Qızlar Seminariyasının
açılmasında olmazın çətinliklərə
rast gələn Sənubər xanım qubalıların
sevimlisinə çevrilir. Onun qədəmləri hər evə
sevinc bəxş edirdi. Qubada doğulan qızlara qoyulan «Sənubər»
adının verilməsi gənc müəlliməyə bəslənilən
dərin hörmətin izharı idi.
«Xalq düşməni» adı ilə həbs olundular
Deyirlər, həyat sonu bilinməyən
nigarançılıqdır. Bəzən insan həyatının
ən şirin anında elə zərbə alır ki, bu zərbənin
acısını ömür boyu yaşamalı olur. Sənubər
xanım da həyatın sərt zərbəsinə elə
yaşadığı ən şirin anlarda tuş gəldi...
1937-ci ilin ağır repressiyasından onun da taleyinə pay
düşür, özü də həyat yoldaşı ilə
birlikdə.
Ruhəngiz xanımın dediklərindən:
«Xalamın həyat yoldaşı Mehdi Məhərrəmov
Qubanın prokuroru idi. Qubada tanış olmuşdular,
toyları da orada olmuşdu. 1928-ci ildə Bakıya
qayıtdılar. Mehdi respublika prokurorunun müavini, Sənubər
isə maarif komissarlığında şöbə müdiri
oldu. 1930-cu ildə bu xoşbəxt ailədə Alanqo adlı
qız, bir neçə il sonra isə Çingiz adlı
oğlan dünyaya gəldi. 1935-ci ildə Sənubər Azərbaycan
Dövlət Pedaqoji İnstitutunun tarix-coğrafiya fakültəsinin
dekanı təyin edildi. Beləcə, hər şey irəliyə,
daha fərəhli günlərə doğru gedirdi. 1937-ci ilin
yayında pedaqoji institutun tələbələri
üçün Şuşada təkmilləşdirmə
kursları təşkil edirlər. Xalam da uşaqlarını
götürüb oraya gedir. Günlərin birində onun
qaldığı otağın qapısı döyülür
və iki nəfər içəri girir. Nisbətən
yaşlı olanı cibindən bir kağız
çıxarıb xalama göstərir. Bu həbs olunmaq
üçün sanksiya idi».
Heç bir seçimi qalmayan ana
uşaqlarını dayələrinə tapşırır və
deyir ki, onları nənələrinin yanına aparsın. Beləcə,
uzun ayrılıq başlanır...
Sənubər xanım
ömür-gün yoldaşının həbs edilməsini də
həbsxanada öyrənir. Mehdi köhnə bolşevik
Sarı Şəmistanla bir kamerada qalırdı. Şəmistan
Sənubərin əmisi oğlu idi. Onu tutan kimi həyat
yoldaşı Pərini də həbs etmişdilər. Pəri
isə Səməd Vurğunun əmisi qızı idi. Dustaq
otağında dörd qadın - Ayna Sultanova, Xavər Qarayeva,
Sevgili Hacıyeva və Sənubər Əyyubova birlikdə
idilər.
Sənubər xanıma çoxlu
işgəncələr versələr də, boynuna bir şey
qoya bilmirdilər. Ruhəngiz xanım söyləyir ki,
sürgündən qayıdandan sonra xalası həmin acı
anları belə xatırlayırdı: «Özünü
müstəntiq adlandıran «cəllad» pəncərənin
qarşısına gəlib onu taybatay açdı. Məni pəncərənin
önünə çağırdı. Aşağıda
maska taxmış bir kişi əlində şallaq, müntəzir
dayanmışdı. Yerdə kisənin içində nəsə
tərpənirdi. Bədənim üşəndi. Ani olaraq
beynimdən keçdi: «Birdən kisədəki Mehdi olar?!»
Gözlərimə qaranlıq çökdü. Əgər
o, Mehdi deyilsə, onda müstəntiq məni niyə pəncərə
önünə çağırdı? Müstəntiq «Vur!» əmrini
verəndən sonra aşağıda döyülən
adamı mənə göstərərək, mənəviyyatımı
sarsıtmaq, yazılı kağızlara qol çəkdirmək
istəyirdi».
Bu zaman gənc qadın
bayıldı, üzünə su çilədilər.
Özünə gəlmədiyini görüncə, yenidən
kameraya apardılar.
Gecikmiş bəraət
Mehdi Məhərrəmov həbsxanada
güllələnir. Sənubər xanımı isə «xalq
düşməninin» arvadı kimi Qazaxıstana sürgün
edirlər. Bu qədər haqsızlıqlara tuş gələn
Sənubər Əyyubova sanki həyatla
çarpışır, gözü önünə
qurub-yaratdığı işləri gətirib: «Mən
sınmamalıyam» deyirdi. Elə bil uca, işıqlı zirvədən
qaranlıq quyunun dibinə yuvarlanmışdı. Oradan
çıxmaq üçün qadın nələr etmədi...
Baytarlıq ixtisasına yiyələndi.
Aylar keçib, illər dolandı,
1947-ci ilidə Sənubər xanım sürgündən
qayıtdı. Qocalmışdı, amma yenə də
sarsılmamışdı. Bəraət alana qədər
Kürdəmirdə, Şamaxıda baytar həkimi işlədi.
Övladlarının hər ikisi ali təhsil aldı.
1956-cı ildə bir çox
günahsız repressiya olunmuş şəxslər kimi ona və
ərinə (ölümünüdən sonra) bəraət
verildi. Bakıda yaşamaq hüququ bərpa edildi. Pedaqoji fəaliyyətə
qayıtdı, müxtəlif işlərdə, BDU-nun
prorektoru vəzifəsində çalışdı. 1967-ci
ildə Qırmızı Əmək Bayrağı ordeni ilə
təltif edildi. 1970-ci ildə, 65 yaşında
dünyasını dəyişdi.
Mehparə Sultanova
Mədəniyyət.-
2010.- 18 avqust.- S. 15.