Pir Hüseyn xanəgahı
tarixi-memarlıq muzeyinin təqdimatı
Avqustun
19-da Şirvanşahlar Sarayı Kompleksi ərazisində XIII əsr
abidəsi olan Pir Hüseyn xanəgahı tarixi-memarlıq
muzeyinin təqdimat mərasimi keçirilib.
Tədbirdə Hacıqabul rayonu ərazisində
tapılan arxeoloji və etnoqrafik eksponatlar nümayiş
etdirilib. Tarixçi alim Məşədixanım Nemətova
Pir Hüseyn xanəgahının tarixi ilə bağlı
iştirakçılara məlumat verib, bu gün dövlət
səviyyəsində tarixi abidələrimizin bərpası
istiqamətində görülən işlərdən danışıb.
Onun sözlərinə görə, yazılı mənbələrdən
belə məlum olur ki, görkəmli alim, Azərbaycanda elmi-fəlsəfi
fikrin, İslam fəlsəfi düşüncəsinin
formalaşmasında mühüm rolu olan Pir Hüseyn
Şirvaninin Pirsaat çayı sahilində vəfat etməsi
bu yeri daha da məşhurlaşdırıb. Onun müqəddəs
məzarı üzərində sənduqə qoyulmuş, daha
sonra isə türbə tikilib.
Türbə Hacıqabul rayonu ərazisində
Pirsaat çayı sahilində, qədim Bakı-Salyan ticarət
karvan yolu üzərində yerləşir. Memarlıq-məkan
həllinin mükəmməlliyi, funksional yükün
sanbalı baxımından ölkə əhəmiyyətli
abidə olan Pir Hüseyn xanəgahı Azərbaycan ərazisində
olan xanəgahlar arasında yüksək mövqe tutur.
Abidə 1939-1940-cı illərdə
hərtərəfli ölçülüb tədqiq edilib,
1950-1960-cı illərdə burada bərpa işləri
aparılıb. 2007-ci ildə isə Pir Hüseyn xanəgahında
əsaslı təmir işləri aparılaraq abidəyə
muzey statusu verilib.
Mədəniyyət.-
2010.- 20 avqust.- S. 2.